“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.01.2015, 16:14
2287

1990-cı illər

A- A+

20 yanvar 1990 – Sovet Ordusu Bakıda qırğın həyata keçirib. Hərbi təcavüzü nəticəsində 147 nəfər öldürülmüş, 800-dən çox adam yaralanmışdı... XX əsrin əvvəllərində Güney Azərbaycan İranın inzibati-ərazi bölgüsündə vahid bir region olduğu halda əsrin sonunda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin, Zəncan, Həmədan ostanları yaradılmaqla vahid ərazi parçalanmış oldu...

 

Şimali Azərbaycan

 

15 yanvar 1990 - Dağlıq Qarabağda gərginləşən münaqişənin qarşısında aciz qalan Azərbaycan SSR-in rəhbərliyi Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyətin tətbiq olunması üçün Moskvaya müraciət edib. Fövqəladə vəziyyət elan edilən ərazilərə Sovet Ordusunun birləşmələri yeridilib, yerli hakimiyyət hərbçilərə verilib.

 

18 yanvar 1990 - Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Kəndin işğal olunmasında Ermənistan ərazisindəki SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun hərbçiləri də yaxından iştirak ediblər.

 

20 yanvar 1990 – Sovet Ordusu Bakıda qırğın həyata keçirib. SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçovun Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə 19 yanvar tarixli fərmanı ilə şəhərə qoşun hissələri daxil olub. Fərman yanvarın 20-də səhər, yəni qoşun hissələri şəhərdə qırğın törədəndən sonra elan edilmişdi. Azərbaycanın o vaxtkı səbatsız rəhbərliyinin faktiki razılığı əsasında respublikada milli-azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəmlərə görə, 35 min nəfər) yeridilmişdi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda və respublikanın digər bölgələrində ümumilikdə 147 nəfər  öldürülmüş, 800-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var idi.

 

21 yanvar 1990 – Heydər Əliyev Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək Sovet Ordusunun Bakıda törətdiyi 20 Yanvar qırğınını pisləyən bəyanat verib.  

22 yanvar 1990 – Bakıda “Qanlı Yanvar” təcavüzünün qurbanları dəfn edilib. 20 Yanvar şəhidləri Bakıda o vaxt sovet dövlət xadimi Sergey Kirovun adını daşıyan Dağüstü mədəniyyət və istirahət parkında torpağa tapşırılıb (Kirovun heykəli 1991-ci ilin yanvarında söküldü). Həmin vaxtdan park “Şəhidlər Xiyabanı” adlandı.

 

19 may 1990 - Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının prezidenti vəzifəsi təsis edilib. Sessiyada Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçilib.

 

30 sentyabr 1990 – Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilib. Seckilərin ilk turunda respublika üzrə 360 dairədən üçdə ikisində deputatlar seçilmişdi. Şuşa rayonu istisna olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində seçkilər baş tutmamışdı. Seçkilərdə “Demokratik Azərbaycan” bloku üzrə iştirak edən müxalifət ümumilikdə 30 mandat əldə etdi. Seçkilərin birinci  turunda Heydər Əliyev 340 saylı Nehrəm seçki dairəsindənAzərbaycan SSR Ali Sovetinin, 2 saylı Naxçıvan şəhər seçki dairəsindən isə Naxçıvan MSSR-in deputatı seçilmişdi.

 

17 noyabr 1990 - Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Məclisin qocaman deputatı olan Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib. Ali Məclisdə ilk dəfə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.

 

29 noyabr 1990 – Prezident Ayaz Mütəllibov Azərbaycan SSR-in adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı elan edilməsi barədə fərman imzalayıb. Digər fərmanla 28 may "Milli istiqlal günü" elan edilib (1994-cü ildə Prezident Heydər Əliyevin fərmanı ilə 28 may Respublika günü elan olundu).

 

5 fevral 1991 - 12-ci çağırış Ali Sovetin ilk iclasında Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul olunub,Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilib. Bundan öncə, 1990-cı ilin noyabrında Azərbaycanın bayrağı Naxçıvan Ali Məclisində qəbul olunmuşdu. Dövlət bayrağı bərabər enli üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq istəyini, yaşıl rəng - İslam dininə mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

 

17 mart 1991 - SSRİ-də ittifaqın saxlanılması məsələsi ilə bağlıreferendum keçirilib. Azərbaycanda referendumun rəsmi nəticələrinə görə, əhalinin 75 faizinin SSRİ-nin saxlanılmasına tərəfdar olduğu elan edildi.

 

31 iyul 1991 – Moskva-Bakı sərnişin qatarının Dağıstanın Temirtau stansiyası yaxınlığında partladılması nəticəsində 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

 

8 avqust 1991 – Ermənistan ərazisində azərbaycanlı yaşayan sonuncu yaşayış məntəqəsi - Mehri rayonunun Nüvədi kəndi erməni silahlı qüvvələrinin hücumu nəticəsində talan edilib.

 

19-22 avqust 1991 – Moskvada komminist-revanşist qüvvələrin “QKÇP” adlı dövlət çevrilişi cəhdi uğursuzluğa düçar olub.

 

27 avqust 1991 – Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə şəhərin mərkəzi (Lenin adına) meydanında Sovet İttifaqının qurucusu Vladimir Leninin heykəli sökülüb. Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə meydana rəsmən "Azadlıq" adı verilib.

 

30 avqust 1991 – Azərbaycan parlamentinin - Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olunub.

 

2 sentyabr 1991 – Ermənilər Dağlıq Qarabağda qondarma dövlətin –“Dağlıq Qarabağ Respublikası”nın yaradıldığını elan ediblər. Sentyabrın 3-də Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti  bu qərarı antikonstitusion elan etdi.

 

3 sentyabr 1991 – Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında təşkilati məsələya baxılıb. Deputatların yekdil qərarı ilə xalq deputatıHeydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilib. Heydər Əliyev 1993-cü ilin iyununadək muxtar respublikaya rəhbərlik etdi.

 

8 sentyabr 1991 - Azərbaycanda ilk prezident seçkiləri keçirilib. Əksər siyasi qüvvələrin, o cümədən Xalq Cəbhəsinin boykot etdiyi və alternativsizlik şəraitində keçirilən seçkilərdə Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçilib. MSK-nın rəsmi nəticələrinə görə, səsvermədə iştirak edən seçicilərin 98,5 faizi onun lehinə səs vermişdi.

 

14 sentyabr 1991 – Bakıda Azərbaycan Kommunist Partiyasının (KP) fövqəladə 33-cü qurultayı keçirilib. Qurultay Azərbaycan KP-nin özünü buraxması haqqında qərar qəbul edib. Partiyanın əmlakı mərkəzi və yerli hakimiyyət orqanlarına verilib.

 

18 oktyabr 1991 – Azərbaycan parlamenti - Ali Sovet  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktıqəbul edib. Səsvermədə 360 nəfərlik Ali Sovetin 258 deputatı iştirak etmiş və hamısı lehinə səs vermişdi. Sənədin preambulasında 1918-1920-ci illər Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi qeyd olunur, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı.

 

9 noyabr 1991 – Azərbaycanın Respublikasının dövlət müstəqilliyi birinci olaraq Türkiyə tərəfindən tanınıb.  

20 noyabr 1991 - Erməni silahlı qüvvələri Qarabağ münaqişəsi gedişində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçiriblər. Martuni (Xocavənd) rayonunun Qarakənd kəndinin səmasında içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu "Mi-8" vertolyotu raketlə vurulub. Vertolyotda olan 22 nəfərin hamısı, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, SSRİ xalq deputatları Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Qarabağ münaqişəsi regionunda Rusiya və Qazaxıstanın müşahidəçilər qrupunun rəhbərləri, jurnalistlər həlak olmuşdu. Faciə ilə bağlı Azərbaycan ərazisində üçgünlük (21-23 noyabr) matəm elan edilib.

 

26 noyabr 1991 – Ali Sovetin iclasında həmçinin parlamentin daimi fəaliyyət göstərəcək orqanının - Milli Şuranın yaradılması barədə qərar qəbul edilib. 50 nəfərlik Milli Şura müxalifət və iqtidar («demblok» və «komblok») deputatlarından paritet əsasda (25-25) formalaşdı. 1992-ci ilin mayından Milli Məclis adlanan qanunverici orqan 1995-ci ilədək Ali Sovetin funksiyasını yerinə yetirdi.

 

9 dekabr 1991 - İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib. Bu, müstəqil Azərbaycanın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi.

 

25 dekabr 1991 - «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» fərman verilib. Sənədə əsasən, yeni əlifbaya keçid bir neçə ilə başa çatmalı idi. Lakin bu proses gözlənildiyindən çox uzandı. 2001-ci il iyunun 18-da prezident Heydər Əliyev latın qrafikalı əlifbaya keçidin başa çatdırılması barədə fərman imzaladı və həmin il avqustun 1-dən proses tam həyata keçirildi.

 

25 dekabr 1991 – Növbəti tədris ilindən (1992-1993) başlayaraq Azərbaycanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi haqqında qərar qəbul olunub.

 

25 dekabr 1991 - Ali Sovetin Milli Şurası 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qərar qəbul edib.

 

7 yanvar 1992 – Birləşmiş Ştatların prezidenti Corc (ata) Buş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması barədə Bakıya məktub göndərib. Həmin vaxtadək Azərbaycanın müstəqilliyini dünyanın 50-dək dövləti tanımışdı.

 

8 yanvar 1992 – Krasnovodsk (Türkmənbaşı) - Bakı marşurutu ilə hərəkət edən dəniz bərəsində ermənilər tərəfindən törədilən terror aktı nəticəsində 25 nəfər həlak olub.

 

14 yanvar 1992 - Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb. Bu, Azərbaycanın xarici ölkə ilə imzaladığı ilk diplomatik sənəd idi.  

19 yanvar 1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Kərkicahan kəndini işğal ediblər.

 

28 yanvar 1992 – Ağdam-Şuşa marşrutu ilə uçan "Mİ-8" sərnişin vertolyotu Xankəndindən atılmış "yer-hava" tipli raketlə vurulub. Vertolyotdakı 44 nəfərin hamısı həlak olub. Bu, dünya aviasiya tarixində ən böyük mülki vertolyot qəzalarından sayılır.

 

30 yanvar 1992 – Praqada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1995-ci il yanvarın 1-dən ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib. Toplantıda Azərbaycan və Ermənistan ATƏM üzvlüyünə qəbul olunub. Təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün regiona missiya göndərmək barədə qərar qəbul edib. ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.

 

11 fevral 1992 – Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər.

 

16 fevral 1992 - Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına(ECO - Economic Cooperation Organization) üzv olub. Təşkilatın Tehranda keçirilən toplantısında keçmiş SSRİ-nin daha beş müsəlman respublikası - Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan da üzvlüyə qəbul edilib. ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Hazırda Əfqanıstan da daxil olmaqla 10 ölkəni birləşdirir.

 

17 fevral 1992 - Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı. İşğal zamanı kəndin 80-dək sakini öldürülüb və yaralanıb.

 

26 fevral 1992 –Erməni silahlı qüvvələri Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet  ordusunun 366-cı alayının erməni zabitlərinin bilavasitə rəhbərliyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərində soyqırımı törədiblər. Şəhərdə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. 1275 sakin əsirlik dəhşətini yaşadıqdan sonra azadlığa buraxılıb. 150 nəfərin aqibəti naməlum olaraq qalıb. 130 uşaq yetim qalıb, 8 ailənin bütün üzvləri öldürülüb. Xocalı qətliamı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır.

 

2 mart 1992 – Azərbaycan Respublikası (keçmiş SSRİ-nin digər 7 respublikası ilə birlikdə) Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunub.

 

5-6 mart 1992 - Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasındaXocalı faciəsi ilə bağlı gərgin müzakirələr hakimiyyət dəyişikliyi ilə yekunlaşıb. Martın 5-də Ali Sovetin sədri Elmira Qafarova, 6-daprezident Ayaz Mütəllibov istefa verib. Ali Sovetin sədri seçilənYaqub Məmmədov eyni zamanda prezident səlahiyyətlərini icra etməyə başlayıb.

 

24 mart 1992 - ATƏM (1995-ci ildən ATƏT) Şurasının Helsinkidə keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minskdə konfrans keçirmək barədə qərar qəbul edilib. Minsk konfransı ilə bağlı Azərbaycan, Ermənistan, evsahibi ölkə Belarus, habelə Çexoslovakiya (1993-dən Çexiya və Slovakiya), Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ-ın (cəmisi 12 ölkə) iştirakı ilə işçi format -Minsk qrupu yarandı. 1997-ci ildən qrupda ABŞ, Rusiya və Fransanın iştirakı ilə üçlü həmsədrlik institutu fəaliyyət göstərir.  

 

8 may 1992 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağdakı ən böyük yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal ediblər. Ermənilər Şuşanın işğalı ilə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər, Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaratdı. Rayonun 20 minə yaxın əhalisi didərgin düşdü.

 

14 may 1992 - Ali Sovetin növbədənkənar sessiyasında iki ay öncə prezidentlikdən istefa vermiş Ayaz Mütəllibovun hakimiyyətə qaytarılması barədə qərar qəbul olunub. Lakin bu qərarın ömrü cəmisi bir gün çəkdi və səhərisi Xalq Cəbhəsi hakimiyyəti ələ keçirdi.

 

15 may 1992 - Ali Sovetin Ayaz Mütəllibovu prezident postunda bərpa etmək barədə qərarına (14 may) etiraz olaraq “Konstitusiyanın müdafiəsinə” qalxan Xalq Cəbhəsi ölkədə hakimiyyəti ələ alıb. A.Mütəllibov Moskvaya qaçıb.  

 

18 may 1992 – Ermənistan silahlı qüvvələri mayın 15-dən davam edən güclü hücumlardan sonra Laçın rayonu işğal edilib. Rayonun (1835 kv km) 63 minə yaxın əhalisi didərgin düşüb. İşğal zamanı 300-dən çox adam həlak olmuş və itkin düşmüşdü.

 

18 may 1992 – Bakıda Ali Sovetin növbədənkənar sessiyasında Yaqub Məmmədov parlamentin sədri və prezident səlahiyyətlərinin icraçısı vəzifəsindən istefa verib. Bu vəzifəyə Xalq Cəbhəsi sədrinin müavini İsa Qəmbər seçilib.

 

27 may 1992 - Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Dövlət himni kimi təsdiq edilib.

 

28 may 1992 - Sədərəkdə Naxçıvanı Türkiyə ilə birləşdirən körpünün ("Ümid körpüsü") açılışı olub. Mərasimdə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev, Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbər, Türkiyənin baş naziri Süleyman Dəmirəl iştirak edib.

 

7 iyun 1992 - Azərbaycanda növbədənkənar prezident seçkilərikeçirilib. Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəsmi məlumata görə, prezidentliyə beş namizədin iştirak etdiyi seçkidə ölkə üzrə seçicilərin 76,3 faizi iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy 59,4 faiz səslə qalib gəlmişdi. İyunun 17-də Elçibəy andiçmə mərasimindən sonra prezident vəzifəsinin icrasına başladı.

 

25 iyun 1992 – İstanbulda Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən konfransda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib. “İstanbul bəyannaməsi”ni 9 ölkənin (Türkiyə, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Albaniya, Gürcüstan, Azərbaycan, Ermənistan) başçısı, o cümlədən Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəy imzalamışdı. 1995-ci ildə Yunanıstan, 1997-ci ildə Bolqarıstan, 2004-də Serbiya təşkilata üzv oldu.

 

8 iyul 1992 – ATƏM-in (1995-ci ildən ATƏT) Helsinkidə keçirilən zirvə toplantısında iştirak edən Prezident Əbülfəz Elçibəy Azərbaycanın təşkilata üzvlüyünə dair sənədləri, o cümlədən Helsinki Yekun Aktını (1975) imzalayıb. Azərbaycan ATƏM-ə 1992-ci il yanvarın 30-da qəbul olunmuşdu.

 

9 avqust 1992 – Azərbaycan Mili Ordusunun hissələri Gədəbəy rayonunun Başkənd qəsəbəsinin erməni silahlı qüvvələrindən təmizləyiblər. Başkənd vaxtilə Azərbaycan ərazisisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən iri yaşayış məntəqəsi olub. 

 

15 avqust 1992 – Azərbaycanda milli valyuta - manat dövriyyəyə buraxılıb. 1993-cü il dekabrın 31-dək manat dövriyyədə köhnə sovet rublu ilə paralel işləyib. 1994-cü ilin yanvarın 1-dən manat dövriyyədə yeganə ödəniş vasitəsi kimi təsdiq olunub. 

 

24 oktyabr 1992 - ABŞ Konqresində keçmiş sovet respublikalarına humanitar yardımı tənzimləyən qanuna - «Azadlığa Dəstək Aktı»na 907 saylı düzəliş əlavə edilib. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana ABŞ-ın dövlət yardımını qadağan edirdi. Azərbaycan uzun müddət 907-nin ləğvi üçün səy göstərdi, yalnız 2001-ci ilin sonunda Konqres ABŞ administrasiyasının müraciət əsasında qadağanın qüvvəsini dayandırdı.

 

31 oktyabr 1992 - Ankarada türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısı (29-31 oktyabr) yekunlaşıb. Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edirdi. 

 

21 noyabr 1992 - Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Təsis konfransında partiyanın məramnamə və nizamnaməsi qəbul olunub, rəhbər orqanları seçilib. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev açıq səsvermə əsasında yekdilliklə partiyanın sədri seçilib. 
 

19 yanvar 1993 - Azərbaycan parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya Qanunu qəbul edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış eskizlərə əsasən Dövlət gerbi kimi təsdiq edilib. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.

 

2 aprel 1993 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər rayonunu işğalı ediblər. Kəlbəcər Dağlıq Qarabağla Ermənistan arasında mühüm strateji bölgə idi. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşdü, rayon mərkəzi, 150-yə yaxın kənd, "İstisu" sanatoriyası Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrildi.

 

30 aprel 1993 - BMT Təhlükəsizlik Şurası Azərbaycanla Ermənistan arasında münasibətlərə dair 822 saylı qətnamə qəbul edib. Sənəddə Kəlbəcərin "yerli erməni qüvvələri" tərəfindən işğal edildiyi vurğulanırdı. BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsinə dair sonrakı qətnamələri (853, 874, 884) də bu sənədin fəlsəfəsinə köklənib və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz faktını diqqətdənkənar qoyur.

 

25 may 1993 - Azərbaycandan Rusiya (keçmiş SSRİ) qoşunlarının çıxarılması başa çatıb. Gəncədəki sonuncu Rusiya hərbi kontingenti şəhəri tərk edib. Azərbaycandakı Rusiya (sovet) hərbi hissələrinin çıxarılması ilkin olaraq 1992-ci ilin avqustunda Naxçıvan Muxtar Respublikasından başlamışdı.

 

4 iyun 1993 - Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

 

7 iyun 1993 - Gəncədə baş vermiş faciəli olaylarla bağlı Prezident Aparatında dövlət və hökumət qurumları rəhbərlərinin geniş müşavirəsi keçirilib. İclasda baş nazir Pənah Hüseynov vəzifəsindən istefa verib. 

9 iyun 1993 - Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib.  

13 iyun 1993 - Milli Məclisin sədri İsa Qəmbər istefa verib. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi tələb edirdi.

 

15 iyun 1993 - Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən Prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçilib.Parlamentdə çıxış edən Heydər Əliyev Azərbaycanı ağır böhrandan çıxarmaq üçün əlindən gələni edəcəyini, bütün fəaliyyətini Azərbaycanın müstəqilliyinin qorunmasına sərf edəcəyini bildirib. 1997-ci il iyunun 27-də Milli Məclis 15 iyunu Milli Qurtuluş Günü elan etdi.

 

17 iyun 1993 - Prezident Əbülfəz Elçibəy bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Ölkədə hakimiyyət böhranı daha da ağırlaşıb. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.

 

24 iyun 1993 – Milli Məclis Konstitusiyanın tələbini nəzərə alaraqprezident səlahiyyətlərinin parlament sədrinə verilməsi barədə qərar qəbul edib. Heydər Əliyev Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb. Ölkədə növbədənkənar prezident seçkiləri 1993-cü il oktyabrın 3-də keçirildi.

 

30 iyun 1993 – Milli Məclis parlamentin sədri, prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin təqdimatı əsasında Surət Hüseynovun baş nazir təyin olunmasını təsdiqləyib. Qiyamçı qüvvələrin başında duran Surət Hüseynov həmin vaxt ölkədəki əsas güc mərkəzlərindən biri idi.

 

23 iyul 1993 – Ermənistanın silahlı qüvvələri Ağdam rayon mərkəzini, Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edib. Sonrakı günlərdə erməni qüvvələri Ağdam rayonunun üçdə ikisini işğal etdi. Ağdam Dağlıq Qarabağ ətrafında ən böyük rayondur (əhalisi 160 min nəfər) və onun süqütu Azərbaycanın daha dörd rayonunun işğalını labüd etdi.

 

7 avqust 1993 – Azərbaycanın cənub bölgəsində polkovnik Ələkram Hümbətovun başçılığı altında qondarma qurum - “Talış-Muğan Respublikası” elan olunub. Yerli əhali arasında bu separatçılığın real dəstəyi yox idi . 22-23 avqust 1993 – Lənkəranda Ələkram Hümbətovun qondarma rejiminə ("Talış-Muğan Respublikası") qarşıxalqın kütləvi aksiyaları başlanıb, 3 dinc sakin həlak olub. Ə.Hümbətov cinayətkar dəstəsi ilə dağlara qaçıb. Ə.Hümbətov və dəstəsi həmin ilin payızında ələ keçirildi.

 

23 avqust 1993 – Ermənistan silahlı qüvvələri Füzuli və Cəbrayıl rayon mərkəzlərini işğal edib. Cəbrayıl rayonun ərazisi 1050 kv km, əhalisi təxminən 57 min nəfər idi. Hazırda rayonun bütün ərazisi (96 kənd) işğal altındadır. Füzuli rayonu da (ərazisi 1386 kv km, əhalisi təxminən 110 min nəfər) bütünlüklə işğal olunsa da, sonradan Azərbaycan Ordusu bəzi Arazboyu kəndləri, o cümlədən Horadiz qəsəbəsini düşməndən azad edə bildi.

 

31 avqust 1993 – Ermənistanın silahlı qüvvələrinin davam edən təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağdan kənarda daha bir bölgə - Qubadlı rayonu işğal olunub. Qubadlı şəhəri və rayonun 93 kəndi bir neçə günün içində Ermənistan silahlı qüvvələrinin əlinə keçib. 

 

3 sentyabr 1993 – Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olması barədə qərar qəbul edilib. Azərbaycanın MDB-yə qoşulması sentyabrın 24-də MDB-nin Moskva sammitində rəsmiləşdi.

 

3 oktyabr 1993 – Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Rəsmi nəticələrə görə, səsvermədə iştirak etmişseçicilərin 98,8 faizi Heydər Əliyevin lehinə səs vermişdi.

 

29 oktyabr 1993 - Ermənistan silahlı qüvvələrinin hücumu Zəngilan rayonunun, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrinin işğalı başa çatıb. Zəngilan rayonun 707 kv km-lik ərazisi (rayon mərkəzi və 93 yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib. Rayonun 35 min nəfər əhalisi didərgin düşüb.

 

6 yanvar 1994 - Azərbaycan Silahlı Qüvvələrinin hissələri Füzulirayonunun Arazboyu kəndlərini erməni işğalından azad edib, bölgədə strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsi nəzarət altına alınıb.

 

19 mart 1994 – Erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropolitenin «20 Yanvar» stansiyasında terror aktı törədilib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.

 

12 may 1994 – Qarabağ müharibəsində Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş - “Bişkek protokolu" qüvvəyə minib. Rusiyanın vasitəçiliyi və təşəbbüsü ilə hazırlanan sənədə Azərbaycan tərəfdən Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və “DQR parlamentinin sədri” Karen Baburyan imza atmışdı.

 

3 iyul 1994 – Erməni terrorizmi Azərbaycana qarşı növbəti cinayətini həyata keçirib. Bakı metrosunun «28 May» və «Gənclik» stansiyaları arasında qatarında törədilən partlayış nəticəsində 13 nəfər həlak, 42 nəfər yaralanıb.

 

20 sentyabr 1994 – Bakıda, "Gülüstan" sarayında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının işlənməsinə dair beynəlxalq kontraktın imzalanma mərasimikeçirilib. “Əsrin müqaviləsi”ni ARDNŞ və ABŞ, Britaniya, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanının 11 neft şirkəti imzayıb. Bu müqavilə ilə Azərbaycanın yeni neft strategiyasının əsası qoyulub. Prezident Heydər Əliyevin fərmanı ilə 20 sentyabr Azərbaycanda Neftçilər günü kimi qeyd olunur.

 

29 sentyabr 1994 – Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə BMT Baş Assambleyasında çıxış edib. Baş Assambleyanın 49-cu sessiyasının ümumi siyasi müzakirələrində çıxış edən prezident Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi barədə dünya birliyinə müfəssəl məlumat verərək BMT-ni bu işğalçılığı dayandırmağa çağırıb. Həmin gün Bakıda parlamentin vitse-spikeri Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetiriliblər.

 

4 oktyabr 1994 – Baş nazir Surət Hüsenyovun göstərişi ilə Bakıda və Gəncədə dövlət çevrilişinə cəhd olub. Prezident Heydər Əliyevin tədbirli siyasəti və qətiyyəti sayəsində bu cəhdin qarşısı alınıb. Heydər Əliyevin çağırışı ilə Bakıda Prezident Aparatının binası önünə toplanan on minlərlə insan dövlət başçısına dəstək verib. Oktyabrın 6-da Surət Hüseynov Milli Məclisin üzvlüyündən, 7 oktyabrda baş nazir vəzifəsindən azad edilib. Fuad Quliyev baş nazir səlahiyyətlərinin icraçısı təyin edilib. Daha sonra ölkəni tərk edərək Rusiyaya gedən S.Hüseynov 1996-cı ildə orada həbs edilərək Azərbaycana gətirildi. 2004-cü ilin martında Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olundu.

 

13-17 mart 1995 – Azərbaycanda dövlət çevrilişinə cəhd - "OMON qiyamı" baş verib. Martın 13-də DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin (keçmiş "OMON") Qazax rayonundakı bölməsi Qazax və Ağstafa rayonunun inzibati idarə binalarına, bölgədəki hərbi hissəyə basqın edərək onların fəaliyyətini iflic edib. Martın 15-də Bakıda Xüsusi Təyiatlı Polis Dəstəsinin qiyamı başlanıb. XTPD qüvvələri ölkə rəhbərliyinin istefasını tələb ediblər. Qiyamçılara XTPD-nin rəhbəri, daxili işlər nazirinin müavini Rövşən Cavadov başçılıq edirdi. Martın 17-də Xüsusi Təyiatlı Polis Dəstəsinin qaldırdığı qiyam yatırılıb. Polkovnik Rövşən Cavadov öldürülüb.

 

28 oktyabr 1995 - Bakı metrosunda dəhşətli qəza baş verib. Metronun "N.Nərimanov" və "Ulduz" stansiyaları arasında sərnişin qatarında yanğının baş verməsi nəticəsində 300-dən çox insan həlak olub. 400-dən çox insan müxtəlif dərəcəli yanıq və xəsarət alıb. 

 

12 noyabr 1995 - Azərbaycanda çoxpartiyalılıq əsasında ilk parlament seçkiləri və yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumkeçirilib. MSK-nın rəsmi məlumatına görə, səsvermədə ölkə üzrə seçicilərin 86 faizi (3,5 mln. nəfər) iştirak etmiş, seçicilərin 92 faizi Konstitusiya layihəsini dəstəkləmişdi. Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Prezidentin fərmanı ilə 12 noyabr - Konstitusiya günü elan edildi. Seçkilərdə proporsional sistem üzrə 25 yerdən 19-nu YAP əldə etmiş, AXCP və AMİP hərəyə 3 mandat qazanmışdı. YAP Milli Məclisdə ümumilikdə 54 yer qazandı, parlamentə 55 bitərəf deputat seçilmişdi.

 

16 oktyabr 1996 – Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın proporsional siyahısı üzrə millət vəkili seçilmiş Murtuz Ələsgərov parlamentin sədri seçilib. Bundan öncə, 1996-cı ilin sentyabrında Milli Məclisin sədri Rəsul Quliyev istefa vermişdi.

2-3 dekabr 1996 - ATƏT-in Lissabon (Portuqaliya) sammitində (2-3 dekabr) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. Sammitin yekun sənədində Qarabağ nizamlanmasının üç prinsipi əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. ATƏT-in 53 ölkəsi sənədi qəbul etsə də, Ermənistan onun əleyhinə səs verdi.

 

27 iyul – 6 avqust 1997 – Prezident Heydər Əliyev ABŞ-a ilk rəsmi səfər edib. Avqustun 1-də Ağ Evdə ABŞ prezidenti Bill Klintonla danışıqlardan sonra iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini elan edən siyasi sənəd - Birgə Bəyannamə imzalanıb. Azərbaycanın Dövlət Neft Şirkəti ilə ABŞ-ın "Shevron", "Exxon", "Mobil" və "Amoco” neft şirkətləri arasında 4 müqavilə imzalanıb.

 

9-10 oktyabr 1997 – Strasburqda Avropa Şurasının zirvə toplantısı çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü keçirilib. Görüşdə regional təhlükəsizlik və əməkdaşlıq sahəsində yeni məşvərətçi formatın - GUAM qrupunun yaradılması qərara alınıb.

 

18 dekabr 1997 - Prezident Heydər Əliyev «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında» fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, bu deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib, terror və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.

 

10 fevral 1998 – Milli Məclis prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul edib. Azərbaycan müsəlman ölkələri arasında birinci olaraq bu hümanist addımı atdı.

 

26 mart 1998 – Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Fərmanda XIX əsrin əvvəlində Şimali Azərbaycanın Rusiya ilhaqından sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib. Fərmana əsasən, 1918-ci il mart soyqırımının tarixi - 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

 

8 sentyabr 1998 - Bakıda tarixi "Böyük İpək Yolu"nun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA (Avropa-Asiya nəqliyyat dəhlizi) layihəsi üzrə beynəlxalq konfrans keçirilib. 32 ölkənin (o cümlədən 9 ölkə prezidentinin), 12 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında müqavilə və digər sənədlər imzalanıb, “Bakı bəyannaməsi” qəbul edilib.

 

11 oktyabr 1998 – Azərbaycanda növbəti prezident seçkilərikeçirilib. MSK-nın rəsmi məlumatına əsasən, seçkilərdə ölkə üzrə seçicilərin ümumi sayının (4,2 milyon nəfər) 79,18 faizi iştirak etmişdi. Dövlət başçısı Heydər Əliyev səslərin 76,11 faizini qazanaraq ikinci dəfə prezident seçilib.

 

17 aprel 1999 – Bakı-Supsa (Gürcüstan, Qara dəniz) neft kəməriistismara verilib. 827 kmr uzunluğunda olan və sutkalıq nəql həcmi 105 min barrel (ildə 5 milyon ton) olan kəmər Azərbaycanın "Əsrin müqaviləsi" çərçivəsində istehsal olunan "ilkin neftin" dünya bazarına çıxarılması üçün nəzərdə tutulmuşdu.

 

22 iyun 1999 – Avropa Birliyi (AB) ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1996-cı il aprelin 22-də Lüksemburqda imzalanıb) qüvvəyə minib.

 

18 noyabr 1999 - İstanbulun "Çırağan" sarayında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi ilə bağlı tarixi sənədlər imzalanıb. Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri H.Əliyev, E.Şevardnadze və S.Dəmirəl BTC-yə dair hökumətlərarası sazişi, üç ölkənin rəhbəri, habelə ABŞ prezidenti B.Klinton və Qazaxıstan prezidenti N.Nazarbayev layihənin dəstəklənməsinə dair «İstanbul bəyannaməsi»ni imzalayıblar.

 

21 dekabr 1999 - Yeni Azərbaycan Partiyasının I qurultayında millət vəkili, ARDNŞ-nin 1-ci vitse-prezidenti İlham Əliyev YAP sədrinin müavini seçilib. 2001-ci ilin noyabrında partiyanın növbəti qurultayında İlham Əliyev YAP sədrinin 1-ci müavini seçildi. 2005-ci ildən partiyanın sədridir. 

 

Cənubi Azərbaycan

 

1997-ci ildə islahatçı siyasətçi kimi tanınan Seyid Məhəmməd Xatəmi İran İslam Respublikasınn növbəti prezidenti seçildi və konstitusiyayaya uyğun olaraq, bu postda iki müddət (1997-2005) qaldı.

İran-İraq müharibəsinin ölkəyə gətirmiş olduğu ağır nəticələri aradan qaldırmaq, dinc dövr üçün İranın iqtisadi və siyasi inkişaf kursunu müəyyənləşdirmək 90-cı illərdə Rəfsəncani (1989-1997) və Xatəminin (1997-2005) prezidentliyi illərinə təsadüf etdi. Bu dövrdə nəzərə çarpan yeganə məqam o idi ki, ölkənin yeni rəhbərliyi xarici siyasi aksiyalarında bir qədər təmkinlilik, daxili siyasi kursda isə bir qədər az radikallıq göstərirdilər. Bununla yanaşı, mövcud rejimə qarşı mübarizənin də, zəif də olsa, davam etdiyini söyləmək lazımdır. İran 90-cı illərə məhz bu durumun göstəriciləri ilə daxil olmuşdur.

1990-cı ilin 11 fevralında İslam inqilabının 11 illiyi münasibətilə Tehranda beş milyon adamın iştirak etdiyi mitinq keçirildi. Beş gün sonra Tehranda daha bir nümayiş oldu. Ancaq bu nümayiş rejim əleyhinə idi, irəli sürdüyü tələblər isə çox cəsarətli və kəskin idi: fundamentalistlərin hökumətdən qovulması. Təbii ki, hakimiyyət qüvvələri nümayişçilərə qarşı zor tətbiq etdi. Buna baxmayaraq onlar geri çəkilmədilər. Bu səbəbdən də hakimiyyət qüvvələri öz mövqelərini qorumaq üçün müxalifət tərəfdarlarına qarşı sərt tədbirlərə əl atmağa başladı.

Müxalifət hərəkatının tanınmış üzvlərindən K.Ricavi 1990-cı il aprelin 24-də İsveçrədə, keçmiş baş nazir Ş.Bəxtiyar 1991-ci ilin 6 avqustunda  Parisdə qətlə yetirildi.

Bundan əlavə, rejimin qorunması üçün bir sıra sənədlər qəbul edildi. «İmam Humeyninin xatirəsi və fəaliyyətinin qorunması» qanununa əlavəyə əsasən əks fikirli şəxs 74 qamçı zərbəsi, 3 il həbs və böyük məbləğdə cəriməyə məruz qalırdı. Rejimə qarşı kiçik bir etiraz həbslə nəticələnirdi. Əks fikirlilərə qarşı edamdan tutmuş uzun müddətli həbslərə qədər müxtəlif cəzalar tətbiq olunurdu.

1990-cı ilin 19 noyabrında BMT-nin 99 səhifəlik məruzəsində İranda insan hüquqlarının kütləvi şəkildə pozulması halları qeydə alınmış və ciddi şəkildə pislənilmişdir. İqtidar-müxalifət qarşıdurmasının kəskinləşməsi nəticəsində təkcə 1990-cı ildə İrandan Avropaya siyasi mühacirət edənlərin sayı 20 min nəfərə çatdı.
Bunu da qeyd etmək lazımdır ki, İranın ruhani rəhbərliyindəki radikal qüvvələrin müxalifətə qarşı sərt tədbirləri cəmiyyətdə mötədil islamçıların mövqelərini möhkəmləndirdi.

1992-ci ilin parlament seçkilərində prezident Rəfsəncaninin ətrafında toplaşan mötədillər yerlərin 68%-ni qazandılar. Radikalların 13 il sürən üstünlüyünə son qoyuldu. Bununla da, «Allahsız Qərb»lə əlaqələr yaradılması və ölkənin xarici investorlar üçün açılması xətti tərəfdarı olan Rəfsəncaninin fəaliyyət imkanları genişlənmiş oldu.

1995-ci ilin aprelində «İran xalqının Qərbin mədəni təcavüzündən qorunması» haqqında qanun qüvvəyə mindi. Qanuna əsasən bütün evlərin damlarındakı peyk antennalar yığışdırıldı. 30 avqustda qəbul olunmuş qanuna görə isə şəhərlərdəki mini avtobuslar iki yerə -qadın və kişi hissələrinə (şəhərlərarası avtobuslarda bu tədbir 1992-ci ildən tətbiq olunurdu) bölündü.

Beləliklə, növbəti parlament seçkilərinə kimi radikal qüvvələr öz mövqelərini yenidən bərpa edə bildilər və1996-cı ilin martında keçirilən seçkilərdə yerlərin çoxunu tuta bildilər.

1997-ci ildə keçirilən prezident seçkilərində mötədillərin nümayəndəsi Seyid Məhəmməd Xatəminin ikinci müddətə seçilməsi cəmiyyətə bu qüvvələrin hələ güclü olduğunu göstərdi. Seçkiqabağı təbliğatında o, dünyanın bir sıra ölkələri ilə, xüsusilə də müsəlman dövlətlərilə əlaqələri yaxşılaşdırmağa çalışacağına, qadınlar və gəncləri vəzifələrə çəkəcəyinə söz vermişdi. Xatəminin «Qərbin ən yaxşı xüsusiyyətlərinə yiyələnmək» sözləri mötədil prezidentin ölkənin inkişafı naminə Qərblə əlaqələr qurmağa meyl göstərməsindən xəbər verir. Lakin onun prezident seçilməsi ilə də radikal qüvvələrin hücumu başlandı.

1998-ci ilin 4 aprelində Xatəminin ən yaxın tərəfdarlarından olan Tehran valisi Q.Kərbasçı həbsi olundu. Heç bir əsas olmadan rüşvətxorluqda ittiham olunan valinin həbsi ölkədə böyük əks-səda doğurdu. Yüz minlərlə tehranlı küçələrə töküldü. Q.Kərbasçı aprelin 14-də azad edildi.

Xatəmi seçkiqabağı verdiyi vədə əməl edərək müavinlərdən birini qadın təyin etdi. O, 37 yaşlı Məsumə Ebtekar oldu. Minimum islahatlar keçirildi. Qadınlara bədii kitab oxumaq hüququ verilməsi, məhbuslarla yaxşı rəftar edilməsi və s. kimi tədbirlər bu qəbildəndir.

Xatəmi BMT Baş Məclisində çıxış edərkən 2001-ci ilin mədəniyyətlərin dioloqu ili elan olunması təklifini verdi. Xatəmi ABŞ-la mədəni mübadilənin mümkünlüyünü də dilə gətirdi. ABŞ prezidenti Bill Klinton onun sözlərini «ümidverici» adlandırmış və İranla dialoqa hazır olduğunu bildirmişdi. BMT Baş Məclisi 2001-ci ili mədəniyyətlərin dialoqu ili elan etdi.

2000-ci ilin yazında keçirilən parlament seçkilərində Məclis üzvlüyünə seçilənlərin böyük əksəriyyəti islahat tərəfdarları olmuşdu.

Bununla yanaşı, İraqla müharibədən sonrakı illəri «sabitləşdirmə və quruculuq dövrü» elan etmiş İran ağır şərtlər qarşısında qalmışdı. 1990-cı və 1991-ci illərdə baş vermiş zəlzələlər, 1991-ci ildə baş vermiş daşqınlar, 1991-ci ilin əvvəllərində İraqda gedən vətəndaş müharibəsi ilə əlaqədar olaraq yarım milyondan çox adamın İrana qaçması əlavə çətinliklər yaradırdı.

Neft hasilatı və ixracının səviyyəsini yüksəltmək üçün artıq Amerika bazarlarından belə imtina edilmirdi. Gündəlik neft istehsalı 4 mln. barrelə çatdı. Qaz istehsalı da ildən-ilə artırdı. Əgər 1979-cu ilədək İran qazının çox böyük hissəsi Sovet İttifaqına satılırdısa, həmin ildən bu iş dayandırılmışdı. 1998-ci ildən İran-Türkiyə qaz kəməri işə düşdü.

Bəzi məsələləri həll etmək üçün ABŞ-la danışıqlar da aparılırdı. 1990-cı ilin 1-9 mayında Haaqada ABŞ və İran arasında bir sıra mülki iddiaların təmin edilməsi barəsində aparılan danışıqlarda razılaşmalar əldə edildi.

1990-cı il iyulun 3-də Cenevrədə birbaşa İran-İraq danışıqları baş tutdu və müqavilə imzalandı. Tərəflər 1991-ci il yanvarın 9-dək öz qoşunlarını tutduqları ərazidən geri çəkməli oldular.

Sovet İttifaqının dağılması və yerində müstəqil dövlətlərin yaranması zəminində İranın xarici siyasət kursunda önəm verilən bir istiqamət də yaranmışdı.

1992-ci ilin 15-17 fevralında qonşu müsəlman dövlətlərinin cəmləşdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Tehran toplantısında İran, Türkiyə, Pakistan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan iştirak edirdi.

Bütün bunlarla yanaşı, Cənubi Azərbaycan türklərininsiyasi haqları ilə bağıı, dil, mədəniyyət, təhsilin inkişafı sahəsində məhdudiyyətlər qalmaqdadır. Baxmayaraq ki, ölkə əhalisinin milli say tərkibində məhz azərbaycanlı (türk) əhali çoxluq təşkil edir.

1999-cu ilin avqust ayında Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı analitik informasiya mərkəzinin mətbuatda çap olunmuş məlumatına əsasən, İranda yaşayan 70 milyon əhalinin milli tərkibi belə olmuşdur:

1. Azərbaycanlılar - 29 milyon nəfər (41.4%);

2. Farslar - 22 milyon (31.42%);

3. Kürdlər - 7.5 milyon (10.71%);

4. Ərəblər - 3.5 milyon (5%);

5. Türkmənlər 3 milyon (4.28%);

6. Bəluclar 2.4 milyon (3.4%);

7. Digər xalqlar – təxminın 3% (o cümlədən yəhudi, aysori və ermənilər 600 min).

 

Mənbə:  Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. II hissə (XIX-XXI əsrin əvvəli). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2010, 545 s.

* * *

Bəllidir ki, vahid kökə və mədəniyyətə malik olan millətin varlığının qorunması, dil, adət-ənənə ilə bağlı cəhətlərin inkişaf və təkmilləşdirilməsi üçün onun ərazi bütövlüyü və kompakt yaşaması önəmli şərtdir. Bu baxımdan Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı farslaşdırma, assimilyasiya siyasətinin mühüm vasitələrindən biri də İranın inzibati-ərazi bölgüsündə“ostanlara bölmə” prinsipi olmuşdur.

İslam inqilabına qədər ölkə ərazisi 14 ostana (əyalətə) bölündüyü halda, onların sayı artırılaraq əvvəl 28-ə, sonra isə 30 ostana çatdırılmışdır.

Ərdəbil mahalının Təbrizdən «asılılığını» aradan qaldırmaq adı altında Ərdəbil şəhəri ətrafındakı 9 şəhər, 21 rayon (bəxş), 63 kənd birləşməsi (kəndistan) 17925 kv.km ərazi ilə Şərqi Azərbaycandan qoparılıb «müstəqil» ostan elan edilmişdir.

Xorasan əyalətinə daxil olan Türkmənsəhra bölgəsininadındakı «türk» sözünü yox etmək üçün bu ərazidə yeni «Gülüstan ostanı» yaradılmışdır.

Həmədan, Qəzvin kimi tarixi Azərbaycan torpaqları «ostanlaşdırılaraq» Azərbaycan ərazisindən ayrılmışdır. Savə, Astara, Sultanabad, Ərak və s. bölgələr hələ də farsdilli əyalətlər tərkibində qalmaqdadır.

Beləliklə, XX əsrin əvvəllərində Güney Azərbaycan İranın inzibati-ərazi bölgüsündə vahid bir region olduğu halda indi bu ərazidə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin, Zəncan, Həmədan ostanları yaradılmaqla vahid ərazi parçalanmışdır.

Bu parçalanma etnik-mədəni, iqtisadi əlaqələrə ağır zərbə vurmaqdan savayı, millətin bütövlüyünü pozur. Parçalanma ilə Şimalı Cənuba yadlaşdırmağa, unutdurmağa xidmət edən siyasət bu gün də «ostanlaşdırma» əməliyyatı ilə davam etdirilir. Bu, XX əsrdən XXI əsrə miras qalmış milli təzyiq siyasətinin təzahürüdür.

 

 

Xəbərlər
Redaktorun seçimi