“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.07.2017, 19:34
1192

Üçüncü çağırış Milli Məclisə seçkilər (2005). 2. Qeydiyyat mərhələsi (iyul-avqust 2005)

A- A+

⇔ ⇔ ⇔ 

2005-ci il iyulun 4-də prezident İlham Əliyevin imzaladığı sərəncam və iyulun 5-də MSK-nın təsdiq etdiyi təqvim planı ilə yeni seçki marafonuna rəsmən start verildi. Hərçənd gerçəkdə ölkədə seçki yarışı xeyli öncə, 2005-ci ilin əvvəlindən başlamışdı və istər hakimiyyət, istərsə də müxalifət marafonu uğurla başa vurmaq üçün strateji və taktiki addımlarını artıq müəyyənləşdirmişdi. YAP bu seçkilərdə təkbaşına, heç bir iqtidaryönlü partiya ilə bloka girmədən iştirak etməyə qərar vermişdi.

Müxalifət isə ilin əvvəlindən seçkilərə vahid namizədlər siyahısı, yaxud heç olmasa vahid platformada getmək üçün öz daxilində çeşidli müzakirələr aparsa da, müsbət nəticə əldə etməmişdi. Odur ki, müxalifət düşərgəsi ümumilikdə seçkilərdə 10-a yaxın blok və qruplaşmada getməli oldu. Düşərgənin avanqard və radikal təmayüllü cinahı "Azadlıq" blokunda (AXCP, Müsavat, ADP) birləşdi, nisbətən mötədil təmayüllü müxalif cərayanlar "Yeni siyasət" blokunda toplaşdı.

Bundan əlavə, radikalizmlə mötədillik arasında birmənalı mövqe tuta bilməyən "Milli birlik" bloku (Lalə Şövkətin liderliyi altında), habelə "Demokratik Azərbaycan", "Azərbaycançı qüvvələr", "Azərbaycan naminə", son anda təsis olunan "Demokratik islahatlar" (Asim Mollazadənin rəhbərliyi ilə) blokları və s. yarandı. Deputatlığa iddiaçıların böyük bir qismi isə seçkilərə heç bir partiya və blokun çatısı altında girmədən getmək niyyətində idi.

İqtidaryönlü partiyalar da əvvəlcə ayrıca blok halında birləşmək niyyətinə düşsələr də, sonradan onların bəzilərinin birinci şəxsləri YAP-ın namizədlər siyahısında özlərinə yer tapa bildilər və seçkinin yekunları da göstərdi ki, məhz hakim partiyanın himayəsində olan həmin bir neçə şəxs deputat mandatı qazana bildi. Əsasən iqtidaryönlü partiyaların ikinci dərəcəli təmsilçilərinin yer aldığı "İslahat" bloku isə seçki marafonunda autsayder kimi yadda qaldı.

Eyni zamanda, bir sıra partiyalar (Ümid, BAXCP, AXCP ("klassiklər") və s.) seçkilərə ayrılıqda qatılmalı oldular. Ümumilikdə seçki marafonunun ilk mənzərəsindən belə məlum oldu ki, deputatlıq uğrunda mübarizəyə ölkənin 40-dan çox siyasi partiyasının təmsilçisi qoşulub.

Seçki Məcəlləsinə və MSK-nın təqvim planına əsasən, artıq iyulun 6-dan iddiaçılar deputatlığa namizədliklərini rəsmən irəli sürə bilərdilər. Dairə seçki komissiyaları (DSK) müraciətdən sonra 5 gün müddətinə həmin şəxsi ilkin qeydə alıb və ona imza vərəqləri verməli idi. Öz növbəsində iddiaçı minimum 450 seçicinin imzasını topladıqdan sonra onları digər zəruri sənədlərlə birlikdə DSK-ya təqdim etməli idi. Seçki təqviminə əsasən, imza toplamış şəxs artıq iyulun 24-dən namizədliyinin qeydə alınması üçün DSK-ya müraciət edə bilərdi. Ümumilikdə isə imza toplanması proseduru üçün avqustun 28-dək (seçki gününə 70 gün qalmışadək) vaxt ayrılmışdı. Deputatlığa namizədliyin irəli sürülməsi fərdi qaydada, seçicilərin təşəbbüs qrupları tərəfindən (20 nəfərdən ibarət), həmçinin siyasi partiya və blok tərəfindən irəli sürülə bilərdi.

Seçki marafonun ilk həftələri deputatlığa iddiaçıların passivliyi ilə yadda qaldı. Yalnız iyulun sonuna doğru proses sürət götürdü və artıq avqustun ilk günlərində iddiaçıların sayı 800-ü ötmüşdü. Qeyd etmək lazımdır ki, bu, 2000-ci il parlament seçkilərində iştirak etmiş iddiaçıların sayı qədər idi. Amma namizədlərin irəli sürülməsində intensivlik hələ irəlidə idi. Belə ki, sözügedən rəqəmin təxminən üçdə ikisini müstəqil iddiaçılar təşkil edirdi, əsas siyasi partiya və bloklar isə hələ rəsmi namizədlər siyahısını elan etməmişdi. O cümlədən hakim partiyanın rəsmi namizədləri də bəlli deyildi. Hərçənd YAP funksionerləri bütün seçki dairələri üzrə vahid namizədlərin müəyyənləşməsində heç bir problem olmadığını və siyahının avqustun əvvəlində açıqlanacağını bildirirdilər.

Bu arada "Azadlıq" bloku uzun müzakirə və məşvərətdən sonra (bəzi dairələrdə vahid namizədin müəyyənləşməsi üçün ilkin seçkilər keçirilmişdi) 115 dairə üzrə namizədlərini elan etdi. Onlardan təxminən 10 nəfəri partiya mənsubiyyəti olmayan, lakin müxalifətə simpatiyası ilə tanınan ziyalılar, mədəniyyət xadimləri idi. Qalan yerlər isə üç partiya arasında bərabər kvota üzrə bölünmüşdü. Qeyd etmək lazımdır ki, bərabər kvota prinsipi ilk gündən blok daxilində birmənalı reaksiya doğurmamışdı. Xüsusilə müsavatçılar həmin bölgünü üç partiyanın real elektoratına qeyri-adekvat olduğunu gizlətmirdilər. Bu üçlükdə ADP-nin kadr potensialının digər iki partiya ilə müqayisədə xeyli zəif olduğu isə aşkar idi və bunu namizədlərin siyahısı da təsdiqlədi. Əvəzində Müsavatın rəhbərliyində təmsil olunan və yetərincə nüfuza malik şəxslərə (İbrahim İbrahimli, Rasim Musabəyov) blokun vahid siyahısında yer tapılmadı. Onların seçkiyə müstəqil şəkildə qatılması isə sonda partiya sıralarını tərk etmələri ilə nəticələndi.

Avqustun 12-də seçki kampaniyası əlamətdar bir faktla yadda qaldı. MSK 122 saylı Xankəndi dairəsində də seçkilərin keçirilməsi barədə qərar qəbul etdi. 1995 və 2000-ci illərdə bu dairə üzrə seçki keçirilməmişdi və həmin dairə bir növ Dağlıq Qarabağın erməni əhalisi üçün "vakant" saxlanılırdı. Həticə etibarilə səmərəsiz olan bu ənənəyə son verən MSK Dağlıq Qarabağ ermənilərinə formal müraciət qəbul edərək onları da seçkilərdə iştiraka çağırdı. Hərçənd bunun praktikada mümkün olmayacağı hər kəsə bəlli idi və bu dairə üzrə seçici siyahılarına 1991-ci ilədək Xankəndidə yaşamış azərbaycanlı əhalisi (7 min nəfər) salındı. Xankəndi dairəsinin "dondurulmuş" vəziyyətdən çıxarılmasının əsas müsbət cəhəti isə o idi ki, Milli Məclisi, nəhayət, Konstitusiyada göstərildiyi sayda - 125 deputatdan ibarət formalaşdırmaq mümkün olacaqdı.

Avqustun 16-da YAP-ın çoxdan gözlənilən rəsmi namizədlər siyahısı elan edildi. Əksər müşahidəçilərə görə, hakim partiyanın öz siyahısını bu qədər gecikdirməsi daha çox taktiki məqamlarla bağlı idi. Belə ki, YAP müxalifət namizədlərinin harada yarışacağı tam bəlli olandan sonra bu addımı atmaqla öz namizədlərini konkret hansı dairədə yerləşdirmək məsələsində kifayət qədər manevr imkanı əldə etmişdi. Bununla yanaşı, gecikmənin həm də YAP-ın vahid namizədləri ilə bağlı partiyadaxili diskussiyaların uzun zaman aparması ilə bağlı olduğu da yəqin idi.

Siyahı açıqlanandan sonra hakim partiyanın bir sıra təmsilçilərinin narazılıq ifadə etməsi də bunu təsdiqləyirdi. Ötən iki çağırış Milli Məclisin üzvü olmuş bir sıra YAP-çılar bu dəfə siyahıda yox idi. Onların arasında YAP sədrinin müavini Sirus Təbrizli, partiyanın Siyasi Şurasının üzvləri Kərim Kərimov, Səttar Səfərov və digərləri vardı. Maraqlıdır ki, onların hər üçü öncəki parlamentdə komissiya sədrləri idi. Hakim partiya 109 dairə üzrə namizəd irəli sürmüşdü, daha 15 dairədə isə tanınmış ictimai xadim və ziyalıların, habelə iqtidaryönlü partiyaların rəhbərlərinin namizədliyinin dəstəklənəcəyi bildirildi. Siyahı kifayət qədər rezonans doğurdu.

İcmalçılara görə, bu, YAP-dakı köhnə və yeni "qvardiya"nın optimal sintezi idi, hərçənd cəmiyyət ümumilikdə siyahıda daha çox yeni sima gözləyirdi. Siyahıya YAP-ın ötən parlamentdəki 74 nəfərlik fraksiyasından 41 nəfər düşmüşdü. Ötən seçkilərdə olduğu kimi, YAP bu dəfə də namizədlər siyahısında qadınlara kifayət qədər yer ayırmışdı - 15 nəfər. Onların arasında ölkə prezidentinin xanımı Mehriban Əliyeva da vardı. Yeri gəlmişkən, "Azadlıq" blokunun 115 nəfərlik siyahısında yalnız 6 qadın namizəd vardı.

Nəhayət, avqustun 28-də namizədlərin irəli sürülməsi vaxtı başa vatdı. MSK-nın "Seçkilər" informasiya mərkəzinin statistikasından məlum oldu ki, 125 dairə üzrə 2237 nəfər deputatlığa namizədliyini irəli sürmüşdü. Onlardan 89 nəfəri müxtəlif səbəblərdən seçki yarışını imza toplama mərhələsində tərk edmişdi. Bu proseduru başa vurmuş 2148 nəfərdən cəmisi 29-nun (əsasən imza vərəqlərindəki qüsurlara görə) namizədliyi qeydə alınmamışdı. Bu, Azərbaycanın seçki praktikası üçün görünməmiş hal idi. Xatırladaq ki, 2000-ci ildə deputatlığa iddiaçıların yalnız yarısı (409 nəfər) seçkilərə buraxılmışdı. Qeyd alınmış namizədlərdən 56-sı isə hələ təbliğat kampaniyasına başlamamış deputat olmaq fikrindən vaz keçərək namizədliyinin ləğvi barədə DSK-lara müraciət etmişdi.

Ümumilikdə seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə 125 dairə üzrə 2063 namizəd gəlib çıxmışdı. Azərbaycanda heç vaxt parlament seçkilərində bu qədər namizəd iştirak etməmişdi. Hətta 1990-cı ildə 360 nəfərlik Ali Sovetə seçkilərdə də qeydə alınmış namizədlərin ümumi sayı min nəfərə yaxın olmuşdu. Deputatlığa ən çox iddiaçı 9 saylı ikinci Binəqədi (37 nəfər) və 19 saylı birinci Hərimanov (36 nəfər) dairələrində irəli sürülmüşdü. Ən az iddiaçı isə 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur dairələrində (4 nəfər) qeydə alınmışdı.

Üçüncü çağırış Milli Məclisə namizədlərin təxminən yarısı (963 nəfər) seçkilərə bitərəf olaraq qoşulmuşdu. Daha 172 nəfər partiya mənsubiyyətini göstərməmişdi. Qeydə alınmış namizədlərin 431 nəfəri YAP üzvü idi, yəni partiyanın rəsmi siyahısından əlavə 300-dən çox YAP-çı seçkiyə qoşulmuşdu. Bəzi dairələrdə hakim partiya təmsilçilərinin sayı rekord həddə çatmışdı. 8 saylı birinci Binəqədi dairəsində 30 namizəddən 9-u, 105 saylı Tovuz dairəsində isə 16 namizəddən tən yarısı YAP-çılar idi. Hakim partiyanın rəhbərliyi bunu partiyadaxili demokratiyanın təcəssümü kimi qiymətləndirsə də, sonrakı mərhələdə, yəni YAP-dan hər dairə üzrə ən şanslı bir namizədin adının bülletenə salınması məsələsi gündəmə gələndə, bu çoxluq müəyyən problemlər yaratdı və namizədliyini geri götürmək istəməyən onlarla YAP-çı partiya sıralarından xaric edildi.

Bənzər situasiya müxalifət düşərgəsində də yaranmışdı. "Azadlıq" blokunun 115 nəfər rəsmi namizədindən savayı müxtəlif dairələr üzrə AXCP, Müsavat və ADP-nin 20-30 təmsilçisi fərdi qaydada seçkilərə qoşulmuşdu və onların əksəriyyəti namizədliyini geri götürməyərək partiya üzvlüyü ilə vidalaşmalı oldu. Sözügedən məhdudiyyət məsələsi "Yeni siyasət" və digər bloklarda elə bir problem yaratmadı.

Yeri gəlmişkən, YAP və "Azadlıq" bloku, həmçinin 60-dan çox namizədi qeydə alınmış "Yeni siyasət" və "Milli birlik" blokları Seçki Məcəlləsinin tələbinə uyğun olaraq təşviqat dövründə dövlət televiziyasında və ictimai televiziyada pulsuz efir vaxtı (hərəyə gündə 8 dəqiqə) aldılar.

Bu məqam Azərbaycanda seçki kampaniyasını izləyən beynəlxalq dairələr (yeri gəlmişkən, sentyabrın 5-də ATƏT-in seçkiləri müşahidə üzrü uzunmüddətli missiyası Bakıya gəlmişdi) tərəfindən çox müsbət hal kimi qiymətləndirildi. Çünki xarici ölkələrin əksəriyyətində seçkilərdə namizədlərə pulsuz efir vaxtının ayrılmasına, demək olar ki, rast gəlinmir. Qeyd olunan partiya və blokların siyahılarında yer almayan 1700-dən çox namizəd (istər bitərəflər, istərsə də digər partiyaların təmsilçiləri) isə televiziya efirindən yalnız ödəniş əsasında istifadə etməli oldular və bu, onlar tərəfindən mənfi qarşılandı.

Beləliklə, sentyabrın 7-də seçki marafonunun ikinci mərhələsi- təbliğat-təşviqat kampaniyası başlandı...

 

Xəbərlər
Redaktorun seçimi