ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XX əsr > Zakir Məmmədov

Zakir Məmmədov

(1936-2003)

 

Məmmədov Zakir Cabbar bəy oğlu — tanınmış filosof, yazar, fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.

Zakir Məmmədov 1936-cı il avqustun 16-da Ağdamda anadan olmuşdur. [1]

Anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyova, atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovdur. Cabbar bəy Vəlibəyov Baharlı tayfasına mənsub, dövrünün görkəmli ziyalılarından idi. Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olmuş, yeni tipli məktəbin əsasını qoymuşdur. [2]

Cabbar bəy repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. Həbs edilərkən Cabbar bəyin evindəki bütün sənədlər və kitablar götürülmüşdür. Buna görə də Zakir Məmmədovun doğum haqqındakı şəhadətnaməsi itmişdir. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilmişdir. [3]

Zakir Məmmədov siyasi təqib şəraitində böyümüş, bunun üçün anasının soyadına keçirilmişdir. Məlumdur ki, sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözünü ixtisar edərək onlara pasport verilirdi. Buna görə də alimin soyadı Məmmədbəyov deyil, Məmmədov olmuşdur.

Zakir Məmmədov orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmış, rəsmlər çəkmişdir. Onun şeirləri rayon qəzetində dərc edimiş, çəkdiyi rəsmlər məktəb sərgisində, sulu boya ilə çəkdiyi "Gənc miçurinçilər" tablosu isə 1955-ci ildə Respublika sərgisində nümayiş etdirilmişdir. "Yoldaşlıq köməyi" adlı bir mənzum pyesi 1955-ci ildə Ağdam pionerlər evinin özfəaliyyət kollektivi, 1956-cı ildə isə Bərdə pionerlər evinin özfəaliyyət kollektivi tərəfindən tamaşaya qoyulmuşdur.

Orta məktəbdə oxuduğu illərdə Zakir Məmmədovun bədii yaradıcılığı haqqında Ağdamda çap edilən "Lenin yolu" (indiki "Ağdam") qəzetində məqalələr dərc edilmişdir.

Zakir Məmmədov 1957-ci ildə Ağdam 1 saylı orta məktəbi medalla bitirmişdir.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin yeni açılan ərəb şöbəsinə daxil olmuşdur.

Zakir Məmmədov universitetdə birinci kursda təhsil alarkən, 29 noyabr 1957-ci ildə atası Cabbar bəy Azərbaycan SSR Ali məhkəməsinin qərarı ilə bəraət almışdır.

Zakir Məmmədov universitetdə təhsil aldığı illərdə əla təhsilə və ictimai işə görə Az.LKGİ-nin fəxri fərmanı ilə təltif edilmişdir. Çox tirajlı Universitet qəzetində şeirlər, ərəbcədən tərcümələr dərc etdirmişdir.

Zakir Məmmədov Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş Ələsgər Məmmədovdan ərəb dilini mükəmməl öyrənərək 1962-ci ildə universiteti bitirmişdir. Elə həmin il AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi kimi çalışmağa başlamışdır.

1962-1963 illərdə Misirdə Asuan SES-in inşasında ilk azərbaycanlı ərəbşünas tərcüməçi kimi çalışmışdır. 1964-cü ilin 1 yanvarından AMEA-nın Fəlsəfə sektorunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) işə başlamışdır.

"Siracəddin Urməvinin məntiqi görüşləri" adlı namizədlik dissertasiyasını 1967-ci ildə tamamlasa da, 1969-cu ildə müdafiə etmişdir. "Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir" adlı doktorluq dissertasiyasını 1974-cü ildə tamamlamış, monoqrafiya kimi 1978-ci ildə çap etdirmiş, doktorluq dissertasiyası kimi 1990-cı ildə müdafiə etmişdir.

Zakir Məmmədov 1969-cu ildən 1970-ci ilə qədər Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor vəzifəsində işləmiş, milli fəlsəfəmizə dair materialların Azərbaycan Sovet Ensiklopediyasında geniş yer tutmasına çalışmışdır. Azərbaycanın peşəkar filosofları məhz onun tədqiqatı sayəsində bu ensiklopediyaya düşmüşdür (42 məqalə). [4][5]

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 30-dan çox elmi kitabın (çap edilmiş və edilməmiş), 250 elmi məqalənin, o cümlədən xaricdə çıxmış 6 elmi məqalənin müəllifidir. Uzun müddət fəlsəfə, Azərbaycan fəlsəfəsi tarixi, Şərq fəlsəfəsi tarixi fənlərini dövlət ali məktəblərində, əsasən də Bakı Dövlət Universitetində tədris etmişdir.

AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) 1997-ci ildən həyatının sonuna qədər təsis etdiyi Şərq fəlsəfəsi tarixi və dinşünaslıq şöbəsinin müdiri işləmişdir.[6]

2003-cü il martın 2-də Bakıda vəfat etmişdir.

* * *

Yaradıcılığı

 

Zakir Məmmədovun elmi yaradıcılığı əsas etibarilə Şərq fəlsəfəsi tarixi və dinşünaslıq məsələlərinə həsr edilmişdir. Onun tədqiqatlarına qədər elə hesab edilirdi ki, Şərqdə, o cümlədən Azərbaycanda peşəkar filosoflar yaşamamışlar, yaradıcılığından əldə cüzi material olan Bəhmənyar isə (XI əsr) istisnadır.

Zakir Məmmədov 40 ilə yaxın müddətdə elmi axtarışlar apararaq, Azərbaycan filosoflarının və mütəfəkkirlərinin ərəb və fars dillərində dünyanın müxtəlif ölkələrində çap olunmuş, habelə əlyazması şəklində saxlanılan zəngin irsini üzə çıxarmışdır. O, onların fəlsəfəsini (varlıq təlimi və idrak nəzəriyyəsini), məntiqini, ictimai-siyasi və etik görüşlərini işləyib hazırlamışdır.

Alim sübuta yetirmişdir ki, orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda dini fəlsəfi təlimlərlə yanaşı, elmi-fəlsəfi təlimlər də olmuşdur. O, müəyyən etmişdir ki, elmi-fəlsəfi təlimlər Şərq peripatetizmindən, sufizmin panteist istiqamətindən və işraqilikdən ibarətdir.

Zakir Məmmədov Eynəlqüzat Miyanəci (1099-1131), Şihabəddin Ömər Sührəvərdi (1145-1234), Şihabəddin Yəhya Sührəvərdi (1154-1191), Əfzələddin Xunəci (1193-1248), Siracəddin Urməvi (1198-1283) və başqa Azərbaycan filosoflarının əsərləri, habelə Bəhmənyarın üç kitabdan (məntiq, metafizika, fizika) ibarət "Təhsil" traktatı əsasında "Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir" monoqrafiyasını yazmışdır. "Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri" (azərbaycanca 1986, rusca 1993) kitabında görkəmli şəxsiyyətlərin əksəriyyəti - Əhməd Bərdici, Məhəmməd Bərdəi, Əbunnəcib Sührəvərdi, Əminəddin Təbrizi, Siracəddin Urməvi, Şəmsəddin Xoylu, Nəcməddin Naxçıvani, Şihabəddin Xoylu, Mühyiddin Bərdəi, Məhəmməd Qarabaği, Kəmaləddin Ərdəbili, Əhməd Ərdəbili, Rəcəbəli Təbrizi və b. haqqında mənbələr əsasında tədqiqatlar ilk dəfə olaraq Zakir Məmmədov tərəfindən aparılmışdır.

Alimin bütün tədqiqatları ilk mənbələr əsasında olmuş, buna görə həmin əsərlərin Azərbaycana gətirilməsi üçün böyük əmək sərf etmişdir. Belə ki, onun tədqiqatlarına qədər Bəhmənyarın "Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" adlı kiçik həcmli iki əsəri məlum idi. Tədqiqatçı filosofun geniş həcmli "Təhsil" əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətləri hesabına həmin əsər Azərbaycana gətirilmişdir. Alim "Təhsil" əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb etmişdir. Bəhmənyarın "Metafizikanın mövzusu", "Mövcudatın mərtəbələri" əsərləri ilə bərabər "Təhsil" kitabı da Zakir Məmmədov tərəfindən tam şəkildə Azərbaycan dilinə tərcümə edilmiş, "Təhsil" kitabının kiçik bir hissəsi, iki əsər isə bütöv şəkildə "Şərq fəlsəfəsi (IX-XII əsrlər)" kitabında (Bakı, 1999) çap edilmişdir.

Mənbələr əsasında orta əsr Şərq filosoflarının təlimlərini hərtərəfli və geniş şəkildə araşdırmış Zakir Məmmədov Azərbaycanda onların yeganə tədqiqatçısı oımuşdur. O, dünya şöhrətli filosoflarımızın irsini tədqiq etməklə bərabər, onların elmi ictimaiyyət tərəfindən tanınması uğrunda da çalışmışdır. Alimin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti İşraqilik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2 aprel 1991-ci ildə qərar (9/11) qəbul etmişdir. Həmin qərara əsasən 25 dekabr 1991-ci ildə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) işraqi filosofun yubileyi keçirilmişdir.

Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfi irsinin yeganə tədqiqatçısı Zakir Məmmədov filosofun bir çox əsərlərini Azərbaycan dilinə tərcümə etsə də, yalnız ikisi çapdan çıxmışdır. Tədqiqatçı Ş.Y.Sührəvərdinin "Filosofların görüşləri" əsərini ərəbşünas alim Tariyel Həsənovla birlikdə Azərbaycan və rus dillərinə tərcümə etmiş və bu əsər ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə çapdan çıxmışdır. Filosofun "İşıq heykəlləri" kitabını Azərbaycan dilinə tərcümə edərək Zakir Məmmədov şəxsi vəsaiti hesabına ilk dəfə 1989-cu ildə, ikinci dəfə 1999-cu ildə nəşr etdirmişdir. [7]

Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan MEA Rəyasət Heyəti (1 iyul 1992-ci il, qərar 10/16) və Azərbaycan Respublikası Nazirlər Kabineti (5 noyabr 1992-ci il, qərar 607) qərarlar qəbul etmişdi. Bu münasibətlə Fəlsəfə və Hüquq İnstitutunda üç elmi sessiya, bir çox ali məktəblərdə konfranslar keçirilmişdir. Alimin təşəbbüsü ilə 1998-ci ildə Siracəddin Urməvinin anadan olmasının 800 illik yubileyi münasibətilə əlaqədar Azərbaycan MEA Rəyasət Heyəti tərəfindən (11 mart 1998-ci il, qərar 8/4) qərar qəbul edilmişdir. Zakir Məmmədov bu dövrdə Siracəddin Urməvinin, Əfzələddin Xunəcinin anadan olmalarının 800 illik yubileylərini, 1999-cu ildə Eynəlqüzat Miyanəcinin anadan olmasının 900 illik yubileyini qəzet və jurnallarda məqalələr çap etdirməklə keçirmişdi.

Zakir Məmmədov 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında verdiyi fərmanla Dövlət yubiley komissiyasının üzvü seçilmişdir. Tədqiqatçı Nəsirəddin Tusinin irsini hərtərəfli və geniş şəkildə araşdırmışdır. Məhz Zakir Məmmədovun tədqiqatından məlum olur ki, 1266-cı ildən Marağa rəsədxanasında Nəsirəddin Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir. [8]

O sübut etmişdir ki, Şərq peripatetizminin banisi Əbunəsr Farabidir (873-950). Sufizmin panteist sistemini Azərbaycan filosofu Eynəlqüzat Miyanəci (1099-1131) və işıq və qaranlıq prinsipinə əsaslanan işraqilik təlimini Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) yaratmışlar.

Tarixən görkəmli Azərbaycan filosoflarının təlimləri fəlsəfi məktəbə çevrilərək, əsrlər boyu alimlər üçün örnək olmuşdur. Onların ideyaları sonralar Şərq aləmi ilə məhdudlaşmayıb, Avropa ölkələrinə də yayılmışdır. Görkəmli Azərbaycan filosof-alimi Zakir Məmmədov dünya fəlsəfi tarixinin orta əsrlərində (1000 illik dövrdə) Şərq, həmçinin Azərbaycan filosoflarının elmi-fəlsəfi dünyagörüşlərinin geniş olduğunu göstərə bilmişdir.[9]

Zakir Məmmədovun həyatı, fəaliyyəti və əsərləri haqqında onlarla məqalələr yazılmışdır. Orxan Məmmədovun "Ağdamın adlı-sanlı pedaqoqları, alimləri" (Bakı, Sabah, 2001) kitabında Zakir Məmmədovun həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir. Xatirə Quliyevanın "XX əsrin böyük Azərbaycan filosofu Zakir Məmmədov (Baharlı)" (Bakı, Azərnəşr, 2003,həcmi: 11 ç.v.) kitabında alimin həyatı və yaradıcılıq yolu işıqlandırılır. Son illər dövrü mətbuatda Zakir Məmmədovun xatirəsinə və elmi fəaliyyətinə həsr edilmiş otuzdan çox məqalə dərc edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası və Mərkəzi Elmi Kitabxana tərəfindən "Elm" nəşriyyatında 2010-cu ildə çap edilən Zakir Məmmədov - "Azərbaycanın elm və mədəniyyət xadimləri" silsiləsindən olan biblioqrafik göstəricidə filosofun həyat və fəaliyyəti hərtərəfli şəkildə işıqlandırılır.

* * *

Əsas elmi əsərləri:

Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir, Bakı, 1978;

Bəhmənyarın fəlsəfəsi, Bakı, 1983;

Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri, Bakı, 1986;

Siracəddin Urməvi, Bakı, 1990;

Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat), Bakı, 1991;

Eynəlqüzat Miyanəci, Bakı, 1992;

Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri (rus dilində), Bakı, 1993;

Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994;

Şərq fəlsəfəsi [IX-XII əsrlər] (tərcümə əsərlərin toplusu). Bakı, 1999;

Nizami Gəncəvinin fəlsəfi düşüncələri, Bakı, 2000;

Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994 (kiril), 2006;

Şihabəddin Yəhya Sührəvərdi, Bakı, 2009.

* * *

İstinadlar:

1. Zakir Cabbar bəy oğlu Məmmədov

2. Aytək Zakirqızı (Məmmədova). Milli fəlsəfi irsimizin əvəzedilməz tədqiqatçısı. "Elm" qəzeti, 31 oktyabr 2006-cı il

3. Aytək Zakirqızı (Məmmədova). Əqidə fədaisi. "Xural" qəzeti, 3-9 avqust, 10-16 avqust, 17-23 avqust 2003-cü il sayları.

4. Aytək Zakirqızı (Məmmədova). Əqidə fədaisi. "Xural" qəzeti, 3-9 avqust; 10-16 avqust; 17-23 avqust 2003-cü il sayları.

5. Aytək Zakirqızı (Məmmədova). Milli fəlsəfi irsimizin əvəzedilməz tədqiqatçısı. "Elm" qəzeti, 31 oktyabr 2006-cı il.

6. http://www.science.gov.az/az/comembers/mamedovzkjr.htm

7. Aytək Zakirqızı (Məmmədova). Milli fəlsəfi irsimizin əvəzedilməz tədqiqatçısı. "Elm" qəzeti, 31 oktyabr 2006-cı il.

8. Zakir Məmmədov

9. Zakir Cabbar oğlu Məmmədov

* * *

Bax həmçinin:

► Zakir Məmmədov və Sührəvərdi fəlsəfəsi



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009