ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > Qədim dövr > Musa Kalankaytuklu

Musa Kalankaytuklu

(VII əsr)

 

Musa Kalankaytuklunu Azərbaycan tarixçilərinin ulusu adlandırmaq olar. O öz mənalı ömrünü xalqımızın tarixi keçmişinin, əhalinin sevinci, kədəri, təsərrüfatı, məişətinin öyrənilməsinə həsr etmişdir.

O, ömrü boyu üzərində işlədiyi “Alban tarixi” adlı iki kitablıq əsərində qədim babalarımız olan albanların tarix səhnəsinə çıxmasından başlamış ta VII əsrin sonuna kimi böyük və tarixi hadisələrlə zəngin bir dövrünü tam dəqiqliyi ilə təsvir etmişdir.

Müqayisələrdən məlum olur ki, o, VII əsrin I rübündə qədim tarixli Qarabağın dilbər guşələrindən birində anadan olmuşdur. Bu gözəl diyar görkəmli tarixçinin özünün yazdığı kimi, əsl-nəcabətinin anadan olduğu yer Kalankaytuk idi. Akademik Z.M.Bünyadovun dediyi kimi, bu kənd Bərdədən çox da uzaq olmayan bir ərazidə, onun bir neçə fərsaxlığında, Tərtər çayının sahilində, dağətəyi hissədə salınmışdır.

Eyni ifadəni hələ X-XI əsrlərdə yaşamış ərəb müəllifləri də işlətmiş və onların yazılarında göstərilən yer tarixçilərin dilinin qanunlarından asılı olaraq Kəlkətus kimi qeyd edilmişdir. Əbu İshaq İbrahim ibn Məhəmməd əl-Farisi əl-İstəxri (X əsr), Əbu əl-Qasim ibn Hövqəl (X əsr), Əbu Abdulla Məhəmməd ibn Məhəmməd ibn Abdulla ibn İdris (XI-XII əsrlər) və başqalarına görə, Bərdədən Dəbilə (Dvinə) gedən ticarət yolunun 9 fərsaxlığında gur Tərtər çayının sahilində idi.

Hələ 1902-ci ildə Şamaxı keşişi M.Barxudaryan özünün “Albaniya tarixi” adlı əsərində yazırdı: “Kalankat kəndi xarabaları Tərtər çayının solunda olmuş Divdakan və Metaqis kəndlərinin arasındakı və hazırda da neçə azərbaycanlı ailələrinin yaşadığı yerdə Qarı körpüsü deyilən çay-üstü körpü qalığının yaxınlığındakı yerdə idi”. Bu yer hazırda Bərdə şəhərinin Cənubi-Qərbində Şirvanlıya gedən yolun sol tərəfindədir.

Bir çox müəlliflər isə həmin yerin Albaniyada qədim Uti vilayətinin mərkəzi şəhəri Bərdənin cənubi-qərbində Tərtər çayı sahilində olan Ağdərə yaşayış yerinin yaxınlığında olduğunu göstərir. Hətta müasir Bərdə rayonu ərazisində yaşayan ağsaqqal qocaların, dünya görmüş kişilərin söyləməsinə görə o kənd hal-hazırki dövrdə rayon mərkəzindən 3 kilometr cənubi-qərbdə olan Kələntərli kəndidir. Bu fikrə isə qəti münasibət bildirmək, əlbəttə, çətindir və bunun üçün xeyli iş aparmaq lazımdır. Lakin M.Barxudaryanın öz əsərində göstərdiyi yer təqribən Kələntərli yaşayış yeri ərazisinə uyğun gəlir.

Ancaq bu çox tutarlı bir dəlildir ki, ilk orta əsrlərdən mövcud olmuş Kalankat kəndi qədim Bərdədən çox da uzaqda olmayan ərazidə idi və görkəmli Azərbaycan (alban) tarixçisi Musa Kalankaytuklu da VII əsrin birinci rübündə bu yerdə anadan olmuşdur. Ağıllı gənc elə ilk təhsilini də güman ki, burada olan kilsə məktəbində almışdır və sonradan Bərdəyə köçmüşdür. Həssas alimin təsvirlərindən məlum olur ki, o görkəmli alban hökmdarı Cavanşirin (637(38) - 690) müasiri olmuşdur.

Kalankaytuklu öz dövrünün bilikli, ağıllı, elinin iztirabları, kədəri və dərdi ilə ortaqlaşan, elmli, ali ruhanilər zümrəsinə daxil olan görkəmli salnaməçilərdən biri idi. Qeyd etdiyimiz kimi o özünün iki kitabdan ibarət “Alban tarixi” adlı əsərində ölkənin mərkəzi və baş şəhəri olan dövlətli, varlı, zəngin, zər-zibalı, möhtəşəm binaları ilə şöhrət tapan dəbdəbəli Bərdənin adını həmişə iftixarla çəkir. Onun yazılarında ilk orta əsrin bu görkəmli şəhərinin bağları, xiyabanları, güllü, çiçəkli bağçaları, yaxınlıqda olan büllur kimi təmiz və saf suları, təmiz abı-hava, uca zirvəli dağları yerliyerində təsvir olunur.

Bütün bu dəlillər göstərir ki, Kalankaytuklu ömrünü ölkənin o dövrdə paytaxtı olan, həm də dini təşkilatların cəmləşdiyi mərkəz Bərdə şəhərində keçirmişdir. Bu hal özünü müəllifin qeyd edilən kitabında ölkə hökmdarı Cavanşirə qarşı 680-ci ildə düzəldilən qəsdin təsvir edilən ikinci kitabın 35-ci bölməsində daha aydın bir tərzdə göstərir.

Müəllifə görə yayın dəhşətli istiləri düşəndə ağıllı və görkəmli hökmdar öz əsabələri ilə birlikdə gül və çiçəyə qərq olmuş sakit guşənişli, uca zirvəli, sərin havalı, yaşıl yamaclı dağlara çıxmışdır. Hökmdar ilin sərinləri başlanana kimi burada qalırdı. Elə ki, dəhşətli istilər dövrü qurtarırdı, yenə də o, öz adamları ilə birlikdə Bərdəyə qayıdar və məbəddə öz ibadət, dini mərasim və bayramlarının, Allah yolunda ibadətetmə qanunlarının icrası ilə məşğul olurdu. Belə vaxtda ulu tanrısını unutmuş, qara qəlbli, kin-küdurətli, hökmdarın hamıya olan atalıq qayğısını yaddan çıxarmış bir vəhşi onun ölümünü təşkil etmək qərarına gəldi. Gecədən xeyli keçmişdi. Cavanşirin keşikçi dəstələri tam yuxuda idi. Hökmdar yüngül geyimdə özünün iqamətgahına tərəf gedirdi. Onun getdiyi ensiz cığır hər tərəfdən gülçiçəyə qərq olunmuşdu. Qarşıda olan darvazaya çatmamış tam silahlanmış cani gizləndiyi yerdən qalxıb ona ardı-ardınca bir neçə zərbə endirdi. Sağlam hökmdar da ona öz xəncəri ilə zərbə vurdu. Lakin qalxan və bədəninə zireh geyinmiş hazırlıqlı caniyə bu zərbələr heç nə etmədi. O daha bir neçə zərbə vurduqdan sonra hökmdarı ölmüş bildi və qaçıb öz evində gizləndi.

Bu vaxt duyuq düşmüş əsgərlərin 50 nəfəri silahlanıb caninin dalısınca getdilər. Lakin onu evdə tapa bilmədilər. Caninin ata evinin ipək parçalarını, rəngbərəng xalçasını, qızıl, gümüşdən olan qiymətli ev əşyası, mebel və s. götürdükdən sonra onun evini yandıraraq geri qayıtdılar. Onlar gələndə hələ hökmdar ölməmişdi. Onun nəfəsi vardı və bir neçə gün beləcə yaşadı. O, öz oğlanlarını çağırdı. Onlara lazımi cəvahir və rütbəni təqdim etdikdən sonra hökmdar canını tapşırdı.

Bu qəza bütün Albaniyanın qəzası və bütün albanlar üçün kədər və dərd idi. Bütün ölkə  ağlayırdı. Tarixçi qeyd edir ki, cani gör necə də ölkəni ağır dərdi-bəlaya mübtəla etmişdir. Görkəmli tarixçi Bərdədə baş vermiş bu hadisəni o qədər müfəssəl təsvir edir ki, oxucuda heç bir şübhə yeri qalmır ki, Kalankaytuklu hadisə günləri şəhərdə olmuş və gördüklərini tam olduğu kimi qələmə almışdır.

Xalqa üz verən bu itkini Cavanşirin və Kalankaytuklunun müasiri şair Dəvdək də özünəməxsus şair gücü, qəlb yanğısı ilə qələmə almışdır. “Böyük knyaz Cavanşirin ölümünə ağla” adlı yas poemasında (mərsiyələrində) şair Cavanşirin ölümünü bu ölkədə günəşin əbədi batmasına, onun öz yolunu dəyişməsinə, qocaman Şərqə üz verən böyük fəlakət və yasa bənzədirdi. Kalankaytukluya görə, hadisə vaxtı Dəvdək də Bərdədə, özü də knyazın malikanəsində qalırdı. Buradan belə nəticə çıxarmaq olur ki, hökmdar həm də sənətə, şeirə, elmə qiymət verən böyük bir şəxsiyyət olmuşdur.

Tarixçinin yazılarından həm də belə nəticə çıxır ki, elə şairin özü də Bərdə elinin övladı olmuşdur. Dəvdəkin adını çəkdiyimiz poeması əvvəl Alban dilində yazılmış, sonra erməni və rus dillərinə tərcümə edilmişdir. Onun bir yerində şair xalqının və ölkəsinin kədəri, dərdi və qüssəsini onlarla bölür və belə qələmə alır:

Şərqə üz vermişdir böyük fəlakət,

Əsdi səmum yeli, yandı məmləkət,

Siz ey qəbilələr, ey böyük xalqlar,

Alışdım, odlandım mən də sizin tək.

(Rus dilindən tərcümə A.Nuriyevindir)

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Kalankaytuklu öz ölkəsini sevən bir tarixçi idi. Onun yazılarında Alban torpağının qüdrəti, onun gözəllikləri, yerüstü və yeraltı zənginlikləri, xalqın məşğuliyyəti, təsərrüfat həyatı, elmi, mədəniyyəti, yazısı, o dövrün dini və digər məsələləri çox yaxşı təsvir edilmişdir. Müəllif bu əsərdə Albaniyada cərəyan edən tarixi hadisələri – siyasi, iqtisadi və diplomatik məsələləri yüksək vətəndaşlıq hissi ilə qələmə almışdır.

Onun ölkə hadisələrini xronoloji ardıcıllıqla verməsindən aydın olur ki, görkəmli tarixçi VII əsrin 90-cı illərində vəfat etmişdir. Onun “Alban tarixi” adlı əsərini özündən min üç yüz il sonra yaşamış həmvətənlərinə olan böyük bir töhfə adlandırmaq olar.

Yeri gəlmişkən qeyd etməliyik ki, əsərə sonradan üçüncü kitab da əlavə edilmişdir.  Mütəxəssislərin fikrincə onu tamamlayan, bitkin və bütöv hala gətirən tarixçi özündən iki əsr sonra yaşamış Moisey Dasxoranski olmuşdur. Şübhəsiz, tarixçilərimiz, arxeoloq və etnoqraflarımız Kalankaytuk dühasından yaranan bu əsəri daim öyrənir, onun xalqımıza səmərə verən qaranlıq səhifələrini işıqlandırmağa can atırlar.

* * *

Mənbə:

“Bərdə və bərdəlilər” (Bibliоqrafik məlumat kitabı, tərtib edəni Xuraman Ismayılоva) – Bakı, «Nərgiz» nəşriyyatı, 2010, – 448 səh.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009