Qardaşlığın əsəri olan azad Qarabağdan dünyaya mesaj
İlham Əliyev: “Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir”
Rəcəb Tayyib Ərdoğan: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü bizim gücümüzdür”
“Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında – Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.
Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri iyunun 15-də Şuşa şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasından sonra deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında münasibətlər dünya miqyasında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsidir və imzalanmış Bəyannamə tarixə əsaslanır: “Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Prezident Şuşa Bəyannaməsində 100 il əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilməsini də diqqətə çatdırıb.
Xatırladaq ki, 1921-ci ilin 13 oktyabrında Türkiyə və üç Cənubi Qafqaz respublikası (Azərbaycan, Gürcüstan, Ermənistan) arasında imzalanan Qars müqaviləsi bu ölkələrin qarşılıqlı münasibətlərini və sərhədlərini müəyyən edən tarixi bir sənəd olmaqla yanaşı, həmçinin Azərbaycanın Naxçıvan bölgəsinin taleyi baxımından müstəsna önəm kəsb edir. Müqavilədə (5-ci maddə) Naxçıvan bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi (müvafiq sərhədləri dəqiq qeyd edilməklə) olduğu təsbit edilib. Bununla da həmin dövrdə ermənilərin Naxçıvanla bağlı Azərbaycana qarşı ərazi iddialarının qarşısında tarixi bir sipər çəkilib və Türkiyə də öz imzası ilə bunun qarantı olduğunu təsdiqləyib. Azərbaycanın otuz ilə yaxın davam edən işğala son qoyaraq ərazi bütövlüyünü, əzəli torpağı olan Qarabağda suverenliyini bərpa etməsindən sonra imzalanan Şuşa Bəyannaməsinin də bu baxımdan tarixi anlamı aşkardır.
2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsi də, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərinin ən geniş dairəsini ehtiva etməklə, iki ölkənin ərazi bütövlüyünə, suverenliyinə olacaq hər hansı qəsd və ya təhdidin qarşısının birlikdə, ortaq güc və qüvvətlə alınacağını bütün dünyaya – yaxın-uzaq hər kəsə aydın bəyan edir.
“Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”, – deyə İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti daha sonra deyib: “Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.
Prezident qeyd edib ki, Şuşa Bəyannaməsində ikinci önəmli məsələ nəqliyyat məsələsidir: “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmiryolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.
Bu yerdə onu da yada salaq ki, 100 il əvvəl imzalanan Qars müqaviləsində də (maddə 17) iştirakçı ölkələr arasında münasibətlərin fasiləsizliyinin təmin edilməsi, müştərək razılaşma ilə dəmiryol, teleqraf və s. rabitə vasitələrinin təmin olunması, “insanların və malların hər hansı ləngidilmə olmadan sərbəst yerdəyişməsi” kimi məsələlər əksini tapmışdı. Lakin sovet rejiminin sonrakı tarixi Türkiyənin Cənubi Qafqazla, ələlxüsus Azərbaycanla münasibətlərinə təkcə tikanlı sərhəd xətti deyil, həm də dəmir ideoloji pərdə endirdi.
“Bu gün biz azad edilmiş Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, əminəm ki, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır... Bu gün buradan – qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır”, – deyən İlham Əliyev vurğulayıb ki, bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir: “İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi...”.
“Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu. Otuz il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi”, – deyə İlham Əliyev əlavə edib.
Dövlət başçısı bildirib ki, Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycanın tarixində yeni dövr başlayır. Qeyd etmək lazımdır ki, əslində, bu həm də Azərbaycan-Türkiyə üçün yeni dövrün başlanmasıdır və Şuşa Bəyannaməsi bunun hüquqi təməlidir.
Bu məqamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mətbuata bəyanatında vurğulayıb. “Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram”, deyə o bildirib. Qarabağın dirçəlişi ilə bağlı görülən işlərdən bəhs edən Türkiyə Prezidenti əmin olduğunu vurğulayıb ki, Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq: “Buna heç şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik. Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik. Ən qısa müddətdə evlərinə qayıtmalarını gözlədiyimiz azərbaycanlı qardaşlarımız üçün də hər cür səy göstərəcəyik”.
Rəcəb Tayyib Ərdoğan daha sonra deyib: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik. Bəyannamə Şuşada bu gün reallığa çevrilir. Bu, son dərəcə önəmlidir. Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük.
Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə, İnşallah, baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə həyata keçirəcəyimiz fəaliyyətlərin daha sürətli və səmərəli şəkildə icra olunmasını da təmin edəcəyik.
Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir”.
Türkiyə Prezidenti diqqətə çatdırıb ki, pandemiyanın doğurduğu çətinliklərə baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə əməkdaşlığı inkişaf etdirmək üçün birgə səyləri davam etdiririk. Eyni zamanda müdafiə sənayesi sahəsində işbirliyi genişlənəcək: “Müdafiə sənayesi sahəsində əlaqələrimizi texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk. Bir az əvvəl “Baykar” şirkətinin baş direktoru Haluk bəyə qardaşım “Qarabağ” ordeni təqdim etdi. Mən də ailə adından ona xüsusilə təşəkkür edirəm. Təbii ki, pilotsuz uçuş aparatları burada ciddi işlər gördü. Müdafiə sənayesi sahəsindəki əlaqələrimiz bundan sonra daha da fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.
Vüqar Orxan