“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.03.2022, 11:00
1920

Çankaya Köşkündə Azərbaycan-Türkiyə zirvəsi

A- A+

Prezidentlər tərəfdaşlığın geniş spektrini müzakirə ediblər 

Prezident İlham Əliyev martın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər edib. Çankaya Köşkündə dövlət başçılarının görüşü keçirilib.

Görüşdə Şuşa Bəyannaməsinin (15 iyun 2021-ci il) imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmiryolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olunub, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb, hərbi, hərbi-texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Ukraynadakı hadisələrlə bağlı da fikir mübadiləsi aparılıb, Türkiyə və Azərbaycanın, eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətində şəxsi səyləri yüksək qiymətləndirilib.

Sonda Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olunub və Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.

Azərbaycan Respublikası Prezidentinin Türkiyəyə işgüzar səfəri martın 10-da başa çatıb.

Xəbərlər
Redaktorun seçimi