“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.03.2014, 15:12
3466

E.ə. IV əsr - b.e. VII əsr

Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda - Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru - Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi.

Albaniya dövründə Azərbaycanın şimal torpaqlarında maddi və mənəvi mədəniyyət daha da inkişaf etmişdi. Bu dövrdə elmi ədəbiyyatda alban əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış, məktəblər açılmışdı. Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər vardı.

Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında yerləşən və müxtəlif etnosların, dinlərin, mədəniyyətlərin qarşılaşıb təmasa girdiyi Albaniyada özünəməxsus və zəngin mədəniyyət formalaşmaqda idi.

Ölkədə yaşayan və sayları getdiycə atmaqda olan türk etnosları dövlətin həyatında mühüm rol oynamışdır. Aya, Göyə, Günəşə, tək Allaha - Tanrıya sitayişlə yanaşı xristianlıq da yayılmaqda idi. Müstəqil Alban kilsəsi dini cəhətdən birbaşa Romaya tabe idi.

Albaniya dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəlmişdi. Alban hökmdarları ölkənin dünyəvi və dini başçısı idilər. Onlar, eyni zamanda, qanunlar verir, ölkənin hərbi qüvvələrinə başçılıq edirdilər. Dövlətin hərbi qüvvələri 80 min nəfəri (60 min piyada, 22 min süvari) aşmışdı.

Albaniya hökmadarlarının sarayında məşvərət şurası fəaliyyət göstərirdi. Məşvərət şurasına və ruhani yığıncaqlarına Albaniya hökmdarlarının özləri rəhbərlik edirdilər. Atropatena kimi Albaniya dövlətinin də öz pulları vardı. Öz dövrü üçün möhkəm və təkmil dövlət idarəçiliyi sisteminə malik olan Albaniya dövləti ölkənin müstəqilliyi üçün təhlükə törədən Parfiyaya və Roma imperiyasına qarşı uğurla mübarizə aparmışdı. Ölkəyə müdaxilə edən Roma imperiyasının qoşunları Alban cəngavərləri tərəfindən dəfələrlə ağır məğlubiyyətə uğradılmışdı. Roma imperiyası Albaniyanın hərbi-siyasi qüdrəti ilə hesablaşmağa məcbur olmuş, iki ölkə arasında qarşılıqlı əlaqələr yaranmışdı. Atropatena kimi Albaniya elçiləri də Romaya gedib imperator Oktavian Avqustla danışıqlar aparmışdılar.

Ölkə başqa dövlətlərlə də geniş ticarət əlaqələrinə və siyasi münasibətlərə malik idi. Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ keçirməyə çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə Vətənin müstəqilliyini qoruyub saxlaya bilmşdi.

Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni təsir gücünə, region ölkələri ilə sıx qarşılıqlı münasibətlərə malik olan Albaniya Aralıq dənizi hövzəsi ölkələri ilə, o cümlədən Roma imperiyası ilə də geniş əlaqələr saxlayırdı. İlk mənbələr, o cümlədən arxeoloji qazıntılar zamanı aşkar olunmuş zəngin maddi mədəniyyət nümunələri Albaniya dövründə Azərbaycanın şimal torpaqlarının xarici ölkələrlə geniş əlaqələr saxladığını sübut edir. Yaxın və Orta Şərq ölkələrini Xəzər xaqanlığı və Şərqi Avropa ilə birləşdirən beynəlxalq yollarının Albaniyadan keçməsi ölkənin xarici ticarət əlaqələrinə müsbət təsir göstərirdi.

Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.

Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi. Onlara geniş imtiyazlar verildi. Yadellilər Azərbaycanın yerli əhalisini əridib yox etmək siyasəti yeritməyə başladılar. Lakin, təqribən 600 il davam etmiş İran və ərəb zülmü Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi. Dözülməz işğal rejimi və təqiblər şəraitində Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi.

İşğalçıların yerli əhalini assimilyasiyaya uğratmaq siyasətinə baxmayaraq, uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyanın tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi. İran və ərəb işğalçılarına qarşı uzun sürən birgə qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi.

Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.

İlk oğuzlar, başqa türk tayfaları kimi, ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədim türklərin "Dəmir qapı" adlandırdıqları Dərbənd keçidi vasitəsilə, habelə Böyük Qafqazın başqa dağ aşırımlarından (Azərbaycan Respublikasının Qax rayonundakı dağ aşırımlarından birini yerli əhali indi də Hun beli adlandırır - Y.M.) keçərək yayılmışdılar.Oğuz müqəddəs Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilk mənbələrin məlumatı, Dərbəndin qala qapılarından birinin Dədə Qorqudun mənsub olduğu Bayat elinin (oğuz tayfası bayatların) adı ilə "Bayat qapısı" adlanması bunu sübut edir.

Avrasiyanın geniş ərazilərində məskunlaşmış qədim türklər, o cümlədən oğuzlar ümumtürk məkanının şimalı ilə cənuunu, yəni Qıpçaq düzü ilə Cənubi Qafqazı əlaqələndirən bu mühüm keçidi - "Dəmir qapı"nı daim əllərində saxlamağa çalışırdılar.

Başqa ilk mənbələrlə yanaşı, Oğuz türklərindən olan ağqoyunluların ən qüdrətli hökmdarı Uzun Həsənin (1454-1478) hökmü ilə Əbu Bəkr əl-Tehrani əl-İsfahaninin yazdığı "Kitabi-Diyarbəkriyyə" adlanan oğuznamədə verilən faktlar da oğuz türklərinin, o cümlədən xalqımızın soykökündə duran ağqoyunlu və qaraqoyunluların Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın və Ön Asiyanın ən qədim sakinlərindən biri olduğunu sübut edir.

Göstərilən müəllif Uzun Həsənin böyük babası - Ağqoyunlu dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil şəcərəsini bir-bir araşdıraraq, nəhayət, Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövlətinin tərkibinə daxil olan əraziləri sadalayır və bütün oğuz türklərinin kökündə duran bu böyük hökmdarın, yəni Oğuz xaqanın Göyçə dənizi ətrafında vəfat etdiyini göstərir. Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də burada - Göyçə dənizi ətrafında vəfat etməsi faktı bu diyarın ən qədim oğuz-türk məskənlərindən biri olduğunu sübut edir.

"Kitabi-Diyabəkriyyə"nin müəllifi Oğuzun nəvəsi Xanlar xanıBayandır xaqanında "Qarabağ qışlağı və Göyçə dənizi yaylaqlarında ömür sürdüyünü", burada "böyük bir qurultay çağırıb, məmələkəti oğlanları arasında qabiliyyətlərinə görə bölüşdürdükdən sonra Allahın dəvətini qəbul etdiyini" yazır.

Əbu Bəkr əl-Tehrani əl-İsfahani təsdiq edirdi ki, ağqoyunlu Qara Yuluk Osman bəyin 20-ci babası Sunqur bəy Məhəmməd peyğəmbərin müasiri idi. O, Alagöz və Göyçə dənizi yaylaqları tərəfdəki sərhədlərdə "kafirlərlə müharibə etmiş" və döyüşlərdən birində həlak olmuşdu. Qara Yuluk Osman bəyin 14-cü babası Şəktur xan isə Əlincə qalası uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, onu "kafirlərin" əlindən geri almışdı. Xəlifə Harun ər-Rəşidin müasiri olan Qıpçaq xan da Əlincə qalası uğrunda "kafirlər"lə müharibələr aparmış, onları məğlubiyyətə uğradaraq qalanı azad etmişdi.

"Kitabi-Dədə Qorqud" boyları ilə səsləşən, Məhəmməd peyğəmbərin dövründə və Xilafət işğalları zamanı cərəyan etmiş hadisələrlə üst-üstə düşən bütün bu faktlar tarixi reallıq olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın öz güclü dövlətçilik və müstəqillik ənənələrini qoruyub çaxladığını da sübut edir.

Türk tayfaları, başqa xalqlar və etnik qruplardan fərqli olaraq, Azərbaycanın bütün ərazisinə - həm şimalına, həm də cənubuna yayılmışdılar və çoxluq təşkil edirdilər. Buna görə də, eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş - təkallahlı din yox idi.

Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.

Bu mürəkkəb tarixi şəraitdə güclü və aparıcı hərbi-siyasi qüvvəyə çevrilən çoxsaylı türk etnosları Azərbaycan dövlətçiliyinin əsas daşıyıcıları idilər. Hələ vahid təkallahlı Dinin olmadığı bir dövrdə məhz türk etnosları və türk dili, şimallı-cənblu, bütün ölkə ərazisində birləşdirici rol oynayırdı. Türk etnosları Azərbaycan dövlətçiliyinin və ölkənin müstəqillik ənənələrinin qorunub saxlanmasında da aparıcı rol oynayırdılar. 

►Əlavə bax: Qafqaz Albaniyası (Vikipediya)

 

Xəbərlər
Redaktorun seçimi