"Beynəlxalq birliyi xəbərdar etmişdim ki, Ermənistan müharibəyə hazırlaşır"
İlham Əliyev: "Müharibə bitib, biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır"
Azərbaycan həmişə BMT-nin fəal üzvü olmuşdur. Biz təqribən on il bundan əvvəl beynəlxalq birliyin böyük dəstəyi ilə hətta Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdik. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və bu da Azərbaycanın beynəlxalq nüfuzunu və fəal xarici siyasətini nümayiş etdirirdi. İndi isə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi biz beynəlxalq münasibətlər sistemində mühüm rol oynayırıq və BMT Baş katibinin təşəbbüslərinə dəstək oluruq, xüsusilə COVİD ilə mübarizə sahəsində.
Prezident İlham Əliyev bu sözləri avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edərkən deyib.
Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində 30-dan çox ölkəyə yardım göstərdiyini diqqətə çatdıran İlham Əliyev bildirib ki, bu, bizim beynəlxalq birliyin məsul üzvü kimi gündəliyimizi nümayiş etdirir.
Dövlət başçısı qeyd edib ki, BMT ilə bizim fəal qarşılıqlı əlaqəmiz Ermənistanın ölkəmizə təcavüzü nəticəsində başlayıb və 1993-cü ildə Təhlükəsizlik Şurasının bununla bağlı dörd qətnaməsi qəbul olunub: “Bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və yəqin sizin də bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır”.
Prezident daha sonra deyib: “Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib. Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik”.
Azərbaycan Prezidenti 2020-ci ilin sentyabrında, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən Ermənistanın müharibəyə hazırlaşdığı barədə beynəlxalq birliyi xəbərdar etdiyini də xatırladıb: “Bu, təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilinin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik”.
“UNESCO-nun Qarabağa gəlişini otuz ilə yaxındır gözləyirik”
Dövlət başçısı vurğulayıb ki, müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır: “Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik. Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var”.
Ölkəmizin bu xüsusda UNESCO ilə də təmasda olduğunu bildirən İlham Əliyev qeyd edib ki, biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik: “Bilmirəm, bunu bilirsiniz, ya yox, biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir”.
BMT-nin digər təsisatları ilə təmasdan bəhs edən Azərbaycan Prezidenti bildirib ki, bizə ekspert biliyi və məsləhətlər nöqteyi-nəzərdən geniş beynəlxalq iştirak və yardım lazım olacaq: “Çünki indi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur və əlbəttə ki, biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq. Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, viran qoyulmasıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır. Bakıdakı nümayəndəliyinizin bu işə fəal cəlb olunacağına güvənirik”.
Təyinatı ilə bağlı məktubu Prezident İlham Əliyevə təqdim edən xanım Vladanka Andreyeva bildirib ki, BMT ilə Azərbaycan arasında dostluğun artıq 29 yaşı var: “Gələn il, biz Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd edəcəyik. Eyni zamanda, BMT-nin Bakıda nümayəndəliyinin açılmasının da 30 illiyi olacaq. Bir halda, qeyd olunacaq və nəzərdən keçiriləcək tarixlər çoxdur, hesab edirəm ki, son 18 ay görünməmiş hadisələrlə yadda qaldı. COVİD-19 qlobal böhrana çevrildi və bir çox dövlətlər mübarizə aparırdılar. Mən COVİD-19-a qarşı çox qətiyyətli milli cavab tədbirlərinin görülməsində Sizin və hökumətinizin göstərdiyi səyləri alqışlamaq istəyirəm. Bununla belə, Siz də qeyd etdiniz ki, bu dövrdə biz çoxtərəfliliyə, ümumi məsuliyyətə daha güclü sadiqliyimizi nümayiş etdirməli olduq. Biz, ilk olaraq, COVİD-19-a qarşı cavab tədbirlərinin müzakirəsinə həsr olunmuş Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, sonra isə, BMT-nin Baş Assambleyasında xüsusi sessiyanın təşkil olunması üçün göstərdiyiniz səylərə görə minnətdarıq”.
Vladanka Andreyeva qeyd edib ki, Azərbaycan COVİD-19-a qarşı peyvəndləmə işlərində regionda perspektivli mövqelərdən birini tutur. BMT son 18 ay ərzində gördüyü işlərə sadiq qalaraq öz yardımını bundan sonra da göstərməyə hazırdır.
Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni dövr
Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması ilə bağlı 2020-ci il 10 noyabr tarixli Bəyanat barədə danışan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ümid etdiyini bildirib ki, bu sənəd Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün bərqərar olunmasında, əmin-amanlığa və əməkdaşlığa aparan yeni eraya təkan olacaq: “BMT tərəfindən dekabr ayında Qarabağ bölgəsində tələbatların qiymətləndirilməsində hökumətə dəstək olmuşuq. Biz əvvəlki təmas xətti boyu 6 rayonda minaların təmizlənməsi üçün ANAMA-ya yardım məqsədilə dərhal 1 milyon dollar topladıq. Biz minaların təmizlənməsi işində milli mütəxəssislərə dəstəyi davam etdirəcəyik, çünki anlayırıq ki, bu, prioritetdir. Eyni zamanda, BMT Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlar ilə fond yaradaraq, əlaqələndirmə işini aparır ki, ANAMA üçün təlimlər davam etsin və minaların təmizlənməsi prosesi ən yüksək standartlara uyğun aparılsın”.
Vladanka Andreyevanın sözlərinə görə, BMT məcburi köçkünlərin bölgəyə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı üçün göstərilən səylərin dəstəklənməsinə tam sadiqdir. O, həmçinin bu il martın 1-də BMT ilə Azərbaycan arasında əməkdaşlığa dair yeni çərçivə sənədinin imzalandığını diqqətə çatdırıb: “Növbəti beş il ərzində qarşımızda çox böyük vəzifələr qoymuşuq. Əslində, biz inklüziv artıma dəstək vermək və gənclərlə iş aparmağı arzulayırıq ki, onların əmək bazarlarına aid bacarıqları formalaşsın. Biz, həmçinin daha yaşıl iqtisadiyyatın qurulmasında və səhiyyə, sosial müdafiə, təhsil və ədliyyə sahələrində xidmət göstərən təsisatların imkanlarının gücləndirilməsində hökumətin təşəbbüslərinə dəstək vermək istərdik”.