“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.11.2020, 18:00
2176

Osloda Azərbaycana dəstək aksiyası

A- A+

Aksiyaya Türkiyənin Norveçdəki səfiri, habelə türk, Pakistan, Somali və yəhudi diasporunun üzvləri də qatılıblar...

Norveçdəki Azərbaycan icmasının üzvləri “CAN” təşkilatının təşəbbüsü ilə Ermənistanın müharibə cinayətləri və dinc insanlara hədəf alan raket-artilleriya hücumlarına etiraz olaraq Oslo şəhərində icazəli aksiya keçiriblər.

Norveçin Parlament binasının qarşısında təşkil olunan aksiyaya Türkiyənin Norveçdəki səfiri Fazıl Çorman, habelə türk, Pakistan, Somali və yəhudi diasporunun üzvləri də qatılıblar.

Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur son həftələr Qarabağda yaşanan hadisələr, münaqişənin yenidən aktiv fazaya keçməsinə səbəb olan Ermənistan tərəfinin həyata keçirdiyi işğalçılıq, terror və təxribat siyasəti barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, 90-cı illərin əvvəlində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində 1 milyona yaxın insan yurd-yuvasından didərgin düşüb, bu insanların bütün haqq və hüquqları pozulub. Ermənistan hakimiyyəti isə bu illər ərzində BMT Təhlükəsizlik Şurasının və bir sıra digər təşkilatların qəbul etdiyi qətnamələrə belə məhəl qoymayıb.

Norveçdəki türk federasiyasının sədri Hatiçe Luk, türk əsilli yazıçı Sercan Leylek, gənc siyasətçi Arina Sheikh, hüquqşünas Vəfa Bakkalar və başqaları çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Gəncə və Bərdə şəhərlərində, eləcə də Azərbaycanın digər yaşayış məntəqələrində törədilən terror aktları Ermənistanın təcavüzkar siyasətinin davamıdır. Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kaset bombalar vasitəsilə atəşə tutması, bu faktın “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi barədə məlumat verilib.

Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən soydaşlarımız “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, Azərbaycanın və ona dost münasibət bəsləyən ölkələrin bayraqlarını meydanda dalğalandırıblar.

Xəbərlər
Redaktorun seçimi