“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
06 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Mədəni irs

Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət

A+ | A-

“Azərbaycan – doğma diyar” milli azlıqların III Respublika incəsənət festivalı çərçivəsində dəyirmi masa (2011)

Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2011-ci il iyunun 14-dən 17-dək “Azərbaycan – doğma diyar” devizi altında milli azlıqların III Respublika incəsənəti festivalı keçirilmişdir.

Festival çərçivəsində iyunun 16-da Muzey Mərkəzində “Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət” mövzusunda “dəyirmi masa” təşkil edilmişdir.

“Azərbaycan dövlətinin milli siyasəti, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq” mövzusunda məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, tədbir çox aktual bir məsələyə həsr olunmuşdur. Azərbaycan zəngin ənənələrə və mədəni irsə malik qədim ölkədir. Burada əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycanın tarixi, iqtisadi və mədəni xüsusiyyətləri sayəsində ölkə əhalisinin dünyagörüşü tolerantlıq, başqa xalqların və milli azlıqların mədəniyyətinə, dəyərlərinə, adət-ənənələrinə hörmət şəraitində formalaşmışdır.

Nazir demişdir ki, Azərbaycan dövləti tərəfindən atılan məqsədyönlü addımlar dinindən, milliyyətindən, irqindən asılı olmayaraq bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirmişdir.

Xüsusi olaraq diqqətə çatdırılmışdır ki, YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.

Ötən illər ərzində “Azərbaycan - doğma diyar” devizi altında keçirilmiş azsaylı xalqların incəsənət festivalının mühüm əhəmiyyət daşıdığını söyləyən Ə.Qarayev demişdir ki, bundan sonra da bu ənənə davam etdiriləcəkdir.

Sonra “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov 5 dildə hazırlanmış “Azərbaycanda yaşayan xalqların mahnıları” CD diskini iştirakçılara təqdim etmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictmai-siyasi məsələlər şöbəsinin milli azlıqlarla və dini qurumlarla iş sektorunun müdiri Müzəffər Talıblı “Azərbaycanda milli azlıqların qorunması, onların dil və mədəniyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlər haqqında” məruzəsində demişdir ki, 2009-cu il əhalinin siyahıya alınmasına görə ölkə əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Azərbaycan hökuməti insan haqları, o cümlədən milli azlıqların müdafiəsi sahəsində bir çox nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq əlaqələrinə malikdir. Respublikamız insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulmuşdur.

M.Talıblı vurğulamışdır ki, hazırda ölkəmizdə milli azlıqların məsələləri ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai birliklər fəaliyyət göstərir. Azərbaycanda yaşayan etnik icmaların dilində 15-dən çox qəzet və jurnal nəşr olunur, milli azlıqların sıx yaşadığı 5 bölgədə yerli teleradio kanalları fəaliyyət göstərir. Ölkədə rus dilində 30-dan çox qəzet və 15 jurnal çap olunur, gündəlik radio və televiziya verilişləri yayımlanır.

Natiq demişdir ki, hazırda Azərbaycanda təlim yalnız rus dilində olan 19 və təlim yalnız gürcü dilində olan 6 orta ümumtəhsil məktəbi, 345 beynəlmiləl orta məktəb fəaliyyət göstərir.

Bildirilmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) milli azlıqların dinini, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənən və tədqiq edən bölmə yaradılmışdır. Telekanallarda, kütləvi informasiya vasitələrində milli azlıqların etnik-mədəni həyatı, etnoqrafiyası, adət-ənənələri barədə müntəzəm materiallar hazırlanır.

Müzəffər Talıblı çıxışını Prezident İlham Əliyevin bu fikirləri ilə tamamlamışdır: “Azərbaycanda bütün millətlərin və xalqların nümayəndələri vahid bir ailənin üzvləri kimi yaşayırlar. Milli azlıqların qorunması Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin ən əsas istiqamətlərindən biridir. Azərbaycanda digər xalqların və millətlərin də azad və firavan yaşaması üçün hər cür şərait yaradılmışdır və bu siyasət bundan sonra da davam etdiriləcəkdir”.

Tədbirdə Milli Məclisin deputatı Yevda Abramov “Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti Azərbaycan xalqının sərvətidir”, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdri, professor Vaqif Arzumanlı “Müstəqil Azərbaycan Respublikasında azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar (ictimai-siyasi və sosial durum)”, Milli Məclisin deputatı Mixail Zabelin “Tolerantlıq və millətlərarası həmrəylik müstəqil Azərbaycan dövlətinin əsas uğurudur” və digər mövzularda məruzələr dinlənilmişdir.

Məruzələrdə Azərbaycanda yaşayan azsaylı xalqlara göstərilən diqqət və qayğıdan geniş söz açılmışdır.

AZƏRTAC 

 

baxılıb: 352 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR