“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.06.2014, 16:23
3928

Layihə haqqında

"Qarabağ tarixinin salnaməsi - elektron xronoqraf" layihəsi 2010-cu ildə Effektiv Təşəbbüslər Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı hesabına həyata keçirilib. Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2008-ci ildən həyata keçirilən  "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsidir.

 

Layihədə qoyulan problemin təsviri

Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinə dünyada obyektiv münasibətin təmin olunması münaqişənin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mühüm şərtlərindəndir. Bu baxımdan münaqişə ilə bağlı həqiqətlərin, eləcə də Qarabağın tarixinin, bu bölgənin qədim zamandan Azərbaycan xalqının dövlətçilik salnaməsinin tərkib hissəsi kimi keçdiyi tarixi xronikanın dünyaya çatdırılması böyük önəm kəsb edir. Çünki Dağlıq Qarabağı Azərbaycandan qoparmağı qarşıya məqsəd qoyan ermənilərin əleyhimizə apardıqları təbliğat məhz tarixin saxtalaşdırılması üzərində qurulub.

Qarabağın guya erməni torpağı olması, bu bölgənin sovet hakimiyyəti tərəfindən Azərbaycanın tərkibinə verilməsi və s. iddialar, hər nə qədər bizə sərsəm görünsə də, erməni təbliğat maşını tərəfindən dünyada yayılmadadır. Qarabağ münaqişəsinin ilk illərində ermənilərin diaspora və lobbiçilik imkanlarından yararlanaraq apardıqları antiazərbaycan kampaniyası qarşısında, təəssüf ki, bizim təbliğat resurslarımız məhdud və zəif olub.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycan dövlətinin iqtisadi və intellektual resurslarının səfərbər edilməsi, ictimai qurumların, diaspora təşkilatlarının bu işə cəlb olunması Qarabağ məsələsində ermənilərin yalan kampaniyasını qismən önləməyə imkan verib. Bu gün beynəlxalq birlik Qarabağ probleminin mahiyyəti, Azərbaycanın bu məsələdə tutduğu ədalətli mövqe barəsində xəbərdardır.

Lakin görülən işlər yetərli deyil. Məhz bunə görə ölkə rəhbərliyi Qarabağla bağlı tarixi həqiqətlərin daha geniş miqyasda dünya çatdırılmasını həm dövlət, həm də qeyri-dövlət qurumlarının ümdə işi kimi daima vurğulayır.

Prezident İlham Əliyev 2005-ci il dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyinə həsr olunmuş yığıncaqda bu barədə demişdir: “Tarixi faktlar sübut edir ki, ermənilərin Dağlıq Qarabağa keçmişdə və indi olan iddiaları tamamilə əsassızdır. Biz bunu bilirik, amma bu, kifayət deyildir. Gərək biz bu həqiqətləri dünya birliyinə çatdıraq. Bu sahədə daha da ciddi işlər görməliyik. Uzaq tarixin və yaxın tarixin həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün yeni imkanlar mövcuddur. Bu işləri internet vasitəsilə daha da fəal şəkildə görmək lazımdır. Biz gərək bu fəaliyyəti birgə aparaq”.

Ötən dövrdə prezidentin bəhs etdiyi məsələlərin həyata keçirilməsi üçün addımlar atılıb. O cümlədən 2008-ci ildən fəaliyyət göstərən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı sayəsində Qarabağ münaqişəsi ilə həqiqətlərinin dünyaya çatdırılması üçün nəşrlər, internet saytlar hazırlanıb. Bununla yanaşı, hələ çox işlər görülməlidir. Həmin işlərdən biri Qarabağın tarixinin elektron salnaməsinin hazırlanması və xarici dillərdə yayılmasıdır.

Qarabağla bağlı xeyli sayda internet saytlarımız, elektron resurslar mövcud olsa da, apardığımız monitorinq əsasında deyə bilərik ki, onların heç birində Qarabağın tarixinin əhatəli xronologiyasına rast gəlmək mümkün deyil. Həmin saytlarda Qarabağın tarixi əsasən ayrı-ayrı dövrlərə (Orta əsrlər, Qarabağ xanlığı, Qarabağ Rusiya imperiyası tərkibində və s.) dair məqalələr şəklində təqdim olunur.

Mövcud resurslarda yalnız Qarabağ münaqişəsinin xronikasına (1988-ci ildən sonra) rast gəlmək olar ki, o da əhatəli deyil, son yenilənmə tarixi isə ən yaxşı halda 2004 və ya 2005-ci illə məhdudlaşır. Halbuki Azərbaycan tarixçilərinin Qarabağ haqqında çoxlu tədqiqat əsərləri, kitablar, məqalələr, tarixi sənədlər və s. mövcuddur və onların əsasında Qarabağın tarixinin zəngin elektron xronoqrafını tərtib etmək mümkündür. Təqdim olunan layihə bu işin görülməsini nəzərdə tutur.

“Qarabağ tarixinin elektron salnaməsi” tarixi hadisə və faktların xronoloji təqdimatı ilə məhdudlaşmayacaq, hər mövzu müvafiq mənbələrə, sənədlərə, elektron resurslara istinad və keçidlərlə, zəruri illüstrasiyalarla müşayiət olunacaq.

Elektron xronoqraf Qarabağın tarixinin bütün mərhələlərini, Qarabağ münaqişəsinin və münaqişə ətrafında sülh prosesinin tam xronikasını əhatə edəcək. Belə bir elektron resursun yaradılması Azərbaycanın Qarabağ həqiqətlərinin dünyada yayılmasına, ölkəmizin Ermənistanla apardığı informasiya mübarizəsinə yararlı töhfə ola bilər.

Eyni zamanda, layihə təşkilatımızın 2008-ci ildən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsidir. Azərbaycanın tarix və mədəniyyəti ilə bağlı informasiya resurslarının hazırlanmasını ehtiva edən layihə çərçivəsində 2008-ci ildə www.azerbaycanli.org veb-saytı (Azərbaycan versiyası) yaradılıb, “Azərbaycan tarixi günbəgün” kitab-təqvimi və müxtəlif mövzularda elektron xronoqraflar hazırlanıb.

 

Layihənin məqsəd və vəzifələri                                       

Layihənin məqsədi: Azərbaycanın Qarabağ bölgəsinin ən qədim zamandan bugünədək olan tarixinin elektron salnaməsinin (xronoqraf) yaradılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, Ermənistan Respublikasının Azərbaycana qarşı işğalçılıq müharibəsi və onun nəticələrinin dünya ictimaiyyətinə çatdırılması.

Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:  

  • Qarabağın ən qədim zamandan azərbaycanlıların tarixi yurdu olduğunu, ermənilərin bu bölgəyə iddialarının heç bir tarixi əsası olmadığını, Qarabağ münaqişəsinin Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin nəticəsi olaraq meydana gəldiyini dünya ictimaiyyətinə çatdırmaq üçün yeni elektron informasiya resursunun yaradılması (www.azerbaycanli.org saytının bazasında ayrıca link və banneri olan bölmənin təşkili); 
  •  “Qarabağ tarixinin elektron salnaməsi” link və bannerinin internet məkanda yayılması, müxtəlif sayt, portal və elektron resurslarda yerləşdirilməsi;
  • “Qarabağ tarixinin elektron salnaməsinin (xronoqraf) yaradılması” layihəsi ilə elektron sorğuların keçirilməsi (www.azerbaycanli.orgsaytında), kütləvi informasiya vasitələrində xəbər və materialların dərc olunması.

 

Nəticələr  

Layihənin icrasından əldə edilən nəticələri belə sıralamaq olar:  

  • Azərbaycanın Qarabağ bölgəsinin ən qədim zamanlardan bugünədək olan tarixinin tam xronikasını əks edən zəngin elektron salnamə (xronoqraf) yaradılıb; Qarabağ tarixinin elektron xronoqrafı internet məkanda yayılıb;
  • Elektron xronoqraf Qarabağın tarixi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, Ermənistan Respublikasının Azərbaycana qarşı işğalçılıq müharibəsi və onun nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir; Yeni elektron məlumat resursu Azərbaycanın Ermənistanla apardığı informasiya mübarizəsinə praktik töhfədir;
  • “Qarabağ tarixinin elektron xronoqrafı”ndan Azərbaycanın Qarabağ bölgəsinin tarixi, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı elektron və çap nəşrləri, saytlar və digər informasiya-təbliğat vasitələri hazırlamaq istəyən bütün qurum və şəxslər bu elektron resursdan təmənnasız yararlana biləcək;
  • “Qarabağ tarixinin elektron xronoqrafı” veb-səhifəsi Azərbaycan həqiqətlərinin dünyada təbliği məqsədilə yaradılmış (QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə) www.azerbaycanli.org saytının zənginləşməsinə, əhatə dairəsinin genişlənməsinə vəsilə olacaq və bu da öz növbəsində internet müstəvisində “Virtual Azərbaycan” elektron məkanının güclənməsinə xidmət edir.

Layihənin rəhbəri:  Vüqar Əliyev (vuqar@azerbaycanli.org)

 

Xəbərlər
Redaktorun seçimi