“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.01.2014, 19:45
3102

Ümumi məlumat

İslam Əməkdaşlıq Təşkilatı (İƏT, Organisation of Islamic Cooperation – OIC; 2011-ci ilə qədər İslam Konfransı Təşkilatı  (İKT ) adlanıb) 1969-cu il dekabrın 9-da Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər.

1991-ci il dekabrın 9-da İƏT ölkələri dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib. Bu, müstəqil Azərbaycanın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi.

Quruma üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı. Belə ki, Azərbaycan İƏT  və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail oldu. İlkin vaxtlarında İƏT  Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İƏT  konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kimi qiymətləndirilir.

İƏT  xarici işlər nazirlərinin 1993-cü ildə Karaçidə keçirilmiş XXI, 1994-cü ildə Kasablankada keçirilmiş XXII, 1995-ci ildə Konakridə keçirilmiş XXIII konfransları Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə haqqında qətnamələr qəbul etmişdir. İƏT  xarici işlər nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV konfransında müvafiq qətnamənin adı dəyişdirilərək, "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" adlandırılmışdır. O vaxtdan etibarən xarici işlər nazirlərinin bütün konfranslarında bu qəbildən olan qətnamələrin adı dəyişilməz qalmışdır. Qeyd etmək lazımdır ki, İƏT  dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda keçirilmiş VIII, 2000-ci ildə Dohada keçirilmiş IX və 2003-cü ildə Malayziyanın Putracaya şəhərində keçirilmiş X konfransları eyni adlı qətnamələr qəbul etmişdir.

Əvvəlki qətnamələrdən fərqli olaraq, son qətnamələr xeyli təkmilləşdirilmiş, yeni bəndlər əlavə edilmişdir: "Bütün dövlətləri təcavüzkarı münaqişəni dərinləşdirməyə təşviq edən və Azərbaycan ərazilərinin işğalını davam etdirməyə imkan yaradan silah və döyüş sursatı təchizatından imtina etməyə çağırır; İƏT -yə üzv dövlətin ərazisi hərbi təchizatın tranziti üçün istifadə edilməməlidir; İƏT -yə üzv dövlətləri və dünya birliyinin digər ölkələrini Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün təsirli siyasi və iqtisadi təzyiqlərdən istifadəyə dəvət edir; hesab edir ki, Azərbaycan ona dəymiş ziyana görə kompensasiya almaq hüququna malikdir və bu ziyanın tam şəkildə ödənilməsi üçün məsuliyyəti Ermənistanın üzərinə qoyur; bu məsələ üzrə İƏT -yə üzv dövlətlərin mövqeyi barədə ATƏT-in hazırkı sədrinə məlumat verməsini İƏT  Baş katibindən tələb edir" və s.

İƏT  Dövlət və Hökumət başçılarının təkcə bu ilin oktyabr ayında Putracayada keçirilmiş X Zirvə Konfransının qəbul etdiyi qətnamələr Azərbaycan-İƏT  münasibətlərinin hazırkı vəziyyətinin əyani göstəricisidir. Konfrans qeyd edilən siyasi qətnamə ilə yanaşı, "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinin işğalı, bir milyonadək əhalinin öz yurdundan zorla qovulması ilə müşayət olunan əməlləri pislənilir, ölkənin tarixi üçün belə çətin və böhranlı vaxtda Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik ifadə olunur, Azərbaycan xalqının əzab-əziyyətini yüngülləşdirmək məqsədi ilə İƏT -yə üzv dövlətlərə, islam qurumlarına və eləcə də beynəlxalq təşkilatlara müraciət edilir ki, respublikamıza lazımi iqtisadi, maliyyə və humanitar yardım göstərsinlər.

Konfrans ölkəmizlə bağlı üçüncü sənəd - "Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnaməni qəbul etmişdir. Geniş və əhatəli preambula və 7 bənddən ibarət bu qətnamə işğal edilmiş torpaqlarımızdakı mədəniyyət və tarixi abidələrimizin müdafiəsinə yönəlmişdir.

Konfrans İƏT  Baş katibinin bu haqda müvafiq hesabatını nəzərdən keçirərək, erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhvinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləmiş, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini tələb etmiş, problemlə bağlı İƏT -yə üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verməsini İƏT  Baş katibindən xahiş etmişdir.

Respublikamızla bağlı bütün qətnamə layihələrinin təqdim etdiyimiz şəkildə, mübahisəsiz, heç bir düzəliş və təftişə məruz qalmadan qəbul olunması bir daha təsdiq edir ki, islam aləmi problemlərimizlə yaxından tanışdır və bizi dönmədən dəstəkləyir. Bu da öz növbəsində düzgün qurulmuş xarici siyasətimizin nəticəsidir. Prezident Heydər Əliyevin İƏT  dövlət və hökumət başçılarının 1994-cü ildə Kasablankada keçirilmiş VII və 1997-ci ildə Tehranda keçirilmiş VIII zirvə konfranslarında şəxsi iştirakı, oradakı nitqi və keçirdiyi görüşləri islam aləmində geniş reaksiyaya səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, İƏT  qətnamələri Azərbaycan üçün yalnız siyasi əhəmiyyət daşımır, respublikamıza müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və s. yardımın böyük bir hissəsi İƏT  konfranslarının qəbul etdiyi bu kimi mühüm sənədlər əsasında həyata keçirilir. İslam İnkişaf Bankı (İİB) 1994-cü ildən etibarən hər il 2500 ədəd (son illər bu rəqəm ikiqat artmışdır) qurbanlıq qoyun cəmdəyi göndərir və bu yardımın respublikamıza daşınması məsrəflərini də ödəyir. Əlavə olaraq İİB qaçqınlara humanitar yardım göstərilməsinə 500 min dollar və onlar üçün iş yerləri yaradılması məqsədi ilə dəzgah və avdanlığın alınmasına 1 milyon dollar vəsait ayırmışdır.

 

Xəbərlər
Redaktorun seçimi