“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
28 May 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

XX əsr+

Səlim bəy Behbudov (1885-1942)

A+ | A-

Həyatı

Yazıçı-tərcüməçi, pedaqoq Səlim bəy Mehrəli bəy oğlu Behbudov 1885-ci ildə Şuşa qəzasının Üçoğlan kəndində (indiki Ağdam rayonunun kəndi) anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Ali savad ardınca Rusiyaya üz tutmuşdu.

1905-ci ilin 9 yanvar Qanlı bazar günü Sankt-Peterburq Texnologiya İnstitutunun müdavimi Səlim bəy Behbudovun da tələbəlik həyatına son qoydu. Birinci kurs tələbəsi, 20 yaşlı Səlim bəy də tutulmaq təhlükəsindən yaxa qurtararaq institutla vidalaşıb, doğma Şuşasına qayıtdı. Bir il boş-bekar qalsa da, günlərini mənalı və səmərəli keçirdi, fransız dilini öyrənməklə məşğul oldu, Avropanın ali məktəblərindən birinə daxil olmağa hazırlaşdı. Həmin vaxt dövrünün tanınmış həkimlərindən olan atası Mehrəli bəyin qəflətən vəfat etməsi maddi cəhətdən Səlim bəyin vəziyyətini xeyli ağırlaşdırdı.

Lakin oxumaq istəyindən dönməyən gənc Bakıya — bir çox tələbələrə səxavətlə hamilik edən xeyriyyəçi Əjdər bəy Aşurbəyovun yanına getdi, gəlişinin məqsədini və arzusunu bildirdi. Maarifə, təhsilə böyük qiymət verən bu Bakı milyonçusu Səlim bəyi ümidsiz qoymadı, ayda 25 manat təqaüdlə onu Fransaya ali təhsil almağa göndərdi.

1906-cı ilin yayında Səlim bəy Behbudov Paris Siyasi Elmlər Məktəbinin diplomatiya fakültəsinə qəbul olundu. İlk günlərdən özünü fəal və çalışqan tələbə kimi göstərən Səlim bəy az müddətdə fransız dilini mükəmməl öyrəndi. Ərəb, fars, rus dillərini gözəl bildiyi üçün ikinci kursda oxuyarkən böyüklər üçün açılmış Berlits məktəbində rus və türk dillərindən dərs deməyə dəvət olundu.

1910-cu ildə təhsilini başa vuran Səlim bəy Behbudov Berlits məktəbinin müdiriyyəti ilə müqavilə əsasında Parisdə qalaraq üç il də müəllimlik fəaliyyətini davam etdirdi və 1913-cü ildə Şuşaya qayıtdı. Dövlət idarələrində münasib iş tapmayan bu ali təhsilli mütəxəssis bir müddət şəxsi evlərdə fransız dili dərsi dedi, bu dilin gözəl bilicisi kimi tanındı.

1917-ci ildə vaxtilə oxuduğu Şuşa Real Məktəbinə müəllimliyə dəvət olundu və eyni zamanda qız progimnaziyasında fransız dilini tədris eləməyə başladı. 1918-ci ildə Azərbaycanda demokratik respublika quruldu və bu hökumət Səlim bəyi Ağdama qaçqınlar üzrə müvəkkil vəzifəsinə göndərdi. O, bir müddət Aşağı və Yuxarı Qarabağda qaçqınların problemləri ilə, xüsusən də, onların yerləşdirilməsi ilə məşğul oldu.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Səlim bəy Behbudovu yüksək ixtisaslı kadr kimi dövlət idarələrinə işə cəlb elədilər. O, bir müddət Qarabağ İnqilab Komitəsində katib, tərcümə şöbəsinin, Azərbaycan Kənd Təsərrüfatı Bankı Ağdam şöbəsinin, Ağdam İcraiyyə Komitəsində torpaq şöbəsinin müdiri vəzifələrində çalışdı. Lakin çox çəkmədən ictimai mənşəyinə görə işdən azad olundu.

Bir müddət işsiz qalan Səlim bəy Behbudov 1926-cı ildə həmişəlik Bakıya köçdü, Dövlət Plan Komitəsində mədəniyyət bölməsinin katibi vəzifəsinə işə düzəldi. Dörd il burada çalışdı, sonra altı il də Azərbaycan Sənaye Şurasında, Azərxalçaittifaqda kadrlar üzrə iqtisadçı işlədi. O, eyni zamanda Bakıdakı 25 nömrəli orta məktəbdə fransız dilini tədris edirdi.

Fəaliyyəti

Səlim Behbudov folklor nümunələrini - atalar sözlərini, zərb-məsəlləri, nağılları, bayatıları, tapmacaları və s. toplayır, dövri mətbuatda dərc etdirirdi. Qohum-əqrəba, dost-tanış arasında “Səlim qağa”, “Səlim dadaş” kimi müraciət olunan Səlim bəy mətbuat və elm aləmində “Bəy Behbudov”, ya da “Behbud bəy Behbudov” kimi tanınır, bədii yazılarını isə bəzən “Bəy Behbud” təxəllüsü ilə imzalayırdı.

Bədii nəsrimizin banisi İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsini 1936-cı ildə orjinal mətndən - fransız dilindən Azərbaycan dilinə tərcümə edib.

“Rəşid bəy və Səadət xanım”ın fransızcadan tərcümə olunub, nəşr edilməsi Səlim bəy Behbudovu ədəbi ictimaiyyət arasında istedadlı bir mütərcim kimi də tanıtdı və onun adı “Azərnəşr”in tərcüməçiləri siyahısına həmişəlik yazıldı. Çətin və mürəkkəb əsərlərin dilimizə çevrilməsi ona etibar edildi. Çox çəkmədən bu istedadlı tərcüməçi “Azərbaycanca-fransızca-rusca lüğət” üzərində işləməyə başladı.

Bu fundamental iş hələ başa çatmamış nəşriyyatın bədii ədəbiyyat şöbəsi fransız mahnı janrının mahir ustası kimi şöhrətlənmiş, mahnılarında əsas yeri siyasi satira tutan fransız şairi Pyer Jan Beranjenin “Seçilmiş şeirlər” toplusunu plana saldı və tərcüməni Səlim bəyə tapşırdı.

Həbsi

1930-cu illərdə repressiyada minlərlə günahsız insanın, xüsusən də, əsilli-nəsilli adamların, milli ruhlu ziyalıların məhv edilməsini gözlərilə görən Səlim bəy yaşadığı quruluşla qəti barışa bilmirdi. O, artıq bu hökumətdən əlini üzmüş, küskünləşmişdi. Bu isə onu qarabaqara izləyən dövlət təhlükəsizlik orqanları əməkdaşlarının nəzərindən yayınmırdı. Onun ardınca düşən agentlər Səlim bəyin hər bir addımına göz qoyurdular.

1941-ci il dekabrın sonları idi. Səlim bəy arvadı Şəmsini və qızı Dilsuzu da götürüb, Yeni ili qeyd eləmək üçün yaxın qohumu Məmməd Muradovun evinə yollandı. Ağalar bəy Əliverdibəyov arvadı Məhbubə xanımla, Xan Şuşinski arvadı Tovuz xanımla, Cəmil bəy Behbudov arvadı Səltənət xanımla, Yusif Məlikov arvadı Sona xanımla, digər qohumları - Cahangir bəy Behbudov, İbrahim bəy Fuladov, Firudin bəy Behbudov, Mövsüm bəy Əhmədov da məclisdə idilər. Qonaqlar ev sahibinin həyat yoldaşı Sədiqə xanımın dəmlədiyi plovdan yeyə-yeyə keçmişdən, gələcəkdən, təzəcə başlanan müharibədən danışır, tez-tez Hitlerin, Stalinin adlarını çəkirdilər. Pəncərənin önündə, qaranlıq bir küncdə özünə yer eləyən agent isə eşitdiklərini bir-bir bloknotuna qeyd edirdi.

Məclis dağılmamışdan bir az əvvəl kifayət qədər “fakt” toplayan agent sürüşüb, aradan çıxdı və ertəsi gün Məmməd Muradovun mənzilində olan “antisovet təbliğat” barədə yuxarı orqanlara məlumat verdi. Nəyin bahasına olursa-olsun, Səlim bəy Behbudov aradan götürülməliydi.

Ona görə də V şöbəyə daxil olan materialları tez-tələsik “saf-çürük edən” rəis müavini, dövlət təhlükəsizlik leytenantı B. İ. Kalyagin 1942-ci il yanvarın 22-də onun cinayət işini belə rəsmiləşdirdi: “Səlim bəy Behbudov antisovet ünsürdür. 1940-1942-ci illərdə o, hökumətdən narazı olan bir dəstə adamı başına toplayaraq müntəzəm surətdə Sovet hakimiyyətinə qarşı gizli əksinqilabi təşviqat aparır. Köhnə bəy-xan ağalığı dövrünün qanun-qaydalarını tərifləyərək onun bərpa olunması mövqeyində dayanır. Kolxoz quruluşuna böhtan atır, sosialist tədbirlərinə, vergi siyasətinə qarşı çıxır. Faşistlərin müvəqqəti olaraq tutduqları rayonlarda dinc əhaliyə və hərbi əsirlərə qarşı etdikləri vəhşiliklər barədə Sovet informasiya bürosunun məlumatlarının yalan olduğunu təsdiqləyir. Bir sözlə, Böyük Vətən müharibəsində Sovet xalqının məğlubiyyətinin tərəfdarı kimi çıxış edir və sair və ilaxır”.

Bütün bunlar isə onun ən ağır cəzaya məhkum olunmasına kifayət edirdi. B. İ. Kalyaginin qərarı isə qəti idi: Güllələmək!.Yanvarın 24-də Səlim bəy Behbudov həbs olundu. On bir ay həbsxanada olmazın işgəncələrə məruz qalandan sonra əməl dostu Mövsüm bəy Əhmədovla birlikdə 1942-ci ildə güllələndi.

* * *

Mənbə:

Ənvər Çingizoğlu. Behbudovlar. Bakı: Mütərcim, 2008, 168 səh.

Vasif Quliyev. Biz gedəsiyik, dünya qalası. Bakı. "Şuşa". 2001. 400 səh.  

 

baxılıb: 1365 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR