“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
06 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Şair, yazıçı və mütəfəkkirlər

Əli bəy Hüseynzadə (1864-1940)

A+ | A-

Mütəfəkkir-yazıçı, şair, maarifçi, tərcüməçi, rəssam, həkim

Görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, maarifçi, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda doğulub. Nurlu bir insan olmuşdur. İlk təhsilini mollaxanada, orta təhsilini Tiflis şəhər gimnaziyasında almışdır. Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almışdır.

1895-ci ildə İstanbulda Ali Hərbi Tibb Məktəbini bitirmişdir. 1900-cü ildən İstanbulda Ali Hərbi Tibb Məktəbində professorun köməkçisi olmuş, tibbə, siyasətə dair məqalələrlə mətbuatda çıxış etmişdir.

"İttihad və Tərəqqi" partiyasının yaradıcılarından biri olmuşdur. Ə. Hüseynzadə 1904-cü ildə Bakıya gələrək "Həyat" və "Kaspi" qəzetlərini, sonra isə "Füyuzat" jurnalını redaktə edir. "Səadət" cəmiyyəti nəzdindəki məktəbin direktoru olur. 1910-cu ildə İstanbula qayıdaraq Tibb Universitetində kafedraya rəhbərlik edir.

Ə. Hüseynzadə ədəbiyyatda romantik axına rəhbərlik etmiş, lirik şeirlər yazmış, türk milli ideyalarını təbliğ etmiş, türk xalqlarının özünüdərk səviyyəsinin yüksəlişi yolunda çalışmışdır.

Ə.Hüseynzadənin əsərlərində təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.

O, "Molla Nəsrəddin" jurnalının böyük maarifpərvər rolunu yüksək qiymətləndirmiş və burada öz rəsmləri ilə çıxış etmişdir. Onun çəkdiyi "Bibiheybət məscidi", "Şeyxülislamın portreti" əsərləri Bakıda R. Mustafayev adında Azərbaycan Dövlət Incəsənət Muzeyinin daimi eksponatıdır.

Əli bəy Hüseynzadə 1940-cı il martın 17-də İstanbulda vəfat etmiş, Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur. Salyanda abidəsi qoyulmuşdur.

* * *


Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai sorağında 

Görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin anadan olmasından 150 il ötür

“Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”.

XX əsrin əvvəllərində “Füyuzat” jurnalında yer almış bu uzaqgörən çağırış tarixin müxtəlif dövrlərində hərbi, ideoloji təzyiqlərə məruz qalan xalqımız, eləcə də türk dünyası üçün bir nicat yolu, qurtuluş düsturu idi. Müasirlərinin “Qafqaz müsəlmanlarının atası”, “Türk xalqlarına kimliyini bildirən dahi”, “Bütün türk dünyasının mücahidi”, “Türkçülüyün babası (atası)” adlandırdıqları, aktuallığını bu gün də saxlayan yuxarıda qeyd olunan fikirlərin müəllifi Əli bəy Hüseynzadə şərəfli ömrünü türk millətinin, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr etmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 21 yanvar tarixli Sərəncamında qeyd olunduğu kimi, türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi ilə Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr vermişdir.

Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyan şəhərində anadan olmuş, uşaq yaşlarından babasının - Qafqazın şeyxülislamı Axund Əhmədin himayəsi altında böyümüşdür. Tiflis gimnaziyasında, Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat, İstanbul Universitetinin hərbi tibb fakültələrində təhsil almış, türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdir.

Gənc yaşlarından ictimai-siyasi proseslərə biganə qalmayan Əli bəy Hüseynzadə Rusiya və Türkiyədə olarkən tələbə hərəkatına qoşulmuş, müxtəlif tədbirlərdə fəal iştirak etmişdir. O, 1897-1900-cu illərdə türk-yunan müharibəsində İtaliyada hərbi həkim kimi çalışmışdır. Üç ildən sonra İstanbula qayıtmış və təhsil aldığı universitetdə professor köməkçisi işləmiş, tibbə dair bir sıra əsərlər yazmışdır. Əlibəy Hüseynzadə “İttihad və tərəqqi” firqəsinin əsasını qoyanlardan və ən fəal xadimlərindən biri olmuşdur.

1904-cü ildə Bakıya qayıdan Əli bəy Hüseynzadə ictimai-siyasi işlə yanaşı, jurnalistlik fəaliyyətinə də başlamış, “Həyat” qəzetinin redaktorlarından biri, “Kaspi” qəzetinin müvəqqəti redaktoru, “Füyuzat” jurnalının isə redaktoru olmuşdur. Qeyd olunan mətbuat orqanlarında onun ictimai-siyasi hadisələrə, doğma xalqının tarixinə, mədəniyyətinə, dilinə, dininə, adət-ənənəsinə dair çoxsaylı məqalələri, həmçinin dünya ədəbiyyatından tərcümələri yer almışdır.
Əli bəy Hüseynzadənin publisistikası ictimai-siyasi və mədəni mühitə yeni nəfəs gətirmiş, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirmişdir.

Onun Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuatımızın tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni söz və mətbuat azadlığı uğrunda mübarizədir. Əli bəy Hüseynzadə bəzən azadlığı obrazlı təqdim etmiş, azad sözü “pəriyi-hürriyyət” adlandırmış, “Kuhi-Qaf və Simurq” məqaləsində azadlığı Qaf dağlarına zəncirlə bağlanmış Prometeyə bənzətmişdir.

Bakıda, eyni zamanda, pedaqoji fəaliyyətlə də məşğul olan Əli bəy Hüseynzadə yenilikçi müəllim kimi 1908-ci ildə “Səadət” Xeyriyyə Cəmiyyətinin məktəbində müdir işləmişdir. O, millətin inkişafında, mədəni yüksəlişində maarifin rolunu yüksək qiymətləndirmişdir.

Gənc Türklər İnqilabından (1908) sonra Bakıda Əli bəy Hüseynzadənin fəaliyyətinə süni əngəllər törədilmiş və o, iki il sonra Türkiyəyə qayıdaraq qısa bir müddətdə İstanbul Universitetinin professoru olmuşdur.

O, Bakıya sonuncu dəfə 1926-cı ildə I Ümumittifaq Türkoloji qurultayda iştirak etmək üçün gəlmiş, məruzə adı ilə gətirdiyi “Qərbin iki dastanında türk” əsərinin nəşrinə nail olmuşdu.

Əli bəy Hüseynzadə siyasi, fəlsəfi, ədəbi-tənqidi və estetik görüşlərində milli amili və islahatı önə çəkmiş, milli ideologiyanın irəli sürülməsinin tərəfdarı olmuşdur. Bütün fəaliyyəti boyu “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını əsas hesab etmişdir. Təsadüfi deyildir ki, bu ideologiya Azərbaycan Xalq Cümhuriyyətinin və onun varisi olan müstəqil Azərbaycan Respublikasının dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) öz əksini tapmışdır.
Görkəmli ədib Azərbaycan dilinin və ədəbiyyatının inkişafı üçün yollar axtarmış, çox qiymətli fikir və təkliflər irəli sürmüşdür. O, türk xalqları üçün ümumi ədəbi dil yaradılmasının tərəfdarı olmuşdur. Vaxtilə reallaşmayan ideya bu gün də aktuallığını itirməmişdir. Onun elmi, ədəbi-bədii irsində Bakıda işlədiyi illərdə yazdığı və mütəxəssislər tərəfindən şah əsəri hesab edilən “Siyasəti-fürusət”, eləcə də “Füyuzat” məcmuəsi xüsusi yer tutur.

Əli bəy Hüseynzadə “Molla Nəsrəddin” jurnalının nəşrini mühüm ədəbi-ictimai hadisə hesab etmiş, demokratik görüşlü şair və yazıçılarımızın ədəbi fəaliyyətlərini yüksək qiymətləndirmişdir.

Əli bəy Hüseynzadə həm də rəssam kimi şöhrət qazanmış, boyakarlığın müxtəlif janrlarında işləmiş, mənzərə, məişət mövzularında əsərlər və portretlər yaratmışdır. Onun “Bibiheybət məscidi” tablosu, “Şeyxülislam” portreti, “Azərbaycan ailəsi” və digər əsərləri həyatiliyi və bədiiliyi ilə diqqəti cəlb edir.

Böyük şəxsiyyət kimi xatirələrdə, yaddaşlarda yaşayan Əlibəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat etmişdir.

XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyinə qovuşması Əli bəy Hüseynzadə fenomenini yenidən ictimai-siyasi fikir tariximizə qaytarmışdır. Onun əsərləri, eləcə də “Füyuzat” jurnalının tam dəsti latın əlifbasında nəşr edilmişdir. Əli bəy Hüseynzadənin ictimai-siyasi, ədəbi fəaliyyətinə dair xeyli araşdırmalar aparılmış, haqqında Rəfiq Zəkanın, Şamil Vəliyevin, Azər Turanın dəyərli monoqrafiyaları nəşr edilmiş, çoxsaylı elmi, elmi-kütləvi məqalələr çap olunmuşdur. 

AzərTAc

 

baxılıb: 1578 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR