“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.10.2013, 10:57
1088

Azərbaycan tarixi günbəgün: 1 oktyabr

1 oktyabr 1827 – General Ivan Paskeviçin komandanlıq etdiyi rus qoşunları İrəvan qalasını ələ keçiriblər...

 

1 oktyabr 1827 – Rusiya qoşunları İranla müharibə (1826-1828) gedişində İrəvan qalasını ələ keçiriblər. General Ivan Paskeviçin komandanlıq etdiyi rus qoşunları bundan az öncə (20 sentyabr) bölgədəki əsas strateji məntəqə olan Sərdarabad qalasını işğal edəndən İrəvanın müdafiə imkanları zəifləmişdi. İrəvanın işğal olunmasında erməni əhalisi, Eçmiədzin kilsəsi ruslara hər cür yardım göstərmişdilər. İrəvanın ələ keçirilməsinə görə Rusiya çarı general Paskeviçə "Qraf Erivanski" titulu vermişdi. İrəvanın süqutu müharibənin müqəddəratı faktiki olaraq həll etdi.

 

1 oktyabr ​1965 – Azərbaycanın məşhur qəzəlxan şairi Əliağa Vahid (1894-1965) vəfat edib. Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 1894-cü il fevralın 18-də Bakının Masazır kəndində anadan olmuşdur.

 

1 oktyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarıının yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

 

1 oktyabr 1992 – BMT-nin Nyu-Yorkdakı iqamətgahında Azərbaycan Respublikasının nümayəndəliyi açılıb. Bunadək Azərbaycanın BMT-dəki nümayəndəliyi Türkiyənin təşkilatdakı nümayəndəliyində yerləşirdi.

 

1 oktyabr 2001 – Azərbaycan Respublikası «Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya»ya qoşulub.

 

1 oktyabr 2003 – ABŞ-ın Klivlend Klinikasında müalicə olunan prezident Heydər Əliyev Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı səhhətindəki problemlər üzündən prezident seçkilərində iştirak edə bilməyəcəyini bildirib və seçiciləri baş nazir, Yeni Azərbaycan Partiyası sədrinin 1-ci müavini İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb. Bu, Heydər Əliyevin Azərbaycan xalqına son müraciəti idi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi