Eramızdan əvvəl I minilliyədək
Xalqımızın ulu babalarının yaşadığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyanın ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi - İran körfəzi regionuna daxil idi.
Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətinin formalaşmasında, həmçinin bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Bunu ölkəmizdə və xaricdə aparılan elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın sübut edir.
Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.
Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ qədim daş dövründən (paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır. Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində (neolit) Azərbaycan əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət sahələri ilə məşğul olmağa başlamışdır. Azərbaycan ərazisindəki mədəni-iqtisadi tərəqqinin təsir dairəsi getdikcə genişlənməkdə idi. E.ə. IV minilliyin sonu - III minillikdə təşəkkül etmiş Kür-Araz mədəniyyəti Cənubi Qafqazın digər regionlarına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı.
Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri, xüsusilə taxıl qalıqları, əkinçiliklə bağlı əmək alətləri və məişət avadanlığı, müxtəlif növ sənətkarlıq məhsulları Azərbaycan xalqının dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri olduğunu göstərir.
Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.
Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzlərdən uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi olan Qutilər, hətta, özlərinin qüdrətli qonşuları olan Akkard dövlətini məğlub etmiş, öz dövlətlərinin sərhədlərini İran körfəzinə qədər genişləndirmiş, bu ərazidə yüz ilə qədər bir müddət ərzində hökmranlıq etmişdilər. Onlar özlərindən asılı hala saldıqları Akkard və Şumerin dövlət idarəçiliyi qaydalarından faydanlandıqları kimi qədim Azərbaycanın mütərəqqi idarəçilik mədəniyyətini də həmin ölkələrə yaymışdılar.
Urmiya ətrafından başlayaraq, zaman-zaman Dəclə və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə qədərki ərazilərdə ağalıq edən qədim Azərbaycan dövlət qurumları Lullubi və Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə qədim Şərq dövlətçiliyinin tarixində də dərin iz qoymuşlar.
Qonşuluqdakı digər qədim Şərq dövlətlərindən fərqli olaraq qutilərdə hökmdarların seçilməsi qaydası vardı. Hakimiyyət irsi keçmirdi. Quti hökmdarları məmləkəti öz canişinləri vasitəsilə idarə edirdilər. Canişinlər idarəçilik sahəsində geniş müstəqilliyə malik idilər. Görünür, bütün bunlar qədim Azərbaycan dövlətlərinin Dəclə və Fərat vadiləri də daxil olmaqla İran körfəzinə qədərki geniş ərazilərdə uzun müddət hökmranlıq etmələrində az rol oynamamışdı.
Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranmışdır.