ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XX əsr > Şahmar Əkbərzadə

Şahmar Əkbərzadə

(1941-2000)

 

Bu dünyada Şahmar da vardı...  

Görkəmli şair, publisist Şahmar Əkbərzadə 1941-ci ildə Ağdam rayonunda, Qarabağın göz güldürüb, könül açan Çəmənli kəndində dünyaya göz açmışdı. Uşaqlığı ağır günlərə düşmüşdü. İkinci Dünya müharibəsinin vahiməsi, bundan da betər zəruri ehtiyac onu da sıxmış, çətinliklərə məruz qoymuşdu. Əzab-əziyyətlərə baxmayaraq təhsil almağa maraq göstərmişdi. Orta məktəbi başa vurub Şuşa Pedaqoji Texnikumunda oxumuşdu. Təhsilini bitirdikdən sonra bir müddət doğma obalarında müəllim işləmişdi.

1960-cı ildə Bakıya gəlib, Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutuna qəbul olundu. Hazırcavab tələbə kimi tanındı, müəllimlərinin hörmətini, oxucularının rəğbətini qazandı. Həmin dövrdə onun "Azərbaycan gəncləri" qəzetində dərc olunmuş "Könlüm keçir Qarabağdan" məqaləsində oxuyuruq: "Hər bir canlının yurd-yuvası olur. Elə quş var ki, yuvasına naməhrəm nəfəs toxunanda küsür, əziz bildiyi ünvana qayıtmır. İnsan da belədir. Gərək onu küsdürüb, incitməyəsən... Ulu babalarımızın çox böyük qəbahəti onda olub ki, anamız qədər sevdiyimiz torpağımıza ermənilərin gəlməsinə razılıq veriblər. Bəlkə də bu heç onların qəbahəti deyil, zamanın, quruluşun hökmü qarşısında aciz qalıblar..."

Hələ ömrünün gənc çağlarında el-oba qədri bilər, vətən sevgisini daim uca tutardı.

* * *

Şahmar Əkbərzadənin qismətində mətbuatda işləmək, yazmaq-yaratmaq varmış. Xeyli müddət "Azərbaycan gəncləri", "Xalq qəzeti" redaksiyalarında çalışdı. İşıq üzü görən kitablarına, dərc olunan məqalələrinə görə onu Yazıçılar, Jurnalistlər İttifaqlarına qəbul etdilər. "Araz", "Qızıl qələm" mükafatları laureatı oldu. 1991-ci ildən ömrünün sonunadək "Mədəniyyət" qəzetinin baş redaktoru vəzifəsində çalışdı.

1986-ci ildə "Azərbaycan gəncləri" qəzetində dünya şöhrətli yazıçı Çingiz Aytmatovun "Əlvida, Gülsarı" (dilimizə çevirən xalq yazıçısı Ə.Əylislidir) povesti haqqında ətraflı, analitik təhlilli silsilə məqalələr yazmışdı. Şair-publisist əsərin baş qəhrəmanının - atın obrazını inandırıcı, bədii boyalarla yaratdığı üçün görkəmli qələm sahibinə Azərbaycan oxucuları adından dərin hörmətini, minnətdarlığını bildirmişdi.

Müəyyən vaxt keçəndən sonra xalq şairi Bəxtiyar Vahabzadə dostu Çingiz Aytmatovun həmin məqalədən razılıq məktubunu gənc həmkarına vermişdi. Çingiz Aytmatov yazmışdı: "Mən sizi görməmişəm, yaxından tanımıram. Lakin yaradıcılığıma verdiyiniz dəyərli qiyməti bütün oxucularımın ümumi fikri, qənaəti kimi qəbul etdim. Sizi heç zaman unutmaram. Qismət olsa görüşərik..."

Mülayim xasiyyətinə, can deyib, can eşitməsinə görə Şahmarın xatirini istəyənlər çox idi. Onun isə üç sadiq, sədaqətli dostu vardı: xalq şairi Bəxtiyar Vahabzadə, unudulmaz elm xadimi Xudu Məmmədov, bir də dünya şöhrətli şair-yazıçı, ictimai-siyasi xadim Oljas Süleymenov.

Bəxtiyar Vahabzadə təxminən otuz il əvvəl yazıb: "Hər dəfə Şahmarı görəndə, səsini eşidəndə gözlərim önündə külli Qarabağ canlanır. Seyidin, Xanın avazları yaddaşımda oyanır..."

Xudu müəllim isə 1977-ci ildə "Elm və həyat" jurnalında dərc olunan müsahibəsində demişdi: "Şahmar kimin qarşısına çıxırsa, o, daxilən durulanır, sanki şüurunda işıq yanır..."

* * *

1990-cı il yanvar ayının 23-ü idi. Sovet ordusu Bakıda qanlı faciə törətmişdi. Bu xəbəri eşidən, hələ 1966-cı ildə sovet rejiminin iç üzünü "Az i Ya" publisistik kitabı ilə dünyaya tanıtdıran Oljas Süleymenov dərdimizə şərik çıxmaq üçün Azərbaycana gəlmişdi. Şahmarla Şəhidlər xiyabanının qənşərində görüşdülər. Hər ikisinin göz yaşları qurumaq bilmirdi. Minlərlə insanların ağı-fəryadı, nalə-harayı yalan oldu, Oljasla Şahmarın hönkürtüsü gerçək! Handan-hana qazax xalqının məşhur oğlu dedi: "Əziz qardaşım, daha bəsdir ağlama. Məgər bilmirsən ki, azadlıq, müstəqillik üçün mütləq qan tökülməlidir?! Xalqınız yanvarın 20-dən müstəqillik tarixinin bünövrəsini qoydu".

Şahmar az yazardı, amma qələmindən çıxan hər misra, hər cümlə sanki od olub gözləri, könülləri yandırardı. "Qürbətin sarayından vətəndə qəbir gözəl" misrası ilə başlayan şeri də ədəbi hadisə kimi qarşılandı. Şair vətən torpağının hər qarışını müqəddəs varlıq kimi təsvir, tərənnüm edərdi. Dost və qardaş Türkiyə Cümhuriyyətində məşhur ziyalı, Şahmara "qardaş" deyə müraciət edən İrfan ünvər Nəsrəddinoğlu yazıb: "Onun yaradıcılığını dəyərləndirənlərin başında ustadımız Bəxtiyar Vahabzadə dayanır. Ədəbiyyata gəlişi də ilk dəfə onun xeyir-duası ilə olub. ünlü azəri şairləri Nəbi Xəzrinin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Məmməd Aslanın və başqalarının Şahmar yaradıcılığına verdiyi qiymət onun poeziyasının yaşarlığına tutarlı zəmanətdir. İncə, kövrək qəlbli qardaşım müdriklərin etimadını layiqincə doğruldub".

ötən əsrin sonlarında "Mədəniyyət" qəzeti işıq üzü gördü. Onun ilk redaktoru Şahmar Əkbərzadə oldu. Hər nömrəsi böyük maraqla qarşılanardı. Həm də bu elə bir ərəfəydi ki, ermənilər gördükləri yaxşılığı, xeyirxahlığı unudub üstümüzə od ələyirdi. çarəsiz qalmış yerli sakinlər ata-baba yurd yerlərindən baş götürüb qaçmağa məcbur olmuşdular. O günlərdə Şahmarın "Həsrət qoxlayıram çiçək yerinə" şeiri çoxlarının dilində səslənirdi:  

... Axıb Arazlandı qızıl qanımız,

Zorla qürbətləndi xanimanımız,

Yada ətir saçdı gülüstanımız,

Mən həsrət qoxladım çiçək yerinə.  

Şahmar Əkbərzadə bənzərsiz publisistik yazılar müəllifi idi. Nədən, kimdən yazırdısa həmin mənzərə, portret canlıymış kimi göz önündən keçərdi. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin haqqındakı oçerki bu gün də çoxlarının yaddaşında yaşayır. O, 1990-ci ilin əvvəllərində ermənilərin tarixi abidələrimizin, mədəniyyət ocaqlarımızın yaman günə qoyacaqları barədə həyəcan təbili çalırdı. Təəssüf ki, bu haray-həşir o zamankı respublika rəhbərlərinə çatmırdı. Nəticədə Şahmar məyus olurdu, sarsılırdı, ürəyinə ağrı düşürdü.

* * *

Şahmarın son dərəcə sədaqətli ailə başçısı idi. Həyat yoldaşı Mələk xanım deyir: "Düz yeddi ildir o müdhiş günün ağrı-acısını yaşayıram. Göz yaşım qurumur. Bilirəm, o, bizdən həmişəlik ayrılıb. Amma buna inanmıram. Hənirti eşidəndə diksinirəm... Elə bilirsiniz Şahmar haqq dünyasında dinclik tapıb? İnanmıram! Onun ruhu gah bizimlədir, gah da Qarabağın səmasında dolanır".

* * *

Oğlu Əkbər isə yazıb: "Daha nə sərhədçilər, nə də tikanlı məftillər sənin yolunu kəsə biləcək. Sən bəyaz bir göyərçin kimi istədiyin zaman Təbrizə, Qarabağa, Göyçəyə uça biləcəksən. Daha Zeynalınla (Məmmədov), Xudunla, gecə-gündüz dərdlərini çəkdiyin şəhidlərinlə görüşmək üçün xəyallara, xatirələrə ehtiyac qalmadı... Bəs biz - intizarını çəkənlər neyləsin?.. Sən mənim üçün həmişəyaşarsan! ölümsüzlüyün mübarək olsun, ata!"

Şahmarın ilk şeirlərindən biri "Mərkəzi poçtxana"dır. Oxuyuruq: "... Xəbər ver, cənuba köçən durnalar, bu gecə qəlbimdə gecələsinlər".

Sonuncu şeiri isə "Əkbəroğlu"dur. Ağır, sarsıntılı olsa da, onun özünə müraciətlə yazdığı bu misralarını xatırlamaya bilmirik:  

Qiymətli nə var ki, tər-təmiz addan,

Möhnətə tab gətir, əzaba qatlan,

çox da bərk yapışma namərd həyatdan,

Vaxtında dünyadan köç, Əkbəroğlu!..  

Qələm dostumuz, həmkarımız Şahmar ailəsindən, dostlarından, oxucularından həmişəlik ayrıldı. Lakin o, unudulmayıb. Adına Beynəlxalq Mədəni Əlaqəlar Vəqfinin internet saytı açılıb. Ad günü, altmış beş yaşının tamamı münasibətiylə həmin ünvana məktublar, teleqramlar gəlir. Onların əksəriyyətində tez-tez vurğulanır: bu dünyada Şahmar da vardı...

 

Telman Mehdixanlı,

"Azərbaycan" qəzeti

* * *

►Bax həmçinin:

 

Şahmarın şeirlərini oxuyanda

Şuşalaşır, Ağdamlaşır könlümüz

 

On il öncə elə yayda dünyasını dəyişmiş Şahmar Əkbərzadə Azərbaycan milli mətbuatının inkişafında əməyi olan publisistlərdən biri idi. Ötən əsrin 70-ci illərində ədəbiyyata, mətbuata gələn Şahmar Əkbərzadə xeyli müddət «Azərbaycan gəncləri», «Kommunist» (indiki «Xalq qəzeti») qəzetlərinin redaksiyasında çalışıb. O, həm də «Mədəniyyət» qəzetinin ilk baş redaktoru olub. Azərbaycan milli mətbuatının 135 illiyinin qeyd edildiyi bir vaxtda son iş yeri «Mədəniyyət» qəzeti olan Şahmar müəllimi bu səbəbdən ehtiramla xatırlayıram. Şahmar Əkbərzadə həm də çox istedadlı şair idi. Bu məziyyət də publisistikasına bir şirinlik bəxş etmişdi.   

Bu nə sirdir, - hələ də anlaya bilmirəm, Şahmar Əkbərzadənin adı çəkiləndə qüssələnən könlümüzə bir təsəlli də üz tutur. Sanki ondan yadigar qalmış misralar nikbinliyə çıraq tutan aynaya dönür. Hər kəlməsində, sözündə, misrasında vətən məhəbbətinin ülviliyi duyulur. Ürəyinin alovlarından libas geyinmiş poeziyasında külli Qarabağın özünü görürük. Sanki xiffətimizə od vurulur, dərdimiz damla-damla süzülərək eləcə külə dönür. Dünənimiz dirilir, yeddi arxa dönənimizlə üz-üzə gəlirik. Zəngəzura, Göyçəyə, Kəlbəcərə, Cəbrayıla qayıdırıq. Duyğularımız necə də ülviləşir, könlümüz bir az da Şuşalaşır, Ağdamlaşır.

Allah sənə rəhmət eləsin, Şahmar Əkbərzadə! Sənin şeirlərində perik düşmüş ruhumuz dinclik tapır. Laqeyd bir münasibətdən inciyəndə, küsəndə, haqsızlıqla üzləşəndə, qəlbimiz ehtizaza gələndə poeziyana üz tuturuq. Bütün umu-küsüləri, narazılıqları, şikayətləri misralarınla dilə gətiririk.    

   Utanım yerinə, ay bulud, sənin,

   Allahın altında ağ eləyirsən.

   Alışır ciyəri çölün, çəmənin,

   Yağışı dənizə səpələyirsən.   

Azərbaycan ədəbiyyatında, publisistikasında, poeziyasında öz yeri, öz sözü, fərqli yaradıcılıq üslubu olan Şahmar Əkbərzadəni qəfil itirdiyimiz gündən illər keçir. Bu itkinin ağırlığı dünənin xatirəsindən, bugünün pəjmürdəliyindən, sabahın onsuzluğundan doğan sarsıntı kimi hisslərimizi bir kədərin pəncəsinə sıxdı. Üstümüzə sanki bir əlacsızlıq ələndi. Elə bil dünən idi onun şeirlərini sevə-sevə oxuduğumuz və dinlədiyimiz günlər. Şirin Qarabağ ləhcəsilə həmkarlarına "nənə", "dədə" deyə müraciət edərdi. Sözün doğmalığı ürəyimizə bal kimi yayılardı.

Şahmarın "Mərkəzi poçtxana", "48 ölçülü qadın paltarı" kimi şeirlərinin ahəngindəki ruh hələ də qəlbimizi tərk etməyib. Yadımdadır ki, Şahmar Əkbərzadə həmin şeirləri özünəməxsus avazla, məhəbbətlə necə təsirli söyləyərdi. Yüz söz ustası, aktyor yığışsaydı, Şahmarın şeirlərini özü kimi səmimi, təbii deyə bilməzdi. O poetik əsərlərin məzmunu yadımda qalsa da, Şahmarsız keçən günlərin ağır kədəri məni başqa bir şeirinə çəkdi:   

   Ölüm bilmir o dünyaya köçən eşq,

   Vulkan olub qaya çapır, dağ yarır.

   Candan-cana, qandan-qana keçən eşq,

   Kişiliyi ölməzliyə aparır.   

Şahmarı yaxından tanıyanlar çox gözəl bilirlər ki, o, necə etibarlı və mehriban insan idi. Dünyanın var-dövləti, şan-şöhrəti eyninə gəlməzdi. Başdan-ayağa vətən üçün çırpınan Şahmar adlı bir eşq idi. Elə bir eşq ki, özünün təbiri ilə desək, "əcəl taxta çıxıb, kama çatsa da", yenə də Şahmara əli yetmədi. Çünki o, "Vətən torpağını geyib əyninə", əslində varlığından artıq sevdiyi torpağımıza qovuşdu. Hamımızın gedəcəyi bu yolda bizi əzən özgə dərddi. Öncə Şahmar Qarabağdan nigaran getdi, Ağdamın ağ günlərini görmədi, amma ürəyə bax ki, Şahmar nə yazıb:   

   Ölüm də yalandır, itki də yalan,

   Dünyada müqəddəs çevrilmələr var.   

Bəlkə də elə bu inama söykəndiyindən Şahmar Əkbərzadə ölümlə bağlı yazdığı şeirlərində həmişə nikbin və həyatsevər idi:   

   Qorxum yoxdur

   Ömrün son nöqtəsindən!

   Nöqtələşib torpaq içrə

   İtəcəyəm.

   Yer altından

   Göy ot kimi baş qaldırıb

   Vergül-vergül bitəcəyəm.    

Torpağımızın halallığından barlanan, dağlarımızın vüqarından qürurlanan və bunları öz şeirlərinin mayasına toxum kimi səpərək göyərdən şair elə bil dünyamızdan nakam gedəcəyini bilirmiş. Ondan sonra qalanlar özünə bu həsrəti ağır dərd eləməsinlər deyə, sanki əvvəlcədən təsəlli kimi yazırdı:   

   Qızıl zəmilərin həzin səsini,

   Şirin laylasını öpüb gedirəm.

   Yerlərin, göylərin rayihəsini,

   Gözümə, könlümə təpib gedirəm.   

Bir ağrılı cəhət var ki, məzmunlu və bitkin poeziyası, eləcə də publisistikası ilə seçilən Şahmar Əkbərzadənin yaradıcılığı nə sağlığında, nə də ölümündən sonra ətraflı təhlil edilib. Halbuki bu şairin elə şeirləri var ki, tək bir beytinin qarşısında heyrətlənib saatlarla düşünmək olur. O bu dünyada öz ömrünü, öz qismətini yaşadı.

Cəmi 59 baharın içində yazdı, yaratdı, sevdi, ucaldı, duydu, kövrəldi. Beş addımlıq ömür yolunda - həyatın bütün tufanlarında, qasırğa və keçilməzliklərində öz mərdanəliyi, kişi bütövlüyü, şair ürəyi, vətəndaş qeyrəti ilə çəkildiyi sınaqlardan qalib çıxdı. Həyatda azömürlü, uca qamətli, poeziyamızda isə azkitablı, şahmisralı oldu Şahmar! Təsadüfi deyildir ki, Xalq şairi Bəxtiyar Vahabzadə Şahmar Əkbərzadənin bir sıra şeirlərini "Poeziyamızın nailiyyəti" adlandırmışdır. Çox uzaq illərdə bizi Cənub həsrəti üzəndə Şahmar hələ gənclik illərində bu hicranı "Dağdağan" adlı bir şeirində belə ifadə edirdi:   

   Sərhəd kənarında cavan yaşımda,

   Həsədim utanıb yerə girirdi.

   İki quş dimdiyi ağac başında,

   Vətəni Vətənə birləşdirirdi.   

Bu, Şahmar yanğısı idi. Və bu yanğı səngimədi. Şairin bu mövzuda "Tüstümüz", "Eşmə", "Bu sənsən?", "Tikan, gəl öpüşək", "Salam de", "Dayanın", "Əlvida" və başqa şeirlərində qəlb titrədən, düşündürən poetik sualları, nidaları var. Elə bu həyəcan və üzüntülər də Şahmar ömrünü dəryaz kimi biçib-tükəndirdi. Dərd dərdi yetişdirdi, alov alova qarışdı. Namərd qonşularımızın qədim torpaqlarımızda qopardığı tufan Şahmarın həssas və zərif ürəyində çalağan kimi lövbər salaraq bütün varlığını didməyə başladı.

Vətən məhəbbətindən doğan şeirləri o qədər güclü, təsirli, yaddaqalan, bir ordunu səfərbərlik edən qüdrətə malikdir ki, bir məsələyə təəccüblənməyə bilmirsən. Niyə ekranda, efirdə bu şeirlər səslənmir? Niyə bədii qiraət ustaları (bəziləri istisna olmaqla) Şahmarın şeirlərini müxtəlif görüşlərdə, tədbirlərdə söyləmirlər? Bəstəkarlar niyə zəif, məzmunsuz mətnlərə musiqi yazırlar? Halbuki Şahmarın şeirlərindəki ruh insanı həmişə ayıqlığa, sayıqlığa çağırır. Bütün varlığı ilə ana torpağına bağlı olan Şahmarın bir devizi var idi: "Sən ikihecalı bir sözsən: Və-tən, sətirdən-sətrə keçirilmisən". Araz, Təbriz nisgili ilə poeziyaya gələn, Qarabağ, Zəngəzur, Kəlbəcər, Göyçə həsrəti ilə yanıb pörşələnən Şahmar Əkbərzadə əslində vətəndə bir qərib ömrü yaşadı. Şeirləri ilə çəkdiyi dərdlərə özü ağı söylədi:    

   Zəngəzurda, Laçında kəndirləri kəsilən,

   Xocalıda, Şuşada bağrına dağ basılan.

   Mərcanlıda, Tərtərdə şaqqalanıb asılan,

   Yolum, layla, a layla!   

Belə dərdli günlərində ürəyindən keçirdi ki, "Segah"ı ilə qəlbimizi titrədən, bizi doğma yerlərə qanadlandıran xanəndə Arif Babayevi dinləsin. Bunun da öz mənası var idi. Arifin yanıqlı səsində, xoş avazında Şahmar Əkbərzadə həmişə Ağdamı görürdü, Şuşanı xatırlayırdı:    

   Oxu, yuxularım ərşə çəkilib,

   Səsinə baş qoyub yuxlayım, Arif!

   Uçum röyalarda Cıdır düzünə,

   Əsir çiçəkləri qoxlayım, Arif!    

Bir ağız "Qarabağ şikəstəsi"ni yaralı könlünə duz kimi basaraq bunu alın yazısı kimi dəyərləndirən Şahmar Əkbərzadə üzünü uca Tanrıya tutub ah çəkirdi: "Qədim Qarabağa sitəm edilir, sitəmdən milləti qoru, Allahım!"

Hərdən də tənhalaşmağı çox sevərdi Şahmar. Belə hüznlü anlarında da cismi Bakıda, bütün fikri, xəyalı doğma yurdda olardı. Ürəyini üzən suallar misra-misra gözlərindən süzülən incilərə qarışaraq ağ vərəqdə naxışlanardı:   

   Qarabağdan əsən yellər,

   Cığırlarım yol olubmu?

   Mənsiz Damcı bulağının

   Göz yaşları sel olubmu?   

Ahəngindən dərd süzülən bu sualların ağır cavabları isə ürəyinə köz kimi sıxılırdı. Dərdi dərdə bağlanırdı, yuxuları ərşə çəkilirdi.

Elə bu səbəbdən də çoxumuz üçün etibar və sədaqət timsalı sayılan şair qardaşımıza məhz öz ürəyi vəfasızlıq etdi. İmkan vermədi ki, evinin qapısını açıb içəri girsin. Elə astanadaca əli ürəyinin başında bir nur heykəlinə döndü. Döyünməkdən, yaşamaqdan əl çəkdi.

Təsəllimiz onadır ki, Şahmar Əkbərzadə söz adamı idi, şair idi, kamil publisist idi. Ürəyinin paytaxtı bildiyi doğmaca Çəmənliyə cismi olmasa da, ruhu yetdi. Bu torpağın, bu millətin əslində bir parçası idi Şahmar və onun şair könlündə işğal altında sızıldayan yurd yerlərimizin yarası göynəyirdi. Özü Bakıda yaşasa da, fikri-zikri dağlarda qalmışdı. Şeirlərinin çoxunda bu nisgilin həzinliyini duyuruq:   

   Ovut bircə hovur məni,

   Əcəl yaman qovur məni.

   Mən öləndə çevir məni,

   Üzü dağlara-dağlara.   

Çəkdiyi əzablar, vətən həsrəti Şahmarın şair ömrünü elə atəşlərə tuşladı ki, sözü yaşadı, özü kül oldu. Şahmar Əkbərzadə çox həssas şəxsiyyət idi. Təbiətindəki sadəlik onu hamıya sevdirmişdi. Bilsəydi ki, bir problemin var, uşaq kimi önə düşüb onu həll etməkdə sənə yardımçı olardı. Şəvə rəngli, gur, qıvrım saçları son illərdə ağarmışdı. Qarabağın qara günləri onu qar zirvəli dağlara döndərmişdi. Üzləşdiyi haqsızlıqlara tab gətirmək üçün bəzən şeirləri ilə özünü səbirli olmağa çağırırdı:   

   Körpü mənim, keçən özgə,

   Bulaq mənim, içən özgə.

   Əkən mənəm, biçən özgə.

   Döz, bağrı daş olan könlüm!   

Amma bu səbirdiləmələr də, dözümlü olmağa səsləyən çağırışlar da köməyə yetmədi. Çünki vətən dərdi Şahmarın sinəsində at kimi kişnəyirdi. Ah-vayıyla tar-kamanı bilinməyən, qarğası ilə qartalları dəyişik düşən bir zamanda ürək gərək dözmək üçün daşdan yaranaydı. Güllələnmiş abidələrin önündə keçirdiyi sarsıntılar ruhuna od salmışdı onun. İnana bilmirdi ki, heykəllər şəhid olar. Bax, bu dərdlər apardı Şahmarı. Sanki hər şeyi əvvəlcədən bilirmiş, "Anam Azərbaycana" adlı bir bəndlik şeirində görün nə yazıb:   

   Ölüm ayağının altında,

   İtim ayağının altında.

   Bir qom bənövşə olum -

   Bitim ayağının altında.   

Bu poetik vəsiyyət həm də Şahmar Əkbərzadə yaradıcılığının əbədiyaşarlıq tapmış himni idi.

 

Flora Xəlilzadə,

“Mədəniyyət” qəzeti, 23.07.2010

* * *

Şeirləri

 

Ölüb-dirilək

Ayırar bu dünya bizi nə vaxtsa

Beş xətt (Üzeyir bəyin ölməz xatirəsinə)

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009