“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.11.2014, 14:34
5117

Silahlı Qüvvələr düşmənin təxribatına layiqli cavab verəcək

A- A+

Ali Baş Komandan İlham Əliyev Şəmkir hərbi birliyinin qərargahında operativ müşavirə keçirib

Noyabrın 15-də Şəmkir rayona səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa olunmuş qərargah binasının açılışında iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı hərbi hissənin ərazisində yeni inşa edilən qərargah binasında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, üçmərtəbəli bina ordu birliyinin tabeliyindəki birləşmə və hissələrin idarə olunması, idarə heyətinin generalları, zabit və gizirlərin xidmət aparmaları üçün təyin edilib və burada 76 xidməti otaq var. Yeni qərargahda birləşmə və hissələrin döyüş tapşırıqlarını yerinə yetirmələri, qərargah təlimlərinin keçirilməsi, döyüş və səfərbərlik hazırlığı, həmçinin maddi-texniki təminat məsələlərində vaxt itkisinə yol verilməməsi və qoşunların operativ idarə olunması üçün müasir avadanlıqla təchiz edilən taktiki siniflər, çertyoj və kompyuter otaqları, rabitə qovşağı və ordu korpusunun müdafiə zolağını əks etdirən maket otaqları qurulub.

Ordu korpusunun rabitə sistemi müasir tələblərə uyğun fiber-optik kabel üzərindən yeni texnologiyalarla təchiz olunub. Burada müasir avtomat telefon stansiyaları quraşdırılıb. Qarşıdakı iki ildə bu sistemin Silahlı Qüvvələrin bütün birlik, birləşmə və hərbi hissələrini əhatə etməsi, birinci eşelon qərargahlarına qədər genişləndirilməsi planlaşdırılır.

Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev operativ müşavirə keçirdi.

Müşavirədə müdafiə naziri Zakir Həsənov Azərbaycan-Ermənistan sərhədi boyu və təmas xəttindəki vəziyyət barədə məruzə etdi.

Prezident İlham Əliyev bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttini pozması ilə bağlı təxribatını pislədi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı güclü döyüş qabiliyyətinə malik olan Silahlı Qüvvələrimizin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu bildirdi. Prezident İlham Əliyev vəziyyətlə bağlı müvafiq göstərişlərini verdi.

Daha sonra dövlətimizin başçısına hərbi qulluqçuların yay-qış geyim formaları göstərildi. Bildirildi ki, pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlülüyü və davamlılığı ilə fərqlənir. Eyni zamanda, hərbi qulluqçuların yataq şəraiti yaxşılaşdırılıb, köhnə tip əsgər çarpayıları müasir bir və ikimərtəbəli çarpayılarla əvəz olunub. Hazırda stasionar və çöl şəraitində yerləşən hərbi hissələrdə hamam-camaşırxana və məişət otaqlarının avadanlığının yeniləri ilə əvəz olunması istiqamətində müvafiq işlər görülür.

Onu da deyək ki, hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılmasına və bişirilən yeməklərin çeşidinin artırılmasına xüsusi fikir verilir. Hazırda bu  işlərlə hərbçilər yox, mülki şəxslər məşğul olur, bu da yeməklərin keyfiyyətinə öz müsbət təsirini göstərir. Relyefinə görə yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitində yerləşən və uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyətinin konservləşdirilmiş milli yeməklərlə təmin edilməsi üçün də tədbirlər görülüb. Bu sırada qeyd edilən standartlar nəzərə alınaraq hərbi qulluqçuların içməli su ilə təmin olunması da diqqət mərkəzində saxlanılıb. Silahlı Qüvvələrin hərbi qulluqçularının səhra şəraitində quru ərzaq payı dəsti çeşidinin və qida rasionunun kalorililiyinin artırılması məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı və müdafiə nazirinin əmri ilə ərzaq payına əlavələr edilib.

Diqqətə çatdırıldı ki, hərbi hissənin ərazisində hərbi qulluqçular üçün nəzərdə tutulan tam təmirli 50 xidməti mənzildən ibarət beşmərtəbəli bina da inşa olunub.

* * *

►Mövzuya dair:

Helikopterlə bağlı insident Ermənistanın destruktiv mövqeyinin təzahürüdür

Noyabrın 11-də Azərbaycanın işğal edilmiş ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopterin vurulması ilə bağlı insident rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsinin həllində nümayiş etdirdiyi destruktiv mövqeyin növbəti təzahürüdür.

Bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində ölkənin ərazi bütövlüyü, suverenliyi çərçivəsində iştirak edir. Fransa Prezidenti Fransua Olland Paris görüşündə tərəfləri böyük sülh sazişi üzərində işə bağlamağa çağırıb. Azərbaycan isə bu saziş üzərində işə başlamağa hazır olduğunu bildirib. Lakin Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək sülh prosesinə mane olmağa yönəlmiş siyasətini davam etdirir. Hərbi helikopterlə bağlı insident də növbəti belə addımdır.

H.Hacıyev deyib: “Hələ 2012-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilən məktubda bildirilmişdi ki, Ermənistana aid hərbi uçuş vasitələri Azərbaycanın hava məkanına daxil olduqda bu, Azərbaycanın ərazi bütövlüyünə təcavüz kimi qəbul ediləcək və müvafiq tədbirlər görüləcək”. 

* * *

Azərbaycan öz ərazi bütövlüyünü qoruyur

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş və Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopterin vurulması ilə başa çatmış münaqişə ilə əlaqədar Rusiyanın “Kommersant FM” radiosunun aparıcısı Anna Kazakovanın suallarına cavab verib.

P.Bülbüloğlu radiostansiyanın efirində Dağlıq Qarabağın Moskvadakı nümayəndəsinin çıxışı ilə bağlı etirazını bildirib. Diplomat deyib: “Mən rəsmi şəkildə sizə bildirmək istəyirəm ki, Rusiya Xarici İşlər Nazirliyinin sənədlərinə əsasən Moskvada “Dağlıq Qarabağ Respublikası” deyilən bir qurumun heç bir nümayəndəliyi yoxdur. Buna görə də belə hörmətli radiostansiyanın mövcud olmayan bir təşkilatın nümayəndəsini efirə çıxarması bizdə təəccüb doğurur. Rusiya Federasiyası Minsk qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, deməli, Dağlıq Qarabağ Azərbaycanın hazırda Ermənistan qoşunları tərəfindən işğal edilmiş ərazisidir. Məhz bu müddəadan çıxış etmək lazımdır”.

Azərbaycan səfiri qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü müdafiə edir və bütün mümkün vasitələrlə, o cümlədən hərbi vasitələrlə onu qoruyacaqdır. P.Bülbüloğlu deyib: “Azərbaycan bunu dəfələrlə bəyan edib, bu, heç kəsə sirr deyil. Mən Sizdən xahiş etmək istərdim ki, gələcəkdə redaksiyanın siyasətini hər halda dövlət siyasəti ilə tutuşdurasınız, çünki Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın dövlət siyasəti Dağlıq Qarabağın tanınmamasıdır. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin məndə olan rəsmi notasında yazılıb ki, Rusiya Federasiyası Dağlıq Qarabağı tanımır və Rusiya ərazisində Dağlıq Qarabağın heç bir nümayəndəliyi yoxdur. Bunu bir daha nəzərinizə çatdırırıq. Helikopterə gəldikdə isə, Azərbaycan ərazisi üzərində təlimlər keçirmək lazım deyil. Bura Azərbaycan ərazisidir və bu, bütün gələcək hüquqi hərəkətlər üçün çıxış nöqtəsidir. Bizim hərbi cəhətdən kifayət qədər savadlı silahlı qüvvələrimiz var və biz öz ərazi bütövlüyümüzü qoruyacaq, işğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməyincə, təcavüzə qarşı hər vasitə ilə mübarizə aparacağıq”.

Səfir münaqişənin nəticələri barədə sualı cavablandıraraq qeyd edib ki, Azərbaycan heç bir təhdiddən qorxmur. Diplomat deyib: “Qoy Ermənistan bu gün öz vəziyyətini düşünsün. Zənnimcə, onun indiki vəziyyətində olan kiməsə hədə-qorxu gəlməz. Biz ərazimizi təmizləmə siyasətimizi davam etdirəcəyik”. Səfirin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq bəyanatında bildirilir ki, əslində başqa bir dövlət Azərbaycan ərazisində hərbi təlimlər keçirir. Səfir deyib: “Necə bilirsiniz? Təsəvvür edin ki, hansısa bir helikopter Rusiya Federasiyasının sərhədini keçir. Rusiya Federasiyasının qoşunları və sərhəd xidmətləri necə hərəkət edər? Sovet dövründə Koreyanın “Boinq” təyyarəsi ilə bağlı əhvalatı xatırlayaq. Hər bir dövlət öz sərhədlərini qoruyur. Bu, təbiidir. Axı bu, sərnişin helikopteri deyil, hərbi helikopterdir. Nə üçün hərbi helikopter orada uçmalıdır?”

Azərbaycan səfiri helikopterin vurulması məsələsi ilə əlaqədar ATƏT-in narahatlığı barədə suala cavab verərək deyib: “Qoy ATƏT Azərbaycanda bir milyon qaçqının olmasından daha çox narahat olsun. ATƏT-i hər şeydən əvvəl bu narahat etməlidir. Onların hüquqları tamamilə pozulub. Təqribən 200 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olunub. Qoy ATƏT bununla məşğul olsun. Qoy narahat olsun ki, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və BMT Baş Məclisinin bir qətnaməsi var. Qoy ATƏT bundan narahat olsun. Bu, daha düzgün olar”.

AzərTAc

 

Xəbərlər
Redaktorun seçimi