ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > Orta əsrlər > Məsud ibn Namdar

Məsud ibn Namdar

(XI-XII əsrlər)

 

Məsud ibn Namdar XI əsrin ikinci yarısında Beyləqanda anadan olmuş, XII əsrin birinci rübündə vəfat etmişdir. Gənc yaşlarından ömrünün sonunadək Beyləqan, Gəncə və Şirvan şəhər idarələrində işləmişdir. Əsərlərində bu şəhərlərdə baş verən tarixi hadisələr təsvir olunur.

Özünün verdiyi məlumata görə, ərəb, fars və türk dillərində əsərlər yazmışdır.

Ərəb dilində hekayələri, məktubları və şeirləri bizə gəlib çatmışdır. 2000 beytdən artıq olan poetik irsi ənənəvi şeir formalarındadır. Bu əsərlərdə xalq yaradıcılığından da çox istifadə olunmuşdur.

Məsud ibn Namdarın bədii irsi XII əsrin axırı və XIII əsrin əvvəllərində Azərbaycan ədəbi həyatının, bədii fikrinin və tarixinin bir sıra məsələlərini öyrənmək üçün ilkin qaynaqlardan biri kimi böyük əhəmiyyətə malikdir. Zəmanədən, xüsusilə taxt-tac sahibi zalım şahlardan şikayət burada əsas mövzulardan biridir.

Avtobioqrafik mahiyyətli şeirlərində vüqarlı şairin xain, satqın, hiyləgər adamlara nifrəti ifadə olunmuşdur.

* * *

Şeirlərindən parçalar

(çevirəni Əbülfəz Hüseyni)

1.

Qardaşım qaldı yetim körpə ikən dünyadə,

Tərbiyə etmək üçün oldum onu amadə.

Saxladım birtəhər, o çatdı iyirmi yaşına,

Tanrı pak qəlb verib, əql qoyubdur başına.

Ötdü artıq bu yaşından, keçib ilk gəncliyini,

Çatdı idrak evinə, atdı daha dincliyini.

Yetdi bir öylə məqamə, həvəsi artdı onun,

Yolçusu oldu daha eşq ilə sevda yolunun.

Qoşdu indi başını dostlar ilə işrət üçün,

Keçdi günlər, əməlindən özü oldu küskün.

Üzü döndü daha dostlarla şərab içməkdən,

Geri qaldı o həvəslərdə ötüb keçməkdən.

Qulaq asmırdı nədənsə deyilən bir sözümə,

Atalıq etməyi fərz etdim onunçün özümə.

Bağlanar, bəndə düşər, söylədim evlənsə əgər,

Düz yola dəvət edər kəc gedəni ailələr.

Dəvət etdim, neçə dost gəldi onun məclisinə,

Səsimi qoşdum onun böylə məqamda səsinə.

Yemək-içmək duası etdi şəhər indi ona,

Beyləqanda hamı gəldi o əzizin toyuna.

Qalmadı kimsə şəhərdə, qonağım oldu hamı,

Gəldilər dəstə ilə xəstələrindən savayı.

Qudalar, qız tərəfindən neçə adil insan -

Oldular böylə əziz gündə mənə bir mehman.

Sayları çoxdu yəqin göydəki ulduzlardan,

Bu yaxında olacaq toy, - dedilər, - çatdı zaman.

Qıza başlıq dedilər ən azı üç min dirhəm,

Qardaşı söylədi ki, mən toyuna toybəyiyəm.

Bir gecə qövl-qərar oldu ki, toy başlansın,

Tanrı hökmüylə iki sevgili alqışlansın.

Arzumuz, istəyimiz yetdi təmamən yerinə,

Oynadı bəylə gəlin... doğdu günəş üzlərinə.

Bağlamayla neçə paltar yola saldım, getdi,

Yaxşı-pis toyla büsat söhbəti artıq bitdi.

Bir çuğul, biədəb, alçaq yanıma gəldi mənim,

Görcəyin surətini əsdi qəzəbdən bədənim.

Özü bir nakəs ikən, özgəyə böhtan atdı,

Yaxşı işlər hamısı şər dənizində batdı.

Dedi: Pis iş yaranıb gizlicə bir gün arada,

Yaramaz böylə əməl, saldı haray ki, burada -

Boşboğazlar mey içib, hərzə ilə küy saldı,

Qəlbimi vəsvəsə sıxdı, canımı dərd aldı.

Eşidib təhqiri mən, qaldım ayıq sübhə kimi,

Çağırdım dadıma, yarəb, görəsən indi kimi?

Üz tutub dostlara fəryad elədim hiddət ilə,

Alışıb yandı ürək ismət ilə, qeyrət ilə.

Pak olan isməti məstlər sözü sanma ki, silə,

Sanma düzlük belə namərdin əlilə əyilə.

Şər atan kəsləri siz rədd eləyin dövrəmdən,

Qoymayın şər toxumun səpsin amansız düşmən.

* * *

2. Bir para nakəsləri məzəmmət və öz halımdan şikayət

 

Çalışın, ay insanlar, sevin sülhü, səfanı.

İtirdiniz nə üçün etibarı, imanı?

Özləri bərk azıblar xalqa yol göstərənlər,

Beyləqanda küfr ilə məşğul olur ərənlər.

Alçaqlar gəlib olmuş ucaların əmiri,

İstedadlar, zəkalar nakəslərin əsiri.

Səxavətli görəndə dərisini soyurlar,

İnsanların qanını bulud suyu sanırlar.

Şərəfsizlə şərəfli seçilmir burda məgər?!

Ayrılmayır, əcəbdir, düzlər ilə əyrilər.

Ulduzlar səmalarda işıldayır, hey yanır,

Asimanlar, elə bil, qan rənginə boyanır.

Düşmənlər çinar bilib qabığımı soyurlar,

İblislər hücum edib yaman günə qoyurlar.

Əğyar oldu taleyim, geniş dünya daraldı,

Fikirlər incələşdi, səbrim evi qaraldı.

Oğlanlarım dünyaya bir əsir kimi baxır,

Qızlarımın qəlbimdən qapqara qanlar axır.

Namərdlərin əlində külfətim əsir qaldı,

Qaçıb getdim oğru tək, könlümdən ah ucaldı.

Satdım dəyər-dəyməzə varımı-dövlətimi,

Saxladım vicdanımı, saxladım ismətimi.

Haray, haray, yurdumu axır ki, atıb getdim,

Əziz övladlarımı özümə həsrət etdim.

Haray, yaman ayaqda mənə yaxşı olan dost,

Arxasız çağlarımda dərdlərimə qalan dost!

Eşqim neçün, bilmirəm, belə vəfasız oldu,

Qara, uzun kirpiklər axır səfasız oldu.

Mənim baxar gözlərim döndü axar bulağa,

Başladı könül qanım bir fəvvarə olmağa.

Elə bil dayaq oldu qüssə ilə qəm mənə,

İndi necə dayanım ayrılığın cövrünə?

Yamanlardan əlhəzər, yaxşılardan ayrıldım,

Əridim, çöpə döndüm, bir hind qamışı oldum.

Əmimi qəm çulğadı, qardaşım qara geydi,

Atdığımız bəxt oxu əyildi, daşa dəydi.

Nazımı çəkənlərin qədrini bilməmişəm,

Onlar ilə oturub bir deyib gülməmişəm.

Bu elin alçaqları axır ki, məhv olacaq,

Alçaq daim ucadan cəzasını alacaq.

Pəltəklər Beyləqanda, Şahranda şər qatdılar,

Taleyini yadların ayağına atdılar.

İndi artıq çətindir o yerlərə qayıtmaq,

Qayıdıb nakəslərə bir yerdə addım atmaq.

Baş verən bəlalərdən Tanrı özü saxlasın,

Canilərin yolunu birdəfəlik bağlasın.

Cəhənnəmə layiqdir bu alçaqlar, rəzillər,

Şeytanın nütfəsidir bu yaramaz nəsillər.

Keçi tək özlərinə ölüm axtarır onlar,

Axmaq deyil, alçaqdır bu ağılsız məlunlar!..

Mənə “yox ol” deyənlər qoy özləri batsınlar,

Özüm məhv olsam belə, məzarım vulkan saçar.

Məni alçaltmaq üçün dəridən çıxır onlar,

Qanımı içən zaman elə bil süd sağırlar.

Sözləri etibarsız, vədələri yalandır,

Yüz yol and içsələr də, boş sözləri samandır.

Ruhlarını Tanrımız, yəqin ki, əfv eyləməz,

Türkmənlər hakim olar, onlara aman verməz.

Yeddi arxa dönəni nacins olan nakəslər

Hələ heç doğulmamış səadəti öldürər.

Yaşadım bir guşədə, qayğı əsiri oldum,

Özüm özümə düşmən, qonşu yesiri oldum.

Bezdim münaqişədən, ciddilikdən usandım,

Taleyə ram olmağı nədənsə doğru sandım.

Rəhbər oldu cəhalət, məhv edildi ləyaqət,

Oğul-uşaq qayğısı gətirdi dərd üstə dərd.

Ölüb gedib deyirlər yeddi ay bundan qabaq, -

Qazilər də mülkünü məhv edib talayaraq.

Qanunları zəmanə öz xeyrinə uydurur,

Elin şair oğluna ehtiram məgər budur?

Mənə - Bədiüzzəmandan məgər bumu hədiyyə?

Əydilər peyğəmbərin sözlərini “din” deyə.

Deyin bəs harda qaldı hakimin ədaləti,

Cavabımda söyüşdür şahın sözü, söhbəti.

Varlığım heçə getdi, görün nəymiş qismətim?!

Yarəb, qayıdarmola itib gedən hörmətim?

Ölüb gedərəm, nə qəm, həyat özü fanidir,

Allahın mərhəməti könlümün həyanidir.

Təxt-tac sahibi də karvanıdır bu yolun,

Qoy bilsin, anlasın ki, bəqası yoxdur onun!

Qısnağımda qısmadım, mən xərclədim varımı,

Bədbəxtlik qoşun çəkib dağıtdı ruzgarımı.

Nə qəm, biz də gülərik nakəslərin nəslinə,

Dədələri qayıdar ilk-əvvəlki əslinə.

Müştəri ulduzuyla birləşdirərlər məni,

Əvvəl-axır gül açar taleyimin gülşəni.

Çoxu qəzəb içində olub məğmun, peşiman,

O Süha ulduzunun kinli parıltısından.

Ləyaqətsiz düşmənlə barışmaram heç zaman,

Ləyaqətli olmuşam Aranda göz açandan.

Bəlkə də Allah mənə bu halətlə yar oldu,

O alçaq kimsələrdən yerim uzaqlar oldu.

Könlümdə bir inam var yaşamaq fərmanıdır,

Xainləri bu dünya əvvəl-axır tanıdır.

Onları Tanrı bir gün şəksiz asıb kəsəcək!

Qasırğalar önündə cəsədləri əsəcək.

Harda olsam onlarla vuruşlardayam müdam

Qılıncım bu dilimdir! Sıyrılıb öz qanından!

* * *

3. Leylətül-Qədr gecəsində

“Leylətül-qədr”i Tanrı özü seçib, bəyənib,

Haman gecə işləmir şeytanın əməlləri.

Əgər bilmək istəsən nədir bu “Leylətül-qədr”

Gərək ki, açıq gözlə sən açasan səhəri.

* * *

4.

Üzüm o Beyləqanın ən şirin nemətidir,

Ağıllılar danlamaz bu sözçün əlbət məni.

Mən sizə xurma payı göndərirəm uzaqdan,

Bizim torpaq olmayıb çünki xurma vətəni.

* * *

5. Sükut yatağı

Hamı yatmış, uyumuş, hökm eləyir burda sükut!

Cin-şəyatin yox olub, uyquya dalmış mələkut.

Torpağın üstünə düşmür daha yorğın izlər,

O da yatmış kimi dinclikdə səadət gözlər.

Bir sərin yel də əsir, çöhrəmə yelpik vuraraq,

Bir buludsa su səpir yollara sakit duraraq.

Badya ilə elə bil göydən enir yerlərə su,

Məst edir könlümü, Allah, belə torpaq qoxusu!

Şimşəyin məşaləsindən cahana nur saçılır,

Parlayır yer üzü guya ki, sabahım açılır.

Çağlayır göydə bulud, dağ-dərəyə nərə çəkir,

Elə bil ki, yuvasından bağırır zəhm ilə şir.

Ayılarmı yuxudan?.. Ömrü-günü bitmişlər?!

Görə bilsəydi sabahı, ah, ölüb getmişlər!

Bu şəfəqlər, bu haraylar ürəyə nəşə salır,

Göz bu röyanı görəndə yaşamaq zövqü alır!

* * *

6.

Söyləyin Beyləqanın “layiqli” başçısına,

Mədinətüs-səlamdan şirin sözlər siz ona.

Görüşmək qaydasını unudubdur dönərkən -

Ayrılanda o, “layiq”, “şərəfli” hakimindən.

Ərəblərin şöhrətli hökmdarı olmusan,

Sən onların əlindən çox ənamlar almısan.

Ucalıbsan hilal tək mərtəbəli göylərə,

Ucalıbsan, nə yolla sən elə yüksəklərə?

Biganələr işinə, ey daim arxa duran,

Öz işində onlara yenə söykən, arxalan!

Bəs nə üçün oğullar haqqından məhrum oldu,

Onların bu mərdliyi bir kənara qoyuldu?

Tanınmış bir insanam, hamının hörməti var,

Vəzirlərdən yerimi onlar yüksək tuturlar.

Bəs nə üçün unudub cənabi-ali bunu,

Uzaqdan da almadın bir quru səlamımı.

Səfərdən gələnlərlə görüşmək bir adətdir,

İnsanlıqda bu özü ədalət, nəzakətdir.

Unutdun bu adəti, ey adətə yad olan!

Ay özündən bixəbər, ay evi bərbad olan!

Unutdurub sahibin sənə sənin özünü,

Xəbərsizsən özündən, duman tutub gözünü.

Bəlkə cümə axşamı bənd olmusan badəyə,

Unutmusan hamını, məni də, kimdir deyə.

Bəli, sizin “qulunuz” salam deyir uzaqdan,

Buyurun, cavab verin, nə fayda var susmaqdan?

Odla, alovla yazdım bu məktubu mən sizə,

Çox güman ki, sabah da dayanarıq üz-üzə.

* * *

7. İki cənabın istəklisi

 

Bizim gözəl gəncəli Müstövfi Əminülmülk,

Bir də ki, Əbu Cəfər Məhəmməd ibn Hüseyn -

Görüm Tanrı hifz etsin istəyimcə dünyada -

Nə qədər bu aləm var bir yerdə hər ikisin.

Əminülmülk yayıbdır ölkəyə ədaləti,

Yoxsa ki, bu Məsudun artardı fəlakəti.

Duaçıyam mən ona ömrüm boyu hər zaman,

Onun səxavətilə qurtardım möhtaclıqdan.

Onun bu axıb gələn mərhəmət çeşməsindən -

Elə bil ki, dirilik suyunu içmişəm mən.

Tanrı lütf etsin ona, artırsın cəlalını,

Hər bir insan dünyada xoş istər öz halını.

Şərafətli kəslərə ehsanı aşıb daşır,

İltifatı göylərdə ulduzlara yanaşır.

Çırpınır dənizində fəzilətlər dalğası,

Dürdanəylə doludur onun ağıl dəryası.

Qızıl-gümüş, var-dövlət onun gülər üzüdür,

Səmək bürcü bu şəxsin elə bil ki, özüdür.

Sanki qalxır yüksəyə bədirlənmiş qəmərlə,

Xoşbəxtliyi yarışır günəşüzlü səhərlə.

Səmanın şəfəqləri doğur onun üzündə,

Sürəyya işıq saçır onun parlaq gözündə.

İnsanlıq qüdrətilə üfüqləri fəth edir,

İnsanlığı hamıya əməlilə şərh edir.

Kim onun tək yaşayır, ölməz olur dünyada,

Kim ki, ona bənzəmir, həyatı gedir bada.

Kaş, onun günlərini bayram edəydim mən də

Onunla gün keçirən adamların içində.

Ovçular öz ovunu ovlaqda ovlayırlar,

Gözəllər arasında ömrü ömür sayırlar.

Məstliyini gizlədir onlar şərab küpündə,

Xoş olurlar zamanın yaxşı keçən günündə.

Deyirəm, xoşbəxt olsun xoşbəxtlik istəyənlər,

Qoy yaman günə qalsın yamanlıq diləyənlər.

Hasili yoxa çıxmış səhradayam fəqət mən,

Yox adamı bu yerdə adam kimi dindirən

Məgər insandı bunlar? Meymunlar içindəyəm.

Gözləri açıq yatan qoyunlar içindəyəm.

Başçıları başsızdır, özləri ondan betər,

Yol azmış bir yolçunun yolu de, harda bitər?!

Bircə əcəm oğlu var onların arasında,

Başçıları pəltəkdir, yel oynar qafasında.

Nəzarət eyləyirdi işlərinə bir ağa,

Alçaltdı hamısını, düşdü iş dolaşığa.

Hamısı zəlil oldu, hamiləri olmadı,

Hansı yurdun boynuna bunlar kəndir salmadı?

Ayağa zəncir vurub bağladılar qolları,

Cinayətlər yapmaqda ap-açıqdı yolları.

Sədd çəkilib o yerdə həqiqətin nəhrinə,

Xəyanət gəlib qonub sədaqətin yerinə.

Onları tərk eləsən namərdlər sənə gülər,

Hamısının üzündən kin, paxıllıq tökülər.

O qafası qalınlar uda bilmir hirsini,

Çəkəcəkdir bir yana peşmanlıq hərəsini.

Zəkadan qorxur onlar, belə xislətləri var,

Saymayanın əmrinə baxıb tabe olurlar.

Verdikləri sözlərə heç vaxt əməl etməzlər,

Kimsə ilə dost olub, beşcə addım getməzlər.

And içib Yezid kimi Hüseyni aldadarlar,

Belə pis işlərindən haram qazanc dadarlar.

Unudarlar dostluğu vəzifəyə keçəndə,

Heç kimi tanımazlar qəflət meyi içində.

Mənə çox vəd verib unutdular binadan,

Vədəxilaf doğulub bu nakəslər anadan.

Görüm Tanrı məhv etsin yoldan çıxardanları!

Necə düz saymaq olar onlardan olanları?

Heç bilmirəm nə üçün məni görmür gözləri,

Xəyanətdir həmişə söhbətləri, sözləri.

İki qolu qırılmış gənc itirdim arada,

Bircə yaxşı insan var Əmin kimi orada.

Onların qarşısına sədd çəkir, ağıl verir,

Ölməməkçün o mənə hərdən donluq göndərir.

Gəlib şad edir məni göndərdiyi ənamlar,

Təşəkkürə, alqışa layiq olan hələ var.

Bu ənamı bəsimdir, dolanıram birtəhər,

Necə də mən etməyim Əminə təşəkkürlər?

Belə bir mərd adama adam gərək baş əyə,

Onun insanlığından bəhs aça, tərif deyə.

Onun açıq əlinin tərifi sığmır sözə,

İlahi, bu səxavət gəlməsin yaman gözə.

Elə bil ki, mən onun evində doğulmuşam,

Doğma balası kimi mehribanı olmuşam.

Elə bil mərhəməti qismətimdir əzəldən,

Qayıtdım ki, feyz alım belə ülvi gözəldən.

Qayıtdım ki, tanıyım bu səxavət əhlini,

Ürəkdən möhkəm-möhkəm sıxım açıq əlini.

* * *

Mənbə:

Azərbaycan klassik ədəbiyyatından seçmələr. VII-XII əsrlər Azərbaycan şeiri. Üç cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 424 səh.

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009