“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.07.2017, 19:15
1265

İkinci çağırış Milli Məclis (2000-2005). 1. Seçki kampaniyası və ümumi nəticələr (2000)

A- A+

⇔ ⇔ ⇔ 

2000-ci ilin parlament seçkiləri Azərbaycan üçün 1995-ci il seçkilərindən az əhəmiyyət kəsb etmirdi. Bu seçkilər Azərbaycanın siyasi inkişaf yolunu daha da dəqiqləşdirməklə yanaşı, birinci çağırış Milli Məclisə nisbətən daha peşəkar parlament formalaşdırmalı idi. Digər yandan, Azərbaycan Avropa Şurasına rəsmi dəvət almışdı (2000-ci il iyunun 28-də) və parlamentin deputat qrupu həm də ölkəmizi AŞPA-da təmsil edəcəkdi. Azərbaycan artıq sabit inkişaf dövrünü yaşayırdı və seçkilərə hazırlıq da, əvvəlki dövrlərdən fərqli olaraq, vaxtında başlanmışdı.

Aprelin 28-də ölkə prezidenti "Milli Məclisə seçkilər haqqında" və "MSK haqqında qanuna dəyişiliklər edilməsi haqqında" qanun layihələrini parlamentə göndərdi. "Seçki qanunu"nun müzakirəsi ümumilikdə iki aydan artıq (sənəd bir neçə dəfə ATƏT-in ekspertizasına göndərilmişdi) sürdü. Nəticədə qanunvericilikdə bir sıra mütərəqqi yeniliklər əksini tapdı. Seçkilərin baş tutması üçün yetərsay 50 faizdən 25 faizə endirildi. Majoritar qaydada deputat seçilmək üçün 50 faizdən çox səs toplamağa ehtiyac qalmırdı, qalib adi səs çoxluğu ilə müəyyənləşirdi. Proporsional qaydada parlamentə keçid baryeri isə 8 faizdən 6 faizə endirildi. Bundan əlavə, yeni seçki qanunvericiliyinə görə, icra hakimiyyətində vəzifə tutanlar parlamentə seçilə bilməzdilər.

MSK ilə bağlı müzakirə və mübahisələr isə daha uzun sürdü. Layihəyə görə, MSK 18 nəfərdən ibarət olmalı və 6 nəfər YAP, 6 nəfər parlamentdə proporsional qaydada təmsil edilən müxalifət partiyaları (AMİP və AXCP), 6 nəfər isə bitərəf deputatlar tərəfindən irəli sürülməli idi. Lakin müxalifət bu bölgü ilə razılaşmadı.

Eyni zamanda, Qərb dairələri (ATƏT, ABŞ və s.) MSK-nın ölkədəki bütün siyasi qüvvələrin etimadı əsasında formalaşmasını tövsiyə etdi. Həticədə MSK-da iki bitərəf üzvün iqtidar və müxalifət tərəfindən razılaşdırılması (biri iqtidar, digəri müxalifətlə), həmçinin MSK sədrinin hakim partiya tərəfindən, iki katibdən birinin müxalifət, digərinin isə bitərəflər tərəfindən irəli sürülməsi barədə kompromis əldə olundu. Həmçinin əldə edilən razılığa əsasən, MSK-da qərarlar yalnız üçdə iki səslə qəbul olunmalı və sədrlə hər iki katibin imzasından sonra qüvvəyə minməli idi.

İyunun 9-da parlament "MSK haqqında" yeni qanunu qəbul etdi. Lakin onu tam tərkibdə formalaşdırmaq mümkün olmadı. Bitərəf namizədlərdən biri hakim partiya ilə razılaşdırılsa da, müxalifət "öz payına düşən" bitərəf namizədə razılıq vermədi. MSK bir müddət 17 nəfərdən ibarət olaraq qaldı. Üstəlik müxalifətdən olan 6 üzv MSK-nın işini boykot etdiyindən qurum faktiki olaraq iflic (çünki yetərsay üçün minimum 12 nəfər lazım idi) olmuşdu. Eyni prosedur dairə və məntəqə seçki komissiyalarında da həyata keçirilməli idi və müxalifətin boykotu onların təşkilini də sual altına qoymuşdu. Seçkilər noyabrın 5-nə təyin olunmuşdu və qanunvericiliyə əsasən, səsvermə gününə 120 qalmış, yəni iyulun 7-də seçki kampaniyasına rəsmən start verilməli idi. Bu vəziyyət bütövlükdə seçkilərin baş tutması sual altında qoya bilərdi.

Beləcə pat vəziyyəti iyulun 20-dək davam etdi. Həmin gün parlamentin rəhbərliyi sonuncu dəfə müxalifətçi MSK üzvlərinə müraciət etdi. Bu müraciət də qulaqardına vurulandan sonra MM iyulun 21-də "MSK haqqında" qanuna dəyişiklik etdi və iki bitərəf üzvün qarşılıqlı şəkildə razılaşdırılmasına dair müddəa qanundan çıxarıldı. Bundan sonra bitərəf namizədlər tam tərkibdə (6 nəfər) müəyyənləşdi və MSK işə başladı. Müxalifətçi üzvlərin boykotu artıq mənasız olmuşdu, odur ki, onlar da iclaslara qatılmaq qərarına gəldilər.

İyulun 24-də MSK-nın yeni rəhbərliyi seçildi. 1992-ci ildən ölkədə keçirilmiş bütün seçki və referendumları yola vermiş Cəfər Vəliyev prezidentin sərəncamı ilə İqtisad Məhkəməsinin sədri təyin edildi. Həmin vaxtadək MSK-nın xarici əlaqələr şöbəsinə rəhbərlik etmiş fizika-riyaziyyat elmləri doktoru Məzahir Pənahov qurumun yeni sədri oldu.

Lakin problemlər bununla bitmədi. İndi də MSK-nın müxalifətdən olan katibinin seçilməsi düyünə düşmüşdü. AXCP-nin irəli sürdüyü namizəd - Əbülfəz Elçibəyin müşaviri Qüdrət Həsənquliyev MSK-dakı digər müxalifət partiyası - AMİP tərəfindən (hər iki partiya MSK-da 3 yerlik kvotaya malik idi) qəbul edilmədi. Mübahisə xeyli davam etdi və nəticədə tərəflər Q.Həsənquliyevin namizədliyi üzərində razılaşdılar. 

Nəhayət, partiyaların və majoritar namizədlərin qeydiyyatı prosesi başlandı. Bu proses müxalifət cəbhəsində yenə dərin böhranla müşayiət olundu. 1995-ci il seçkilərində olduğu kimi, əsas müxalifət partiyalarının seçkilərdə vahid namizədlər siyahısı ilə iştirak etmək niyyəti yenə reallaşmadı. AMİP öz adəti üzrə yenə seçkilərə təkbaşına gedəcəyini bildirdi, ADP-nin isə həm AMİP, həm də AXCP və Müsavatla münasibətləri pisləşmişdi. Belə vəziyyətdə yalnız AXCP-Müsavat bloku nəzəri cəhətdən mümkün görünürdü. Lakin AXCP-nin özü də parçalanma ərəfəsində idi.

Əbülfəz Elçibəyin ağır xəstəliklə Türkiyəyə müalicəyə getməsindən sonra partiyada "islahatçılar"la (Əli Kərimli) "klassiklər"in (Mirmahmud Mirəlioğlu) mübarizəsi kritik həddə çatmışdı. Uzun müzakirələrdən sonra iki partiyanın vahid proporsional siyahısı razılaşdırıldı: 25 nəfərlik siyahıda tək yerlər AXCP-yə, cüt yerlər isə Müsavata (Ə.Elçibəy, İ.Qəmbər, Ə.Kərimli və s.) verildi. Lakin avqustun 22-də Ə.Elçibəy Türkiyədə vəfat etdi və bu hadisədən sonra AXCP iki yerə bölündü. Öz növbəsində Müsavat artıq seçkiyə vahid siyahı ilə getməkdə maraqlı deyildi və AXCP-nin "klassiklər" qanadını legitim qüvvə kimi tanımaqla blok illüziyasına da son verdi. 

İqtidar düşərgəsində isə vahid namizədlər siyahısı ilə bağlı elə bir problem yox idi. YAP-ın proporsional siyahısına partiya sədrinin müavini, ARDNŞ-in 1-ci vitse-prezidenti İlham Əliyev başçılıq edirdi. İlk üçlüyə həmçinin partiyanın icraçı katibi Əli Əhmədov və onun müavini Siyavuş Hovruzov daxil idi. YAP sədrinin digər dörd müavinindən yalnız biri - parlametin spikeri Murtuz Ələsgərov proporsional siyahıda (4-cü) yer almışdı. Sirus Təbrizli, 1995-ci ildə olduğu kimi, yenə seçkilərə majoritar qaydada qatıldı. Əli Hağıyev isə əmək və əhalinin sosial müdafiəsi naziri postunu deputat mandatından üstün tutdu. Ümumiyyətlə, 1995-ci ildə deputat seçilmiş vəzifə sahiblərindən, demək olar ki, heç kim parlamentdə təmsil olunmaq niyyətinə düşməmişdi.

Bu sırada istisna kimi yalnız YAP sədrinin müavini, Bakı şəhər İH-nin başçısı Rəfael Allahverdiyevi istisna göstərmək olardı. Onun isə hakim partiyanın rəhbər funksionerləri ilə problemləri vardı. Paytaxt meri YAP-ın proporsional siyahıda yer almağa cəhd etsə də, buna müvəffəq olmadı və namizədliyini majoritar qaydada Hərimanov rayonundan irəli sürdü. Ümumilikdə isə seçki kampaniyasının gedişində R.Allahverdiyev YAP-daxili müxalifətin nümayəndəsi kimi təsir bağışlayırdı. Onun hakimiyyətin yuxarı eşelonundakı ayrı-ayrı şəxslər, o cümlədən baş nazir Artur Rasizadə, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev və həmin vaxt baş nazirin müavini işləyən Hacıbala Abutalıbov barəsində açıq tənqidi fikirləri göstərirdi ki, o təkcə YAP rəhbərliyindən deyil, ümumilikdə iqtidar komandasından uzaq düşüb. Sonrakı proseslər bunu, sadəcə, təsdiqlədi. 

YAP-ın majoritar namizədlərinin müəyyənləşməsi yerlərdə ümumən sakit keçsə də, bəzi insidentlər də baş verirdi. Onlardan ən rezonans doğuranı 4 saylı Babək-Şahbuz seçki dairəsi üzrə namizədin müəyyənləşməsi zamanı meydana çıxdı. Hakim partiya bu dairədən əslən Babək rayonunun Hehrəm kəndindən olan professor Əli Əlirzayevin namizədliyini irəli sürsə də, kənd əhalisi digər həmyerliləri, iş adamı Hacı İbrahimovun namizədliyini dəstəkləyirdi. Bununla bağlı mübahisə xeyli davam etdi, hətta bir qrup kənd sakini Bakıya prezidentin qəbuluna da gəldi, lakin ölkə başçısı bu insidenti sahmanladı və deputat mandatını Ə.Əlirzayev qazandı. Digər seçki dairələrində də hakimiyyət düşərgəsindən namizədlərin birdən çox olduğunu görən YAP rəhbərliyi özünün rəsmi siyahası ilə müəyyənləşmiş namizədlərlə yanaşı, müstəqil qaydada namizədliyini irəli sürmüş YAP-çıların da seçkidə iştirakına razılıq verdi və kimin seçilməsi məsələsini, necə deyərlər, secicilərin öhdəsinə buraxdı.

Sentyabrın 11-də MSK 19 partiyanı seçki yarışına buraxdı. Lakin onlardan yalnız 13-ü tələb olunan həcmdə (50 min) seçici imzası topmağa müvəffəq oldu. Sentyabrın 30-da imza vərəqlərinin təftişindən sonra isə məlum oldu ki, yalnız 5 partiya - YAP, AMİP, AXCP ("islahatçılar"), Vətəndaş Həmrəyliyi (Sabir Rüstəmxanlı) və Kommunist Partiyası (Ramiz Əhmədov) seçkidə iştirak hüququ qazanıb. Müsavat və ADP-nin imza vərəqlərində yenə saxtakarlıq aşkar edildi. Hər iki partiya Apellyasiya Məhkəməsinə şikayət etsə də, MSK-nın qərarı qüvvədə qaldı.

Qeyd edək ki, həmin vaxt prezident H.Əliyev ölkədə deyildi və ABŞ-da müalicə kursu keçirdi. Sentyabrın sonunda ölkə başçısı vətənə döndü və oktyabrın 6-da sürpriz bir addım atdı. Dövlət başçısı MSK-ya müraciət edərək imza toplama prosedurunu keçmiş bütün partiyaları seçkiyə buraxmağı xahiş etdi. Oktyabrın 8-də MSK daha səkkiz partiyanı - ADP, Müsavat, Liberal (Lalə-Şövkət Hacıyeva), Demokratik Dünyəvi (Məmməd Əlizadə), Xalq Demokratik (Rafiq Turabxanoğlu), Azərbaycan Haminə Alyans (Abutalıb Səmədov), Milli Konqres (İxtiyar Şirin) partiyalarını və bir neçə kiçik partiyanın təmsil olunduğu "Demokratik Azərbaycan" blokunu seçkiyə buraxdı. Beləliklə, proporsional seçkidə 13 partiya və blok iştirak edirdi.

Majoritar sistem üzrə isə 1400-ə yaxın iddiaçıdan 817-si imza kampaniyasını başa vura bilmişdi. Müvafiq yoxlamadan sonra onlardan 409-u qeydə alındı, yəni orta hər seçki dairəsinə 4 namizəd düşürdü. Majoritar namizədlərdən 147-si bitərəf, 140-ı YAP, 40-ı AXCP, 28-i AMİP, 22-si Müsavat üzvü kimi qeydə alınmışdı. Daha 32 namizəd 15 partiyanı təmsil edirdi.

Nəhayət, noyabrın 5-də ikinci çağırış Milli Məclisə seçkilər keçirildi. İlk dəfə olaraq bu seçkilərdə informasiya texnologiyaları tətbiq olunmuşdu. Bütün ölkə üzrə səsvermənin gedişi MSK-nın "Seçkilər" İnformasiya Mərkəzində nəhəng ekranda "canlı" yayımlanırdı. Lakin bu prosedur səsvermənin nəticələrinin elan edilməsində tətbiq olunmadı. Bununla belə, MSK noyabrın 6-da seçkilərin qeyri-rəsmi nəticələrini elan etdi. Prorosional sistem üzrə 25 yerdən 16-nı (təxminən 60 faiz səs) hakim partiya qazanmışdı. İkinci yeri 4 mandatla (11 faiz) AXCP tutmuşdu. Vətəndaş Həmrəyliyi (3 yer) və Kompartiya (2 yer) ilk dəfə olaraq proporsional qaydada parlamentdə təmsilçilik əldə etmişdi. Müsavat, AMİP və ADP isə 6 faizlik baryeri aşa bilmədi. Majoritar qaydada AXCP daha 2 yer ("klassik" M.Mirəlioğlu və "islahatçı" Nizami Quliyev), Müsavat 2 (Vaqif Səmədoğlu və Şirzad Əyyub), AMİP isə bir yer (Rüfət Ağalarov) əldə etmişdi. Hakim partiya majoritar qaydada 50-yə yaxın mandat qazanmışdı.

Hoyabrın 6-da seçkiləri müşahidə etmiş ATƏT və Avropa Şurasının birgə missiyası ilkin qənaətini açıqladı. Beynəlxalq missiya səsvermə günü çoxsaylı qanun pozuntularının olduğunu qeyd etməklə yanaşı, ümumilikdə seçkiləri "siyasi plüralizm və demokraktiya yolunda daha bir addım" kimi dəyərləndirdilər.

Müxalifət partiyaları məğlubiyyəti böyük etirazla qarşıladılar. Müsavat yerlərdə genişmiqyaslı iğtişaşlar yaratmağa cəhd etsə də, yalnız Şəkidə buna qismən nail oldu. Lakin hüquq-mühafizə qüvvələri hadisələri tezliklə nəzarətə aldılar və onlarla aksiya iştirakçısı həbs olundu.

Seçkinin tam rəsmi nəticələri isə iki həftə sonra, noyabrın 20-də elan edildi. MSK səsvermə zamanı ciddi pozuntulara yol verilmiş 4 dairədə seçkilərin nəticələrini ləğv etdi. Daha 7 dairədə seçkilərin nəticələri isə Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənmədi. Bu dəfə qalib sadə üstünlüklə müəyyənləşdiyindən, ikinci tura ehtiyac qalmamışdı. Nəticələri etibarsız sayılan 11 dairədə (Yasamal-2, Xətai-1, Xətai-2, Sumqayıt-1, Ağsu-Kürdəmir, Astara, Bərdə, Qusar, İmişli, Hacıqabul-Salyan və Şəmkir (şəhər) dairələrində) təkrar seçkilər 2001-ci il yanvarın 7-nə təyin edildi.

 

Xəbərlər
Redaktorun seçimi