“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
10 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Tədqiqat: Azərbaycanda parlamentarizmin 100 ili - siyasi xronika və seçkilər (2005)

Birinci çağırış Milli Məclis (1995-2000). 1. Yeni Konstitusiya ilə yeni parlamentə (1995)

A+ | A-

⇔ ⇔ ⇔ 

1995-ci ilin martında Azərbaycanda meydana gələn məlum olaylar ("OMON qiyamı") həmin ilin payızına planlaşdırılan yeni parlament seçkilərinin qrafikinə də təsir göstərdi. 12-ci çağırış Ali Sovetin səlahiyyəti 1995-ci ilin sentyabrında başa çatırdı, amma növbəti seçkilərin həmin vaxta yetişməyəcəyi aydın idi. Yeni "Seçki qanunu", həmçinin gələcək parlamentin səlahiyyətləri, seçki sistemi və s. məsələlərin əks olunacağı Konstitusiya layihəsi hələ hazır deyildi.

Seçki müzakirələri isə gələcək parlamentin strukturuna dair diskussiyalarla başladı. Hakimiyyət daxilindəki bəzi qüvvələr Azərbaycanın yeni qanunverici orqanının ikipalatalı olmasını təklif edirdilər. Bu qüvvələrin başında spiker Rəsul Quliyev dururdu. O, hələ 1995-ci ilin əvvəlindən başlayaraq ikipalatalı parlament ideyasını dövriyyəyə buraxmışdı və onu aktiv müdafiə edirdi.

Bəzi ehtimallara görə, bu təşəbbüs Qarabağ danışıqlarının guya müsbət nəticələnəcəyi nəzərə alınaraq irəli sürülmüşdü. Hesab edilirdi ki, ikipalatalı parlament Qarabağ ermənilərinin siyasi iddialarının Azərbaycanın ümumi hüquqi müstəvisində təmin olunması üçün optimal bir sistem olardı. Belə ki, Dağlıq Qarabağda müstəqil parlamentə malik olacaq ermənilər, eyni zamanda, Azərbaycan parlamentinin yuxarı palatasında (Senatda) təmsilçilik ala bilərdilər.

Lakin gerçəkdə bu ideya bilavasitə R.Quliyevin özünün siyasi ambisiyaları ilə bağlı idi. Artıq o vaxt ölkə prezidenti ilə spiker arasında iplər qismən qırılma nöqtəsinə gəlmişdi, üstəlik "OMON" qiyamı zamanı R.Quliyevin və iqtidar komandasında ona yaxınlığı ilə seçilən bir sıra şəxslərin tutduğu qeyri-sabit mövqe dövlət başçısının diqqətindən yayına bilməzdi. Təsadüfi deyil ki, mart qiyamının yatırılmasından dərhal sonra prezident H.Əliyev spikerin siyasi əhatəsinə daxil olan iki şəxsi - AzTV-nin rəhbəri Babək Hüseynoğlunu və humanitar məsələlər üzrə dövlət müşaviri Qabil Hüseynlini vəzifədən azad etdi.

Bir sözlə, 1994-cü ilin oktyabrında baş nazir Surət Hüseynovun hakimiyyət zirvəsini tərk etməsindən sonra da iqtidarın yuxarı eşelonunda tam mənada vahid komanda hələ bərqərar olmamışdı mövcud deyildi və spiker R.Quliyev də bu müstəvidə müstəqil güc mərkəzi olmaq iddiasında idi. Yeni Konstitusiyada geniş səlahiyyətlərə malik olan və icra hakimiyyətini nəzarət altına ala biləcək ikipalatalı parlamentin (təbii ki, R.Quliyev özünü bu parlametin rəhbəri kimi görürdü) təsbit edilməsi niyyəti də bu motivdən qaynaqlanırdı. İkipalatalı parlament ideyası cəmiyyətin, o cümlədən müxalifət dairələrinin etirazını doğurdu. Bu ideyanın Azərbaycanı federalizmə apardığını görməmək mümkün deyildi. Nəhayət, ölkə prezidenti diskussiyalara son qoydu və konstitusiya layihəsində birpalatalı parlament institutu əks olundu.

Parlamentdə deputat yerlərinin sayı və formalaşma prinsipi də geniş diskussiyalar doğurmuşdu. Milli Məclisin 100, 150, 200 və s. deputatdan ibarət olması barədə mülahizələr vardı. Müzakirələrdən sonra ölkə rəhbərliyi 125 rəqəminin üstündə dayandı. Hərçənd hakimiyyət dairələrində Azərbaycan kimi bir ölkə üçün 125 nəfərlik deputat korpusunun çox az olduğunu vurğulayanlar da yetərincə idi. Müqayisə üçün deyək ki, o vaxt qonşu Gürcüstanda parlament 235 deputatdan, Ermənistanda isə 131 nəfərdən ibarət idi. Hərçənd deputat sayını çox olmasının mənfi tərəfləri (o cümlədən onların saxlanılması üçün əlavə büdcə vəsaitlərinin ayrılması) də kifayət qədərdir.

Yeni parlamentə seçkilərin hansı sistem üzrə keçirilməsi də geniş mübahisə doğurdu. Müxalifət deputatların yarısının, yaxud da ən azı 50 nəfərin proporsional sistem (partiya və blokların seçki siyahısı üzrə) seçilməsini tələb edirdi. Hakimiyyət isə Azərbaycan partiyalaşma prosesinin zəif olduğunu nəzərə alaraq əsasən majoritar (birmandatlı dairələr üzrə seçkilər) sistemə üstünlük verirdi. Nəticədə 125 deputatdan 100-nün majoritar, 25-nin proporsional sistem üzrə seçilməsi qərarlaşdırıldı və avqustun 12-də yeni "Seçki qanunu" qəbul edildi.

Qanuna əsasən, proporsional sistem üzrə parlamentə keçid baryeri 8 faiz nəzərdə tutulmuşdu. Müxalifət partiyaları və bir sıra beynəlxalq ekspertlər bu həddi yüksək hesab edirdilər və baryeri 5 faizə endirməyi təklif edirdilər. Qeyd etmək lazımdır ki, beynəlxalq seçki praktikasında parlamentə keçid baryerinin daha yüksək - 10 faizlik (məsələn, Türkiyədə) həddi də mövcuddur. Yeri gəlmişkən, bu məsələ 2000-ci il seçkilərində də gündəmə gəldi və nəticədə keçid baryeri 6 faizə endirildi.

Bundan əlavə, "Seçki qanunu"na əsasən, partiya və bloklar proporsional seçkilərdə iştirak etmək üçün 50 min seçici imzası toplamalı və həmin imzalar respublika üzrə seçki dairələrinin ən azı yarısını əhatə etməli idi. Majoritar sistem üzrə seçkilərdə iştirak etmək istəyənlər isə müvafiq seçki dairəsi üzrə 2 min imza toplamalı idi. Lakin partiyalar seçkiyə qatılmaq üçün öncə daha bir süzgəcdən - Ədliyyə Hazirliyinin təkrar qeydiyyat prosedurundan keçməli idi. Dövlət çevrilişi cəhdlərindən sonra hakimiyyət ölkədə fəaliyyət göstərən bütün partiya və ictimai təşkilatların yenidən qeydiyyatına başlamışdı.

Siyasi arenadakı iri partiyalar bu süzgəci ümumən normal keçdilər, hərçənd Xalq Cəbhəsi və Müsavat partiyaları ilə bağlı problemlər yaranmışdı. Daha doğrusu, AXC 1989-cu ildə ictimai təşkilat kimi qeydə alındığından, yeni qanuna görə, proporsional seçkilərdə iştirak edə bilməzdi. Bu məsələ "cəbhə"çilər arasında uzun müddət ixtilaf doğurdu və təşkilat daxilində "klassiklər" və "islahatçılar" deyilən iki qanadın yaranmasına rəvac verdi. "Klassiklər" (bu qanada Mirmahmud Fəttayev (Mirəlioğlu) başçılıq edirdi) təşkilatın əvvəlki adının qalmasında israr edirdilər, "islahatçılar" (bu qanadın lideri Əli Kərimli idi) isə "partiyalaşma"nın seçkilərdə iştirak üçün yeganə yol olduğunu bildirirdilər.

Həmin vaxt Kələkidə olan Əbülfəz Elçibəy "islahatçı"ların mövqeyini dəstəklədi və nəticədə "cəbhə"çilər qurultay keçirirək təşkilatın nizamnaməsi dəyişdilər və AXC AXCP-yə çevrildi. Müsavatla bağlı problemlər bir qədər fərqli idi. Bu partiyanın rəhbərliyində təmsil olunan bəzi şəxslərin "OMOH" qiyamı ilə əlaqəsinin olduğu bildirilirdi, onlardan biri, sabiq xarici işlər naziri Tofiq Qasımov isə sentyabr ayında konkret ittihamla həbs edildi. Bununla belə, partiya təkrar qeydiyyat prosedurunu keçdi.

Sentyabrın 2-də Ədliyyə Nazirliyi seçkiöncəsi yoxlama prosuduru başa çatdırdı və o vaxt üçün mövcud olan 41 partiyadan 31-i qeydiyyat vəsiqəsi aldı. Qeydə alınmayanlar arasında İslam, Kommunist və Demokrat partiyaları da vardı. Qeydiyyatı olan partiyalardan 18-i proporsional seçkilərdə iştirak etmək niyyətilə MSK-ya müraciət etdi. Yeri gəlmişkən, MSK-ya vaxtilə Azərbaycan SSR-in daxili işlər naziri olmuş və 1992-ci ildən etibarən ölkədəki bütün seçkiləri yola vermiş Cəfər Vəliyev başçılıq edirdi. 

Proporsional sistem üzrə əsas rəqabət hakim Yeni Azərbaycan Partiyası ilə müxalifətin üç əsas partiyası AXCP, Müsavat və AMİP arasında gözlənilirdi. Bəzi müşahidəçilər müxalifətin vahid blokda birləşəcəyini güman etsə də, bu, baş vermədi. AMİP birmənalı olaraq seçkilərə təkbaşına qatılacağını bildirdi. O vaxt "Demkonqres" adlı məşvərət blokunda birləşən AXCP və Müsavatın (onlardan savayı daha bir neçə "cırtdan" partiya bu formata daxil idi) vahid proporsional siyahı üzrə müzakirələri də nəticəsiz qaldı. Əsas fikir ayrılığı isə 25 nəfərlik siyahıya kimin - İ.Qəmbər, yoxsa Ə.Kərimlinin (AXCP sədri Ə.Elçibəy seçkilərdə iştirak etmirdi) başçılıq etməsi ilə bağlı idi. Həticədə onlar da seçkiyə ayrılıqda getmək qərarına gəldilər.

Eyni zamanda, həm AXCP, həm də Müsavat "Demkonqres"dəki satelitlərini ətrafına toplamaqla bu qurumu da iflasa uğratdılar. Çağdaş Turan, Yurddaş, Milli Demokrat, Xalq Azadlıq partiyalarının sədrləri AXCP-nin siyahısında yer aldılar, Müsavat isə öz müttəfiqlərini, Ana Torpaq və Doğru Yol (vaxtilə Tamerlan Qarayevin qurduğu partiyaya Rasim Musabəyov başçılıq edirdi) özünə birləşdirdi.

Oktyabrın 19-da MSK partiyaların təqdim etdikləri imza vərəqələrinin təftişini başa çatdırdı və məlum oldu ki, 18 partiyadan yalnız 8-i seçkilərə buraxılıb, qalanlar isə seçici imzalarının saxta olması səbəbilə bu hüquqdan məhrum edilib. Seçkidən kənarda qalanlar arasında Müsavat, Sosial Demokrat və s. partiyalar vardı. Müsavat MSK-nın qərarından Ali Məhkəməyə şikayət etsə də, bu instansiya onun iddiasını təmin etmədi. Qeyd etmək lazımdır ki, müxalifət partiyaları bütün kampaniya boyu proporsional seçkilərə həddən artıq diqqət ayırmışdı, parlamentin böyük əksəriyyətini formalaşdıracaq majoritar seçkilər bir növ hakimiyyətin öhdəsinə buraxılmışdı.

Proporsional sistem üzrə seçkiyə bu partiyalar buraxılmışdı: YAP, AXCP, AMİP, Ana Vətən (Fəzail Ağamalı), Azərbaycan Haminə Alyans (Abutalıb Səmədov), Demokratik İstiqlal (Vaqif Kərimov), Demokratik Sahibkarlar (Mahmud Məmmədov) və Milli Dövlətçilik (Hemət Pənahlı) partiyaları.

Hakim partiyanın siyahısına YAP sədrinin müavini, akademik Ziya Bünyadov başçılıq edirdi. İlk üçlükdə YAP sədrinin digər müavinləri Murtuz Ələsgərov və Əli Hağıyev də yer almışdı. YAP sədrinin digər iki müavini - Sirus Təbrizli və Rəfael Allahverdiyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev birmandatlı dairələrdən namizədliyini irəli sürmüşdü. Ümumiyyətlə, hakimiyyətin yüksək vəzifəli təmsilçilərinin əksəriyyəti ( o cümlədən spiker R.Quliyev) seçkiyə majoritar qaydada qatılmışdı. ARDHŞ-in birinci vitse-prezidenti İlham Əliyev 14 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizəd idi.

Maraqlıdır ki, seçkiyə prororsional sistem üzrə gedən partiyaların əksəriyyətinin (ilk üç partiya istisna olmaqla) sədrləri də namizədliklərini majoritar sistem üzrə irəli sürmüşdülər. Bu fakt həmin partiyaların proporsional seçkidə sadəcə "maraq naminə" iştirak etdiyini göstərirdi.

Onlardan biri, AMDP sədri N.Pənahlı isə seçki kampaniyasında məşhur "siyahı qalmaqalı" ilə yadda qaldı. H.Əliyev hakimiyyətə gələndən sonra "maraqlı" bir vəzifə - "ərazi idarəetmə məsələləri üzrə dövlət müşavirinin müşaviri" vəzifəsini alan N.Pənahlı oktyabrda gözlənilmədən postundan istefa verdi və seçkiyə iki həftə qalmış gələcək deputat korpusu ilə bağlı Prezident Aparatında hazırlanmış siyahını mətbuata açıqladı.

Hadisə geniş rezonans doğurdu, müxalifət bu faktı seçkilərin nəticələrinin əvvəlcədən saxtalaşdırılmasının göstəricisi kimi qiymətləndirdi. Öz növbəsində iqtidar rəsmiləri bəyan etdilər ki, hakimiyyətin gələcək parlamentdə görmək istədiyi şəxslərin təxmini siyahısını tərtib etməsində qeyri-adi heç nə yoxdur, çünki müxalifət də özü üçün belə nəzəri siyahılar tərtib edir. Yeri gəlmişkən, seçkilərdən sonra məlum oldu ki, N.Pənahlının "siyahısı" təxminən 80 faiz təsdiqini tapıb.

Nəhayət, noyabrın 12-də Milli Məclisə seçkilər və Azərbaycanın yeni Konstitusiyası üzrə referendum keçirildi. MSK-nın elan etdiyi rəsmi nəticələrə görə, səsvermədə ölkə üzrə seçicilərin 86 faizi (3,5 milyon nəfər) iştirak etmişdi. Əhalinin 92 faizi Konstitusiya layihəsini dəstəkləmişdi.

Seçkilərə gəldikdə isə, proporsional sistem üzrə yerlərin əksəriyyətini YAP əldə etdi - 62,7 faiz səs və 19 deputat yeri. AXCP (9,7 faiz) və AMİP (9,3 faiz) hərəyə 3 mandat qazandılar. Majoritar sistem üzrə isə 99 dairədən (42 saylı Xankəndi dairəsi üzrə seçki keçirilmirdi) 71-də qaliblər birinci turda məlum oldu. 20 dairədə ikinci tur (noyabrın 26-da), 8 dairədə isə yeni seçkilər (1996-cı il fevralın 6-da) keçirilməli idi.

Beləliklə, 12 noyabr səsverməsindən sonra 96 deputatın adı məlum idi. Noyabrın 24-də prezident Heydər Əliyevin iştirakı ilə yeni MM-ni ilk iclası keçirildi...

 

baxılıb: 894 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR