“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.01.2015, 12:06
3790

İkiyə bölünmüş Vətənin - Şimali və Cənubi Azərbaycanın tarixinin 200 illik xronoqrafı

A- A+

"Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili" elektron xronoqraf layihəsi Effektiv Təşəbbüslər Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2013-cü ildə həyata keçirilib.

Layihə Effektiv Təşəbbüslər Mərkəzinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə 2009-cu ildən həyata keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsidir. 

Layihədə qoyulan problemin təsviri

2013-cü ildə xalqımızın tarixinə möhür vuran, daima sonsuz nisgil içində anılan bir hadisənin – Azərbaycanın Şimal və Cənuba bölünməsinin 200 ili tamam olur. 1813-cü ildə Gülüstan müqaviləsi ilə Azərbaycan torpaqlarının Araz çayı boyunca çar Rusiyası və İran (Qacarlar) dövləti arasında ikiyə bölünməsi nəticə etibarilə tariximizdə, mədəniyyətimizdə, xalqımızın ictimai-siyasi, sosial, mədəni həyatında dərin izlər qoydu.

Tarixin gərdişi ilə Şimali Azərbaycan – bugünkü Azərbaycan Respublikası suveren, müstəqil, öz taleyinin hakimi, öz inkişaf yolu olan dövlətdir, müasir dünya birliyində layiqli yer tutur. Cənubdakı soydaşlarımız, yurd yerlərimiz isə (yenə tarixin gərdişi ilə) başqa bir dövlətin tərkibindədir. Tarixin dərk olunmasında siyasət hər zaman müəyyənedici rol oynamışdır, biz də bu reallığı dərk edir, anlayırıq.

Bununla belə, güneyli soydaşlarımızın keçdiyi yol, Arazın o tayında qalmış tarixi irsimiz, mədəniyyətimiz, görkəmli şəxsiyyətlərimiz barədə məlumatlı olmaq, bu tarixi öyrənmək, təbliğ etmək və dünyaya tanıtmaq borcumuzdur. Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi güc artır. Öz keçmişini tam şəkildə dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır. Tarixi yurd yerlərimiz coğrafi baxımdan bölünmüş olsa da, tarixi yaddaşımız əslində bütövdür, bölünməzdir və biz onu bütöv halda qəbul etməliyik.

Qloballaşan dünyada qabaqcıl yer tutmaq istəyən xalq iqtisadi, elmi potensialı ilə yanaşı, tarixi irsi, mədəniyyəti ilə də tanınmalıdır. Prezident İlham Əliyev 2012-ci il oktyabrın 4-də İkinci Bakı Beynəlxalq Humanitar Forumda çıxış edərkən bununla bağlı demişdir: “Müxtəlif dövrlərdə başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, öz mədəni, tarixi irsimizi saxlaya bilmişik, qoruya bilmişik. Başqa mədəniyyətə, tarixə hörmət öz mədəniyyətinə, tarixinə hörmətdən başlamalıdır. Biz çox istəyirik ki, gənc nəsil milli ruhda, öz tarixinə, mədəniyyətinə hörmət ruhunda böyüsün, tərbiyə alsın. Hər bir azərbaycanlı öz tarixini bilməlidir”.

Bu istiqamətdə dövlət institutları ilə bərabər, qeyri-hökumət təşkilatlarının da üzərinə mühüm məsuliyyət düşür. Təqdirəlayiq haldır ki, 2008-ci ildən fəaliyyət göstərən QHT-lərə Dövlət Dəstəyi Şurası bu məsələyə xüsusi diqqət ayırır, tarix və mədəni irsimizin təbliği ilə bağlı layihələrə, təşəbbüslərə maliyyə yardımı göstərir. Müasir dövrdə bu işləri internet məkanında, elektron resurslar vasitəsilə daha effektli şəkildə görmək mümkündür. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti öz çıxışlarında bu fikri daima nəzərə çatdırır: “Uzaq tarixin və yaxın tarixin həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün yeni imkanlar mövcuddur. Bu işləri internet vasitəsilə daha da fəal şəkildə görmək lazımdır”.

Təqdim olunan layihə bu fəaliyyətə töhfə vermək məqsədi daşıyır. Hazırlanması nəzərdə tutulan elektron xronoqraf paralel olaraq iki – Şimali Azərbaycan və Cənubi Azərbaycan bölümlərindən ibarət olacaq. Elektron salnamədə ötən 200 ildə - 1813-cü ildə Azərbaycan torpaqlarının ikiyə bölünməsindən sonra Şimali və Cənubi Azərbaycanda baş verən tarixi, ictimai-siyasi hadisələr, hər iki tayda xalqımızın mədəniyyətinin, ədəbiyyatının inkşafı, görkəmli şəxsiyyətləri ilə bağlı yığcam ensiklopedik məlumatlar xronoloji qaydada əks olunub. Xronoqrafda mətnlər müvafiq foto-illüstrativ materiallarla müşayiət olunur.

 

Layihənin məqsədi:

Azərbaycanın Şimal və Cənuba bölünməsindən (1813) keçən iki yüz ildə xalqımızın ümumi tarixini, mədəniyyət və ədəbiyyatının inkişafını vəhdət halında təqdim edən, milli yaddaşımızı yaşatmağa xidmət edən elektron xronoloji toplunun hazırlanması. Bununla tarixi həqiqətlərimizin təbliğinə, o taylı – bu taylı mədəniyyət, ədəbiyyat xadimlərimizin tanıdılmasına praktik töhfə vermək.

 

*** Layihədən Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı, özəlliklə Cənubi Azərbaycanda son iki əsrdə baş verən tarixi proseslər, orada yaşayıb-yaradan ədəbiyyat xadimləri, maarifpərvər, mütəfəkkir insanlar barədə məlumat almaq istəyən, eləcə də bu mövzuları öyrənmək, tədqiq etmək istəyən hər kəs faydalana bilər.

 

Layihənin icrasından əldə ediləcək nəticələri belə sıralamaq olar:

  • İnternet məkanda ilk dəfə xalqımızın o taylı - bu taylı 200 illik tarixini (1813-cü ildə Azərbaycanın Şimal və Cənuba bölünməsindən sonra) ümumi şəkildə, bütöv tarixi yaddaş olaraq təqdim edən elektron salnamə - xronoqraf hazırlanıb.
  • Elektron topluda bu iki yüzillikdə Şimali və Cənubi Azərbaycanda baş verən, bir sıra hallarda daxili əlaqəsi olan hadisələr, ictimai-siyasi proseslər, eləcə də fərqli quruluşlarda inkişaf edən mədəniyyət və ədəbiyyatımızın tarixi paralel şəkildə əksini tapıb.
  • Topluda hadisələr və şəxsiyyətlər haqqında  yığcam ensiklopedik və bioqrafik materiallar xronoloji qaydada oxuculara təqdim olunur. Eyni zamanda, xronoqrafın materiallarından səmərəli istifadə etmək üçün adlar və mövzular üzrə elektron axtarış sistemindən   (www.azerbaycanli.org saytı) yararlanmaq mümkündür.
  • “Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili” xronoqrafının veb-səhifələrində Şimali və Cənibi Azərbaycan üzrə materiallar yanaşı (paralel) şəkildə təqdim ediləcək. Bu, coğrafi ayrılığa rəğmən, tarixi yaddaşımızı bütöv şəkildə qavramağa, o tayda və bu tayda baş verən tarixi olayları müqayisə və təhlil etməyə imkan verir.
  • Bu gün internet məkanda və ümumiyyətlə, ictimaiyyətdə - sırf elmi tədqiqatları çıxmaq şərtilə - təhsil sahəsində, mediada Cənubi Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti barədə elmi-populyar, maarifləndirci nəşrlər, elektron resurslar, demək olar ki, yox dərəcəsindədir. Hazırlanacaq elektron toplu bu boşluğu doldurmağa müəyyən qədər imkan yaradır.
  • “Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili” xronoqrafı internet məkanda güneyli-quzeyli Azərbaycanın son ikiyüzillik tarixi, xalqımızın ümumi mədəni irsi, ədəbiyyatı, görkəmli şəxsiyyətləri barədə məlumatlar almaq istəyən hər kəsin faydalana biləcəyi mənbədir.
  • Yeni elektron toplu Azərbaycanın dünyaya inteqrasiyasına töhfə vermək, tarix və mədəniyyətimizin tədqiq və təbliğ etmək məqsədilə yaradılmış (QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə) www.azerbaycanli.org saytının zənginləşməsinə, əhatə dairəsinin daha da böyüməsinə vəsilə olacaq. Bu da öz növbəsində internetdə “Virtual Azərbaycan” məkanının genişlənməsinə xidmət edir. 

 

Layihə rəhbəri: Vüqar Orxan (Əliyev)

vuqar-orxan@mail.ru

vuqar@azerbaycanli.org

 

Xəbərlər
Redaktorun seçimi