“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.01.2013, 16:30
1197

Azərbaycan tarixi günbəgün: 1 yanvar

1 yanvar 1813 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Lənkəran qalasını ələ keçiriblər.

Talış xanlığı Rusiya tərəfindən işğal edilib. Gülüstan müqaviləsi (12 oktyabr 1813) ilə bu işğal rəsmiləşdirildi, 1826-cı ildə isə Rusiya çarı I Nikolayın fərmanı ilə Talış xanlığı ləğv edildi.

 

1 yanvar 1841 - Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla İmereti quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bolündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Gəncə), Qazax, Balakən və Naxçıvan bölgələri İmereti quberniyasının tərkibinə daxil edildi.

 

1 yanvar 1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb. Bu bərədə siyasi qərar 1926-cı ildə Bakıda keçirilmiş Ümumittifaq türkoloji qurultayın tövsiyəsinə əsasən qəbul olunmuşdu. Lakin ortaq əlifba sayəsində Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsindən ehtiyat edən SSRİ rəhbərliyi çox keçmədən onu aradan qaldırdı.

 

1 yanvar 1937 - Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

1 yanvar 1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib. Bu barədə göstəriş 1939-cu ildə SSRİ rəhbəri Stalin tərəfindən verilmiş, həmin il iyulun 11-də Azərbaycan SSR Ali Soveti bununla bağlı qanun qəbul etmişdi.

 

1 yanvar 1947 - Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev, 1947 - 3.6.2006) Şamaxı rayonunda doğulub. “Qatır Məmməd” bədii, “Üzeyir ömrü” televiziya filmlərində, tamaşalarda maraqlı rollar oynayıb.

 

1 yanvar 1997 - ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Finlandiyanı Fransa (ikinci həmsədr ölkə Rusiya idi) əvəz edib. Rəsmi Bakı onunla razılaşdırılmamış bu dəyişikliyə etiraz edib və ABŞ-ın həmsədrliyini irəli sürüb. Nəticədə Minsk qrupunda üçlü həmsədrlik (Rusiya, ABŞ, Fransa) formalaşdı.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi