“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.06.2014, 20:27
2042

Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi

A- A+

Azərbaycançılıq müstəqil və bənzərsiz Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxaracaq bir yoldur. Bu, ilk növbədə, real müstəqilliyə nail olmağın, vahid və bölünməz Azərbaycanın qorunub saxlanması və möhkəmləndirilməsinin siyasi əsasıdır.

Ramiz Mehdiyev,

Akademik, Azərbaycan Respublikası  Prezidentinin  Administrasiyasının rəhbəri

Yeni minillikdə Azərbaycan dövlətçiliyinin inkişaf fəlsəfəsini üç determinantın - milli ideyanın formalaşması, şəxsiyyətin rolunun tanınması və millətin məqsədyönlülüyünün dəstəklənməsi determinantlarının təsir dairəsində nəzərdən keçirmək lazımdır. XXI əsrdə Azərbaycanın simasını bu amillər bəri başdan müəyyən edir.

Əsas ideoloji paradiqmaların təşəkkülü tarixinə ötəri nəzər salaraq və milli ideya məkanında ehkam və dəyərlərin konvergensiyasının mümkünlüyünü nəzərdən keçirərək, onlardan hər birinin son illərdə Heydər Əliyev siyasətinin nailiyyətlərindən biri olduğunu təsdiqləyərək, indiki reallıqların təhlilinə keçək və milli Azərbaycan siyasətinin mənzərəsini yenidən canlandırmağa çalışaq.

Bu gün zəmanəmiz suallar zəmanəsi kimi təsəvvür olunur; elə suallar ki, onlara cavabı, çox güman, siyasətçilərin yeni nəsli - iqtisadiyyatın liberallaşdırılmasına yönəldilmiş siyasi xətti davam etdirməyə, onun cəmiyyət üçün məqbulluğunu təmin etməyə, ənənə və təməlləri qorumağa, cəmiyyətin qərbləşdirilməsini (vesternizasiya) uyğunlaşma imkanlarımızın səviyyəsinə çatdırmağa qadir modernistlər nəsli cavab verəcəkdir.

Alman sosioloqu Maks Veber peşə seçimi olaraq siyasətçilər və siyasət barədə düşüncələrində təkcə iradəni, ağılı, ehtirası, borc hissini, xarakteri deyil, həm də fəhmi - "reallıqların təsirinə daxili mütəşəkkilliklə və təmkinlə uyğunlaşmaq bacarığını..." siyasətçinin həlledici psixoloji keyfiyyəti sayırdı. Axı, məhz real vəziyyətə xüsusi həvəslə nüfuz etmək bacarığı dövlət idarəetmə strategiyasının işlənib hazırlanmasına və lazımi anda düzgün qərar qəbul olunmasına kömək edir.

Belə siyasətçilər həmişə öz diqqətini siyasətçinin əsas və real silahdaşı olan cəmiyyətə yönəldir və formalaşmış olan siyasi xəttin varisliyinə müsbət təsir göstərirlər. Nəticədə, yeni siyasi paradiqma, məkan, təfəkkür, mədəniyyət yarana bilər. 2003-cü ilin prezident seçkiləri nəticəsində məhz belə olmuşdur.

Ehtimal etməyə bütün əsaslar var ki, bu seçkilər milli siyasətin məkanını genişləndirir. 2003-cü ilin prezident seçkiləri əvvəlki seçkilərdən təkcə siyasi vəziyyətlə deyil, həm də ölkənin siyasi inkişaf mərhələsi ilə fərqlənir. Başqa sözlə desək, prezident seçkiləri gənc Azərbaycan demokratiyası üçün növbəti kamillik imtahanı oldu və yeni minillikdə Azərbaycanın necə bir dövlət olacağının bünövrəsini qoydu.

Yeni dövr başlanır, amma necə bir dövr? Bu suala Heydər Əliyevin son illər ərzində ölkədə yaratdığı siyasi və iqtisadi vəziyyət cavab verir. Öz mahiyyəti etibarilə yeni dövr cəmiyyətin inkişafının maraqlarına və tələblərinə uyğun olmayan, milli siyasi məkanı məhdudlaşdıran yolu inkar edir. Eyni zamanda bu dövr ölkənin gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirir.

Ölkənin siyasi inkişafının 2003-cü ildəki mərhələsi göstərir ki, siyasi hakimiyyət, resurslar və statuslar uğrunda mübarizə həmişəkindən daha kəskin xarakter almışdır. Seçkiqabağı kampaniyada iştirak müxalifətin bir çox xadimləri üçün özlərinin cəmiyyətdəki mövqelərini qoruyub saxlamaq və ya yaxşılaşdırmaq məqsədi deyil, partiyada tam hakimiyyət uğrunda və öz siyasi gələcəyi uğrunda amansız çarpışmadan duruş gətirmək məqsədi daşımışdır.

Lakin həmin xadimlər bu mübarizədə yalnız bircə faktı təsdiqlədilər ki, onlar istər dünyada gedən siyasi proseslərin, istərsə də öz ölkəsinin və xalqının mənafelərinin mahiyyətini anlaya və dərk edə bilməyərək, tarixi prosesdən kənarda qalmışlar.

Bizə elə gəlir ki, qüvvələrin sınaq dövrü sona yetmişdir. İndi ölkənin siyasi quruluşunu təkmilləşdirməkdən, yeni şəraitə uyğun gələn milli ideologiya hazırlamaqdan, iqtisadiyyatı modernləşdirməyin səmərəli yollarının axtarışından, habelə şəxsiyyətin və dövlətin mənafelərinə cavab verən siyasətin işlənib hazırlanması və həyata keçirilməsindən söhbət gedir.

Bu baxımdan milli ideologiya sağlam vətənpərvərlik, Vətənə məhəbbət hissi kimi öz torpağına hörmət, doğma xalqının özünəməxsus keçmişə malik olmaq və üzvi şəkildə inkişaf etmək hüquqlarını tanımaq kimi təsəvvürə gətirilir. Tarixi yaddaş konyunkturaya müvafiq surətdə yenidən formalaşdırılması mümkün olan ölü material deyildir, əksinə, öz kökləri ilə güclü, öz təzahürlərində bənzərsiz və öz imkanlarında qüdrətli olan canlı orqanizmdir.

Cəmiyyət insan şəxsiyyətinin inkişafını təmin edən, adamlarda mənlik və ləyaqət, haqq-ədalət, qanuna hörmət hissləri doğuran biliklər sisteminin zəruriliyinə daim ehtiyac duyur. Belə sistemi yalnız keçmiş və bu gün barədə dərindən fikirləşmək, gələcək üçün proqnozlar vermək sayəsində qurmaq olar. Bundan ötrü fikir, hisslər, intuisiya və sair xüsusiyyətlərin sintezi gərəkdir. Mənəviyyatla birləşməyən bilik təhlükəli ola bilər.

Ötən illərin tarixi təcrübəsi göstərmişdir ki, cəmiyyətdə canlı və anlaşıqlı ideya olmadıqda, dövlətin və millətin siyasi, iqtisadi və mənəvi inkişafının əsasları sayılan ideoloji oriyentirlər olmadıqda hökmən boşluq yaranır və o, müxtəlif və çox vaxt bir-birinə zidd, ənənəvi sosial-mədəni normalarla vəhdət təşkil etməyən siyasi nəzəriyyə və ideologiyaların qarışığı ilə dolur. Bu, dövlətçiliyin formalaşması prosesinə və millətin simasına mütləq təsir göstərir.

1991-1993-cü illərin praktikası göstərdi ki, dövləti kortəbii, situativ şəkildə idarə etməyə, ictimai şüuru zorakılıqla ideologiyasızlaşdırmağa can atmaq nəyə gətirib çıxara bilər. Odur ki, ideoloji sistemi cəmiyyəti mənən dirçəltməyə, onun yaradıcılıq potensialını gücləndirməyə, ictimai şüuru uğurlu dövlət quruculuğunun başlıca amilinə çevirməyə qadir struktur kimi qurmaq niyyəti Heydər Əliyev siyasətinin əsası olmuşdur. Cəmiyyət-dövlət sistemində insanın yeri və rolu barədə biliklərin məcmusu kimi, milli mənafelərin daxili və xarici siyasət meydanında həyata keçirilməsinin çox mühüm mexanizmi kimi milli ideologiya yeni zəmanənin prioritetinə çevrilmişdir.

"Azərbaycançılıq" anlayışı milli siyasi diskursda nisbətən yaxın vaxtlardan işlədilir. O, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, təzə, məzmunlu elementlərlə dolğunlaşmışdır. Düşünürük ki, indi "azərbaycançılıq" artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər.

Elmi nəşrlərdə ideologiya sosial qrupların və ya bütün cəmiyyətin mənafelərini ifadə edən, sosial reallığı bu mənafelər prizmasından izah edən və əməli fəaliyyət direktivləri olan nəzəriyyələr, ideyalar və məlumatlar sistemi kimi müəyyənləşdirir. İdeologiya anlayışının şərhi dəfələrlə dəyişmişdir. İndi ideologiyaya cəmiyyətin mənəvi həyatının fenomeni, ictimai şüurun spesifik səviyyəsi kimi baxılır.

İdeoloji düşüncənin spesifikası onun dəyər yönümlülüyü olub sosial gerçəkliyin, ictimai qaydaların, dövlət quruluşunun və sairin qiymətləndirilməsini əhatə edir. İdeologiya mühüm sosial funksiyaları yerinə yetirir: mövcud reallıqlara haqq qazandırır və yaxud inkar edir, insanların fərdi və ya kollektiv davranışı amili kimi çıxış edir, sosial fəaliyyət proqramlarının hazırlanmasına kömək edir.

Deyilənləri nəzərə alaraq təsdiq edə bilərik ki, özünün bütün tərkib hissələri ilə birlikdə azərbaycançılığı tamamilə milli ideologiyanın konkret, spesifik forması hesab etmək olar. Azərbaycançılıq ideyası bir neçə nisbətən müstəqil təhlil cəhəti üzrə nəzərdən keçirilə bilər:

- əsasən antropologiya (etnologiya), etnoqrafiya, sosial psixologiya, linqvistika çərçivəsində nəzərdən keçirilən etnomədəni cəhət;

- sosiologiyanın, politologiyanın və digər cəmiyyətşünaslıq elmlərinin köməyi ilə açılan sosial-siyasi cəhət;

- beynəlxalq siyasət və hüquq sahəsində və digər sahələrdə kompleks elmi fənlər vasitəsilə işlənib hazırlanan geosiyasi cəhət.

Lakin başlıcası odur ki, - bunu xüsusi vurğulamaq istərdik, - araşdırılan problemin təkcə bir cəhəti çərçivəsində qapanıb qalmaq olmaz, çünki bu halda biz ölkədə yaşayan bütün etnosların həmrəyliyinin, sabit, tarixən perspektivli cəmiyyətin şərti kimi onların qarşılıqlı fəaliyyətinin əsası kimi azərbaycançılıq ideyasını sadəcə olaraq köklü surətdə əhatə edə bilmərik. Məruz qaldığı bütün sınaqlara baxmayaraq, milli dövlət ideologiyası kimi azərbaycançılıq bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya kimi durur. Onun ümumi tarixlə, onlarca millətin və etnik qrupun bir ərazidə birgə yaşayış təcrübəsi, onların psixoloji xüsusiyyətlərinin yaxınlığı, ümumi mental xarakteristikaları ilə şərtlənən öz bölgüsü var.

İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilmişdir.

Azərbaycançılıq müstəqil və bənzərsiz Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxaracaq bir yoldur. Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə, real müstəqilliyə nail olmağın, vahid və bölünməz Azərbaycanın qorunub saxlanması və möhkəmləndirilməsinin siyasi əsasıdır.

Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.

Azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. İdeologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil edir.

Bu deyilənlərdən görünür ki, ideya-nəzəri və siyasi baxımdan azərbaycançılıq və neokonservatizm bir-biri ilə sıx bağlıdır. Zənnimizcə, azərbaycançılıq coğrafi məkan baxımından neokonservatizmin milli variantı, onun prinsip və ideyalarının Azərbaycanın konkret şəraitində təcəssümüdür.

Metodoloji prinsip baxımından - ümuminin və xüsusinin, yəni birincinin və ikincinin nisbəti baxımından azərbaycançılıq ikinci kimi çıxış edir. Azərbaycançılıq və neokonservatizm bir-birini zənginləşdirərək vahid tam kimi çıxış edirlər. Buna görə də azərbaycançılığın milli ideologiya kimi qəbul edilməsi ölkəmizin sivilizasiyalı dövlətlər sırasına daxil olması, ümumdünya oriyentirləri və meyilləri kontekstində daha uğurlu inkişafı üçün möhkəm zəmin yaradır.

Neokonservatizm və azərbaycançılıq öz ləyaqətini itirməmiş xalqın sağlam düşüncəsinə, zəkasına eyni dərəcədə söykənir. Bu mənada vətənpərvərlik öz vətəninə, ölkəsinə, xalqına məhəbbət deməkdir və onun şovinizm ilə, milli müstəsnalıq və etnoeqoizm ilə heç bir əlaqəsi yoxdur.

Əsrlərin, minilliklərin dərinliklərindən gələn ənənəyə mənsubluq bizim mədəniyyətimiz kimi qədim mədəniyyət üçün dövlətçiliyin əsasını, bütün vətəndaşların rifahı naminə dövlətin mövcudluğunun və inkişafının əsasını təşkil edir. Məhz buna görə zəngin keçmişi olan dövlət fərdi və ya qrup mənafelərinin mexaniki məcmusunun ifadəsi deyildir, əksinə, bütün cəmiyyətin ali mənafelərinin təcəssümüdür. O mənafelərin ki, vətəndaş onların naminə təkcə öz mülkiyyətini deyil, həm də həyatını qurban verməyi bacarmalıdır.

"Vətən, onun tarixi, dili və adət-ənənələri olmadan mən bir heç olardım" fikrini dərk edən fərd vətəndaşa çevrilir, çünki başa düşür ki, "vətənə olan təhlükə şəxsən mənə də, yəni mənim firavanlığıma və hətta həyatıma olan təhlükədir". Məhz bu şəkildə milli ideologiya ilə aşılanmış vətəndaşlıq dövlətin öz tərəqqisini, təhlükəsizliyini, ərazi bütövlüyünü, nəsillərin və milli ruhun varisliyini təmin etmək səylərinin əsas amilinə çevrilir.

Tarixi inkişafın mənasını, intellektual fenomeni və mədəni irsi özündə birləşdirən azərbaycançılığı bu gün belə təsəvvür edirik. Belə ideologiya millətin birliyinə, onun ruhunun əzəmətinə və sosiumun fəaliyyətinin məqsədyönlülüyünə çalışaraq gələcəyə körpümüz olmağa qadirdir. 

Prezident Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet hissəsini nəzərə çatdırmışdır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Dövlət siyasətinin strategiyası olan azərbaycançılıq dolğun ideologiyanın bütün keyfiyyətlərini qazanır, Azərbaycan xalqının bu günü və gələcəyinin qavranılması və qiymətləndirilməsini müəyyən edir. Xalqın həyatının təşkilinin ali forması, fundamental antropoloji təsisat dövlətdir. Məhz buna görə də dövlətçilikdən məhrum olmuş xalqlar dünya tarixinin səhnəsindən silinmişlər.

Xalqın öz dövlətçiliyinə münasibəti barədə rəylərin dairəsi kifayət qədər genişdir və öz dövlətçiliyinə görə qürur hissindən və dövlət atributlarına çox böyük hörmətdən tutmuş, "xalqın öz hökumətlərini tənqid etməsindən xoşu gəlir" kimi bizim günlərədək mənasını itirməyən qədim Roma deyiminədək ən müxtəlif variantlarda özünü göstərir.

Bəzi tədqiqatçılar milli dövlət ideyasını beynəlxalq münasibətlərin hakim konsepsiyasına qurban verərək bu ideyanı tarixin arxivinə göndərməyə nə qədər tələssələr də, əslində, biz milli dövlət modelinin müəyyən modifikasiyası ilə qarşılaşırıq. Hər bir dövlətin hər bir vətəndaşına aydın olmalıdır ki, beynəlxalq münasibətlərin təşəkkül tapmış müasir sisteminin əsasını suveren dövlətlər təşkil edir.

Milli dövlət öz suverenliyini qorumağa, milli rifahın maksimum səviyyəyə çatmasına nail olmağa çalışır və s. Məhz belə qavrama prizmasından yanaşaraq vurğulamaq lazımdır ki, müasir Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə və onların sosial rifahına təminat verməyə qadirdir.

Dünyanı öz gözləri ilə görməyə çalışan hər bir insan təkcə milli ənənəyə deyil, həm də dünya sivilizasiyasına mənsub olduğunu dərk etməlidir. Ailə, soy, icma, etnos, dil birliyi həyatımıza təbii surətdə daxil olmuş kateqoriyalardır. Lakin daha yüksək, mücərrəd səpkili, yəni millətin fövqündə duran və onun dünyagörüşünün formalaşmasında fəal iştirak edən dəyərlər var.

Bu, milli ideya, milli ideologiyadır ki, onların təsiri nəticəsində dünya tarixi və siyasətinin müəyyənləşdirdiyi məkanda millətlər və dövlətlər yaranır, inkişaf edir, yaşayır, öz nadirliyini qoruyub saxlayırlar. Bu məkanın özünü sivilizasiya telləri birləşdirir və bunlar bir regionun xalqları və dövlətlərinin milli xüsusiyyətlərini inkar etməyərək və kiçiltməyərək onların yanaşı yaşamasını və əməkdaşlığını mümkün edir.

Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkədir. Bizim sivilizasiyamız əsasən iki güclü qüvvənin təsiri altında formalaşmışdır: Şərq təməli və Qərb təsiri. Məlumdur ki, xalqın ictimai-tarixi inkişafının başlıca istiqamətlərini, onun xarakterini, dünya siyasi meydanında davranışını ən çox coğrafi determinizm amili müəyyən edir. Mütəfəkkirlərin bir çoxu coğrafi mühiti siyasi həyat, dövlət quruluşu formalarının və milli varlığın digər formalarının determinantı kimi qiymətləndirir. Biz bu tədqiqatımız çərçivəsində milli ideologiya kimi azərbaycançılığın mahiyyətini təhlil etməyi qarşımıza məqsəd qoymuruq. İndi bu ideologiya dövlətçiliyimizin bir hissəsidir.

Hegelin belə bir dahiyanə kəlamını xatırlamaq kifayətdir: "Xalqın dövlət quruluşu onun dini, onun incəsənəti və fəlsəfəsi ilə, yaxud heç olmasa onun təsəvvürləri və fikirləri ilə, ümumiyyətlə, onun mədəniyyəti ilə birlikdə vahid substansiyanı, vahid ruhu əmələ gətirir. Dövlət fərdiləşmiş bütöv deməkdir, bu bütövdən onun ən yüksək dərəcəli əhəmiyyətli bir tərəfini də ayırmaq olmaz".

Dərk etmək lazımdır ki, biz keçid iqtisadi sistemi olan, vətəndaş cəmiyyəti təsisatlarının formalaşdığı tranzitar cəmiyyətdə yaşayırıq və Ermənistanla müharibə vəziyyətindəyik. Belə bir şəraitdə azərbaycançılıq inteqrativ ideoloji sistem kimi, "milli ideya" forması kimi təsəvvür edilir. Bu ideyanın əsasında sivilizasiyalı Avrasiya birliyinin bir hissəsi - özünəməxsus milli özgünlüyə, ənənəyə, milli eyniyyətə və mentalitetə malik Azərbaycan haqqında təsəvvür dayanır.

Tarixi inkişafın gedişində inteqrasiya olunan və formasını dəyişən "milli ideya" dövlət quruculuğu prosesində həmişə mühüm yaradıcı rol oynamışdır. Hələ qədim romalıların imperiya istilaları prosesində formalaşmış öz "milli-dövlət" ideyası vardı: "Qoy başqaları metalı yumşaq və mərməri canlı etsinlər və mahir əllərindəki tişələrlə heykəllər yonsunlar: ey romalı, onlar bunu səndən yaxşı bacarırlar! Sən isə bir şeyi - dövlətinlə xalqları idarə etməyi, təkəbbürləri bağışlamağı və devirməyi yadında saxla". Tarixin dönüş məqamlarında milli ideya çox vaxt millətin və dövlətin inkişafının yeni istiqamətini müəyyən etmişdir.

Biz "yenidən ideologiyalaşdırmaya və ideologiyasızlaşdırmaya" çağırışlar dövrünü yaşayaraq ideologiya barəsində elə bir konstruktiv baxışa gəlib çıxmışıq ki, indi ideologiyanı obyektiv surətdə zəruri və müsbət hal kimi, siyasi vəzifələrin həlli üçün lazımi vasitə kimi, ölkəni modernləşdirmək üçün çox mühüm milli resurs kimi qavrayırıq. Bununla yanaşı, azərbaycançılıq bizim üçün, ilk növbədə, cəmiyyətimizdəki dəyərlərin elə bir sistemidir ki, o, ayrıca bir vətəndaşın həyatını ali ümummilli və ümumbəşəri dəyərlər dünyasına qovuşdurmaq üçün çox böyük əhəmiyyətə malikdir.

Azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Azərbaycançılıq keçmiş tarixi dövrlərin mifologiyasını, mədəni kodlarını və rəmzlərini mənimsəyərək onlardan yeni ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu müəyyənləşdirmək üçün istifadə edir. İndi o, cəmiyyətimizdə ən qurucu və dinamik qüvvədir.

Azərbaycançılığın gücü həm də bundadır ki, o, fərdi maraqları və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa qadirdir. Təbii ki, milli birliyə mənsubluq hissi həyatın özünə də məna verir və onun əhəmiyyətini müəyyən edir, qarşılıqlı məsuliyyət və ümumi işə bağlılıq hissini gücləndirir, tənhalıq və qəriblik hissini aradan qaldırmağa kömək göstərir. Bu ideologiya Azərbaycanda vahid cəmiyyət, vahid xalq formalaşdırır.

Deyilənləri nəzərə alaraq Qərb tədqiqatçılarının belə bir fikrini müəyyən dərəcədə başa düşmək olar ki, insan "dərin köksalma və demək olar ki, tayfa mənsubiyyəti duyğuları doğuran tarixi ənənələrin mövcudluğu şəraitində özünü müdafiə olunmuş hiss edə bilər".

Onu da nəzərə almaq lazımdır ki, cəmiyyətin modernləşməsi, kosmopolitləşməsi, simasızlaşması və buna müvafiq olaraq öz kökündən qopmaq meyilləri gücləndikcə bu tələbat nəinki azalmır, hətta müəyyən şəraitdə qat-qat artır. Belə vəziyyətdə məhz dövlət - insan birliyinin bu özünütəşkil forması bir çox sosial fenomenlərin formalaşması və institusionallaşmasının amilinə çevrilir.

"Mən - sivilizasiya" anlayışının inikası kimi azərbaycançılıq hər kəsin hüquq və azadlıqlarının təmin olunduğu siyasi və dövlət quruluşunun milli mahiyyətinə, inkişaf strategiyasına, formasına etno-siyasi baxış kimi çıxış edir. Azərbaycançılıq cəmiyyətin normativ dəyərlərinin vəhdətinə - dövlət hüquq düşüncəsinin, əmək və işgüzar etika tərbiyəsinə, mənəvi dəyərlərə qovuşmağa səmtlənir və beləliklə də növbəti dəfə neokonservatizmlə çuğlaşır.

Azərbaycançılıq güclü dövlət hakimiyyətinin və möhkəm milli intizamın, milli maraqların və milli özünüdərkin olmasını istəyir. O, ən müxtəlif sosial təbəqələrdə həmrəylik axtarır, daimi, lakin mötədil, millətin və dövlətin real imkanlarından irəli gələn reformizmi təbliğ edir.

Azərbaycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan millətinin tarixi, mənəvi-əxlaqi və mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik və milli eyniyyət həmin nəsillər üçün layiqli həyatının və şəxsi azadlığının ayrılmaz atributlarına çevriləcəkdir.

Bu gün biz Azərbaycanda milli ideologiyanın formalaşmasının şahidiyik. Xalqın məhz çox böyük potensial ehtiyatlarının və ölkəni tərəqqiyə, firavanlığa doğru aparmağa qadir siyasi elitanın olması onu göstərir ki, neokonservatizmin milli forması kimi azərbaycançılıq Azərbaycan dövlətçiliyi tarixinin yaxın gələcəyi ərzində milli ideologiyanın əsası olaraq qalacaqdır.

“Azərbaycan” qəzeti, 09.11.2007.

Xəbərlər
Redaktorun seçimi