“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
06 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Tədqiqat: Azərbaycanda parlamentarizmin 100 ili - siyasi xronika və seçkilər (2005)

Üçüncü çağırış Milli Məclisə seçkilər (2005). 5. Seçkilərin yekunu (dekabr 2005)

A+ | A-

⇔ ⇔ ⇔ 

Dekabrın 1-də Konstitusiya Məhkəməsi (KM) Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq üçüncü çağırış Milli Məclisə seçkilərin nəticələrini müzakirə edərək yekun qərarını elan etdi. KM-nin sədri Fərhad Abdullayevin və yeddi hakimin iştirakı ilə elan edilən qərarda nəzərə çatdırılır ki, MSK-nın quruma təqdim etdiyi yekun protokolu 15 üzvdən 13-ü imzalayıb, iki nəfər (VHP-dən Ənvər Əliyev və AXCP-dən Mənsum Bayramov) sənədə imza atmayaraq seçkilərin nəticələrinə dair xüsusi rəylə çıxış ediblər.

Maraqlıdır ki, noyabrın 23-də MSK-nın yekun protokolu ilə bağlı səsvermə zamanı qurumun müxalifətdən olan 4 üzvü sənədi imzalamaqdan imtina etmişdi. Lakin sonradan MSK-nın Müsavat və AMİP-dən olan üzvləri Vidadi Mahmudlu (MSK-nın iki katibindən biri) və Arzuxan Əlizadə sənədi imzalayıblar. KM-nin qərarında həmçinin Apellyasiya Məhkəməsi, Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Respublika Prokurorluğundan seçki qanunvericiliyinin pozulması ilə bağlı şikayətlərin araşdırılması barədə məlumatlar da əksini tapıb.

Belə ki, Apellyasiya Məhkəməsi seçkilərlə bağlı 71, o cümlədən MSK-nın yekun qərarından şikayətlə bağlı 57 müraciəti (onların hamısı əsassız sayılaraq rədd edilib), Ali Məhkəmə isə 38 şikayəti (heç biri təmin edilməyib) nəzərdən keçirərək müvafiq qərarlar qəbul edib. Bundan əlavə, Ədliyyə Nazirliyinin məlumatına görə, seçkilərlə əlaqədar rayon (şəhər) məhkəmələri seçicilərin seçki siyahısına daxil olunması ilə bağlı 20117 müraciətə baxaraq onlardan 20105-ni təmin edib, yalnız 12 ərizə rədd olunub. Seçkilərdə baş vermiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa 72 müraciət daxil olub və araşdırma nəticəsində 11 cinayət işi, o cümlədən, seçiciləri ələ almaq məqsədi ilə müəyyən hərəkətlərə yol verdiklərinə görə 7 namizəd və seçki sənədlərini saxtalaşdırdıqlarına görə 4 DSK-nın sədri və üzvləri barəsində cinayət işi açılıb.

Bütün bu məlumatları nəzərdən keçirən KM belə qərara gəlib ki, MSK tərəfindən təsdiq olunmaq üçün təqdim olunmuş 121 dairə üzrə protokollardan 115-i Seçki Məcəlləsinə uyğundur, 6 dairə üzrə isə protokollar qanunvericiliyin tələblərinə cavab vermir. Beləliklə, KM 31 saylı Suraxanı ikinci (bu dairədən AXCP sədri Əli Kərimli ("Azadlıq" bloku) qalib elan edilmişdi), 44 saylı Sumqayıt-Abşeron (YAP-çı namizəd Tofiq Hüseynli qalib elan edilmişdi), 69 saylı Cəlilabad-Masallı-Biləsuvar ("Azadlıq" blokunda Qulamhüseyn Əlibəyli (AXCP) qalib elan edilmişdi), 103 saylı Gədəbəy (bitərəf namizəd Fəxrəddin Qəmbərovin qalib gəldiyi bildirilmişdi), 106 saylı Tovuz-Qazax-Ağstafa (bitərəf namizəd İlqar Qılıcovun birinciliyi elan edilmişdi) və 119 saylı Ağdam kənd (YAP təmsilçisi Bəxtiyar Sadıqovun qalib gəldiyi bildirilmişdi) seçki dairəsi üzrə nəticələri təsdiq etmədi və 115 dairə üzrə deputatların seçildiyini elan etdi.

Xatırladaq ki, bundan öncə MSK 4 dairədə (9 saylı Binəqədi ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci və 110 saylı Zaqatala dairələrində (ilkin nəticələrə görə, bu dairələrdə YAP təmsilçilərinin qalib gəldiyi elan edilmişdi) nəticələri ləğv etmişdi. Beləliklə, nəticəsi ləğv edilən seçki dairələrinin sayı 10-a çatdı. Qanunvericiliyə əsasən, həmin dairələrdə 3 ay müddətində yeni seçkilər keçirilməlidir. Yeri gəlmişkən, bundan öncəki parlament seçkilərində (2000-ci il 5 noyabr) 124 dairədən 113-ü üzrə nəticələr təsdiqlənmiş, 4 dairə üzrə seçkilərin nəticələri MSK tərəfindən, 7 dairə üzrə isə KM tərəfindən ləğv olunmuşdu.

Azərbaycan qanunvericiliyinə görə, KM-nin qərarı son instansiya sayılır və heç bir orqan tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. Bununla belə, bu qərardan narazı qalan tərəf ondan artıq beynəlxalq instansiyaya - Avropa İnsan Haqları Məhkəməsinə şikayət verə bilər. Eyni zamanda, qeyd etmək lazımdır ki, hələlik Azərbaycandakı seçki praktikasında belə bir presedent qeydə alınmayıb.

Öncəki seçkilərdə olduğu kimi, üçüncü çağırış Milli Məclisə seçkilərin nəticələri müxalifət düşərgəsində böyük narazılıqla qarşılandı. Hərçənd bu düşərgənin yekcins olmadığını nəzərə alaraq qeyd etməliyik ki, bu narazılıq iki istiqamətdə özünü göstərir. Bir sıra müxalifət partiyaları (Vətəndaş Həmrəyliyi, "Ümid", Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar və Vətəndaş Birliyi partiyaları) seçkilərin nəticələri ilə tam qane olmasalar da, əldə etdikləri mandatları diqqətə alaraq narazılıqlarını kəskin şəkildə ifadə etmirdilər. Bu sıraya parlamentdə 2 yer əldə etmiş "Yeni siyasət" blokunu da aid etmək olardı.

Ümumiyyətlə, 6 noyabr seçkilərində iştirak məqsədilə yaradılmış bu blok öncədən də eklektik xarakter daşıyırdı və artıq onun fəaliyyətinə son verildiyini qeyd etmək olardı. "Yeni siyasət"dən yalnız bir partiya - AMİP seçkilərin nəticələrinə kəskin etiraz edirdi.

Seçkilərin narazılıq ifadə edən müxalifət qüvvələrinin önündə isə "Azadlıq" (AXCP, ADP, Müsavat) gedir. Məhz bu blok 6 noyabrdan sonrakı etiraz aksiyalarının əsas təşkilatçısı olub. Eyni zamanda, etiraz aksiyalarında yuxarıda adı çəkilən AMİP və Liberal Partiyası (baxmayaraq ki, onun namizədliyini irəli sürdüyü Lalə Şövkət deputat mandatı əldə edib), həmçinin seçkilərdə fəal olaraq təmsil edilməmiş bir sıra qüvvələr (məsələn, İsgəndər Həmidovun Milli Demokrat Partiyası) da iştirak edir. Lakin qeyd etmək lazımdır ki, müxalifətin 26 noyabr aksiyasında baş verən olaylar (müxalifətin sanksiyalaşdırılmış mitinqi fasiləsiz aksiyalara çevirmək cəhdinin polis tərəfindən alınması və meydana gələn toqquşma) sonra bu düşərgənin etiraz dalğasının tədricən zəifləyəcəyini gözləmək olardı və belə də oldu.

Eyni zamanda, hakimiyyət də bundan sonra radikal müxalifətlə adekvat şəkildə, yəni sərt davranacağını nümayiş etdirməyə başladı. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti müxalifətin dekabrın 3-nə və dekabrın 10-na təyin etdiyi mitinqlərə yalnız şəhərin kənarında (Motodromda) icazə verdi. Bu qərara etiraz edən müxalifət liderləri, eyni zamanda, qarşıdurmaya getməkdən çəkinərək, sadəcə, mitinqi təxirə saldılar.

Ümumiyyətlə, KM-nin seçkilərin nəticələrinə dair yekun qərarından sonra ölkədə siyasi gərginlik tədricən səngiyməyə başladı. Baxmayaraq ki, müxalifətin radikal qismi bunun əksini iddia edir, amma gerçək ondan ibarətdir ki, müxalifət bu seçkini də uduzub və artıq növbəti seçkilər barədə düşünmək lazımdır. Müxalifətin radikal hissəsinin parlamentin fəaliyyətini boykot etmək barədə bəyanatlarının da ciddi effekt verəcəyini gözləməyə dəyməz.

Yeri gəlmişkən, boykot addımına daha çox üstünlük verən "Azadlıq" bloku KM-nin məlum qərarından sonra parlamentdə, daha öncə nəzərdə tutulduğu kimi, 8 deyil, 6 deputat yerinə malik olacaq. 2000-ci il seçkilərinin təcrübəsini nəzərə alsaq qeyd etmək olar ki, bu dəfə də parlamenti boykot etmək qərarına blok təmsilçilərinin heç də hamısı əməl etməyəcək. Hələliksə deputat mandatından imtina etmək barədə qərarını açıq şəkildə yalnız bir müxalifətçi - Lalə Şövkət bəyan edib.

KM-nin 115 dairə üzrə seçkilərin nəticələrini təsdiq etməsindən sonra yeni parlamentin fəaliyyətə başlaması üçün artıq heç bir hüquqi prosedur qalmamışdı (Konstitusiyaya görə, qanunverici orqanın işə başlaması üçün 125 deputatdan 83-nün (üçdə ikisinin) seçilməsi yetərlidir).

2005-ci il dekabrın 2-də üçüncü çağırış Milli Məclisin ilk iclası keçirildi. İclasda deputat mandatı təsdiqlənmiş 115 nəfərdən 106-sı iştirak edirdi. Prezident İlham Əliyevin iştirak etdiyi ilk iclas, gözlənildiyi kimi, təşkilati məsələyə həsr olunmuşdu.

Öncə yeni deputat korpusu qarşısında çıxış edən dövlət başçısı artıq səlahiyyət müddəti başa çatmış ikinci çağırış Milli Məclisin işindən razılığını bildirdi, ötən parlamentin ölkənin müasir qanunvericiliyinin təşəkkülünə təkan vermiş bir sıra mütərəqqi qanunlar qəbul etdiyini vurğuladı. 6 noyabr seçkilərinə toxunan prezident ölkə rəhbərliyinin seçkilərin demokratik və şəffaf keçirilməsi üçün mümkün olan hər şeyi etdiyini, eyni zamanda, seçkilərdə bir sıra qanun pozuntularının aşkarlandığını və onların aradan qaldırılması üçün tədbirlər görüldüyünü nəzərə çatdırdı.

Sonra yeni parlamentin rəhbər strukturlarına seçkilər keçirildi. Qeyd etmək lazımdır ki, seçkilərdən sonra parlamentin yeni sədarəti barədə müxtəlif fərziyyələr səslənsə də, ümumi fikir ondan ibarət idi ki, 1996-cı ildən Milli Məclisin sədri olmuş 78 yaşlı Murtuz Ələsgərov üçüncü dəfə spiker vəzifəsinə seçilməyəcək və bu post nisbətən cavan şəxsə həvalə ediləcək. Bununla yanaşı, üçüncü çağırış Milli Məclisin ilk iclasına sədrlik etmək elə keçmiş spikerə qismət oldu, çünki reqlamentə görə, yeni parlamentin ilk iclasını deputat korpusundan ən qocaman üzvü aparmalıdır.

Yeni spiker vəzifəsinə təqdimatı da elə M.Ələsgərov səsləndirdi. O, parlamentdə ən çox deputat yeri qazanmış hakim partiyanın bu vəzifəyə 45 saylı Abşeron seçki dairəsindən deputat Oktay Əsədovun namizədliyini təklif etdiyini bildirdi. Həzərə çatdıraq ki, parlamentin yeni sədri ilə bağlı mülahizələrdə bu şəxsin adı, demək olar ki, hallanmamışdı və yalnız son anda bu barədə informasiya kütləvi informasiya vasitələrinə sızmışdı.

Gizli səsvermə nəticəsində Oktay Əsədov 105 səs "lehinə", 1 "əleyhinə" olmaqla Milli Məclisin yeni spikeri seçilib. Qeyd edək ki, O.Əsədov ikinci çağırış Milli Məclisin üzvü olsa da (2000-ci il seçkilərində 21 saylı Binəqədi birinci seçki dairəsindən deputat seçilmişdi), indiyədək parlamentin rəhbər strukturlarında təmsil olunmamışdı. Ötən parlamentdə Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvü idi. Eyni zamanda, "Azərsu" Səhmdar Cəmiyyətinin sədri idi. Mövcud qanunvericilik millət vəkilinin bu vəzifədə qalmasını mümkün etsə də, spiker vəzifəsini tutandan sonra O.Əsədov həmin iş yeri ilə vidalaşmalı oldu. Həzərə çatdıraq ki, O.Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. YAP Siyasi Şurasının üzvüdür. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.

Spikerin ardınca onun müavinləri də seçilib. Ötən parlamentin rəhbərliyindən yalnız bir nəfər - Ziyafət Əsgərov sədarətdəki yerini saxlayıb. Üstəlik ötən parlamentdə vitse-spiker olan Z.Əsgərov bu dəfə birinci vitse-spiker vəzifəsinə seçilib. Onun lehinə 98 deputat, əleyhinə isə 2 nəfər səs verib, daha 2 nəfər bitərəf qalıb.

Digər iki vitse-spiker vəzifələrinə hakim partiyanın daha bir təmsilçisi, YAP-ın icraçı katibinin müavini Bahar Muradova (84 saylı Füzuli seçki dairəsindən deputat seçilib) və bitərəf deputatların nümayəndəsi Valeh Ələsgərov (102 saylı Samux-Şəmkir dairəsindən deputat) seçiliblər. B.Muradova 99 "lehinə", 4 "əleyhinə", 1 "bitərəf" olmaqla, V.Ələsgərov isə 101 "lehinə", 1 "əleyhinə", 4 "bitərəf" olaraq seçiliblər. Qeyd edək ki, B.Muradova ötən parlamentin üzvü olub, V.Ələsgərov isə ilk dəfə parlamentə seçilib, bundan öncə ARDNŞ-in xarici investisiyalar idarəsinin rəisi işləyib.

Yeni sədarət seçiləndən sonra parlamentin daimi komissiyalarının rəhbərlərinin seçkisi keçirildi. Birinci vitse-spiker Ziyafət Əsgərov eyni zamanda Təhlükəsizlik və hərbi məsələlər daimi komissiyasının, vitse-spiker Valeh Ələsgərov isə eyni zamanda Ekologiya və energetika daimi komissiyasının sədri seçildilər. Bundan əlavə, Əli Hüseynov Dövlət quruculuğu və hüquq siyasəti komissiyasının, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, keçmiş birinci vitse-spiker Arif Rəhimzadə Regional məsələlər, Eldar İbrahimov Aqrar siyasət, Şəmsəddin Hacıyev Təhsil və elm, Ziyad Səmədzadə İqtisadi siyasət, Rəbiyət Aslanova İnsan hüquqları, Hadı Rəcəbli Sosial siyasət, Hizami Cəfərov isə Mədəniyyət daimi komissiyasının sədri seçildilər...

 

baxılıb: 1102 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR