ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XX əsr > Əlfi Qasımov

Əlfi Qasımov

(1927-1985 )



Əlfi Səhlik oğlu Qasımov 1927-ci il yanvar ayının 5-də Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdur.

Yeddiillik təhsilini kənddə alan Ə. Qasımov Ağdam pedaqoji texnikumuna daxil olur. Texnikumu bitirdikdən sonra Ağcabədi rayonunun Xocavənd və Boyad kəndlərində müəllimlik edir.

Əlfi Qasımov 1944-cu ildə Ağdamdakı 2 illik müəllimlər institutuna daxil olub, 1946-cı ildə oranı bitirir. O, 1946 – 51-ci illərdə Azərbaycan Dövlət Universiteti filologiya fakultəsinin jurnalistika şöbəsində oxumuşdur.

Əlfi Qasımov universiteti bitirdikdən sonra «Azərbaycan müəllimi» qəzetində şöbə müdiri və redaktor müavini (1951 – 1958-ci illər), «Ədəbiyyat və incəsənət» qəzetində məsul katib (1958 – 1966-cı illər) vəzifələrində çalışmışdır.

1966-cı ildən Ə. Qasımov Azərbaycan SSR Nazirlər Sovetini Dövlət mətbuat komitəsində nəşriyyat idarəsinin rəisi işləyib.

* * *

Əlfi Qasımov ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda müəllimlər institutunda oxuyarkən başlamışdır. «Xalq arzusu» adlı ilk şerri Ağdamda çıxan «Lenin yolu» qəzetində çap olunmuşdur. Universitetdə oxuduğu illərdə Ə. Qasımovun şerləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilmişdir.

Ə. Qasımovun «Ərimizin ətəklərində» adlı ilk oçerklər kitabı 1954-cu ildə çapdan çıxmışdır. Bundan sonra isə «Şagird briqadaları» (1960), «Odlu ürək» (1962), «Dnepr qəhrəmanı» (1963), «Ulduz karvanı» (1967), «Saçlar ağarsa da» (1970) adlı kitabları nəşr olunmuşdur.

Əlfi Qasımov həmçinin “Adilənin taleyi” romanının (1960), «Məni qınamadın» (1968) adlı povest və hekayələr kitabının, «Qızburunda tək məzar» (1970) adlı sənədli povestin və s. əsərlərin müəllifidir.

1985-ci il martın 12-də Bakıda vəfat etmişdir.

* * *

Mövzuya dair:

Yazıçı mövqeyi və qəhrəman

 

Əlfi Qasımovun ilk nəsr əsəri olan “Adilənin taleyi” romanında zamanın, dövrün tələblərinə uyğun olaraq istehsalata yenicə atılan gənclərin fəaliyyətindən, qarşılarına çıxan çətinliklərdən və müsbət qəhrəmapn necə olmalıdır sualına cavab verməyə çalışmışdır. Bildiyimiz kimi müsbət qəhrəman problemi müəyyən mənada xalqın problemidir. Çünki o, müasir müsbət qəhrəmanı bütün mənəvi və əxlaqi gözəlliyi ilə təsvir etməyi nəzərdə tutur.

60-70-ci illərdə bu qəhrəmanın təqdim olunduğu bir sıra nəsr əsərlərində daxili, emosional və psixoloji təhlilə meylin nə dərəcədə müsbət hesab etmək lazımdır? Bədii əsərdə sırf ictimai motiv, yoxsa fərdi psixoloji aləm geniş yer tutmalıdır - əlbəttə, məsələni bu cürə qoymaq doğru olmaz. Burada faiz, nisbət, kəmiyyət özü-özlüyündə hələ heç nəyi həll etmir. Məsələ ondadır ki, fərdi duyğular, surətin mənəvi aləmi, ictimai dövrü və mühiti nə dərəcədə inikas edə bilir. Y.Qarayevin dediyi kimi “təbiidir ki, bütün mühüm ictimai hadisələr, cəmiyyət üzvlərinin mənəvi həyatında dərin iz buraxır və ictimai həyatı və fərdi-mənəvi aləmin güzgüsünü əks etdirə bilər” (Y.Qarayev - “Mənəvi gözəllik” - “Ədəbiyyat və incəsənət” qəzeti, 1964, 6 iyun, s.3).

Kommunist əxlaqı və rəftarı normalarının vüsət aldığı həmin dövrdə həm məişətin, həm də ictimai həyatın bütün sahələrində mənəvi-əxlaqi amilin əsas və fəal amilə çevrildiyi bir şəraitdə ədəbiyyatın bu funksiyası daha da artırdı.

Əlbəttə, nəsrimizdə lirik-psixoloji təmayülün yeniliyini, əhəmiyyətini qiymətləndirərəkən birinci növbədə ictimai əxlaqın özündəki yeniliyi, onun müasir normalarını bədii əsərlərin necə əks etdirdiyinə əsaslanmaq lazımdır. Bu əsərlərdə məhz yeni əxlaqın adamlarda necə yarandığı, təşəkkül tapdığı və necə, nədə təzahür etdiyi təsvir olunur. Xüsusən, qadının şəxsiyyət azadlığı məsələsi yeni şəkildə qoyulur, bu azadlığın yeni hüdudları irəli sürülür. Şübhəsiz, bütün bu məsələləri hər əsər özünə məxsus bir tərzdə, üslubda təqdimi və təhlil edir, lakin onların hamısında təbliğ olunan ümumi əxlaqi qayə eynidir: şəxsiyyətin rəsmiyyətlə, ictimai əxlaqın formal tələbləri ilə deyil, yüksək şüurla təmin olunan mənəvi və əxlaqi gözəlliyi!..

Ənənəvi ailə konfliktini məhz bu mənada necə həll olunduğunu təsvir edən əsərlərdən M.İbrahimovun (“Mədinənin ürəyi” hekayəsi) Mədinə və Yavər, İ.Əfəndiyevin “Dağlar arxasında üç dost” romanı) Səlimə, Nuriyyə, B.Bayramovun (“Mən ki gözəl deyildim” povesti) Mehriban - telefonçu qız, Qəndab kənd poçtalyonu, B.Bayramovun (“Sərinlik” povesti) Firəngiz, Ç.Hüseynovun “Mənim bacım” povesti) Solmaz, (Əlfi Qasımovun “Adilənin taleyi” romanı) və s. göstərmək olar.

Roman ilk dəfə 1960-cı ildə Azərbaycan jurnalının 5, 6, 7 nömrələrində, 1977-ci ildə isə “Könül sevən” kitabında çap olunmuşdur. Əsər istehsalata bu­raxıldıqdan sonra ədəbi ictimaiyyət tərəfindən sevildi və tez bir zamanda haqqında məqalələr, fikirlər söylənildi. Orta və ali məktəblərdə, kitabxanalarda, bir sıra elmi idarələrdə böyük müvəffəqiyyətlə müzakirələri keçirildi. Təkcə respublika miqyasında deyil, kənar şəhərlərdə də yazıçıya külli miqdarda məktublar gəlir, yazıçı ilə fikirlərini bölüşür və minnətdarlıqlarını bildirdilər. Prof. T.Hacıyevin dediyi kimi “Əlfiyə gələn məktubların sayı-hesabı yox idi”.

Romanda aktual olan problem qələmə alındığı üçün maraq doğurdu, 60-70-ci illər nəsrinin uğurlarından sayıldı. Əlfi Qasımov bir növ obrazların hərəkət dinamikası və münasibətləri, hadisə və əhvalatların inkişaf axını arxasında dayanaraq qanunauyğun gedişatın istiqamətini izləyir, daha çox müşahidəçi bir jurnalist kimi çıxış edir. Lakin romanın ümumi ruhu, nəticə etibarilə qarşısına qoyduğu məqsəd aydınlığı sonda, ədibin mövqeyini bütün əlaməti ilə üzə çıxarır, hadisə və insanların təbiiliyinə inam artır. Bu həm yazıçının sənətkarlıq səviyyəsilə, həm də roman janrının xarakteri ilə bağlıdır. Çünki tarixi və müasir varlığının ən mühüm mərhələləri özünün geniş “bədii inikasını məhz romanda tapır”.

Romanları da daxil olmaqla Əlfi Qasımov ilk əsərlərindən kamil insanı sosial-psixoloji münasibətlər içərisində axtaran, daha çox müasir problemlərə meyl edən, obyektiv və prinsipial mövqeyi, ecazkar dili, incə, sirayətedici üslubu və yumoru, cəsarətli satirik gülüşü ilə diqqəti cəlb edən, hər şeydən əvvəl də müasirləri üçün narahat bir sənətkar kimi tanınmışdır. O, nədən yazırsa-yazsın, onu ilk növbədə maraqlandıran yenə də müasir insan, onun taleyi məsələsi olmuşdur. Bu mənada “70-80-ci illər ədəbiyyatı üçün həyatın yenidən yaranmasının geniş mənzərəsi səciyyəvidir” (Vəliyev İ. Ədəbiyyatda insan konsepsiyası tarixi, təşəkkülü və inkişaf meylləri, Bakı, Günəş, 1999, 357 s.). Odur ki, harada olmasından asılı olmayaraq insan adil, saf, pak və mənəvi cəhətdən kamil olmalıdır. Həyat belə insanların üzünə yaşayır və davam edir. Məhz bu məsəllərin həlli gənc yazıçı Əlfi Qasımovu düşündürmüş, ədəbiyyatımızda haqqında çox az yazılmış bir sahədən - jurnalistəlrin şərəfli və məsuliyyətli işindən bəhs edən “Adilənin telyi” romanında öz əksini tapmışdır.

“Adilənin taleyi”ni şərti olaraq parçalasaq, onun aşağıdakı üç hissədən ibarət olduğunu görmək çətin deyildir. Birincisi gənclərin universitet həyatı, ikinci gənc jurnalistlərin işi və mübarizəsi və nəhayət qəhrəmanların məhəbbəti. Ədib hər bir hadisənin mahiyyətində, obrazın təqdimində zamanın, mühitin psixologiyasını verməyə, insanların, şəraitin, kəndin bir sıra problemlərini şərh etməyə səy göstərmişdir.

Bizə belə gəlir ki, həyatilik və təbiilik “Adilənin taleyi”nin ümumi məziyyətlərindən biri isə, müəllifin ən çox müvəffəq olduğu da birinci iki xətdir. Bu isə qanunidir. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən, həmin vaxtdan da respublika qəzetlərində işləyən Əlfi Qasımov qəzet işi ilə yaxşı tanış olduğu kimi, bir çox jurnalistlərin və müxbirlərin həyatına yaxından bələd idi. Ona görə də romanda redaksiyaların işinə, ayrı-ayrı jurnalistlərin fəaliyyətinə həsr edilən səhifələr real, xarakter cizgilərlə doludur. Oxucunu öz ardınca çəkib aparan da məhz budur. Romanın əsas qəhrəmanları gənclərdir. Yazıçı gənclərin iş prosesində tərbiyə olunmasını, həqiqi vətəndaş kimi yetişməsini romanın əsas ideyası kimi inkişaf etdirmişdir.

Romandakı konflikt yeni deyildir. 60-70-ci illərdə yazılmış bir sıra romanlarda olduğu kimi “Adilənin taleyi”ndə də bütün hadisələr həyatımızda müvəffəqiyyətlə irəliləyən, hər gün qələbələr qazanan yeniliklə bu qalib yürüşümüzə mane olan, əl-ayağa dolaşan köhnəlik arasında, əməyə, insanlara zamanın, dövrün tələbinə uyğun olaraq ömrünü keçirmiş münasibətlər arasındakı ixtilaflar üzərində qurulmuşdur. Lakin bu konflikt Əlfi Qasımovun əsərində yeni həyat materialı əsasında təzahür edir. Mübarizə edən tərəflərdən birincisi romanda Adilə, Elsevər, Səfa, raykom katibi, gənc aqronom Çiçək, Şükufə, Bəbir, digəri isə Həmzə, Cəfər, Poladov, Məmməd dayı, Topal təmsil edirlər. Müəllif bu obrazların demək olar ki, hər biri üçün fərdi xüsusiyyətlər tapmış, onların xarakterini qabarıq şəkildə canlandırmaq üçün maraqlı bədii vasitələrdən istifadə etmişdir.

Obrazlar arasında Adilə öz həyatliyi və reallığı ilə daha çox seçilir və təbiidir ki, oxucu lap ilk səhifələrdən başlayaraq həyat yollarında, sözün geniş mənasında yenicə addım atan bu gənc qızın taleyi ilə dərindən maraqlanır, onun başına gələn hadisələrdə dostlarının, tanışlarının, bəzən də heç tanımadığı adamların eşidib öyrəndiyi həyat yolunun təsvirini verir. Müəllif romanı qısa, gərgin, dramatik bir konfliktlə başlayır. Dostlar və tanışlar Adilə ilə Həmzənin toylarının birilliyi münasibətilə onları təbrikə gəlmişlər. Məclisə təklif olunanların hamısı gəlsə də, amma Həmzə nədənsə məclisdə görünmür. Adilə iztirab çəkir, o, qəlbində bu iztirabları boğaraq qonaqlar dağılıb gedəndən sonra böyük bir intizarla Həmzənin gəlməsini gözləyir. Həmzə isə evə gecə yarıdan keçəndən sonra sərxoş halda gəlir, qapıdan özünü içəri salması ilə çarpayıya yıxılıb yatması bir olur. Bu, Həmzənin laqeydliyini, diqqətsizliyini göstərən qabarıq bir detal olduğu kimi, Adilənin səbir və təmkini üçün də ciddi bir imtahandır. Adilə Həmzənin dəyişdiyini, artıq onun bir il əvvəl “məhəbbətinə axıra qədər sədaqətli olacağam” deyə hərarətlə and içən adam olmadığını aydın görür. O, son sözünü deməyə tələsmir, ərinin bir çox xətalarını bağışlayır.

Müəllif Adiləni ancaq zahirən gözəl bir qız kimi deyil, daxilən zəngin bir gənc kimi göstərir. Elə bu zaman yazıçı keçmişə qayıdaraq Adilə və Həmzə haqqında olan keçmiş ensiklopediyanı oxucuya tanış etməyə başlayır. Adilə Universitetin jurnalistika şöbəsinin 111 kursunda oxuyarkən axırıncı kurs tələbəsi onu sevir. Adilə isə Elsevəri arıq və qonur olduğu üçün sevmir. Adilə Elsevərə sevgisinə yalnız mən səni sevmirəm deməklə cavab vermir. O, rəfiqəsi Şükufədən göndərdiyi məktubda Elsevəri ancaq bir qardaş kimi sevə bildiyini bildirir. Məktubu alan Elsevər bundan kədərlənir. Yataqxanada onunla bir yerdə qalan Həmzə Elsevərin bikef olduğunu görərək bunun səbəbini soruşur. Elsevər əhvalatı açıb Həmzəyə danışır. O, öz dostuna xəyanət edərək qızı Elsevərə düzəltmək əvəzinə, onu görəndən sonra özü Adiləyə aşiq olur. O, məhəbbətini Adiləyə bildirir. Adilə də onu sevir. Artıq Adilə universiteti bitirmiş və Həmzə isə yenicə bir həyat qurmuşdur.

Yazıçı gənc qəhrəmanının taleyini ictimai həyatda sıx rabitədə verdiyi kimi, onun xarakterini də işdə və mübarizədə açır. Adilə gözəldir. Dilavət və hazırlıqlıdır. Universiteti fərqlənmə diplomu ilə bitirmiş, böyük ümidlər verdiyi üçündür ki, onu aspiranturada saxlamaq istəyirlər. Romanı oxuduqca bizim qarşımızda iki Adilə canlanır: Həmzənin arvadı və “Doğru yol” qəzetinin şöbə müdiri. Adilə ərini, ailə ocağını sevən, ona bağlı olan bir qadındır. Müəllif Adiləni təmkinli, mədəni, ağıllı, prinsipial işgüzar, hər bir məsələyə ehtiyatla yanaşan, öz məhəbbətinə axıradək sadiq qalan, hər kiçik söz üstündə özündən çıxmayan Azərbaycan qızlarına xas olan bir surət kimi təsvir etmişdir.

Adilə Həmzəyə inanır, öz təmkini ilə ona təsir etməyə çalışır. Daha bəzi qızlar kimi hər kiçik xəta üstündə çığır-bağır salıb qonşuları başına yığmır. O, Həmzənin başqası ilə kinoya getdiyini bilir. Lakin onun üzünə gəlmədən biletləri iş qovluğunun üzərinə qoymaqla öz sözünü deyir. Bu, Həmzəyə doğrudan da təsir edir. Adilə jurnalistika fakültəsini bitirməsinə baxmayaraq heç bir yerdə işləmir, axşamacan dörd divar arasında qalmaq, Həmzənin məqalələrini, felfetonlarının üzünü köçürməklə gününü başa vurur, buna görə də ictimai həyatdan ayrılması ilə barışa bilmir, saatlarla oturub işin mövqeyi haqqında fikirləşir. Xəyalən işə girdiyini, redaktordan mühüm bir tapşırıq aldığını təsəvvür etdikdə fərəhindən qanadldanıb uçmaq istəyir, yerə-göyə sığmır.

Yazıçı gənc jurnalist Adilənin mənəvi cəhətdən sıxıldığını, iztirablar içərisində boğulduğunu, yeksənək həyat sürməsini ürək ağrısı ilə təsvir edir. Düzdür, bütün varlığı ilə həyata bağlı olan Adilə işləməsə də, məhəbbəti daşa dəysə də, o, hələlik susur, üsyankar səsini çıxarmır. Adilənin əri Həmzə həyatın mənasını ancaq yeməkdə-içməkdə görür, hər gün evə sərxoş halda gəlir. Adilə bu ağır səhnənin şahidi olsa da, lakin o istəmir ki, qurduqları ailələri pozulsun. Lakin Adilə güzəştə getdikcə Həmzə günü-gündən həddini aşır, Adiləyə yalan danışır, istirahət gedərkən onu aldadır ki, cəmi 500 manat pulum vardır” deyir, həyat yoldaşına dərindən bağlanan Adilə qol saatını satıb Həmzəyə xərclik göndərir.

Romandan göründüyü kimi, hadisələr inkişaf etdikcə Həmzənin iç üzü açıldığı kimi, Adilənin də gözü açılır, həyata açıq gözlə baxmağa başlayır. Həmzənin Cəfərə göndərdiyi məktub Adiləyə çatır. O məktubu oxuyub gözlərinə inanmır. Məhəbbəti və heysiyyatı təhqir olunan Adilə başa düşür ki, bu evdən, bu ailədən uzaqlaşmalıdır. Belə də olur. Evi tərk edən Adilə MK-nin təbliğat-təşviqat şöbəsinə müraciət edir, onu rayonuna “Doğru yol” qəzetinə göndərirlər.

Müəllifin böyük məhəbbətlə təsvir etdiyi Adilə qarşısına çıxan çətinliklərə baxmayaraq öz yolundan dönmür, bir jurnalist kimi qısa bir müddətdə hamının hörmətini qazanır. Onun bu keyfiyyəti Göylərə gəlib rayon qəzeti redaksiyasında zəhmətkeş məktubları şöbəsində fəaliyyətə başladığı gündən daha aşkar şəkildə özünü göstərir. Burada Adilə “yoldaş Poladovun” şəxsində bir nömrəli ətalət timsalı ilə qarşılaşır, onun neçə ildən bəri bu redaksiyada kök salmış yaramaz iş üsullarına qarşı fəal mübarizəyə başlayır. Poladovun işi rayonun vəzifəli adamlarına yaltaqlanmaqdan, tabeliyində olan əməkdaşları hər gün yerli-yersiz danlamaqdan, borjom içib şüşələrini yan-yana düzməkdən ibarətdir.

Adilənin gəlişi rayon qəzeti redaktorunun zərərli iş üsulunun üstünü açır, onun arxasında gizləndiyi pərdəni qaldırır. Bir sıra ciddi çətinliklərlə qarşılaşan Adilə öz doğru yolundan dönmür. Adamlar və hadisələr haqqında əksər hallarda ona həqiqəti pıçıldayan saf qəlbinin səsinə qulaq asır. Bütün bunları dərindən öyrənib tədqiq edir. Redaksiyanın sağlam kollektivi Adilənin haqq işində ona arxa olur, raykomun bürosu və şəxsən raykom katibi Adiləyə havadar çıxır. Bu hadisələrin təsvir edildiyi “Yenidən həyata” fəsli romanın yaxşı işlənmiş, ürəyə yatan parçalarındandır.

Akademik Bəkir Nəbiyevin dediyi kimi “Adilənin bu redaksiyadakı işinin təsvir olunduğu səhifələrdə “bir təravət və təbiilik hiss olunur” (B.Nəbiyev “Adilənin taleyi” - “Ədəbiyyat və incəsənət” qəzeti, 1960, 20 avqust), Adilə Almazların, sevillərin, mayaların, aygünlərin, rüxsarələrin yolu ilə gedərək mübarizəsini axıradək davam etdir, onun fəallığı, aktivliyi çoxlarının xoşuna gəlməsə də Adilə haqq yolundan çəkinmir. Vaxtı ilə Almaz kənd təsərrüfatının kollektivləşməsinə mane olan Hacı Əhmədlərlə, ibadlara, maymaq şəriflərə qarşı mübarizədə aparırdısa, Adilə isə cibində partiya biletini gəzdirən kəmsavad Göylər rayon qəzetinin redaktoru Poladova, “Qızıl bulaq” adına kolxozun sədri Məmməd dayılara qarşı mübarizə aparır. Sevil vaxtı ilə öz çadrasını meşşan təbiətli əri Balaşın üzünə çırparaq yeni həyata qoşulurdusa, o da həqiqi insan olduğunu anlamaq istəyirdisə, Adilə bu gün daha irəli gedərək nəinki özünü müdafiə edir, hətta Həmzə kimi zəmanəmizlə ayaqlaşmayan adamlara nifrət edir. O, özünü namuslu bir jurnalist kimi göstərir.

Belə ki, qələmə aldığı məqalələrdə dövlət malını mənimsəyən, kəndin qabaqcıl adamlarını ləkələyən səhərdən-axşamadək çayxanalarda oturub günlərini nərdtaxta oynamaqla keçirən yaramazları, o cümlədən Məmməd dayının qohumbazlığı və s. barədə Bakıya “İrəli” qəzetinin redaksiyasına yazır. Bundan sonra Adilənin vəziyyəti daha da ağırlaşır, rayonda böyük çaxnaşmaya səbəb olur. Poladov hər vasitə ilə Adiləni aradan götürməyə, onu ləkələməyə çalışır. Lakin onun bu cəhdlərinə baxmayaraq Adilə poladovlara, Məmməd dayılara qalib gəlir.

Əlbəttə, Adilə mübaribə meydanında tək deyildir. Ona yaxından kömək ejdən “Qızıl bullaq” kolxozunun işçiləri, partiya komitəsinin katibi Məmmədov, “Qızıl bulaq” kolxozunun müəllimi Səfa, kəndin gənc aqronomu Çiçək, sadə kolxozçu Həsən əmi və b. hər bir çətin işdə onu müdafiə edirlər. Onun hər bir qələbəsinə sevinir, bununla fəxr edirlər.

* * *

Ədəbiyyat:  

1. Axundov Y. Tarixi roman və müasirlik. Bakı, Elm, 1975.

2. Hüseynov A. Nəsr və zaman. Bakı, Yazıçı, 1980.

3. Vəliyev İ. Ədəbiyyatda insan konsepsiyası. Bakı, günəş, 1999.

4. Hüseynoğlu T. Söz- tarixin yuvasıdır. Bakı, Azərnəşr, 20000.

5. Seyidov Y. Gənc nasirin ilk romanı. “Azərbaycan gəncləri” qəzeti. 1960, 4 sentyabr

6. Nəsirli Y. Yarımçıq ömür. “Ulduz” jurnalı, 1989, №11.

7. Qasımov Ə. Könül sevən (roman və povestləri). Bakı, Gənclik, 1977

 

Samirə Quliyeva,

http://yazikilitra.narod.ru/lit61.htm  

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009