“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
10 Avqust 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Məqalələr (2005-2006)

Böyük pullar mənəviyyatı pozduqda təhlükəyə çevrilir (2006)

A+ | A-

Demokratiyanın mühüm nailiyyətlərindən biri ondan ibarətdir ki, o, insanlara öz nadanlıqlarını nümayiş etdirməyə imkan verir.

⇔ ⇔ ⇔ 

Bizi yaxalamaqda olan iqtisadi problemlərin mahiyyətini başa düşmək üçün məsələyə deduktiv yanaşmaq lazımdır. Necə deyərlər, əgər uzun müddət ürək bulanmasından əziyyət çəkirsinizsə, bu heç də o demək deyil ki, mədəniz soyuqlayıb, yaxud malyariyaya tutulmusunuz. Ola bilər ki, kimsə mütəmadi olaraq yeməyinizə nəsə qarışdırır? Deməli, hər şeydən öncə sayıq olmaq lazımdır.

 
İKİ HƏQİQƏT
 

1. Biz "homo economicus"uq. Bu isə o deməkdir ki, müasir insanların böyük əksəriyyəti öz davranışında iqtisadi səmərə prinsipinə əsaslanır: nəsə istehsal edir və satır və yaxud, sadəcə olaraq, olanıını satır ki, ona zəruri olan başqa bir şeyi alsın. Bu gün dünyada demək olar ki, hər şey satılır: ərzaq, paltar, nəqliyyat vasitəsi, silah, intellekt, səs, bədən və hətta əqidə.

Kustar istehsalat dövründə tələb təklifi üstələdiyindən satış problemi yox idi.

Kütləvi istehsalat adlanan dövr başlanandan sonra isə malları alıcıya sırıyırlar. Məhz buna görə vaxtilə tələbə əsaslanan iqtisadi nəzəriyyə artıq təklif iqtisadiyyatına transformasiya olunmuş və təsadüfi deyil ki, müasir iqtisad elminin mühüm bir

sahəsi olan marketinq yalnız son vaxtlar təşəkkül tapmağa başlamışdır.

2. Soyğunçuluq və oğruluq çoxdandan bəri bir çox dövlətlərin siyasətinə çevrilmişdir. Oğrunun isə azı üç davranış motivi var: ya satmağa bir şeyi yoxdur, ya kleptomandır, ya da görməmiş.

Peşəkar soyğunçu isə kasıb evə girmir.

 

AZƏRBAYCAN DA SATIR... NEFT

 

Satlıq mal iki cür olur: təkrar istehsal olunan və olunmayan. Birincisi sabit, ikincisi isə müvəqqəti gəlir gətirir. Məsələn, torpağa lazımi qaydada qulluq etməklə ildə, azı, bir dəfə məhsul götürmək olar. Neft satan ölkə isə bədənini satan gözəlçəyə bənzəyir. Neftin varsa, xüsusi bacarıq və əziyyətə, reklama ehtiyac yoxdur, sadəcə hasil edib bazara çıxarmaq kifayətdir. Alıcılar ətrafında pərvanə kimi fırlanır. Lakin gözəllik kimi neft də tükənir və onda dünən naz elədiyin müştərilərin qarşısında əl açıb dilənirsən.

 

AZƏRBAYCAN İQTİSADİYYATINDA NƏ BAŞ VERİR?

 

Son vaxtlar Azərbaycanda (və eləcə də onun hüdudlarından kənarda) gözlənilən böyük neft gəlirləri ilə bağlı canfəşanlıq müşahidə olunur.

"Holland sindromu". Uzunmüddətli monoixracatın təzühürü sayılan bu fonomen iqtisadi nəzəriyyədə bir neçə teoremlə ifadə olunur. Bu "iqtisadi və sosial patalogiya"nın əsas əlamətlərindən biri inflyasiya və revalvasiya, onun başlıca neqativ nəticəsi isə iqtisadiyyatın neftdən kənar sahələrini bürüyən böhrandır. Və neft tükənəndə milli iqtisadiyyat quru yerdə qalır.

Bəziləri buna «Holland xəstəliyi» də deyir. Lakin «sindrom» sözü daha düzgündür. Çünki bu, cismin yox, ruhun qüsurudur, daşıyıcıları vətəndaşlar və hökumət olan milli iqtisadi ruhun.

 

"Holland sindromu" ətrafında hay-küy bəzən qəribə, hətta tam destruktiv fikirlərlə müşayiət olunur. Belə təsəvvür yaranır ki, kimsə dilənçilik aqitəbitini ictimai şüura sanki bir qəzavü-qədər kimi təlqin etməyə çalışır və cəmiyyəti onun ağır nəticəsi ilə barışmağa təhrik edir: bu gün əldə olunan nəhəng gəlirlərin mütləq nəticəsi sabahkı yoxsulluqdur. Absurd deyilmi?

Nə qədər qəribə olsa da, belə bir halın izahı sırf iqtisadiyyatdan bir qədər uzaq sahələrdə yerləşir. Bu, itirilmiş zaman, itirilmiş və əldə olunmamış vərdişlər problemi ilə bağlı olan bir məsələdir.

Bundan əlavə, bu problemin mənəvi tərəfi də var. Çünki əgər böyük pullar insanların əxlaqını pozub onları bekarçılığa sövq edirsə, onların daxili inkişaf stimullarını məhv edirsə, o halda belə gəlir böyük fəlakət mənbəyi ola bilər. Yeri gəlmişkən, bu həqiqət eyni dərəcədə həm fərdə, həm də ümumilikdə cəmiyyətə və ölkəyə aiddir.

 

Bəs inflyasiya və revalvasiya? Təəssüf ki, iki problem hökuməti də, Azərbaycanın iqtisadi bomondunu da ən çox narahat edir və əksər hallarda digər makro və mezoiqtisadi indikatorlardan ayrılıqda nəzərdən keçirilməklə əsas problemlərdən yayındırır. Ona görə də bu məsələyə bir qədər aydınlıq gətirək.

 
İNFLYASİYA
 

Son vaxtlar bu "azar" barədə çox danışır və yazırlar. Özü də çox pul qoparmaq istəyən həkim kimi məsələni elə şişirdirlər ki, özləri də buna inanır və bütün diqqətlərini "inflyasiya ilə mübarizə"yə yönəltməklə, məsələnin əsas məğzini, necə deyərlər, ağacların arxasındakı meşəni görə bilmirlər.

Halbuki iqtisadiyyatın başlıca məqsədi Azərbaycanda inflyasiya, ələlxüsus da revalvasiya ilə mübarizə aparmaq deyil, iqtisadi inkişaf olmalıdır. İqtisadi inkişafda isə normal inflyasiyanın olması tamamilə təbiidir. Hətta tanınmış "antiinflyasiyaçı" olan Fridmen inflyasiyanı iqtisadi artım üçün nəinki məqbul, hətta zəruri hesab edirdi. Düzdür, bu zaman o, əsl monetarist kimi, onu ildə 2-3 faiz həddində saxlamağı tövsiyə edirdi. Amma unutmayaq ki, bu, inkişaf etmiş stabil iqtisadiyyatlara aiddir.

Azərbaycana gəldikdə isə, burada inflyasiyanın ümumən məlum üç səbəbi ilə yanaşı, bir spesifik səbəbi də özünü göstərir ki, bu da öz növbəsində inflyasiyanın yuxarıda qeyd olunan həddən yüksək olmasına gətirir.

Onları bir-bir nəzərdən keçirək.

Birinci səbəb tələbat inflyasiyasıdır ki, o, əhalinin gəlirlərinin yüksək artım tempi ilə bağlıdır. İkincisi, həm yerli, həm də idxal olunan mallarda özünü göstərən təklif inflyasiyasıdır ki, onun artımı da əsasən enerji daşıyıcılarının qiymətinin artması nəticəsində baş verir. Üçüncüsü, istehsal, idxal və satışda olan süni monopoliyaların doğurduğu inflyasiyadır. Nəhayət, təkcə Azərbaycan üçün deyil, əksər tranzitiv ölkələr üçün də spesifik sayılan eyniadlı mal və xidmətlərin qiymətlərinin dünya qiymətlərindən xeyli aşağı olmasıdır ki, bu da təbii olaraq inflyasiyanı sttimullaşdırır.

 
REVALVASİYA
 

Təəssüf ki, hətta səriştəli məmurlar və alimlər tərəfindən də bu prosesin qarşısının alınması barədə çağırışlar tez-tez eşidilir. Əsas izah da bu olur ki, bəs yerli istehsalı qorumaq və ixracatı stimullaşdırmaq lazımdır. Halbuki bu, məsələyə tamamilə yanlış və ziyanlı yanaşmadır! İqtisadçılar arasında çox məşhur olan bir kəlamı xatırlatmaq istərdim: "Valyuta nə qədər yumşaq olsa, tualet kağızı bir o qədər sərt olur". Bəli, valyutanın yumşaqlığı ixracı yüngülləşdirir. Amma nəyin bahasına? Daha doğrusu, nə dərəcədə ucuz? Məgər iqtisadiyyatda əsas məqsəd ixracatdır? Elədirsə,gəlin sərvətimizi havayı ixrac edək, onda şəksiz hamı alar. Yenə ağacların arxasındakı meşə unudulur. Yox, cənablar! İxracat son məqsəd ola bilməz. Bir daha xatırladası oluram ki, iqtisadiyyatın son məqsədi davamlı inkişafdır. Və yalnız o ölkə güclü sayılır ki, onun valyutası da möhkəmdir, malı da satılır.

Və məhz Azərbaycan kimi zəngin təbii ehtiyatlara və fərsiz təhsil sistemimizin bütün residivlərinə rəğmən hələ də özünü qoruyub saxlamış intellektual və sahibkarlıq potensialına malik olan bir ölkə başqalarından daha çox bu cür güclü olmağa layiqdir. Və bu, şişirtmə deyil, reallıqdır.

Bu günədək sadalanan istehsal faktorları sırasında, bəlkə də, mühüm halqa olan maliyyə çatışmırdı. Amma indi gələcəyə inamla baxmaq üçün hər şeyimiz var.

O ki qaldı Azərbaycanda Ümumi Daxili Məhsulun dinamik şəkildə artımına, bu şəraitdə eyni zamanda qiymətlərin artımı və manatın möhkəmlənməsi təbii və hətta zəruri prosesdir. Odur ki, inflyasiya və revalvasiya ilə deyil, onların neqativ təzahürləri ilə mübarizə aparmaq lazımdır. Yeri gəlmişkən, bu xüsusda Azərbaycan hökumətinin çox ümidverici bir addımı kimi ünvanlı sosial yardımlarla bağlı görülən tədbirləri qeyd etmək lazımdır ki, bunun icra keyfiyyətindən çox şey asılıdır.

 

BÖYÜK POTENSİALIN İSTİFADƏSİZ QALMASININ SƏBƏBLƏRİ

 

Onları həmişəki kimi iki kateqoriyaya - obyektiv, yəni bizdən asılı olmayan və subyektiv, yəni bizim günahımız üzündən meydana gələn səbəblərə ayırmaq olar. Subyektiv səbəblərdən başlayaq. Bu xüsusda əvvəlcə xammal ixrac edən ölkələrin iqtisadi yöndən geri qalması barədə məşhur iqtisadçı, Nobel mükafatı laureatı Cozef Stiqlisin versiyasını nəzərdən keçirək. Onun fikrincə, burada əsas səbəb neft gəlirləri uğrunda klanlararası mübarizədir ki, o da iqtisadiyyatın inkişafını əngəlləyir. Azərbaycan timsalında bu dəlili tutarlı hesab etmək olmaz. Əvvəla, artıq 12 ildən çoxdur ki, ölkə dəyişməz kursla addımlayır. Siyasi, əsasən də seçkiqabağı təlatümlər xırda və qısamüddətli toqquşmlardan o yana getmir. Ona görə də bu izahatı Azərbaycan üçün yalnız o baxımdan uyğun hesab etmək olar ki, ölkədəki iri məmur-sahibkarların qeyri-sabit vəziyyəti onları uzunmüddətli sahibkarlıq layihələrinə sərmayə qoymaqdan çəkindirir. Bu da ölkədə mənzil tikintisi, restoran, mehmanxana və şou biznesinin vüsətli inkişafında özünü göstərir.

Bu baxımdan iqtisadiyyat elmində məlum olan Samuelson-Balass teoremi özünü doğruldur. Həmin teoremə görə, korrupsiyalı ölkədə iqtisadiyyatın qeyri-real sektorları inkişaf edir. Bununla belə, Stiqlisin versiyasında diqqətdən kənarda qalan bir məqama nəzər yetirmək maraqlıdır: bəs nə üçün neft ixrac edən ölkələrdə klanlararası mübarizə güclənir? Və niyə bu hal, tutalım, Norveçdə baş vermir?

Bəlkə ona görə ki, Norveç Avropanın digər güclü dövlətlərinin qonşuluğunda yerləşir, Nigeriya, Venesuela, Azərbaycan isə belə qonşuluqdan uzaq düşərək "yiyəsiz" qalıblar?

Bu gün Azərbaycanın başlıca daxili problemi korrupsiyadır ki, o da öz növbəsində yerlərdə fərsiz icra menecmenti və məmur özbaşnalığı, süni monopolizm, "beyin axını" və millətin sahibkarlıq resurslarının xaricə üz tutması, istehsalat və məişət infrastrukturunun, təhsil, səhiyyə və digər xidmətlərin aşağı səviyyədə olması, yüksək səviyyəli bürokrat-oliqarxların milli iqtisadiyyata sərmayə qoymaqdan çəkinməsi və bu səbəbdən Azərbaycanda qeyri-sağlam maraqları olan xarici güc mərkəzlərində özlərinə havadar axtarmları, habelə digər neqativ sosial-siyasi prosesləri doğurur.

İndi isə daha az önəmli olmayan obyektiv (kənar) səbəbləri gözdən keçirək:

1. Heç bir xarici ölkə, illah da ki o, Azərbaycandan neft idxal edirsə, bizim iqtisadiyyatımızın, ələlxüsus da ixracatımızın diversifikasiyasında (şaxələnməsində) maraqlı deyil.

2. Azərbaycana böyük neft gəlirləri gəlməyə başlayandan sonra buğda zəmisini hücum çəkən çəyirtkə ordusu kimi xaricdən bizə cürbəcür mal və xidmət təklifi axını başlayacaq və onların reallaşması nəticəsində neft pulları ölkəni tərk edəcək.

3. Bu sırada çox mühüm olan bir səbəb də vardır ki, hələlik bu yöndə geniş diskussiya yaratmaq istəmədiyimizdən onu açıqlamırfq.

Bütün hallarda Azərbaycanı böyük neft gəlirləri fonunda sərt iqtisadi və siyasi pressinq gözləyir, ta bu pullar öz əvvəlki yiyələrinə qayıdana qədər. Və Dünya Ticarət Təşkilatı da (Azərbaycanın onun sıralarına daxil olacağı şəksizdir, əsas məsələ odur ki, nə vaxt və hansı şərtlərlə), bu qəbildən olan digər beynəlxalq institutlar da nəticə etibarilə həmin məqsədə xidmət edəcək.

 
NƏ ETMƏLİ?
 

Vəziyyət mürəkkəb görünsə də, əslində sadədir və bu suala iqtisad fakültəsinin istənilən əlaçı tələbəsi cavab verə bilər.

Birincisi, neft gəlirlərinin çox böyük hissəsini istehlak sahəsinə deyil, potensial rəqabətqabiliyyətli klasterlərə (ingiliscədən tərcümədə "toplama") yönəltmək lazımdır. Klaster iqtisadi sahələrin elə bir məcmusudur ki, bunlardan biri lokomotiv rolu oynamaqla digərləri onun inkişafına xidmət edir. İkincisi, investisiyalar bu klasterlərin infrastrukturuna yönəldilməlidir. Üçüncüsü, xüsusən həmin klasterlərə əlaqəli insan kapitalına investisiya qoymaq lazımdır.

Əgər bu istiqamətdə radikal tədbirlər görülməsə, Azərbaycanı gerçəkdən "holland sindromu"ndan doğacaq elə çətin zamanlar gözləyir ki, bunu indi ən qorxulu yuxumuzda belə görə bilmərik.

Başlıca sual «bunları necə etməli?» sualıdır. Bu sualın cavabı həqiqətən mürəkkəbdir, amma müşkül deyil...


Rövşən Quliyev

iqtisad elmləri doktoru, Effektiv Təşəbbüslər Mərkəzinin eksperti

«525-ci qəzet», avqust 2006

 

baxılıb: 1078 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR