“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.05.2014, 18:21
3646

Layihə haqqında

Toplu “Elektron və sosial mediada azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində hazırlanıb.

“Azərbaycançılıq – bizi birləşdirən dəyər” elektron toplusu 2014-cü ildə Effektiv Təşəbbüslər Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Elektron və sosial mediada azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində hazırlanıb.

Layihə Effektiv Təşəbbüslər Mərkəzinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə 2009-cu ildən həyata keçirdiyi "www.azerbaycanli.org milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsidir. 

LAYİHƏ NƏDƏN BƏHS EDİR?

Son illər Azərbaycanda əhatə dairəsi sürətlə genişlənən elektron media və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması, etik normalara riayət xüsusi aktuallıq kəsb edir. Bu məsələdə hər şeyi hüquqi prinsiplərlə, qanun çərçivəsi ilə nizamlamaq mümkün deyil. Odur ki, elektron, sosial media və şəbəkələrdə milli-mənəvi dəyərlərimizlə bağlı maarifləndirici, təbliği işlərin görülməsi zəruridir.

“Elektron və sosial mediada azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərin təbliği” layihəsi milli-mənəvi dəyərlərimizin, milli eyniyyətimizin təcəssümü olan azərbaycançılıq ideyasının təbliğini, “Azərbaycançılıq – bizi birləşdirən dəyər” adlı elektron toplunun yaradılmasını və sosial mediada yayılmasını nəzərdə tutur. Elektron toplu Azərbaycan və rus dillərində hazırlanacaq.

PROBLEMİN TƏSVİRİ

“Hər xalqın öz milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bizim xalqımız yüz illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb. Biz bu dəyərlərimizi qorumalıyıq. Təəssüf ki, bəzi qəzetlərdə xalqımızın mənəviyyatını, xüsusən gənclərin əxlaqını pozmağa cəhd göstərirlər. Bu sözləri deyərək mən Azərbaycan vətəndaşlarına da müraciət edirəm ki, hər bir insan mənəviyyat məsələsində vətəndaşlıq borcunu ən yüksək borc hesab etsin”.

Ümummilli lider Heydər Əliyevin mətbuatda milli-mənəvi dəyərlərin qorunması haqqında 2001-ci il 14 avqust tarixli bəyanatından götürülmüş bu sözlər indi də aktualdır. Bu bəyanat səslənəndə qəzetlərdə böhtan, təhqir, mənəvi pozğunluq mətbuatın maarifçilik, obyektiv informasiya daşıyıcısı kimi missiyasını xeyli aşındırmışdı. Sonrakı illərdə qanunvericlik sahəsində tənzimləmələr, jurnalistikanın   məsələyə daha həssas yanaşması və s. sayəsində bu vəziyyət qismən aradan qalxdı.

Prezident İlham Əliyev 2013-cü il noyabrın 24-də jurnalistlərlə görüşündə bu məqamı xüsusi vurğulayıb: “Jurnalistlərin peşəkarlığı, məsuliyyəti çox vacibdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək görərik ki, orada böhtan, təhqir mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Hesab edirəm ki, medianın bu funksiyası da çox önəmlidir”.
Bununla belə, son illər Azərbaycanda elektron medianın inkişafı, sosial şəbəkələrin əhatə dairəsinin genişlənməsi milli-mənəvi dəyərlərə və etik normalara bu müstəvidə daha çox diqqət ayrılmasını zəruri edir. İnternetdə, sosial şəbəkələrdə ifadə azadlığının hüquqi tənzimləməsinin olmaması bu vəziyyətə mənfi təsir edir. Digər yandan, bu məsələdə hər şeyi qanunla nizamlamaq mümkün deyil. Elektron, sosial media və şəbəkələrdə təbliğati addımlar vacibdir. Təsadüfi deyil ki,  mənəvi dəyərlərimizin qorunması “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”nda (2007-ci il 23 may) da mühüm istiqamət kimi (maddə 4.3.3.) qeyd olunub.

Məhz bu müddəaları nəzərə alaraq təşkilatımız 2008-ci ildən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” layihəsini həyata keçirir. Layihənin məqsədi tarixi və mədəni irsimizi, xalqımızın mənəvi zənginliyini əks etdirən informasiya resurslarının hazırlanması, azərbaycançılıq məfkurəsinin təbliğidir. Azərbaycançılıq ulu öndər Heydər Əliyev tərəfindən milli ideya səviyyəsinə yüksəldilib. Onun azərbaycançılıq haqqında sözləri mənəvi dəyərlərimizin lakonik ifadəsidir: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən bəhrələnmək deməkdir”.

Təqdim olunan layihə “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” layihəsinin növbəti mərhələsidir. Layihəyə əsasən saytda azərbaycançılığın tarixi, konseptual əsasları, dünyada soydaşlarımızın həmrəyliyində rolu, ulu öndər Heydər Əliyevin, görkəmli mütəfəkkirlərimizin bu barədə fikirləri, xalqımızın adət-ənənələri, əxlaqi normaları və s. mövzuları  əhatə edən “Azərbaycançılıq – bizi birləşdirən dəyər” adlı elektron toplunun yaradılması və sosial mediada yayılması nəzərdə tutulur. Elektron toplu Azərbaycan və rus dillərində hazırlanacaq.

Layihə www.azerbaycanli.org analitik-informasiya portalının zənginləşməsinə xidmət edəcək. www.azerbaycanli.org QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə yaradılan az sayda saytlardandır ki, altıncı ildir fasiləsiz fəaliyyət göstərir, ziyarətçi dairəsi genişlənir. Sayta hər gün Azərbaycandan və müxtəlif ölkələrdən 300-400 nəfər daxil olur.

Bununla yanaşı, www.azerbaycanli.org saytının informativ fəaliyyətini daha çevik etmək, yeni modullar, sorgu, video blokları yaratmaq üçün funksional və dizayn baxımdan yenilənməsi zəruridir. Bu iş də təqdim olunan layihə çərçivəsində həyata keçiriləcək.

 

LAYİHƏNİN MƏQSƏDİ                                           

Milli-mənəvi dəyərlərimizin inikası olan, ölkəmizi dünyaya tanıdan, dünyadakı  soydaşlarımızı həmrəy edən azərbaycançılıq məfkurəsinin tarixini, konseptual əsaslarını, cəmiyyətdə rolunu, eləcə də bu ideya altında xalqımızın adət-ənənələrini əks etdirən “Azərbaycançılıq – bizi birləşdirən dəyər” adlı elektron toplunun (www.azerbaycanli.org saytında - Azərbaycan və rus dillərində) yaradılması və sosial mediada yayılması. www.azerbaycanli.org  saytının funksional və dizayn baxımdan yenilənməsi. İnternet dünyasında “Virtual Azərbaycan” məkanının genişlənməsinə praktik töhfə verilməsi.

LAYİHƏDƏN FAYDALANANLAR

Layihədən Azərbaycan xalqının milli-mənəvi irsi, adət-ənənələri, əxlaqi dəyərləri, bu zənginliyin ideya məcmusu olan azərbaycançılıq məfkurəsi, onun tarixi əsasları və bugünkü missiyası ilə bağlı ətraflı məlumat almaq, dahi şəxsiyyətlərimizin, ədib və mütəfəkkirlərimizin bu mövzuda fikirləri ilə, habelə mövzuya dair müxtəlif məqalələrlə, kitablarla tanış olmaq, tədqiqatlar aparmaq, elektron resurslar, nəşrlər hazırlamaq istəyən hər kəs (qurum və şəxslər) faydalana bilər.

GÖZLƏNİLƏN NƏTİCƏLƏR

Layihənin icrasından əldə ediləcək nəticələri belə sıralamaq olar:

  • İnternet məkanda (www.azerbaycanli.org) azərbaycançılıq məfkurəsinin tarixini, bu gününü, konseptual əsaslarını, müasir Azərbaycan cəmiyyətində və dövlətçilik ideologiyasında yerini, dünyadakı soydaşlarımız arasında həmrəylik missiyasını əhatə edən “Azərbaycançılıq – bizi birləşdirən dəyər” adlı elektron toplu istifadəyə veriləcək.
  • Elektron topluda azərbaycançılıq ideyası altında xalqımızın milli-mənəvi zənginliyi, adət-ənənələri, əxlaqi dəyərləri təqdim və təbliğ olunacaq.
  • Elektron toplunun iki dildə (Azərbaycan və rus) hazırlanması onun istifadəçi və təbliğati dairəsini artıracaq, istifadəçilər dahi şəxsiyyətlərimizin, ədib və mütəfəkkirlərimizin bu mövzuda fikirləri ilə, mövzuya dair müxtəlif tədqiqatlar, məqalə və kitablarla tanış ola biləcəklər.
  • Vətəndən uzaqda, yad milli-mədəni mühitdə yaşayan azərbaycanlılar üçün qloballaşma çağırışları qarşısında milli kimliyi aşınmalardan mühafizə etmək xüsusilə çətindir. Bu baxımdan layihə xalqımızın adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin xaricdəki soydaşlarımız arasında təbliğinə zəmin yaradacaq.
  • Layihə nəticəsində www.azerbaycanli.org saytı daha da zənginləşəcək, saytın funksional və dizayn baxımdan yenilənməsi, sosial şəbəkələrdə təbliği onun əhatə dairəsini genişləndirəcək. Nəticədə sayt internetdə “Virtual Azərbaycan” məkanının genişlənməsinə xidmət edəcək.
  • Layihə ölkə Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının xalqımızın mənəvi dəyərləri, adət və ənənələrinin təbliği, inkişaf etdirilməsi ilə bağlı müddəasının (bölmə 10) icrasına da kiçik töhfə sayıla bilər.

 

Layihənin rəhbəri:  Vüqar Orxan (Əliyev) - vuqar-orxan@mail.ru

Layihənin redaktoru: Xanlar Məmmədov - xanlarziyad@rambler.ru

 

Xəbərlər
Redaktorun seçimi