“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.01.2014, 20:55
3343

Azərbaycan yeni eranın II əsrinədək

Azərbaycan sivilizasiyanın ən qədim ocaqlarından biridir. Azıx mağarasında arxeoloji qazıntılar nəticəsində aşkar olunan maddi mədəniyyət qalıqları göstərir ki, Azərbaycan ərazisi qədim insanların formalaşması arealına daxil idi. Bu materiallar ibtidai insanların burada 1,5 mln. il əvvəl məskunlaşmasını sübut edir. Qobustan qayaüstü təsvirləri kompleksi Mezolit, Neolit və sonrakı dövrlər incəsənətinin mühüm abidəsidir. Azərbaycan ərazisində e.ə. VI minilliyin ortalarına aid olan yaşayış məskənləri burada qonşu vilayətlərlə sıx əlaqədə olan sakinlərin təsərrüfatı, mədəniyyəti və ictimai münasibətləri haqqında aydın təsəvvür yaradır. E.ə. IV minilliyin ortaları – III minilliyin sonlarında Azərbaycanda və qonşu ərazilərdə Kür-Araz mədəniyyəti yayılmışdır.

E.ə. III minilliyin sonlarından Şumer-Akkad mixi yazılı mənbələrdə Cənubi Azərbaycan ərazisində kuti, lullubi və hurri tayfalarının adları çəkilir. E.ə. XXII əsrin son rübündə kutilər bütün Mesopotamiyanı tutmuş və təqribən bir əsr burada hökmranlıq etmişlər. Böyük etnik və siyasi birliklərdən biri də lullubilərin tayfa ittifaqı idi. Lullubi çarı Anubanini (e.ə. XXII əsr) Urmiya gölündən İran körfəzinədək olan ərazini idarə edirdi. Urmiya gölü ətrafında e.ə. II minillikdə turukkilər və kaşşular (kassitlər) tayfalarının da bir qismi yaşayırdı. Kaşşular Babilistanı tutmuş və uzun müddət bu ölkəni idarə etmişlər.

E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Şimali Azərbaycan ərazisində Xocalı-Gədəbəy, Qayakənd-Xoroçoy, Talış-Muğan və Naxçıvan mədəniyyətləri yayılmışdır. Naxçıvan mədəniyyəti Cənubi Azərbaycan ərazisində aşkar edilmiş mədəniyyət nümunələri ilə bir çox cəhətdən eynilik təşkil edir. Bu dövrdə Azərbaycanda ibtidai cəmiyət intensiv surətdə dağılır, ilk dövlət qurumları formalaşır.

E.ə. I minilliyin başlanğıcında mənbələrdə Urmiya gölü ətrafında Allabriya, Andiya, Gilzan, Gizilbunda, Karalla, Kirruri, Messi, Parsua, Zamua, Zikertu kimi ölkələr qeyd olunur. Bu dövrdə Urmiya gölündən şərqdə mada tayfaları yayılmışdır.

Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Aşşur salnaməsində qeyd olunur. Aşşur və Urartu dövlətləri arasında Umiyaətrafı ərazilərə yiyələnmək uğrunda daim mübarizə şəraitində Manna dövləti öz müstəqilliyini saxlamağa çalışmışdır. Mannanın çiçəklənməsi çar İranzunun hakimiyyəti illərinə təsadüf edir. E.ə. VIII əsrin sonu – VII əsrin əvvəllərində Qədim Şərqdə güclü dövlətlərdən birinə çevrilən Manna dövləti Urmiyaərafı əraziləri, Qızılüzən çayı hövzəsininin xeyli hissəsini və ondan cənubda yerləşən bölgələri əhatə edirdi. VII əsrin ortalarında Manna dövləti zəifləyir və e.ə. 590-cı illərdə madalılar tərəfindən zəbt olunur.

E.ə. VIII əsrin sonunda – VII əsrin əvvəllərində yazılı mənbələrdə Azərbaycan ərazisində kimmerlər və skiflər haqqında məlumat var. E.ə. VII əsrin 70-ci illərində Azərbaycanda meydana gələn Skif şahlığı bir neçə onillik ərzində Ön Asiyanın hərbi-siyasi həyatında mühüm rol oynamışdır.

Madalıların tayfa ittifaqı Mannadan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. E.ə. VII əsrin 70-ci illərində Kaştaritinin rəhbərliyi ilə baş vermiş güclü xalq üsyanı nəticəsində aşşurlular Mada vilayətlərindən tamamilə qovulmuş və burada Mada şahlığı meydana gəlmişdi. Mada şahı Kiaksar orduda islahatlar keçirdikdən sonra geniş işğallara başlamışdı. Aşşur çarlığı üzərində qələbəsi nəticəsində Mada Ön Asiyanın böyük dövlətinə çevrildi. Mannanın işğalı Madanın inkişafı üçün böyük əhəmiyyəti oldu. Yüksək inkişaf etmiş kənd təsərrüfatına və sənətkarlığa malik olan Manna Mada dövlətinin iqtisadiyyatının yüksəlişində mühüm rol oynadı və onun mədəni-iqtisadi mərkəzinə çevrildi. E.ə. 550-ci ildə Mada şahlığı süqut etdi və Əhəməni dövlətinin tərkibinə qatıldı. E.ə. VII əsrdə Madada yayılmış zərdüştilik dini yəhudiliyə, xristianlığa, buddizmə və qədim yunan fəlsəfəsinin inkişafına olduqca böyük təsir göstərmişdir.

Kirin Mada üzərindəki qələbəsindən sonra geniş əraziləri əhatə edən Əhəməni imperiyası yaranmışdı. Azərbaycan ərazisi iki yüz ildən çox bu imperiyanın tərkibində olmuşdur. Əhəməni hökmranlığı dövründə Azərbaycan ərazisində albanlar, asaqartilər, kadusilər, kaspilər, mantiyenlər, mardlar, madalılar, müklər, skiflər, utilər və b. tayfalar məskunlaşmışlar. Bu tayfalar illik bacdan başqa müharibə zamanı Əhəməni ordusuna silahlı dəstələr göndərirdilər. E.ə. 331-ci ildə Əhəməni ordusu Makedoniyalı İsgəndərin qoşunları tərəfindən darmadağın edildi və imperiya süqut etdi.

E.ə. 321-ci ildə Atropatena dövləti yarandı. Onun banisi Atropat idi. Atropatenanın ərazisi bütün Cənubi Azərbaycanı və Şimali Azərbaycanın bəzi torpaqlarını əhatə edirdi. Strabon qeyd edir ki, Atropatena «müharibə zamanı 10 min süvari və 40 min piyada döyüşçünü meydana çıxara bilər». Atropatenada anariaklar, kadusilər, kaspilər, mardlar, mantiyenlər, müklər, saqartilər, saklar, pantimatlar, parikanilər və b. tayfalar yaşayırdı. Ellinizm dövründə ölkədə yeni etnos – atropatenalılar təşəkkül tapmışdı. Antik mənbələrə görə, e.ə. III əsrin 20-ci illərində şah Artabazın dövründə Atropatenanın ərazisi Arazdan şimalda Rioni çayının yuxarı axarlarınadək uzanaraq İberiyanın müəyyən hissəsini də əhatə edirdi. E.ə. 36-cı ildə Roma sərkərdəsi Antoni Atropatenaya soxuldu, lakin Fraaspa qalasının mühasirəsinin uzanması, xalqın inadlı mübarizəsi romalıların məğlubiyyətinə gətirib çıxardı. Bu qələbədən az sonra Parfiya şahı Atropatenanı özünə tabe etmək fikrinə düşdü. Buna görə də, şah Artavazdın hakimiyyəti dövründən başlayaraq Atropatena siyasəti Roma ilə sıx bağlı olmuşdur. Roma imperatorı Oktavian Ermənistanı əvvəl Artavazda, sonra isə xələflərinə verdi. B.e. 20-ci ilində Atropatilər sülaləsini Parfiya Arşakiləri sülaləsinin kiçik qolu əvəz etdi. 72-ci ildə alanların yürüşü zamanı Atropatena Pakor şahı tərəfindən idarə olunurdu. 213–223-cü illərdə sonuncu Parfiya şahları arasında baş verən ara müharibələri dövründə Atropatena müstəqillik əldə etdi. 244-cü ildə Atropatena Sasani şahı I Şapur tərəfindən istila edildi.

Tədqiqatçılar tərəfindən Albaniya dövlətinin e.ə. IV–III əsrlərdə formalaşdığı ehtimal olunur. Albaniya dövlətinin ərazisi indiki Azərbaycan Respublikasını, Dağıstan Respublikasının (Rusiya Federasiyası) cənub hissəsini və Gürcüstan Respublikasının Alazan vadisini əhatə edirdi. Antik, alban və digər mənbələrin məlumatına görə, Albaniyada 26 tayfa məskunlaşmışdı. Bunlardan bizə aynianlar, anariaklar, albanlar, çilblər, didurlar, gellər, kaspilər, qardmanlar, qarqarlar, leqlər, lpinlər, masqutlar, müklər, sakasenlər, savdeylər, utilər və b. tayfalar məlumdur. I minilliyin ikinci yarısında Albaniyada əkinçilik, maldarlıq və sənətkarlığın inkişaf səviyyəsi olduqca yüksək idi. Albaniyanın ərazisindən beynəlxalq ticarət yolları keçirdi. Mənbələrdə Albaniyada 30-dan artıq iri şəhərin və yaşayış məskəninin olduğu haqqında məlumat verilir. Antik dövrdə Albaniya yadelli işğalçılara qarşı inadlı mübarizə aparmış və müstəqilliyini qoruya bilmişdi. Alban tarixçisi Musa Kalankatuklunun qeyd etdiyi ənənəyə görə, b.e. I əsrində Albaniya hökmdar Aran tərəfindən idarə olunurdu. Bu zaman Albaniyanın ərazisi Araz çayından Xunarakert qalasınadək (Qazax–Boçalı zonasında) çatırdı.

Mənbə: AMEA Tarix İnstitutu

Xəbərlər
Redaktorun seçimi