“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.01.2014, 18:59
4447

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi (30 aprel 1993)

S/RES/822 (1993)  
    30 aprel 1993  
    Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası 

    QEYRI-RƏSMI TƏRCÜMƏ  
    Qətnamə 822 (1993)  
    30 Aprel 1993-cü il 

    Təhlükəsizlik Şurası, 

Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri tərəfindən edilən    1993-cü il 29 yanvar1 və 6 aprel2 tarixli bəyanatlarına əsaslanaraq, 

Baş Katibin 14 aprel 1993-cü il3 tarixli məruzəsini nəzərə alaraq, 

Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, 

Silahlı hərbi əməliyyatların genişlənməsini və, xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək, 

Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat olaraq, 

Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək,  
Regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək,
  
Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, 
 
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək, və silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq, 

Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;

Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;
  
Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını yenidən təsdiq edir;
  
Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Fəaliyyətdə olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda, xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda, vəziyyətin qiymətləndirilməsini aparmağı, və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir;
 
Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 

3205 saylı iclasda yekdilliklə qəbul edilmişdir. 

      
Mənbə: Təhlükəsizlik Şurasının 1993-cü il rəsmi hesabatları, qətnamələri və qərarları. 

    l. S/25199.  
    2. S/25539.  
    3. Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qırx səkkizinci il, 1993-cü ilin aprel, may və iyun ayları üçün əlavə, sənəd S/25600.  

 * * *

BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi (29 iyul 1993)

S/RES/853 (1993)  
     29 iyul 1993  
     Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası 

     QEYRI-RƏSMI TƏRCÜMƏ 
     Qətnamə 853 (1993)  
     29 iyul 1993-cü il 

     Təhlükəsizlik Şurası, 

30 aprel 1993-cü il tarixli 822 (1993) saylı qətnaməsini təsdiq edərək,
 
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk qrupunun Sədrinin 27 iyul 1993-cü il1 tarixində dərc olunmuş məruzəsini nəzərdən keçirərək, 
 
Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatçılığını ifadə edərək, 

Maraqlı tərəflərin 822 (1993) saylı qətnamənin həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlər planını qəbul etməsini alqışlayaraq, 

Hərbi əməliyyatların genişlənməsini və, xüsusilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsini həyəcanla qeyd edərək, 

Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratmasının davam etməsi ilə əlaqədar narahat olaraq, 

Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda fövqəladə humanitar vəziyyətlə əlaqədar yenidən ciddi narahatçılığını ifadə edərək,
 
Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək,
 
Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, 

Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pisləyir; 
 
Bundan başqa regionda bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir; 
 
Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir;
  
Maraqlı tərəfləri atəşkəsə dair möhkəm razılaşmalar əldə etməyə və onlara riayət etməyə çağırır; 
 
Yuxarıdakı 3 və 4-cü maddələr kontekstində regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpa edilməsinə dair özünün əvvəlki çağırışlarını yenidən təsdiq edir; 
 
822 saylı (1993) qətnamənin həyata keçirilməsi səyləri də daxil olmaqla, ATƏM-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə nail olmaq üzrə davam edən səylərini bəyənir, və hərbi əməliyyatların genişlənməsinin bu cəhdlər üçün doğurmuş dağıdıcı nəticələri ilə bağlı ciddi narahatçılığını ifadə edir;
  
Yerləşdirilməsi cədvəli ilə ATƏM-in müşahidə missiyasının hazırlanmasını, həmçinin Müşavirənin regionda iştirakının təmin edilməsi təklifinin Müşavirə çərçivəsində nəzərdən keçirilməsini alqışlayır; 

Maraqlı tərəfləri münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən çəkinməyə, və ATƏM-in Minsk qrupu çərçivəsində, həmçinin birbaşa əlaqələr vasitəsilə məsələnin qəti həllinin əldə edilməsi məqsədilə onlar arasında danışıqları davam etdirməyə təkidlə çağırır; 
 
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 saylı (1993) qətnamənin və hazırkı qətnamənin müddəalarına riayət edilməsi və bu tərəfin ATƏM-in Minsk qrupunun təkliflərini qəbul etməsi məqsədilə Ermənistan Respublikasının hökumətini öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırır;
  
Dövlətləri münaqişənin intensivləşməsinə və ya ərazi işğalının davam etdirilməsinə apara biləcək hər hansı silahın və hərbi sursatın təchiz edilməsindən çəkinməyə təkidlə çağırır;
  
Mülki əhalinin artan əzablarını yüngülləşdirmək məqsədilə, regionda, xüsusilə münaqişəyə məruz qalmış bütün rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz təmin edilməsinə bir də çağırır, və bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını bir daha təsdiq edir;  
Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardım göstərməyi və qaçqın düşmüş şəxslərin öz evlərinə qayıtmalarına kömək göstərməyi xahiş edir; 
 
Baş Katibdən ATƏM-in Fəaliyyətdə olan Sədri, həmçinin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə vəziyyət barədə Şuraya məruzələr təqdim etməsinin davam etdirilməsini xahiş edir; 
 
Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 


3259 saylı iclasda yekdilliklə qəbul edilmişdir. 

Mənbə: 1993-cü il üçün Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qətnamə və qərarları. 
 
     1. Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qırx səkkizinci il. 1993-cü ilin iyul, avqust və sentyabr ayları üçün əlavələr, sənəd S/26184. 

* * *

BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi (14 oktyabr 1993)

S/RES/874 (1993)  

    14 oktyabr 1993  

    Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası 

    QEYRI-RƏSMI TƏRCÜMƏ 

    Qətnamə 874 (1993)  

    14 oktyabr 1993-cü il 

    Təhlükəsizlik Şurası, 

30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə1 Təhlükəsizlik Şurası Sədrinin Şuranın adından oxuduğu bəyanata əsaslanaraq,  

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək,

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar dərin narahatçılığını ifadə edərək, 

8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşləri qeyd edərək, və bu görüşlərin vəziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə töhfə verəcəyinə dair ümidlərini ifadə edərək, 

Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, 

Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək,  

Münaqişə üzündən insanların məruz qaldığı əzablar və regionda ciddi fövqəladə humanitar vəziyyətlə əlaqədar, və xüsusilə Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi ilə əlaqədar özünün ciddi narahatçılığını bir daha ifadə edərək, 

Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırır;  

ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini və Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini yenidən bəyan edir; 

28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun iclasında üzə çıxarılan və Minsk qrupunun doqquz digər üzvünün hərtərəfli dəstəyi ilə Qrupun Sədri tərəfindən maraqlı tərəflərə təqdim olunan “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yeniləşdirilmiş cədvəli”ni alqışlayır və tərəflərin diqqətinə çatdırır, və tərəfləri onu qəbul etməyə çağırır; 

Münaqişədən irəli gələn və Yeniləşdirilmiş cədvəldə bilavasitə nəzərdən keçirilməyən bütün başqa həll olunmamış məsələlərin Minsk prosesi kontekstində sülh danışıqları vasitəsilə tezliklə həll edilməsi vacibliyinə əmin olduğunu ifadə edir; 

Bu yaxınlarda işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və rabitə və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk qrupunun Yeniləşdirilmiş cədvəlində nəzərdə tutulan qarşılıqlı və təcili addımların dərhal həyata keçirilməsinə çağırır;

ATƏM-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq, Yeniləşdirilmiş cədvəldə nəzərdə tutulduğu kimi münaqişənin danışıqlar yolu ilə həll edilməsinə nail olmaq məqsədilə tezliklə Minsk konfransının keçirilməsinə çağırır;  

Baş Katibdən ATƏM-in Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərmək dəvətinə müsbət cavab verməyi və Konfransın açılmasından sonra mətləbə dair başlanan danışıqlara bütün mümkün kömək göstərməyi xahiş edir;

ATƏM tərəfindən yaradılmış müşahidəçilər missiyasını dəstəkləyir;

Bütün tərəfləri beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırır və münaqişəyə məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993) və 853 (1993) saylı qətnamələrindəki çağırışlarını təkrar edir;

Regionda bütün dövlətləri münaqişənin genişlənməsinə gətirib çıxaran və regionda sülh və təhlükəsizliyi pozan hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırır;  

Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın göstərilməsini və qaçqınlara və məcburi köçkünlərə təhlükəsiz şəraitdə və ləyaqətlə öz evlərinə qayıtmağa köməklik edilməsini xahiş edir; 

Baş Katibdən, ATƏM-in Fəaliyyətdə olan Sədrindən və ATƏM-in Minsk Konfransının Sədrindən. 

Minsk prosesinin gedişi və yerdə vəziyyətin bütün aspektləri və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrin verilməsini davam etdirməyi xahiş edir;  

Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 

3292 saylı iclasda yekdilliklə qəbul edilmişdir 

Mənbə: Təhlükəsizlik Şurasının 1993-cü il üçün rəsmi hesabatları, Qətnamələri və qərarları. 

    l.S/26326.  

    2. Təhlükəsizlik Şurusının rəsmi hesabatları, qırx səkkizinci il, 1993-cü ilin oktyabr, noyabr və dekabr ayları üçün əlavə, sənəd S/26522.  

    3. Yenə orada, sənəd S/26522, əlavə.  

* * *

BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi (12 noyabr 1993)

S/RES/884 (1993)  

     12 noyabr 1993  

     Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası 

     QEYRI-RƏSMI TƏRCÜMƏ 

     Qətnamə 884 (1993)  

     12 noyabr 1993-cü il 

     Təhlükəsizlik Şurası, 

30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək,  

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək, 

 ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının Fəaliyyətdə olan Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri nəzərə alaraq,

 Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,  

Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticəsində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək,  

Azərbaycan Respublikasının və regionda digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, 

Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək, 

Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, 

Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir;  

Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır; 

ATƏM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixli Bəyannaməsini1 alqışlayır və onun tərkibində atəşkəsin dayandırılması haqqında olan birtərəfli bəyanatlarla bağlı təklifləri yüksək qiymətləndirir;  

Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə” uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir;  

Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi təcili bərpa, onu effektiv və daimi etməyə, və ATƏM-in Minsk prosesi və Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixli iclasında edilmiş düzəlişlərlə birlikdə “Yeniləşdirilmiş cədvəl” kontekstində münaqişənin danışıqlar vasitəsilə həllinin axtarılmasına təkidlə çağırır;  

Regionda olan bütün dövlətləri münaqişənin genişlənməsinə və regionda sülh və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə bir daha çağırır;  

Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərməyi, və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir;  

Baş Katibə, ATƏM-in Fəaliyyətdə olan Sədrinə və ATƏM-in Minsk Konfransının Sədrinə Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi, və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrini davam etdirmək barədə xahişini təkrar edir;  

Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 

3313 saylı iclasda yekdilliklə qəbul edilmişdir. 

Mənbə: 1993-cü il üçün Təhlükəsizlik Şurasının rəsmi hesabatları, Qətnamələri və qərarları. 

Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qırx səkkizinci il, 1993-cü ilin oktyabr, noyabr və dekabr ayları üçün əlavə. Sənəd S/26718. 

Yenə orada, sənəd S/26522, əlavə. 

 

Xəbərlər
Redaktorun seçimi