“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.06.2014, 20:47
8879

Azərbaycançılıq vahid və bölünməz vətən, birlik və həmrəylik deməkdir

XX əsrin əvvəlində bir müsəlman dövləti olaraq dünyaya ilk cümhuriyyəti, demokratik respublikanı vermiş Azərbaycan və azərbaycanlılar üçün bu gün «biz dünyada haradayıq» sualına cavab axtarmaq vacib və zəruridir.

Bu baxımdan Azərbaycanın hazırkı dünyadakı yeri, nüfuz çevrəsi barədə söz edərkən dünyanın bizi, bizim isə dünyanı necə, hansı dəyərlərlə tanıyıb qəbul etməyimiz üzərində düşünmək lazımdır.

Bu gün bütün dünyada qloballaşma prosesi gedir. Qlobal inteqrasiya dünyanın dörd yanını bir-birinə bağlayır, dünyanın o tayında baş verən olaylar (mənfi və ya müsbət) bu tayda əks-səda və fəsad doğurur.

Belə bir vəziyyətdə Azərbaycanın qarşısında duran mühüm məqsədlərdən biri qlobal inteqrasiya prosesində qabaqcıl dövlətlərlə ayaqlaşmaq və bu zaman Azərbaycan xalqının milli «Mən»ini, milli zənginliyini dünyaya layiqincə təqdim etmək, milli-mənəvi dəyərlərimizin mütərəqqi dünya dəyərlərilə üzvi sintezinə nail olmaqdır. Qeyd olunan məqsədə nail olmaq üçün başlıca şərt bu inteqrativ prosesdə ölkənin milli inkişaf yolunu təmin edəcək, xalqın bütün kəsimlərinin həmrəyliyinə əsas yarada biləcək ümummilli ideyanın mövcud olmasıdır.

Qədim dövrlərdən başlayaraq bugünümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapmışdır. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınmış və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil etmişdir. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya zaman-zaman özünü göstərmişdir.

Lakin birmənalı şəkildə qeyd edə bilərik ki, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli inkişafının ideya təməli ola biləcək konsepsiyanın - azərbaycançılığın banisi olmuşdur.  

Vahid və bölünməz Azərbaycanın ideya əsası

Azərbaycançılıq iki təməl ideyanı - «dövlətçilik» və «vətənpərvərliyi» özündə birləşdirir. Məlumdur ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran təkcə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağdakı aqressiv erməni separatçılığı ilə bağlı deyildi. Həmin dövrdə bütövlükdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası cücərməkdə idi və bu, ayrı-ayrı bölgələrdə özünü göstərirdi.

Bu baxımdan Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir.

Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik:

«Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib».

Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər yandan, Azərbaycanın türk dünyasının ayrımaz parçası olduğunun təsdiqidir. Odur ki, azərbaycançılığı realist milli inkişaf modeli olaraq qəbul edən Azərbaycan türk dövlətləri arasında da bəlağət və pafosdan uzaq, səmimi və qarşılıqlı faydalı tərəfdaşlıqdan yana olduğunu daima nümayiş etdirir.

Birlik və həmrəyliyin gerçək ifadəsi

Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi zaman dövrün mövcud reallıqları çərçivəsində xaricdəki (təbii ki, ilk növbədə, SSRİ məkanında) azərbaycanlı diasporunun təşəkkül tapmasına mümkün dəstəyi göstərirdi. Ulu öndər müstəqil Azərbaycanın prezidenti olduqdan sonra bu fəaliyyəti dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi.

Prezident xarici dövlətlərə ilk səfərlərindən başlayaraq getdiyi hər bir ölkədə yaşayan həmvətənlərimizlə - oradakı azərbaycanlı icmasının böyük və ya kiçikliyindən asılı olamayaraq - görüşlər keçirir, onların problemləri, qayğıları ilə maraqlanır, tövsiyələrini verirdi. Azərbaycan diasporunun yeni mərhələdə inkişaf tezislərini də məhz böyük öndərin həmin görüş və çıxışlarda söylədiyi fikirlər, müddəalar təşkil etmişdir. Özü də bu hər zaman şüarçılıqdan uzaq, reallığı əks etdirən, zərurətdən doğan fikir və müddəalar olub.

Bu baxımdan Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya azərbaycanlılarının I qurultayında bəyan etdiyi tezislər əslində azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi idi:

«Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq».

Əminliklə qeyd etmək olar ki, bu nəcib arzu bu gün uğurla həyata keçməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında, dövlət siyasətinin bütün sahələrində olduğu kimi, azərbaycanlı diasporunun güclənməsi, azərbaycançılığın ümummilli ideologiya olaraq möhkəmlənməsi istiqamətində ardıcıl addımlar atılır.

Prezident dünya azərbaycanlılarının II qurultayında (mart 2006) bununla bağlı demişdir: «Biz hər istiqamətdə çox sürətlə, düşünülmüş proqram və konsepsiya əsasında irəliləyirik. Bu işdə Azərbaycan diasporunun böyük rolu var. Mən istəyirəm ki, həm Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha da güclü olsun. Bu, bizim mövqelərimizi möhkəmləndirir. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək».            

Azərbaycanı dünyaya tanıdan milli-mənəvi irs

Azərbaycançılıq həm də Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada təbliği deməkdir. Azərbaycanın böyük ədib və mütəfəkkirlərinin, alimlərinin, mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması da bui şin mühüm tərkib hissəsidir.

Əlamətdar haldır ki, bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir.

Dünyada qloballaşmanın yayıldığı zamanda bu prosesə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası da məhz bu qlobal çağırışlara cavab verir.

Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür.

Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, bu gün «Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir». Bu interqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli identifikasiyasını qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da da azərbaycançılıq fəlsəfəsi təmin edir: «Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər».

Digər tərəfdən, tolerantlığı, polietnik zənginliyi özündə ehtiva edən azərbaycançılıq ideologiyası Azərbaycanın şovinist siyasətli, monoetnik Ermənistanla apardığı informasiya mübarizəsində güclü siyasi və təbliğati silahdır. Çünki, ifrat ksenofobiya, davakar milətçilik üzərində köklənən ermənilik ideologiyasından fərqli olaraq, azərbaycançılıq sağlam vətənpərvərlik ideologiyasıdır, onun mayasında başqa xalqlarla sülh içində yaşamaq, milli və dini dözümlülük fəlsəfəsi dayanır. Bu baxımdan dünyaya açıq, mütərəqqi ümumbəşəri dəyərlərin təcəssümü olan azərbaycançılıq özünütəcrid üzərində köklənən, qonşu xalqlara düşmənçilik, milli nifrət aşılayan ermənilik ideyasının tam əksidir.

Odur ki, azərbaycançılıq fəlsəfəsini vahid Azərbaycanın ideya əsası, dünya azərbaycanlılarını birləşdirən ortaq dəyər və Azərbaycanı dünya tanıdan milli-mənəvi irs olaraq öyrənmək və təbliğ etməklə yanaşı, onu ölkəmizin milli təhlükəsizliyinin mühüm postulatı kimi də diqqətdə saxlamaq gərəkdir. Bu baxımdan əminliklə qeyd etmək olar ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sürətlə dünyaya inteqrasiya olunduğu indiki vaxtda azərbaycançılığın milli-ideoloji plast olaraq dərindən tədqiqi, onun dünya azərbaycanlıları arasında və bütövlükdə beynəlxalq miqyasda təbliği təkcə bugünün deyil, həm də sabahın tələbidir.

 

Vüqar Orxan (Əliyev) – azerbaycanli.org layihə rəhbəri (vuqar-orxan@mail.ru)

 

Xəbərlər
Redaktorun seçimi