ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XVIII əsr > Aşıq Valeh

Aşıq Valeh

(1729-1822)

 

Aşıq Valeh 1729-cu (bəzi mənbələrdə 1722) ildə Ağdamın Abdal Gülablı kəndində anadan olub. Təhsilini Şuşada alıb.

Əsl adı Səfidir. Kərbəlanı ziyarət etdiyi üçün xalq arasında Kərbəlayi Səfi kimi də tanınıb.

Şeirlərinin bir çoxu çağdaş şairlərdən Canıoğlu Abdulla, Baba bəy Şakir və Aşıq Qəmbər üçün yazılıb. Bu şeirlərində şairin onlarla olan şəxsi münasibətləri və s. öz əksini tapıb. Şeirlərindən aydın olur ki, aşıq Valeh dövrünün ünlü şairi Molla Pənah Vaqiflə (1717-1797) yaxın münasibətdə olmuşdur.

* * *

Ürəklərdə yaşayan ad  

                   

Azərbaycan ədəbiyyatı çox qədim tarixə malikdir ki, bunun da mənbəyində şifahi ədəbiyyat durur. Aşıq ədəbiyyatı isə şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında müəyyən bir vəhdət təşkil edir.

Yaradıcılığı ustad sənətkarlar tərəfindən yüksək dəyərləndirilən, elin-obanın dilindən düşməyən aşıq-şairlərdən biri də Abdalgülablılı Aşıq Valehdir. Uzun müddətdir ki, alimlərimiz onun haqqında tədqiqat aparır, şeirlərini toplayıb çap edir, mülahizələr yürüdürlər. Hələ XX əsrin əvvəllərində firidun bəy Köçərli bu görkəmli sənətkar haqqında demişdir: "O, zamanın ürafasından sayılan əhli zövq və sahibi təb bir vücud imiş. Məhəlli təvəllüdü Gülablı qəryəsidir ki, ata-babasının əsl vətənidir".

Buradan və digər sənədlərdən məlum olur ki, Aşıq Valeh Ağdam rayonunun Abdalgülablı kəndində dünyaya gəlmişdir. Şərqin konservatoriyası, musiqi beşiyi, şairlər, xanəndələr diyarı olan bu kənd bir sıra məşhur şəxsiyyətlər yetişdirmişdir. Bunların sırasında Valehin babası şair Məhəmməd, Aşıq Güllü, Aşıq Cünun, Aşıq Qənbər, Valehin ustadı olmuş Aşıq Səməd, Aşıq Abbasqulu, məşhur tarzən Qurban Pirimov, öz məlahətli səsilə dinləyicilərin sevimlisi olan Sara Qədimova və başqaları məhz bu kəndin yetirmələri, övladlarıdır. Belə bir ocaqdan Valeh kimi sənətkarların da çıxması heç bir təəccüb doğurmur.

F.Köçərlidən bəri daha bir sıra alimlərimiz onun həyatı haqqında axtarışlar aparmış və nəhayət, müəyyən etmişlər ki, aşığın əsl adı Səfi, atasının adı isə Məhəmməddir. "Valeh" isə aşığın təxəllüsüdür. O, 1722-ci ildə Abdal Gülablıda anadan olmuşdur. Səkkiz yaşlarında isə atası onu öz kəndlərində yaşayan Molla Mahmudun yanına qoyur, mükəmməl savad verməsini xahiş edir. 14 yaşlarında ikən Quranı başa vurur, lakin molla olmaqdan imtina edir. Atasının razılığı ilə dövrünün hörmətli sənətkarlarından olan Aşıq Səmədin yanına gedir və ona şəyirdlik edir.

Aşıq Səməd Valehin saza-sözə olan həvəsini nəzərə alaraq aşıqlıq sənətinin ən incə sirlərini belə ona öyrədir. Bundan sonra ustad öz istedadlı şagirdini məclislərə, mərəkələrə aparır, onu sınaqlardan çıxarır. Hətta deyilənə görə Valeh təxəllüsünü də şəyirdinə ustadı Aşıq Səməd vermişdir. Çünki Valeh - valeh olmaq, vurulmaq, sevmək mənasında olmaqla gənc yaşlarında gözəl bir qıza bənd olması da şairin şeirlərində öz əksini tapmışdır. Lakin həmin qızla evlənib-evlənməməsi bizə məlum deyildir. Bu barədə aşığın bizə gəlib çatmış "Vücudnamə"si hərtərəfli, geniş məlumat verir. Aşıq Valeh öz "Vücudnamə"sində həyatını, uşaqlıq və gənclik illərində məktəbdə oxumasını, 15 yaşından eşqə düşməsini, hətta ailə qurmasını, gəzdiyi yerləri, görüşdüyü şəxsləri açıq-aşkar şəkildə əks etdirməyə səy göstərmişdir.

Akademik Həmid Araslının qeyd etdiyi kimi, bu əsərlərdə xüsusən insanın dünyəvi həyatından bəhs edən hissə ümumi olsa da, çox realdır. Buna görə də alimlərimiz, tədqiqatçı mütəxəssislərimiz yeri gələndə öz fikirlərini təsdiqdə şair-aşıq tərəfindən yaradılmış "Vücudnamə"yə əsaslanması tamamilə məqsədəuyğundur. Aşıq Valeh özü haqqında açıq-aydın demişdir:

Səkkizdə, doqquzda Quranı seçdim,

On yaşında yaxşı-yamanı seçdim.

On birimdə Quran kitabı seçdim,

On beşimdə sərim doldu sevdaya.

Yaxud:

Valeh ləqəbimdir, Səfidir adım,

Allahı sevənlər, budur muradım… və s.

Akademik Həmid Araslı, folklorşünas Əhliman Axundov, professorlardan M.Təhmasib, Vaqif Vəliyev, Paşa Əfəndiyev, famil Mehdi, Mürsəl Həkimov və başqaları Aşıq Valehin yaradıcılığını yüksək qiymətləndirmiş, onun haqqında dəyərli fikirlər yürütmüşlər. Bu işdə Valehin həmyerlisi şair və alim famil Mehdi və professor Mürsəl Həkimov çox iş görmüşlər. Bu qəbil aşıq-şairlərin yaradıcılığı, ümumiyyətlə, gəncliyə həm mənəvi, həm də elmi nöqteyi-nəzərdən çox şey verir.

Aşıq Valehin yaradıcılığı elə bir dövrə təsadüf edir ki, bu dövrdə aşıq poeziyası, aşıq lirikası yazılı ədəbiyyata təsir göstərirdi. Yazıb-yaradan şairlərlə aşıq-şairlər arasında da müəyyən yaxınlıq, dostluq var idi. Onlar hətta deyişir, bir-birilərinə nəzmlə məktub göndərirdilər. Bu zaman Aşıq Valehin sıx əlaqə saxladığı, dostluq etdiyi, yaradıcılıq söhbətləri apardığı, fəxr və iftixar hissi ilə adını çəkdiyi sənətkarlardan biri də Molla Pənah Vaqif olmuşdur. Bunu Valehin öz şeirlərindən, ayrı-ayrı bənd və misralardakı müraciətlərindən, el söyləmələrindən aydın görürük. Məsələn, 1807-ci ildə aşığın yaratmış olduğu bir şerində deyilir:

Ustad Səməd sənətdə bir dağ idi,

Kələntərli Alı fəndli bağ idi.

On il əvvəl Molla Pənah sağ idi,

Valeh kimi aşıqlar ustadı var.

Bu misralarda aşığın Vaqifə olan səmimi münasibəti və duyğuları açıq şəkildə görünür. Hətta bəzi şeirlərindən görünür ki, Qarabağ vilayətində xalqı incidən zülmkarlardan Valeh vilayətin baş vəziri, həm də yaxın dostu kimi Vaqifə müraciət edərək ondan kömək diləmişdir. Məsələn, şeirlərin birində deyilir:

Molla Pənah, ərzim sizə söyləyim,

Mahallıqca biz düşmüşük dara, bil.

Şadlığı axtaran biçarə kəslər

Həmdəm olub yenə ahu-zarə, bil.

 

Valehəm, bu dərdə varmı, de çarə,

İsgəndər bəy bizi salıb azarə.

Var-dövləti çəkib tökdü bazarə,

Biz rəiyyətik belə sitəmkarə, bil.

Əlbəttə, belə bəndlərin sayını artırmaq da olar. Valehin dövrünün digər şair və aşıqları ilə də görüşləri, söhbətləri, hətta deyişmələri olmuşdur. Məsələn, Aşıq Cəlalla, ustadı Səmədlə, Aşıq feyruzla, Məsum Əfəndi ilə, Aşıq Qənbərlə deyişmələri, şair Abdulla Canızadəylə məktublaşması onun xalq arasında böyük nüfuz sahibi, istedadlı şair-aşıq, qayğıkeş insan və humanist bir vətəndaş olduğunu deməyə haqq verir.

Aşıq Valehin həyat fəaliyyəti 25 yaşından sonra Zərniyar xanımla bağlıdır. Gənc yaşlarından ustad sənətkar kimi məşhurlaşmış Valeh ətraf əyalətlərin də nəzər-diqqətini özünə cəlb edir. Bir neçə il müstəqil aşıqlıq etdikdən sonra özünə şəyird götürüb öyrədir, sələflərindən gələn ustad - şagird ənənəsini davam etdirir. Müasirləri olan Aşıq Qənbərin, Aşıq Cəlalın, Aşıq Əhmədin və başqalarının bir sənətkar kimi formalaşmasında onun mühüm rolu olmuşdur. Lakin sənətin sirlərinə bələd olmamış şəyirdi Səməd ondan ayrılıb müstəqil aşıqlıq etmək həvəsinə düşür. Nəhayət, gəlib Dərbənddə Zərniyar xanımla görüşüb deyişir, təslim olur. Zərniyar xanım ondan ustadının adını soruşur. O, isə Valehin ünvanını ona verir. Zərniyar xanım Valehə açıq məktub yazıb onu Dağıstana - onunla deyişməyə dəvət edir:

Bir neçə aşığı eyləmişəm bənd,

Ayağında zəncir, boynunda kəmənd,

Adım Zərniyardır, məkanım Dərbənd,

Məni anar olsan, bu məkana gəl!

Məktubdan halı olan Valeh Dağıstana - Dərbənd şəhərinə gəlir. Zərniyar xanımla görüşür, onu bağlayıb, aşıqları zindandan azad edir və şərtə görə Zərniyar xanımla həyat qurmaq fikrini dəqiqləşdirir. O zaman Valehin 25, Zərniyar xanımın 18-19 yaşı vardı. Deyilənə görə, Zərniyar xanım 1730-cu ildə Dərbənddə anadan olmuş, elə uşaq vaxtlarından şeirə, sənətə, saza böyük həvəs göstərmişdir. Buna görə də əhd edir ki, hər kim onu bağlasa, ona ərə gedəcək. Çox aşıqlar onu bağlamaq fikrinə düşürsə də, bir şey çıxmır, məğlub olub onun toruna düşür. Nəhayət, Valeh onu bağlayır və onunla evlənir. Zərniyar xanımı da götürüb Abdal Gülablıya gəlir, ömürlərinin sonuna qədər bir-birilərinə sadiq həyat sürürlər.

1747-ci ildə ailə həyatı quran Zərniyar xanım 1840-cı ildə Abdal Gülablıda vəfat etmiş və qədim qəbiristanlıqda dəfn olunmuşdur. Onun başdaşında belə bir şeir həkk olunmuşdur:

Vəfai-eşqdə düz ilqar mənəm,

Sadiqi-aşiqə vəfadar mənəm.

Məkani Dərbəndəm, övrəti Valeh,

Sorağı dastanlı Zərniyar mənəm.

Ümumiyyətlə, istər deyişmələrindəki qoşmalar, istərsə də ayrı-ayrı şeirlərindən məlum olur ki, Zərniyar xanım dərin kamal sahibi, mütərəqqi bir ziyalı qadın olmuşdur. Təəssüflər olsun ki, onun da geniş tərcümeyi-halı və yaradıcılığı bu günə qədər öyrənilməmiş qalır. Lakin mütəfəkkirlərimizin dediyi kimi: "Dünyada qalacaq yalnız yaradan" və yaxud "Deyilən söz yadigardır". Ona görə də bu istedadlı sənətkar öz yaradıcılığı ilə xalqın dilində, ürəyində daim yaşayacaqdır.

Əldən-ələ keçən "Valeh-Zərniyar" dastanı dediklərimizə ən yaxşı sübutdur.

Afayət Rüstəmzadə,

AMEA folklor İnstitutunun elmi işçisi

http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=2288

* * *

Yaradıcılığı

Gəraylı

 

Eylə

 

Alçaqlı, ucalı dağlar,

Halal eylə, hümmət eylə.

Qarşı qarşı duran bağlar,

Halal eylə, hümmət eylə.

 

Köçüm gedir düzlərinən,

Dövran sürdüm sizlərinən,

Neçə gəlin, qızlarınan,

Halal eylə, hümmət eylə.

 

Valeh gedir bir murada,

Sığınıbdı min bir ada,

Ya gələ, ya gedə bada,

Halal eylə, hümmət eylə.

 

Olum

 

Ay ana, bu cüt sonanın

Hansına qurban mən olum?

Süzgün baxıb can alanın

Hansına qurban mən olum?

 

Könül bağladım bir ada,

Dərd tapdım həddən ziyada,

Hər ikisi mələkzada,

Hansına qurban mən olum?

 

Cüt baxışlı, nazlı xanım,

Xoş avazlı mehribanım,

Valeh deyər: var bir canım,

Hansına qurban mən olum?

 

Qoşma

Dilbər

 

Durum, dolanım başına,

Aşığından küsən dilbər.

Üzüm sürtüm göz-qaşına,

Nə mən dinim, nə sən dilbər.

 

İtirmişəm maralımı,

Bir sinəsi yaralımı,

Gündüz səbrü qərarımı,

Gecə yuxum kəsən dilbər.

 

Bu nə adətdi insanda,

İxtiyar qoymadı canda,

Bu zülm olmaz, müsəlmanda,

Kafərmisən, nəsən dilbər?

 

Görmədim mən, sən tək yağı,

Sinəmə çəkmisən dağı,

Qara geyim mən, sən ağı,

Görən desin usan, dilbər.

 

Valeh, əzəldən bəy idi,

Qaşların qəddini əydi,

Mən nə dedim, sənə dəydi,

Bu mən dilbər, bu sən dilbər.

 

Dünya

 

Haqdan fərman gəlib, qərar tapanda,

Başlamısan cəngə, savaşa dünya.

Qəsdinə girmisən yaranmışların,

Cümləsin vermisən talaşa dünya.

 

Neçə nəbiləri keçirdin yandan,

Nuh tufanı qopdu, doymadın qandan,

Zaloğlu Rüstəmi eylədin candan,

Bükdün Süleymanı farmaşa dünya.

 

Neçələrin saldın, çovğun, borana,

Neçələrin etdin dəli divana,

Neçələri nakam getdi məkana,

Qoymadın onları yanaşa dünya.

 

Valeh ağlar, görüb belə divanı,

Kimsələrə gəlmir daha gümanı,

Kama çatıb, şənlik edən zamanı,

Döndərdin şənliyi, qan, yaşa dünya.

 

Hardadı

 

Molla Kərim, indi səndən soruşum,

Söylə, sənin din-imanın hardadı?

Cəhənnəm əhlisən, yoxsa ki Cənnət,

Bilirsənmi, öz məqamın hardadı?

 

Kədərin hansıdı, kinin hansıdı,

Məzhəbin hansıdı, dinin hansıdı,

Ahılsan, cahılsan, sinin hansıdı,

Mətləbin hardadı, kamın hardadı?

 

Etiqadın İsayadı, Musaya,

Meylin məscidədi, yoxsa kilsaya,

Qiblən müqərrərdi, hansı binaya,

Vadiyi Berutda damın hardadı?

 

Aşiq Valeh sənətindən dönərmi,

Yel əsməklə yanan günəş sönərmi,

Pəhləvan döyüşdə, qaçıb sinərmi,

Meylin badə çəkir, camın hardadı?

 

Məndədi

 

Bir qız ilə bir gəlinin bəhsi var,

Gəlin deyər, bu gün meydan məndədi.

Qız da deyər, açılmamış qönçəyəm,

Fəsli bahar, baği reyhan məndədi.

 

Gəlin deyər, ördəyim var, qazım var,

Şirin-şirin söhbətim var, sazım var,

Sallananda yüz qız qədər nazım var,

Həya, iman, ədəb, ərkan məndədi.

 

Qız deyər, mən oxşamışam anama,

Ləlü mərcan düzülübdü tanama,

Əl vursalar tağdan qopar şamama,

Əl dəyməmiş taği bostan məndədi.

 

Gəlin deyər, gəl, qız, düşmə araya,

Gər mən ölsəm, aləm batar qaraya,

Bəzənərəm, sallam səni bəlaya,

Şövq salan, camalü can məndədi.

 

Valeh deyər ikinizə mən qurban,

Yolunuzda mən qoymuşam başla can,

Əyləməyin bu qəribi bağrı qan,

Sizdən ötrü çeşmi giryan məndədi.

 

Deyilmi?

 

De, necə şad olum bu aləmdə mən,

Dünya fani, insan mehman deyilmi?

On səkkiz min böyük sirli dəryalar,

Başdan-başa dolu, al qan deyilmi?

 

Tarihin cəryanı, bizə yan verir,

Zalıma, cəllada qüvvət, qan verir,

Fağır-füqəralar vaxtsız can verir,

Zamana, yoxsula düşman deyilmi?

 

Zalımı şah edir bimürvət fələk,

Zülmünü görəndə, deyir mübarək,

Qoymayır aləmdə, biz də gün görək,

İnsana zülm edən insan deyilmi?

 

Valeh necə dözsün belə möhnətə,

Təriq əhli düçar olub möhnətə,

Necə piranələr gəlib mihnətə,

Qamçı altda cismi üryan deyilmi?

 

Olsun

 

Telli sazım, səni məndən eyləyən,

Ömür boyu bu aləmdə xar olsun.

Gəlməsin baharı, açmasın gülü,

Fəryad etsin, qəlbi ahü-zar olsun.

 

Kimsəsi olmasın qəlbin dindirə,

Yeddi yerdən başı keçsin kəndirə,

İstəkli balası düşsün təndirə,

Könül mülkü boran olsun, qar olsun.

 

Yüz il xəstə yatsın, cismi ölməsin,

Ürəyi şad olub, üzü gülməsin,

Həkimlər, loğmanlar dərdin bilməsin,

Gözləri kor, qulaqları kar olsun.

 

Aşıq Valeh nə bəlaya tuş oldu,

Bahar fəsli çovğun, boran, qış oldu,

Sərsəm etdi səri, çaşqın huş oldu,

Namərdə nifrəti eldə car olsun.

 

Sevdiyim

 

İllərilən həsrətini çəkdiyim,

Döndü əlif qəddim yaya, sevdiyim.

Neçə hicrət, bəla, cövrü cəfadan,

Heyf ömrüm getdi zaya, sevdiyim.

 

Aşkar deyil, mənim dərdim pünhandı,

Firqətindən eşqi çeşmim rəvandı,

Malım, mülküm, cümlə canım qurbandı,

Sənin təki mehliqaya, sevdiyim.

 

Lütf elə aşiqə vəfa qıl vəfa,

Ay qəmzəli yağı, gözləri şəhla,

Səni məndən hər kim qılarsa cida,

Görüm düşsün yüz bəlaya, sevdiyim.

 

Ağlamaqdan çeşmim qaldı ziyadan,

Bizə meyi et, kəs ülfətin riyadan,

Tanrı səni hifs eləsin bəladan,

Qail ol sən bu Mövlaya, sevdiyim.

 

Valehəm, eşqindən ey şuxu leyla,

Səni sevdim, oldum aləmə risva,

Aşiqəm, yolunda çəkmişəm cəfa,

Yarın qıyma bu cəfaya, sevdiyim.

* * *

Mənbə:

Azərbaycan aşıq şeirindən seçmələr: 2 cilddə. I cild / tərt. ed. Ə.Axundov, İ. Abbaslı, H.İsmayılov. - B.: Şərq-Qərb, 2005.- 376 s.

Azərbaycan ədəbiyyatı inciləri. Bayatı, qoşma, təcnis. Bakı, 1988, s. 85, 199.

Firudun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. I cild. Bakı, 1978, s. 320-333.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009