“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
28 May 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

XX əsr+

Zakir Məmmədov (1936-2003)

A+ | A-

Məmmədov Zakir Cabbar bəy oğlu — tanınmış filosof, yazar, fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.

Zakir Məmmədov 1936-cı il avqustun 16-da Ağdamda anadan olmuşdur. 

Anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyova, atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovdur. Cabbar bəy Vəlibəyov Baharlı tayfasına mənsub, dövrünün görkəmli ziyalılarından idi. Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olmuş, yeni tipli məktəbin əsasını qoymuşdur. [2]

Cabbar bəy repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. Həbs edilərkən Cabbar bəyin evindəki bütün sənədlər və kitablar götürülmüşdür. Buna görə də Zakir Məmmədovun doğum haqqındakı şəhadətnaməsi itmişdir. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilmişdir.

Zakir Məmmədov siyasi təqib şəraitində böyümüş, bunun üçün anasının soyadına keçirilmişdir. Məlumdur ki, sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözünü ixtisar edərək onlara pasport verilirdi. Buna görə də alimin soyadı Məmmədbəyov deyil, Məmmədov olmuşdur.

Zakir Məmmədov orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmış, rəsmlər çəkmişdir. Onun şeirləri rayon qəzetində dərc edimiş, çəkdiyi rəsmlər məktəb sərgisində, sulu boya ilə çəkdiyi "Gənc miçurinçilər" tablosu isə 1955-ci ildə Respublika sərgisində nümayiş etdirilmişdir. "Yoldaşlıq köməyi" adlı bir mənzum pyesi 1955-ci ildə Ağdam pionerlər evinin özfəaliyyət kollektivi, 1956-cı ildə isə Bərdə pionerlər evinin özfəaliyyət kollektivi tərəfindən tamaşaya qoyulmuşdur.

Orta məktəbdə oxuduğu illərdə Zakir Məmmədovun bədii yaradıcılığı haqqında Ağdamda çap edilən "Lenin yolu" (indiki "Ağdam") qəzetində məqalələr dərc edilmişdir.

Zakir Məmmədov 1957-ci ildə Ağdam 1 saylı orta məktəbi medalla bitirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin yeni açılan ərəb şöbəsinə daxil olmuşdur.

Zakir Məmmədov universitetdə birinci kursda təhsil alarkən, 29 noyabr 1957-ci ildə atası Cabbar bəy Azərbaycan SSR Ali məhkəməsinin qərarı ilə bəraət almışdır.

Zakir Məmmədov universitetdə təhsil aldığı illərdə əla təhsilə və ictimai işə görə Az.LKGİ-nin fəxri fərmanı ilə təltif edilmişdir. Çox tirajlı Universitet qəzetində şeirlər, ərəbcədən tərcümələr dərc etdirmişdir.

Zakir Məmmədov Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş Ələsgər Məmmədovdan ərəb dilini mükəmməl öyrənərək 1962-ci ildə universiteti bitirmişdir. Elə həmin il AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi kimi çalışmağa başlamışdır.

1962-1963 illərdə Misirdə Asuan SES-in inşasında ilk azərbaycanlı ərəbşünas tərcüməçi kimi çalışmışdır. 1964-cü ilin 1 yanvarından AMEA-nın Fəlsəfə sektorunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) işə başlamışdır.

"Siracəddin Urməvinin məntiqi görüşləri" adlı namizədlik dissertasiyasını 1967-ci ildə tamamlasa da, 1969-cu ildə müdafiə etmişdir. "Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir" adlı doktorluq dissertasiyasını 1974-cü ildə tamamlamış, monoqrafiya kimi 1978-ci ildə çap etdirmiş, doktorluq dissertasiyası kimi 1990-cı ildə müdafiə etmişdir.

Zakir Məmmədov 1969-cu ildən 1970-ci ilə qədər Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor vəzifəsində işləmiş, milli fəlsəfəmizə dair materialların Azərbaycan Sovet Ensiklopediyasında geniş yer tutmasına çalışmışdır. Azərbaycanın peşəkar filosofları məhz onun tədqiqatı sayəsində bu ensiklopediyaya düşmüşdür (42 məqalə).

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 30-dan çox elmi kitabın (çap edilmiş və edilməmiş), 250 elmi məqalənin, o cümlədən xaricdə çıxmış 6 elmi məqalənin müəllifidir. Uzun müddət fəlsəfə, Azərbaycan fəlsəfəsi tarixi, Şərq fəlsəfəsi tarixi fənlərini dövlət ali məktəblərində, əsasən də Bakı Dövlət Universitetində tədris etmişdir.

AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) 1997-ci ildən həyatının sonuna qədər təsis etdiyi Şərq fəlsəfəsi tarixi və dinşünaslıq şöbəsinin müdiri işləmişdir.

2003-cü il martın 2-də Bakıda vəfat etmişdir.

* * *

Yaradıcılığı

 

Zakir Məmmədovun elmi yaradıcılığı əsas etibarilə Şərq fəlsəfəsi tarixi və dinşünaslıq məsələlərinə həsr edilmişdir. Onun tədqiqatlarına qədər elə hesab edilirdi ki, Şərqdə, o cümlədən Azərbaycanda peşəkar filosoflar yaşamamışlar, yaradıcılığından əldə cüzi material olan Bəhmənyar isə (XI əsr) istisnadır.

Zakir Məmmədov 40 ilə yaxın müddətdə elmi axtarışlar apararaq, Azərbaycan filosoflarının və mütəfəkkirlərinin ərəb və fars dillərində dünyanın müxtəlif ölkələrində çap olunmuş, habelə əlyazması şəklində saxlanılan zəngin irsini üzə çıxarmışdır. O, onların fəlsəfəsini (varlıq təlimi və idrak nəzəriyyəsini), məntiqini, ictimai-siyasi və etik görüşlərini işləyib hazırlamışdır.

Alim sübuta yetirmişdir ki, orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda dini fəlsəfi təlimlərlə yanaşı, elmi-fəlsəfi təlimlər də olmuşdur. O, müəyyən etmişdir ki, elmi-fəlsəfi təlimlər Şərq peripatetizmindən, sufizmin panteist istiqamətindən və işraqilikdən ibarətdir.

Zakir Məmmədov Eynəlqüzat Miyanəci (1099-1131), Şihabəddin Ömər Sührəvərdi (1145-1234), Şihabəddin Yəhya Sührəvərdi (1154-1191), Əfzələddin Xunəci (1193-1248), Siracəddin Urməvi (1198-1283) və başqa Azərbaycan filosoflarının əsərləri, habelə Bəhmənyarın üç kitabdan (məntiq, metafizika, fizika) ibarət "Təhsil" traktatı əsasında "Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir" monoqrafiyasını yazmışdır. "Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri" (azərbaycanca 1986, rusca 1993) kitabında görkəmli şəxsiyyətlərin əksəriyyəti - Əhməd Bərdici, Məhəmməd Bərdəi, Əbunnəcib Sührəvərdi, Əminəddin Təbrizi, Siracəddin Urməvi, Şəmsəddin Xoylu, Nəcməddin Naxçıvani, Şihabəddin Xoylu, Mühyiddin Bərdəi, Məhəmməd Qarabaği, Kəmaləddin Ərdəbili, Əhməd Ərdəbili, Rəcəbəli Təbrizi və b. haqqında mənbələr əsasında tədqiqatlar ilk dəfə olaraq Zakir Məmmədov tərəfindən aparılmışdır.

Alimin bütün tədqiqatları ilk mənbələr əsasında olmuş, buna görə həmin əsərlərin Azərbaycana gətirilməsi üçün böyük əmək sərf etmişdir. Belə ki, onun tədqiqatlarına qədər Bəhmənyarın "Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" adlı kiçik həcmli iki əsəri məlum idi. Tədqiqatçı filosofun geniş həcmli "Təhsil" əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətləri hesabına həmin əsər Azərbaycana gətirilmişdir. Alim "Təhsil" əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb etmişdir. Bəhmənyarın "Metafizikanın mövzusu", "Mövcudatın mərtəbələri" əsərləri ilə bərabər "Təhsil" kitabı da Zakir Məmmədov tərəfindən tam şəkildə Azərbaycan dilinə tərcümə edilmiş, "Təhsil" kitabının kiçik bir hissəsi, iki əsər isə bütöv şəkildə "Şərq fəlsəfəsi (IX-XII əsrlər)" kitabında (Bakı, 1999) çap edilmişdir.

Mənbələr əsasında orta əsr Şərq filosoflarının təlimlərini hərtərəfli və geniş şəkildə araşdırmış Zakir Məmmədov Azərbaycanda onların yeganə tədqiqatçısı oımuşdur. O, dünya şöhrətli filosoflarımızın irsini tədqiq etməklə bərabər, onların elmi ictimaiyyət tərəfindən tanınması uğrunda da çalışmışdır. Alimin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti İşraqilik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2 aprel 1991-ci ildə qərar (9/11) qəbul etmişdir. Həmin qərara əsasən 25 dekabr 1991-ci ildə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) işraqi filosofun yubileyi keçirilmişdir.

Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfi irsinin yeganə tədqiqatçısı Zakir Məmmədov filosofun bir çox əsərlərini Azərbaycan dilinə tərcümə etsə də, yalnız ikisi çapdan çıxmışdır. Tədqiqatçı Ş.Y.Sührəvərdinin "Filosofların görüşləri" əsərini ərəbşünas alim Tariyel Həsənovla birlikdə Azərbaycan və rus dillərinə tərcümə etmiş və bu əsər ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə çapdan çıxmışdır. Filosofun "İşıq heykəlləri" kitabını Azərbaycan dilinə tərcümə edərək Zakir Məmmədov şəxsi vəsaiti hesabına ilk dəfə 1989-cu ildə, ikinci dəfə 1999-cu ildə nəşr etdirmişdir.

Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan MEA Rəyasət Heyəti (1 iyul 1992-ci il, qərar 10/16) və Azərbaycan Respublikası Nazirlər Kabineti (5 noyabr 1992-ci il, qərar 607) qərarlar qəbul etmişdi. Bu münasibətlə Fəlsəfə və Hüquq İnstitutunda üç elmi sessiya, bir çox ali məktəblərdə konfranslar keçirilmişdir. Alimin təşəbbüsü ilə 1998-ci ildə Siracəddin Urməvinin anadan olmasının 800 illik yubileyi münasibətilə əlaqədar Azərbaycan MEA Rəyasət Heyəti tərəfindən (11 mart 1998-ci il, qərar 8/4) qərar qəbul edilmişdir. Zakir Məmmədov bu dövrdə Siracəddin Urməvinin, Əfzələddin Xunəcinin anadan olmalarının 800 illik yubileylərini, 1999-cu ildə Eynəlqüzat Miyanəcinin anadan olmasının 900 illik yubileyini qəzet və jurnallarda məqalələr çap etdirməklə keçirmişdi.

Zakir Məmmədov 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında verdiyi fərmanla Dövlət yubiley komissiyasının üzvü seçilmişdir. Tədqiqatçı Nəsirəddin Tusinin irsini hərtərəfli və geniş şəkildə araşdırmışdır. Məhz Zakir Məmmədovun tədqiqatından məlum olur ki, 1266-cı ildən Marağa rəsədxanasında Nəsirəddin Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir. 

O sübut etmişdir ki, Şərq peripatetizminin banisi Əbunəsr Farabidir (873-950). Sufizmin panteist sistemini Azərbaycan filosofu Eynəlqüzat Miyanəci (1099-1131) və işıq və qaranlıq prinsipinə əsaslanan işraqilik təlimini Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) yaratmışlar.

Tarixən görkəmli Azərbaycan filosoflarının təlimləri fəlsəfi məktəbə çevrilərək, əsrlər boyu alimlər üçün örnək olmuşdur. Onların ideyaları sonralar Şərq aləmi ilə məhdudlaşmayıb, Avropa ölkələrinə də yayılmışdır. Görkəmli Azərbaycan filosof-alimi Zakir Məmmədov dünya fəlsəfi tarixinin orta əsrlərində (1000 illik dövrdə) Şərq, həmçinin Azərbaycan filosoflarının elmi-fəlsəfi dünyagörüşlərinin geniş olduğunu göstərə bilmişdir.[9]

Zakir Məmmədovun həyatı, fəaliyyəti və əsərləri haqqında onlarla məqalələr yazılmışdır. Orxan Məmmədovun "Ağdamın adlı-sanlı pedaqoqları, alimləri" (Bakı, Sabah, 2001) kitabında Zakir Məmmədovun həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir. Xatirə Quliyevanın "XX əsrin böyük Azərbaycan filosofu Zakir Məmmədov (Baharlı)" (Bakı, Azərnəşr, 2003,həcmi: 11 ç.v.) kitabında alimin həyatı və yaradıcılıq yolu işıqlandırılır. Son illər dövrü mətbuatda Zakir Məmmədovun xatirəsinə və elmi fəaliyyətinə həsr edilmiş otuzdan çox məqalə dərc edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası və Mərkəzi Elmi Kitabxana tərəfindən "Elm" nəşriyyatında 2010-cu ildə çap edilən Zakir Məmmədov - "Azərbaycanın elm və mədəniyyət xadimləri" silsiləsindən olan biblioqrafik göstəricidə filosofun həyat və fəaliyyəti hərtərəfli şəkildə işıqlandırılır.

* * *

Əsas elmi əsərləri:

Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir, Bakı, 1978;

Bəhmənyarın fəlsəfəsi, Bakı, 1983;

Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri, Bakı, 1986;

Siracəddin Urməvi, Bakı, 1990;

Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat), Bakı, 1991;

Eynəlqüzat Miyanəci, Bakı, 1992;

Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri (rus dilində), Bakı, 1993;

Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994;

Şərq fəlsəfəsi [IX-XII əsrlər] (tərcümə əsərlərin toplusu). Bakı, 1999;

Nizami Gəncəvinin fəlsəfi düşüncələri, Bakı, 2000;

Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994 (kiril), 2006;

Şihabəddin Yəhya Sührəvərdi, Bakı, 2009.

* * *

Bax həmçinin:

Zakir Məmmədov və Sührəvərdi fəlsəfəsi

Azərbaycan elminin içində düzünə yol gələn alimlərdən biri kimi Zakir Məmmədovun adını xatırlamamaq ədalətsizlik olardı. İctimai-siyasi həyatın qələbəlikləri içində görünməsə də alim adının ağırlığı altında vicdanla duruş gətirən, öz mövzusunu və üslubunu tapmış, titul və dərəcələrini söyləmədən hamının qəbul etdiyi bir filosof idi Zakir Məmmədov.

Həyatı boyu üzülüşə bilmədiyi yoxsulluğu elmdə tapdığı zənginliklə tarazlaya bilmişdi. Eşitdiyimə görə, neçə illər bir qrupda təhsil aldığı Əbülfəz bəy prezident olanda bir dəfə qəbuluna getmiş və başqaları kimi fürsəti dəyərləndirərək özünə ev yox, illərdir tədqiq etdiyi Azərbaycan filosofu Bəhmənyara yubiley keçirməyi xahiş etmişdi. Özünə ev yox, Bəhmənyara yubiley keçirməyi xahiş edən və bir-birini əvəzləyən qış fəslinin acımasız soyuqlarını əvəzləyə bilmədiyi köhnəlmiş plaşı ilə qarşılayan Azərbaycan alimi prezidentdən bir qədər incimişdi. Yenə də özünə görə deyil, Bəhmənyarın yubileyini keçirməyi ləngitməyə görə. Təbii ki, o zaman siyasi hadisələrin gərginliyi içində Bəhmənyarın yada düşməsinin asan olmadığı gerçəyini də unutmamalıyıq.

Sonradan elmi işimin rəhbəri olması ilə tanımağa başladığım bu şəxsiyyətin öz işinin fədaisi olduğunu sezməmək mümkün deyildi. Elmi araşdırmalar mühitində kiminsə qolundan tutub azərbaycansayağı irəli çəkmə ənənəsi yayğındır və müxtəlif elmi titulların daşıyıcılarının cəmiyyət tərəfindən qiymətləndirilməsində bu gerçəklər dedi-qodu səviyyəsində də olsa dilə gətirilir. Ancaq və ancaq elmin adamı olan, məntiqi, bilgisi və elmi vicdanı kimsədə tərəddüd yaratmayan bir azlığın nümayəndəsiydi Zakir müəllim.

Bu şəxsiyyətlər haqqı çatanı zamanında ala bilməyən, haqsızlarla əsəb savaşında, məişət qayğıları burulğanında zəif vücudu ilə müqavimət göstərməyə çalışan və sonunda Sührəverdinin də təsvir etdiyi işıq heykəllərinə çevrilənlər kimi yaddaşımızda yer alırlar.

İndi Allahın rəhmətinə qovuşan Zakir Məmmədovun irsi Orta Əsrlər Azərbaycanında mövcud olan ictimai-fəlsəfi fikrin anlaşılmasında əvəzolunmaz bir xəzinə kimi qarşımıza çıxır. O ərəb dilinin, ədəbiyyatının, tarixinin ən qabiliyyətli tədqiqatçılarından sayılırdı. Orijinal mətnlər üzərində çalışma bacarığı ilə Orta Əsrlər Şərq fəlsəfəsinin dəyərli nümunələrinin təqdiminə və tədqiqinə böyük əmək sərf etmişdir.

Bu qiymətləndirməni “Şihabəddin Yəhya Sührəvərdi (Həyatı, yaradıcılığı və dünyagörüşü)” kitabı barədə söyləməyə ciddi əsasımız var. Zakir Məmmədovun irsini sətir-sətir qoruyan, toparlayan qızı, fəlsəfə doktoru Aytək Məmmədovanın hazırladığı bu kitab Azərbaycan fəlsəfə tarixi üçün görülən əhəmiyyətli çalışmalardan biridir.

Zakir Məmmədov çoxşaxəli tədqiqatlarında iki nəhəng Azərbaycan filosofunun irsinə xüsusi diqqət yetirmişdir. 1983-cü ildə nəşr olunmuş “Bəhmənyarın fəlsəfəsi” əsəri üslub və mənbələrin yüksək səviyyədə təqdimatı və təhlili baxımından bu sahədə örnək göstəriləcək nümunələrdən biri sayıla bilər.

Tarixdən bəllidir ki, Azərbaycan coğrafiyasında İslam məzhəbləri ilə yanaşı Xristianlıq, Xürrəmilik, müxtəlif təsəvvüf cərəyanları, İşraqilik, Panteist cərəyanlar mövcud olmuş və orta əsr tarixi İslamla anti-İslam elementlər arasında mübarizə və mübahisə faktları ilə zəngindir.

Şərqdə fəlsəfənin inkişafının qarşısının alınmasında daha çox Qəzzalinin “Fəlsəfənin təkzibi” əsərinin rolu önə çəkilir. Orta əsrlər əslində İslam düşüncə sistemi ilə yaradılış ziddiyyətini önə çəkən, ehkamların dağılmasına qarşı sərt üslubda mübarizə aparan görüşlərin amansız toqquşması tarixi kimi də təqdim olunur. Çox vaxt bunu İslam ehkamlarının mürtəce mahiyyəti kimi təqdim etməyə çalışsalar da, əsl həqiqətdə İslamın varlıq haqqında dolğun sistemə sahib olması bu qarşıdurmanı qazanmağa daha əlverişli imkan yaradırdı. Burada nöqsan odur ki, bir sıra hallarda ehkamçılar mübahisəni sözlə deyil, dar ağacı ilə kəsirdilər.

Dövrün kampaniyaçılıq aksiyalarının qurbanlarının çox zaman fərqli fikirlər, dünyagörüşlər ortaya qoyan filosofların olduğu faktları da vardır. Bəzi təhlillərə görə Zərdüşt fəlsəfəsini ölümsüzləşdirmək istəyən Fars filosofları İslamın sağlam məntiqinə qarşı dəlillər formalaşdıra bilmədiklərinə görə, İslamın içində öz keçmiş inanclarını, xüsusilə də ruhun emanasiyasını formaya salaraq fərqliliklərini qoruya bilirdilər. Xüsusi İslam məzhəbi yaratdılar, İslamdan qaynaqlanan, ancaq onun təməl mahiyyətinə zidd olan ağlasığmaz təlimlər ortaya qoydular.

Ağlabatan iddialara görə, Sührəverdi də Allahın dərgahına yüksəldiyini, Nur əl-Ənvərdən işıq payı aldığını iddia edərək ehkamların xaricinə çıxmaq haqına sahib olduğunu düşünürdü. Ehkamçılar üçün isə bunlar Küfür kateqoriyasının içində yer alan fikirlər sayılırdı və bunun diskussiyalara açıq tərəfi tanınmırdı.

Sührəverdiyə görə, müşahidə və duyğular sahəsində insan aldana bilər. Həqiqəti bilmək üçün əsas fikirdir. Sührəverdi bunun kəşflə mümkünlüyünü görürdü.

Sührəverdi varlığın mənbəyi və mənşəyi məsələsinin peripatetik məzmununu, onun emanasiya nəzəriyyəsini gözdən keçirmiş, bu səhədə yeni işraqilik fəlsəfəsinə məxsus fikirlər irəli sürmüşdür. Filosofun varlıq təlimində bütün mövcud şeylər öz başlanğıcını vacib varlıqdan, yaxud da işıqlar işığından almışdır.

O Şərq peripatetiklərinin yolu ilə gedərək göstərir ki, Vacib varlıqdan, yəni ilk səbəbdən törənən mümkün varlıq, yəni ilk nəticə də vahiddir.

O “İşraq fəlsəfəsi” kitabında İşıqlar işığının sayəsində vücuda gələn ilk varlığın vahidliyi qaranlıq deyil, mücərrəd işıq olması haqqında müddəa irəli sürür. O. İşıqlar işığından vahid mücərrəd işığın çıxdığını sübut edən müddəa üzərində geniş dayanmışdır. Vacib varlıqdan çıxan ilk nəticə nə maddi ola bilər, nə də maddəni idarə edən substansiyadır. Bunu o, əql adlandırır.

İşraqilik fəlsəfəsi ilə tanışlıqdan sonra yəqin etmək olur ki, babəkilik hərəkatının ideologiyasında mühüm anlayışı ifadə edən “xürrə” termini də İşıqlar işığından çıxan mücərrəd işığa uyğun gələn bir məna daşıyır. Sührəverdi, məcusiliklə, xüsusən zərdüştiliklə bilavasitə bağlı “xürrə” sözünü “mənəvi işıq” mənasında işlətmişdir. Təsadüfi deyil ki, onun davamçısı Qütbəddin Şirazi yazır: “Zərdüştün dediyi kimi, “xürrə” Allah-təalanın mahiyyətindən çıxan işıqdır.”

“İşıq heykəlləri”, “Filosofların görüşləri” traktatı, “Eşqin həqiqəti yaxud aşiqlərin munisi”, “İşıqnamə”, “Ürəklər bağı”, “İşraq fəlsəfəsi” kimi əsərləri, onlarla hekayətləri ilə tanınan Sührəverdi həm peripatetik, həm sufi-fəlsəfi, həm də işraqi traktatlarının müəllifi olmuşdur. Maraqlı cəhət orasındadır ki, “Şeyx əl-İşraq” və ya “Qətlə yetirilmiş filosof” kimi tanınan Sührəvərdi öz fəlsəfi təlimini qalıcı bir hərəkata çevirə bilməmişdir.

Bu əsərdə Zakir Məmmədov Sührəvərdi irsinin olduğu kimi təqdimatını vermişdir. Sührəvərdinin fikirləri, görüşləri maraqlıdır, Yunan filosoflarının görüşlərinə yaxın olanları da, Zərdüşt təliminin bəzi məqamlarından qidalananları da var, orijinal sayılan baxışları da var.

Zakir Məmmədovun əsas işi bu fikirlərə rəğbət ya inkar üzərində rəy yaratmaq olmamışdır. Özünün qeyd etdiyi kimi; “Xristian aləmində yalnız dini fəlsəfə (sxolastika və mistika) yayıldığı halda Azərbaycanda orta əsrlərdə elmi-fəlsəfi təlimlər olub, filosoflar olub, fəlsəfi məktəblər olub və onların içində Bəhmənyar və Sührəvərdinin xüsusi yeri var” demək üçün bu tədqiqata böyük əhəmiyyət verirdi.

Bilinən bir gerçəkdir ki, Sührəvərdini bəziləri, zindiq və dinsiz sayırdı, bəziləri onun mömünlüyünə inanırdı. Hətta onun şagirdlərinin içində öz müəlliminin peyğəmbər olduğunu iddia edənlər də vardı. Fikrimizcə, Sührəvərdinin fəlsəfəsi, xüsusilə də varlıq haqqında təlimi İslam qarşı formalaşan bir sıra cərəyanların mənbəyi kimi də dəyərləndirilə bilər.

Sührəvərdinin peripatetizmə, sufiliyə, işraqiliyə və başqa mövzulara aid əsərlərinın Azərbaycan Türkcəsinə çevrilməsi müsbət hadisə sayılmalıdır. Bu sahədə Zakir Məmmədovun xidməti xüsusi olaraq qeyd olunmalıdır.

2009-cu ilin nəşrləri içində fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü olmuş Zakir Məmmədovun “Şihabəddin Yəhya Sührəvərdi (Həyatı, yaradıcılığı və dünyagörüşü)” kitabının elmi mühitimiz üçün böyük qazanc olduğuna, habelə tədqiqatçılar üçün əvəzolunmaz mənbə rolunu oynayacağına inamımız böyükdür. Bu həm də mərhum filosof Zakir Məmmədovun zəngin irsinin yaşadılması baxımından bir qədirşünaslıq addımı sayıla bilər.

Fazil Mustafa, millət vəkili, fəlsəfə doktoru

“525-ci qəzet”, 28.01.2010.

 

baxılıb: 1565 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR