“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
09 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Məqalələr (2005-2006)

Narıncı illüziya (2005)

A+ | A-

Ukraynada cərəyan edən proseslərdən kimlər hansı nəticəni çıxarmalıdır?

⇔ ⇔ ⇔ 

2004-cü ilin sonunda baş vermiş "narıncı inqilab"dan sonra Ukrayna yenidən dünyanın diqqət mərkəzindədir. Düzdür, hazırda bu ölkədə yaşanan siyasi böhran beynəlxalq maraq nöqteyi-nəzərindən 9-10 ay öncə cərəyan edən hadisələrlə müqayisəyə gələ bilməz. Amma Ukraynadakı bugünkü vəziyyət məntiq etibarilə "narıncı inqilab"ın bir nəticəsi olduğu üçün ona məxsusi diqqət də təbii sayılmalıdır. Bu gün dünya, sadəcə, Ukrayna inqilabının "övladlarının" bir-biri ilə mübarizəsini deyil, geniş mənada "məxməri inqilab" anlayışının mahiyyətini və onun doğurduğu fəsadları müşahidə etməkdədir.

Məhz bu səbəbdən son günlər Ukraynada meydana gələn hakimiyyət böhranı zaman-zaman dünyanın müxtəlif yerlərində baş verən analoji hadisələrdən fərqli prizmada nəzərdən keçirilir. O cümlədən prezident Viktor Yuşşenkonun baş nazir Yuliya Timoşenkonun hökumət kabinetini istefaya göndərməsi də siyasi analitiklər üçün sıradan bir olay deyil.

Ukraynada meydana gələn hadisələrin məntiqini tapmaq üçün isə mütləq geriyə, elə "narıncı inqilab"ın doğulduğu meydana qayıdıb ondan sonra cərəyan edən xronikanı izləmək lazımdır. Çünki 2004-cü ilin noyabr-dekabrında Kiyevdəki "Müstəqillik" meydanında yanaşı dayanaraq "narıncı inqilab"ın rəhbərliyinin monolitliyini nümayiş etdirən liderlərin indi siyasi mübarizədə barrikadanın əks tərəflərində yer alması təsadüfən baş verməyib.

Əksinə, həmin olaylarda siyasi yönündən və fəaliyyət spektrindən asılı olmayaraq ən müxtəlif qüvvələr - Qərbpərəst mötədil Viktor Yuşşenko, millətçi-populist Yuliya Timoşenko, onların satellitləri olan marjinal qruplar, daha sonra bu koalisiyaya qoşulmuş Ali Radanın sədri, mərkəzçi təmayüllü Vladimir Litvin, prezident seçkilərinin üçüncü tur səsverməsi ərəfəsində qüvvələr nisbətinin narıncıya doğru dəyişdiyini görərək inqilab düşərgəsinə qoşulan sosialistlər, sosial-demokratlar və başqaları bir araya gələndə prinsipcə aydın idi ki, bu qarmaqarışıq spektr müəyyən zaman kəsiyindən sonra müxtəlif və hətta ziddiyyətli çalarlara ayrılacaq. Çünki o vaxt həmin qüvvələri birləşdirən bir formal məqsəd vardısa (Leonid Kuçma hakimiyyətinin Viktor Yanukoviç iqtidarı ilə davam etməsinə imkan verməmək), bu məqsədə nail olandan sonra onların hər birinin fərqli, korporativ maraqlarının önə çıxacağı gözlənilən idi.

Ən azı ona görə ki, həmin olaylarda inqilab tonqalına odun atmış hər kəs yeni hakimiyyətdən bunun əvəzini, başqa sözlə, yeni səlahiyyət və varidat bölgüsündə öz payını tələb edəcəkdi. İnqilablardan sonra baş verən bu cür pay bölgüləri isə gec-tez maraqların toqquşması və dünənki müttəfiqlərin bir-birinə rəqib, hətta düşmən kəsilməsi ilə nəticələnir.

Ukraynada baş verən son olaylar göstərir ki, bu ölkədə inqilab övladlarının birgəyaşayışı yalnız doqquz ay sürdü və o şey ki olmalı idi, o da baş verdi. Məlumdur ki, xanım Timoşenkonun bu ilin yanvarında baş nazir postuna təyin edilməsi prezident Yuşşenkonun ətrafında birmənalı reaksiya doğurmamışdı. Prezidentin yaxın adamı, "narıncı inqilab"ın təşkilati yükünü çəkənlərdən biri olmuş və hakimiyyət bölgüsündə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi postuna (prezident və baş nazirdən sonra üçüncü mühüm vəzifə) yiyələnmiş Pyotr Poroşenko bu təyinatın açıq əleyhdarı idi. Sonrakı dövrdə hakimiyyət daxilində ixtilaf və parçalanmanın başlıca fiqurlarları da məhz bu iki şəxs oldu. Faktiki olaraq ötən müddətdə Ukraynada iki hökumət kabineti mövcud olub - onlardan birinə Timoşenko, digərinə isə Poroşenko başçılıq edib. Bu şəxslərin ətrafında təmərküzləşən biznes strukturların ölüm-dirim mübarizəsi isə Ukraynanın inqilab nəticəsində onsuz da dəngəsi pozulmuş iqtisadiyyatını böhran həddinə gətirdi. İnqilabın "yetirmələri" olan yeni oliqarxlar Kuçma dövrünün oliqarxlarının varidatını bölüşdürmək üstündə bir-birini qırmağa hazır idilər.

Lakin inqilabın fəsadları təkcə yuxarılarda cərəyan etmirdi. Ukraynadakı narıncı hakimiyyət dəyişikliyindən sonra ölkə üzrə müxtəlif idarəetmə mərtəbələri üzrə 20 minə yaxın vəzifəyə yeni təyinatlar olmuşdu, faktiki olaraq vilayət qubernatorundan qəsəbə və kəndlərdəki icra nümayəndələrinə və JEK müdirlərinədək bütün icra strukturu yenilənmişdi. Bu irili-xırdalı postlar isə təkcə Yuşşenkonun "Bizim Ukrayna" partiyasının və Timoşenkonun "Batkovşina" birliyinin yerli fəalları arasında deyil, inqilab koalisiyasının yuxarıda qeyd etdiyimiz digər qüvvələri arasında da bölüşdürülmüşdü və "narıncı" koalisiyada bu bölgüdən narazı qalanlar da kifayət qədər idi. Onların mübarizəsi isə artıq yerlərdə "əks-səda" doğururdu. Əhali gördü ki, inqilabdan sonra nəinki onlara vəd olunan sosial-iqtisadi irəliləyiş və islahatlar başlanmayıb, əksinə, vəziyyət daha da ağırlaşıb, real gəlirlər azalıb, inflyasiya daha da güclənib.

Ötən doqquz ayda ölkənin makroiqtisadi vəziyyəti xüsusilə ağırlaşdı. 2005-ci ilin yarım ilinin yekunlarına görə, iqtisadi artımda ciddi geriləmə müşahidə olundu, "narıncı" hakimiyyətin Kuçma dönəmində həyata keçirilmiş iri özəlləşdirməni təftiş etməyə başlaması isə xarici sərmayədarların gözünü qorxutdu, ölkə investisiyaların cəlb edilməsinə görə, Şərqi Avropada sonuncu yerlərdə qərar tutdu. Ukraynada "narıncı" dəyişikliyə dəstək vermiş Qərb dairələrində də pessimist rəylər formalaşmağa başlamışdı.

Bu ilin iyununda Beynəlxalq Davos İqtisadi Forumunun himayəsi altında Kiyevdə "Ukrayna mini-Davosu"nun keçirilməsi Yuşşenko iqtidarına müəyyən dəstək nümayiş idi. Lakin bu forumdan da gözləntilər özünü doğrultmadı. Qərbdə belə bir qənaət vardı ki, Ukrayna rəhbərliyinə yeni, liberal düşüncəli liderlərin gəlişi ölkədə tezliklə iqtisadi bumun başlanmasına təkan olacaq. Amma indiyədək yeni hakimiyyət nəinki köklü iqtisadi islahatlara başlaya bilməyib, üstəlik olan-qalan iqtisadi resurslar da tükənməkdədir.

Yeri gəlmişkən, Ukraynanın yeni hakimiyyəti barədə ilk pessimist fikirlərini bu ilin iyulunda ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt ifadə etmişdi. "Harıncı inqilab"ı dəstəkləyənlərdən biri olmuş xanım Olbrayt Çexiyanın "Praqa-Fronta" qəzetinə verdiyi müsahibədə etiraf etmişdi ki, Ukraynada gedən proseslər onda narahatlıq doğurur. İnqilabdan sonra gözlənilən iqtisadi islahatların başlanmaması, əhalinin sosial vəziyyətinin əvvəlki dövrə nisbətən ağırlaşmasını qeyd edən xanım Olbrayt bu xüsusda Ukraynanı Venesuela ilə müqayisə etmişdi. Onun sözlərinə görə, bir neçə il öncə bu Cənubi Amerika ölkəsində də demokratiyanın ab-havası görünməyə başlamışdı, lakin siyasi bəyanatların real iqtisadi addımlarla müşayiət olunmaması həmin ölkənin əhalisində böyük ümidsizlik yaratdı və nəticədə Venesuelada Uqo Çavesin diktaturası bərqərar oldu. Olbraytın fikrincə, hər bir seçici və vətəndaş üçün səslənən siyasi bəyanat və çıxışlardan daha önəmli olanı onun maddi təminatıdır. "Bəlkə də məni marksizmdə ittiham edərlər, amma bu bir gerçəkdir ki, insanlar bu və ya digər şəxsə səs verərkən ilk növbədə onun bəlağətli siyasi bəyanatları barədə deyil, həmin şəxsin onları necə dolandıracağı barədə düşünürlər", - deyə o vurğulamışdı.

Elə həmin iyulda "narıncı" hakimiyyət daxilindəki mübarizəyə yeni vektor - Ali Radanın sədri Litvinlə hökumət arasında ixtilaf əlavə olundu. Spiker Ali Rada deputatlarının bir qisminin eyni zamanda həm müxtəlif icra strukturlarında vəzifə tutmasına, həm də biznes fəaliyyətlə məşğul olmasına qarşı çıxdı, baş nazir Timoşenko isə spikeri islahatlar üçün vacib olan qanunları gecikdirməkdə və rəhbərlik etdiyi Xalq Partiyasının piarı ilə məşğul olmaqda ittiham etdi. Ümumiyyətlə, ötən aylar ərzində Ukraynanın hakimiyyət koalisiyasında yer alan bütün qüvvələr hər şeydən çox özlərinin siyasi piar kampaniyasına diqqət yetiriblər. Təsadüfi deyil ki, bunu prezident Yuşşenko da açıq etiraf edir.

Bu piar kampaniyası isə gələn ilin martında keçiriləcək parlament seçkilərinə hesablanıb. İndi heç kimdə şühbə doğurmur ki, Ali Radaya seçkilər dünənəcən yanaşı dayanmış liderlərin amansız mübarizəsinə meydan olacaq. Çünki 2006-cı il yanvarın 1-dən Ukraynada konstitusioan dəyişikliklər paketi qüvvəyə minməlidir və həmin dəyişikliklərə əsasən, prezidentin səlahiyyətlərinin bir qismi, o cümlədən hökumətin təşkili parlamentə keçəcək. Ali Radaya seçkilərdə uğur qazanmış qüvvə (yaxud qüvvələr) təkcə qanunverici orqanda üstünlüyə malik olmayacaq, həmçinin yeni hökuməti formalaşdıracaq. Təsadüfi deyil ki, xanım Timoşenko istefadan sonra verdiyi ilk bəyanatda özünün başlıca məqsədinin Ali Radaya seçkilərdə qalib gəlib yenidən, özü də bu dəfə prezident Yuşşenkonun iradəsinin əleyhinə olaraq, baş nazir postuna qayıtmaq olduğunu bildirib. Timoşenko bu mübarizədə dünənki siyasi rəqibləri ilə ittifaqa da hazır olduğunu bildirib. Artıq icmalçılar "Batkovşina" partiyası ilə ötənilki narıncı inqilabın qurbanı olmuş Viktor Yanukoviçin "Ukraynanın regionları" partiyası arasında siyasi müttəfiqliyi mümkün sayırlar.

Eyni zamanda, Yuşşenko da Ali Radaya seçkilərdə öz partiyasının qələbəsi üçün dünənki rəqibləri ilə yandırılmış körpüləri bərpa etməyə hazır görünür. Bu xüsusda onun hökumət başçısı vəzifəsinə Kuçmanın yerlisi və yaxın dostu, Dnepropetrovk vilayətinin qubernatoru Yuri Yexanurovu təyin etməsi heç də təsadüfi fakt sayılmır. O da bəllidir ki, Yexanurov daha çox texniki premyer olacaq və parlament seçkilərinədək qalan müddətdə hökumətdə nisbi sabitliyi təmin etməlidir.

Amma qarşıdakı altı ayın Ukrayna üçün necə keçəcəyi və Timoşenkonun elan etdiyi ikinci, "əsl narıncı inqilab"ın ölkəyə nə gətirəcəyi böyük suallar doğurur. Çünki Ukrayna xalqı birinci "narıncı inqilab"ın "dadını" artıq görüb və ikincinin də miqyasını təxmin edə bilər. Dünənki inqilab liderlərinin bu gün bir-birinə düşmən kəsilməsi və yeni siyasi ambisiyalar naminə istənilən qüvvə ilə, hətta korrupsiyada, Ukraynanı bir dövlət olaraq iflasa gətirməkdə ittiham etdikləri dünənki rəqibləri belə ittifaqa hazır olmaları bir daha sübut edir ki, bütün inqilablar kimi, rəngli inqilabların da əsas məsələsi hakimiyyətdir.

Ukrayna təcrübəsi həm də onu göstərir ki, inqilab liderləri hakimiyyət naminə nəinki onları meydanlarda gecə-gündüz dəstəkləyən minlərlə sıravi seçicinin maraqlarının, həmçinin dünənəcən bir-birinə sadiqliyə and içdikləri müttəfiqlərinin də üzərindən adlamağa hazırdırlar. Bu baxımdan Ukraynada cərəyan edən proseslərdən təkcə ukraynalılar nəticə çıxarmamalıdır...

Vüqar Orxan

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu 

“525-ci qəzet», 12 sentyabr 2005-ci il

 

 

baxılıb: 1001 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR