“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.01.2014, 18:49
3695

Ümumi məlumat

Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olmuşdur.  

Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır.  

1993-cü il ərzində BMT-nin TŞ Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Hər bir qətnamə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul edilmişdir.

Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir.  

Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi və qaçqın və məcburi köçkünlərin sayının 1 milyondan keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etmişdir.  

 1992-1996-cı illər ərzində BMT-nin TŞ-nın Sədri və BMT Baş Katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən münaqişə üzrə bir sıra bəyanatlarla çıxış etmişlər.  

1996-cı ildən başlayaraq BMT Baş Assambleyası “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü (Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan münaqişə) yenidən təsdiqləyir.  

Azərbaycan BMT Baş Assambleyasının işi çərçivəsində fəal iştirak edir. Belə ki, 1994 və 1995-ci illərdə BMT BA-nın 49-cu və 50-ci sessiyalarında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Respublikasının nümayəndə heyətinə başçılıq etmişdir. O, həmçinin, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmişdir.

Azərbaycan Prezidenti çıxışında qlobalizasiya mövzusuna toxunmuş və qlobalizasiyanın müsbət inkişafı, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdir. 2003-cü ilin sentyabrında isə o vaxt ki Baş Nazir İlham Əliyev BMT BA-nın 58-ci sessiyasında milli sosial-iqtisadi inkişaf və regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı çıxış etmişdir.  

Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. Qeyd etmək olar.  

Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində üzvü olmuşdur.  

Azərbaycan BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Qadınların statusu haqqında Komissiyanın üzvü olmuşdur (2000-2002). Azərbaycan həmçinin Komissiyanın “Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.  

Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.  

Xüsusilə də, BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir. BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR), Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) proqramı və s. həyata keçirir.  

Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimaiyyətin inkişafı məsələlərini qeyd etmək olar. Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün BMTİP həmi siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı və böyüməsini təmin etmək üçün Azərbaycan Hökumətinə yardım edir. Struktur islahatlarının gücləndirilməsi məqsədləri üçün BMTİP Azərbaycanda xüsusi sektorda proqramın icrası ilə əlaqədar Dünya Bankı ilə əməkdaşlıq edir.  

Erməni aqressiyası nəticəsində Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünlər mövcuddur. 1993-cü ildən bəri Azərbaycan dövləti BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR) ilə birgə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirirlər.  

Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycanın UNESCO nəzdində Milli Komissiyası təsis edilmişdir.  

Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər (məs: Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı).  

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrin kosponsorudur. Milli nümayəndə heyəti öz təşəbbüsü ilə bəzi qətnamələri irəli sürmüşdür.

Beləliklə, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58-60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi təklif edilmişdir. CHR tərəfindən qəbul edilmiş bu Qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədini güdmüşdür.  

Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Əvvəl qeyd edildiyi kimi, Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir.  

Son üç ildə Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir (S/2001/1325, S/2002/1022, S/2003/1085).  

Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir (S/2001/1325, S/2002/1022, S/2003/1085).

Azərbaycan Respublikası 2011-ci ildə BMT  Baş Məclisinin Prosedur Qaydalarının 142-ci bəndinə əsasən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürmüşdür. Azərbaycan seçkilərdə əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində şərtsiz üstünlük qazanaraq qələbə üçün tələb olunan 129 səsdən də çox - 155 səs əldə etmişdir. Beləliklə, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə  inamlı qələbə qazanmışdır. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. Bununla yanaşı,  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması  və artıq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında  Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması, Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal  problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də  əsas aktorlarından birinə çevrilməsi deməkdir. 

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il  yanvarın 1-dən  başlamış və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək. Bununla yanaşı, iki il müddətində Azərbaycan növbəyə uyğun olaraq, 2012-ci ilin mayında artıq Təhlükəsizlik Şurasının sədri funksiyalarını yerinə yetirmiş  və 2013-cü ilin sentyabr ayında  daha 1 ay müddətinə vəzifəni icra edəcəkdir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması tarixi hadisədir və  bu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. 

2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələlərin gündəliyə çıxarılmasına nail olmuşdur. Beləliklə, artıq Azərbaycan Respublikası 2012-ci ilin 4 may tarixində BMT Təhlükəsizlik Şurasının sədri funksiyalarını icra etmiş və dövlət başçısı İlham Əliyev öz çıxışında Azərbaycanın təhlükəsizlik problemlərini, xüsusilə  Ermənistanın xalqımıza qarşı apardığı terror, etnik təmizləmə, soyqırımı siyasətini bu yüksək qurumun kürsüsündən bir daha bəyan etmişdir. Azərbaycan Prezidenti Ermənistanın terror risklərinin yenə də yüksək olaraq qaldığını, Azərbaycanın işğal edilmiş ərazilərinin terrorçuluq, separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlıq, o cümlədən narkotik maddələrin dövriyyəsi, çirkli pulların yuyulması və silah qaçaqmalçılıq üçün istifadə olunması baxımından böyük narahatlıq mənbəyi olduğunu, Azərbaycanın beynəlxalq terror qruplarından irəli gələn risk və təhlükələrlə hələ də üzləşdiyini bildirmişdir. Prezident, həmçinin, buna görə, Azərbaycanın milli səviyyədə terrorçuluğun qarşısının alınması üçün genişmiqyaslı tədbirlər gördüyünü və beynəlxalq anti-terror koalisiyasına fəal şəkildə töhfə verdiyini bildirmiş, terrorçuluğa qarşı mübarizənin aparılmasında səmərəli vasitə kimi xidmət edəcək beynəlxalq terrorçuluqla bağlı əhatəli konvensiya üzərində razılığın əldə edilməsinin vacibliyini vurğulamışdır.

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində bir sıra məsələlər, o cümlədən, təhlükəsizlik problemlərinə, ilk növbədə, pozulmuş ərazi bütövlüyü məsələsinə BMT Təhlükəsizlik Şurasının gündəliyində baxılmışdır, Azərbaycan Respublikası dünyada sülh və inkişaf siyasəti yürüdərək beynəlxalq hüququn bərpa olunması tələbi ilə çıxış edib.

Mənbə: www.mfa.gov.az (son yenilənmə: 2013)

 

Xəbərlər
Redaktorun seçimi