Azərbaycan Xalq Cümhuriyyəti və tarixi varislik məsuliyyəti
Prezident Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqi (27 may 1998-ci il)
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Sizi, bütün Azərbaycan xalqını, Azərbaycan Respublikasının bütün vətəndaşlarını Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illik yübileyi, Müstəqillik Günü bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır. Lakin XIX əsrin əvvəlində xalqımız dövlətçiliyindən məhrum olmuşdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən 80 il dörd mərhələyə bölünə bilər: birinci - 1918-1920-ci illər, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci - 1920-1922-ci illər, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin hakim olduğu illər; üçüncü - 1922-1991-ci illər, Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin İttifaqında başqa müttəfiq respublikalarla birgə fəaliyyət göstərdiyi dövr. Dördüncü dövr 1991-ci ilin sonundan, dekabrından başlayır, Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən illərdir. Bu mərhələlərin hər birinin tarixdə özünəməxsus yeri, Azərbaycan tarixində mənası, mahiyyəti və əhəmiyyəti vardır.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də "İstiqlal Bəyannaməsi"nin elan olunması ilə yaranmışdır. Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlindəki dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi, fəlsəfi mühiti ilə bağlıdır. Demək olar ki, o zaman Azərbaycanda və onun ətrafında gedən proseslər həmin o mühitin məntiqi nəticəsi olmuşdur.
Şübhəsiz ki, bunun üçün lazımi şərait yaranmışdır. Birinci dünya müharibəsinin sona çatması, rus çarizminin süqutu, Rusiyada Oktyabr inqilabı və ondan sonra yaranmış gərgin vəziyyət, Moskva hakimiyyətinin Rusiyanın keçmiş ərazisinin hamısına lazımi qədər nəzarət edə bilməməsi, Cənubi Qafqazda, Zaqafqaziyada mövcud olan siyasi qüvvələrin hamısı birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait təmin etmişdir.
Amma eyni zamanda belə bir cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər.
Onlar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş və birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdılar. Biz o dövrdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, ictimai fikrinin inkişafında böyük xidmət göstərmiş insanları da nəzərə almalıyıq və onların - Azərbaycanın görkəmli mədəniyyət, incəsənət, ictimai xadimlərinin xidmətlərini də bu münasibətlə qeyd etməliyik.
Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və digərləri o illər yaratdıqları əsərlərlə xalqımızda milli şüurun oyanmasına, inkişaf etməsinə, milliliyin yüksəlməsinə böyük təsir göstərmişlər və böyük xidmətlər etmişlər. Onlar hamısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsasını demək olar ki, birlikdə təşkil etmişlər.
Məlumdur ki, o vaxt cürbəcür cərəyanlar mövcud idi. Zaqafqaziyadan Rusiya Müəssisələr Məclisinə o vaxt seçilmiş deputatlar Zaqafqaziyanın müstəqilliyini bəyan etmək, Zaqafqaziya Seymi yaratmaq istəyirdilər. Nəhayət, bütün bu proseslər ona gətirib çıxardı ki, Zaqafqaziyada yerləşən əsas xalqlar öz dövlət müstəqilliklərini bəyan etdilər.
Xalqımızın böyük insanları 1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycanın "İstiqlal Bəyannaməsi"ni elan edərək respublikamızın müstəqilliyinin əsasını qoydular. Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Məlumdur ki, o vaxt əvvəlcə Milli Şura yaranmışdı və Milli Şuranın qərarı ilə də "İstiqlal Bəyannaməsi" elan edilmişdi. Beləliklə, XX əsrin əvvəlində Azərbaycanda xalqımız milli azadlığını bəyan etdi, öz milli dövlətini yaratmağa başladı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, istiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o gün, o il, o ay bu tarixi addımı atdılar.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çox çətinliklərlə başa gəlmişdir. Çünki məlumdur ki, buna kənardan mane olmaq istəyən qüvvələr də çox idi və Azərbaycanın həyatında da vəziyyət çox qarmaqarışıq, ağır, çətin idi. Ancaq Xalq Cümhuriyyəti yaranandan sonra onun fəaliyyəti də böyük çətinliklərlə, problemlərlə, böyük müqavimətlərlə, maneələrlə rastlaşmışdır. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur.
Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar bunu Azərbaycanın özündə edə bilməmişdilər. Çünki burada cürbəcür xarici qüvvələr Azərbaycanı ələ keçirmək istəyirdilər. Məlumdur, - Azərbaycan öz coğrafi-strarteji əhəmiyyətinə, təbii sərvətlərinə, xüsusən zəngin neft yataqlarına görə dünyanın bir çox dövlətlərinin marağını cəlb etmişdi. Azərbaycanı əhatə edən, Azərbaycanın daxilində olan, ayrı-ayrı millətlərə mənsub qüvvələr də ölkəmizin müstəqil olmasını heç də istəmirdilər. Ona görə də Tiflisdə müstəqilliyi bəyan edəndən sonra Azərbaycan Xalq Cümhuriyyətinin üzvləri Azərbaycanın paytaxtına gələ bilməmiş, Gəncəyə gəlmişdilər. Ancaq onlar Gəncədə az bir müddətdə çox işlər görmüşlər və yalnız 1918-ci il sentyabr ayının 17-də Azərbaycanın paytaxtı Bakıya gələ bilmişlər.
Ondan sonrakı dövr Azərbaycan Xalq Cümhuriyyətinin çox qızğın fəaliyyət dövrüdür. Xalq Cümhuriyyətinin 80 illik yubileyinə respublikamızda hazırlıq aparılarkən elmi konfranslar, müxtəlif müşavirələr, təntənəli mərasimlər keçirilib, tarixçilər, tədqiqatçılar, icmalçılar, ədəbiyyat, mədəniyyət xadimlərimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında geniş tədqiqat işləri aparıblar, çox maraqlı faktlar meydana çıxarıblar, bir çox yazılar dərc olunubdur. Ümidvaram ki, bu iş bundan sonra da davam edəcək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun yaranmasından əvvəlki dövr və Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, gördüyü işlər bizim tarix kitablarında, tarix əsərlərində öz əksini olduğu kimi tapacaqdır. Ancaq hesab edirəm ki, indiyə qədər, xüsusən son aylarda görülən işlər də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında ictimaiyyətimizə ətraflı məlumatlar vermişdir.
Ona görə də bu bayram mərasimində mən, sadəcə, onu qeyd etmək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti ağır şəraitdə fəaliyyət göstərmiş, həm xarici qüvvələrin güclü təzyiqi, həm də daxildə Azərbaycanın müstəqilliyi əleyhinə çıxan qüvvələr və Xalq Cümhuriyyətinin içərisində, yəni Milli Şuranın, sonra yaranan parlamentin daxilindəki cürbəcür partiyalara, firqələrə mənsub olan şəxslər, fərdlər Xalq Cümhuriyyətinin işinin müvəffəqiyyətlə aparılmasına, şübhəsiz ki, maneçilik törətmişlər.
Ancaq bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı dövrdə böyük işlər görmüşdür. Ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsasən dövlət, hökumət yaratmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin əsasını qoymuşlar, həm də Azərbaycanda demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsasını qoymuşlar. Bunlara görə və bütün başqa sahələrdə göstərdiyi xidmətlərə görə Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümilvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər.
Bu gün, bu bayram günü Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və Azərbaycan Xalq Cümhuriyyətinin iki illk fəaliyyətini təmin edənlərin hamısını böyük minnətdarlıq hissi ilə yad edirik. Onlar həqiqətən vətəndaşlıq şücaəti göstəriblər, həqiqətən öz xalqı, milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər. Xalq Cümhuriyyətinin yaradıcıları - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Xalq Cümhuriyyətinin ilk Milli Şurasının bütün üzvləri, Xalq Cümhuriyyəti hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər. Xalqımız onların xidmətlərini bu gün minnətdarlıq hissi ilə yad edir. Onların gördüyü işlər və əziz xatirələri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
1920-ci il aprelin 27-28-də Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətini sona çatdırmışdır. O vaxt, şübhəsiz ki, Xalq Cümhuriyyətinin öz fəaliyyətini davam etdirməsi artıq mümkün olmamışdı. Bunun səbəbləri çoxdur. Güman edirəm, bizim tarixçilər bu səbəbləri də doğru-düzgün, ədalətlə araşdıracaqlar. Məlumdur ki, bir tərəfdən Rusiyada artıq hakimiyyəti gücləndirən kommunist-bolşevik hakimiyyəti Rusiyanın keçmiş ərazisinin hamısına hakim olmaq istəyirdi. İkinci tərəfdən də, Azərbaycanın daxilində çox ziddiyyətli proseslər gedirdi. Parlamentdə ayrı-ayrı partiyalar bir-biri ilə rəqabət, hakimiyyət uğrunda mübarizə aparırdı. Şübhəsiz ki, bunlar da Xalq Cümhuriyyətinin fəaliyyətini zəiflədirdi.
Belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti, ilk Azərbaycan Demokratik Dövləti, hökuməti süqut etdi. Ancaq o vaxt Xalq Cümhuriyyətinin liderlərindən bəziləri hesab edirdilər ki, onların tutduğu yol davam edəcəkdir. Məlumdur ki, Məmməd Əmin Rəsulzadə hakimiyyəti bolşeviklərə təhvil verməyə razılıq verərkən bildirmişdi: o güman edir ki, yeni hakimiyyət Azərbaycanın milliliyini, müstəqilliyini qoruyub saxlayacaqdır. Başqaları da belə düşünürdülər. Ola bilər, o vaxt hakimiyyəti Azərbaycan Xalq Cümhuriyyətindən alan azərbaycanlıların bəziləri də, o cümlədən, Nəriman Nərimanov da belə düşünürdü ki, onlar müstəqil cümhuriyyəti başqa ideologiya altında saxlaya biləcəklər. Ancaq təəssüflər ki, belə olmadı.
İkinci mərhələ - 1920-ci ildən 1922-ci ilə qədər olan mərhələ Azərbaycan Sovet Sosialist Respublikasının hakimiyyəti dövrüdür. Bu zaman Azərbaycan Respublikası, Cümhuriyyəti bir dövlət kimi müstəqil olubdur, başqa dövlətlərlə müstəqil əlaqələr qurub və bir neçə beynəlxalq müqavilə də imzalayıbdır. Bunlar hamısı tarixdən məlumdur. Ancaq eyni zamanda bu cümhuriyyət, bu respublika kommunist rejiminin altında olub, kommunist ideologiyasını həyata keçirməyə başlayıbdır. Nəhayət, 1922-ci ilin dekabr ayında Sovet Sosialist Respublikaları İttifaqı yaranarkən Azərbaycan Cümhuriyyəti də o İttifaqın yaradıcılarından biri olmuşdur.
Azərbaycan xalqı 70 il Azərbaycan Sovet Sosialist Respublikası vasitəsilə Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olmuş, kommunist, bolşevik ideologiyasını tətbiq etmiş, həyata keçirmişdir. 70 illik bu dövr çox mürəkkəb, ziddiyyətli dövr olmuşdur. Bu dövrə doğru-düzgün qiymət vermək lazımdır. Azərbaycan xalqına 70 il müddətində böyük zərbələr dəymiş, xalqımız böyük məhrumiyyətlərə uğramış, soyqırımına məruz qalmış, böyük itkilər vermişdir.
1920-1930-cu illərdə Azərbaycan xalqının görkəmli şəxsiyyətləri əzilmiş, onların çoxlarının həyatı əzab-əziyyət içində keçmiş və çoxları da repressiyaların qurbanları olmuşlar. 1920-1930-cü illərdə bilavasitə repressiya qurbanları ilə bərabər, Azərbaycan xalqının böyük bir dəstəsi mərhələ-mərhələ öz doğma el-obasından, torpağından uzaq yerlərə - Sibirə, Qazaxıstana, Orta Asiyanın ucqar guşələrinə sürgün edilmişdir. Bu sürgün, repressiya əməliyyatları nəticəsində insanların çoxu məhv olmuş, onların ailələri, həyatı pozulmuşdur. Bu insanlar var-yoxlarını itirmişlər. Bu, Azərbaycan xalqının 1920-1930-cu illərdəki aqibətidir.
1937-1938-ci illərdə Azərbaycan xalqına, xüsusən onun görkəmli insanlarına, ziyalılarına, siyasi xadimlərinə, elm-mədəniyyət xadimlərinə qarşı böyük repressiyalar edilmişdir. Onlar həbs edilmiş, həyatdan məhrum olmuşlar. Onların ailələrinə əziyyətlər verilmişdir. Qəribə hal bundan ibarətdir ki, 1920-ci ildə hakimiyyəti ilk Xalq Cümhuriyyətindən əlinə alan insanların - kommunist, bolşevik ideologiyasına xidmət edənlərin çoxu da 1937-1938-ci illərdə repressiya qurbanları olmuşlar. Görün, Azərbaycan xalqı nə qədər faciələr içərisində yaşamışdır!
Azərbaycan xalqına qarşı soyqırımı edilmişdir. Azərbaycan xalqına qarşı edilən soyqırımın tarixi mənim imzaladığım fərmanda açıq-aydın göstərilmişdir. 1918-ci ilin mart ayında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən soyqırımı xalqımıza böyük zərbələr vurmuşdur.
1937-1938-ci illərdə azərbaycanlıların böyük bir hissəsi guya İran təbəəsi olduqlarına görə məcburən İrana sürgün edilmişdir. Onlar da çox böyük itkilərlə rastlaşmışlar. 1944-1949-cu illərdə də Azərbaycandan xeyli insan sürgün edilmişdir. Nəhayət, 1948-1953-cü illərdə Azərbaycan xalqına - indiki Ermənistan Respublikası adlanan yerdə öz ata-baba torpaqlarında yaşayan azərbaycanlılara qarşı soyqırımı edilmiş, onlar məcburi köçürülmüş, deportasiya olunmuş, yerlərini-yurdlarını, ellərini-obalarını itirmiş, böyük itkilər vermişlər, çətinliklərlə rastlaşmışlar.
İkinci dünya müharibəsi böyük qurbanlar aparmış və Azərbaycan xalqının da yüz minlərlə övladları alman faşizminə qarşı müharibədə iştirak edərək həlak olmuşlar.
Bunlar hamısı o dövrdə bizim itkilərimizdir. Ancaq bunlardan ən böyük faciə - 1988-ci ildə Azərbaycanın ərazisinin bir qismini Ermənistan tərəfindən ələ keçirmək məqsədi ilə respublikamıza qarşı edilmiş təcavüzdür.
Ermənistanın Azərbaycan torpaqlarına göz dikməsi və tarixin ayrı-ayrı mərhələlərində Azərbaycan torpaqlarını ələ keçirməsi faktları dünyaya məlumdur. Bunlar həmin 70 il içərisində də olmuşdur. 1988-ci ildə Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün hərbi təcavüz başlanmışdır. Bu da böyük faciələrə gətirib çıxarmışdır.
Nəhayət, bu 70 ildə xalqımıza qarşı edilən daha bir soyqırımı, təcavüz 1990-cı il 20 Yanvar faciəsidir və bizim ondan sonrakı itkilərimizdir, şəhidlərimizdir, qurbanlarımızdır.
Bunlar hamısı açıq göstərir ki, bu mərhələ, yəni üçüncü mərhələ -70 il Azərbaycan xalqına böyük zərbələr vurmuşdur.
Eyni zamanda, qeyd etmək lazımdır ki, bu 70 il müddətində bütün bu əzab-əziyyətlərə, zillətlərə, məhrumiyyətlərə baxmayaraq, xalqımız yaşamış, yaratmış, irəliyə getmiş, inkişaf etmişdir. Bu 70 il müddətində itkilərimizlə yanaşı, Azərbaycan xalqının böyük nailiyyətləri də olmuşdur. Ən əhəmiyyətlisi odur ki, Azərbaycan xalqının savad, bilik, elm, mədəniyyət səviyyəsi bu illərdə çox yüksəlmişdir. Azərbaycan xalqı kütləvi olaraq savadlanmış, respublikamızda yüksək ali təhsil ocaqları yaranmış və azərbaycanlıların böyük bir hissəsi ali təhsil almağa və həyatın müxtəlif sahələrində səmərəli iş görməyə nail ola bilmişdir. Azərbaycanın elmi, mədəniyyəti inkişaf etmiş, çox dəyərli elm, mədəniyyət, incəsənət əsərləri yaradılmışdır.
Böyük Üzeyir Hacıbəyov 1919-cu ildə, bu gün hər dəfə sevinclə dinlədiyimiz İstiqlal marşını - müstəqil Azərbaycan Respublikasının dövlət himnini yaratmışdır. Üzeyir Hacıbəyov o vaxt dərk edirdi, anlayırdı ki, bu, xalqa lazımdır. Bu gün fürsətdən istifadə edərək demək istəyirəm ki, o dövrün çətinliklərinə, Üzeyir Hacıbəyovun da nisbətən gənc olmasına baxmayaraq, o, çox gözəl, əzəmətli dövlət himni yaratmışdır. İndi, biz başqa ölkələrlə əlaqələr qurduğumuz zaman, onların da himnlərini diqqətlə, hörmətlə dinləyirik. Mən hər dəfə ayrı-ayrı ölkələrdə Üzeyir Hacıbəyovun musiqisi ilə yaradılmış himnin səsləndiyini duyarkən qürur hissi keçirirəm. Təkcə ona görə yox ki, müstəqil Azərbaycanın dövlət himni dünyanın bir çox ölkələrində səslənir və Azərbaycanın dövlət bayrağı qalxır. Bir də ona görə ki, həqiqətən, himnin musiqisi çox cazibədardır, gözəldir.
Üzeyir Hacıbəyov 1937-ci ildə, repressiya illərində özünün şah əsərini - "Koroğlu" operasını yaratmışdır. "Koroğlu" operasının uvertürası himnə bərabər bir əsərdir. Təsadüfi deyildir ki, "Koroğlu" operasının uvertürası çalınarkən xalqımız çox hallarda onu himn kimi qəbul edir.
Təkcə bu faktı gətirməklə mən onu bir daha təsdiq etmək istəyirəm ki, bütün çətinliklərə baxmayaraq, o illərdə Azərbaycan inkişaf etmişdir. Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, böyük sənaye, aqrar potensialı yaranmışdır. Mövcud olan şəhərlər tikilmiş, inkişaf etmiş, genişlənmişdir. Yeni-yeni şəhərlər yaranmış, yollar, körpülər salınmış, dəmir yolları çəkilmiş, elektrik stansiyaları qurulmuş, böyük zavodlar, fabriklər, mədəniyyət sarayları, böyük əsərə bənzəyən Bakı Metropoliteni yaranmışdır.
Bunların hamısı həmin 70 ildə Azərbaycan xalqının zəkası, fədakarlığı, əməyi, zəhməti nəticəsində meydana gəlmişdir. Azərbaycanda böyük intellektual potensial yaranmışdır. Bunlar hamısı 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan edərkən dövlət müstəqilliyinin əsaslarını təşkil etmişdir.
Nəhayət, dördüncü mərhələ 1991-ci ilin sonunda Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi və müstəqillik dövrüdür. Bu, bizim ən xoşbəxt dövrümüzdür. Çünki Azərbaycan dövlət müstəqilliyini elan edib, bu illərdə dövlət müstəqilliyini təsdiq edib, qoruyub saxlaya bilib, dövlət müstəqilliyini möhkəmlədib və bu gün bir də bəyan edirəm ki, dövlət müstəqilliyini əbədi edibdir.
Ancaq bu dövr müəyyən mənada 1918-1920-ci illərə bənzəyirsə də, bir çox səbəblərə görə ondan fərqlidir. Çünki bu dövrdə Azərbaycan xalqı çox böyuk faicələrlə rastlaşıbdır. Bir tərəfdən, biz xoşbəxtik ki, nəhayət, dövlət müstəqilliyimizi elan etmişik, dünya birliyi bunu qəbul edibdir və biz müstəqil dövlətdə, azad ölkədə yaşayırıq, milli azadlığa çıxmışıq. İkinci tərəfdən, bir çox ciddi problemlər Azərbaycanın vəziyyətini ağırlaşdırıb və çətinləşdiribdir. Ən ağır, ən çətin problem Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun ölkəmiz üçün çox ağır olan nəticələridir.
Mən artıq dedim ki, bu təcavüz, bu münaqişə 1988-ci ildə başlayıbdır. Bu gün mən bildirməliyəm ki, o vaxt bu münaqişənin qarşısı alına bilərdi və alınmalı idi. Əgər o vaxt münaqişənin qarşısı alınmadısa, bu, bir tərəfdən o dövrdəki sovet hökuməti rəhbərliyinin Azərbaycana olan qəsdi idi, ikinci tərəfdən də Azərbaycan Respublikası rəhbərlərinin fəaliyyətsizliyi və fərasətsizliyi idi. Çünki 1918, 1919, 1920-ci illərdə də Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ problemi ilə rastlaşmışdı, Qarabağda döyüşlər gedirdi. O vaxt Azərbaycan Xalq Cümhuriyyətinin hərbi hissələrinin böyük bir hissəsi Qarabağa göndərilmişdi. Çünki o vaxt da erməni millətçiləri Qarabağda hakim olmaq və Qarabağı ələ keçirmək istəyirdilər.
Ondan sonrakı zamanda - 1920, 1921, 1922-ci illərdə də bu proseslər davam etmiş və nəhayət, Dağlıq Qarabağ Muxtar Vilayəti yaranmışdı. Ancaq sonrakı dövrdə - 30-cu, 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə də erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdı. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam.
Ona görə də mən bu gün deyirəm ki, o vaxt - 1988-ci ildə onun qarşısı alına bilərdi. Sadəcə, onu deyim ki, Sovet İttifaqının o vaxtkı rəhbərliyi və şəxsən Qorbaçov Azərbaycana mənfi münasibət göstərərək, həqiqətən ermənilərə xidmət etmək məqsədi ilə buna yol verdi. Azərbaycanın o vaxtkı - 1988, 1989, 1990-cı illərdə olan rəhbərləri də öz xalqının milli mənafeyini qoruya bilmədilər, xalqın onlara göstərdiyi etimada layiq ola bilmədilər. Amma bunu etmək mümkün idi.
Sonrakı dövrdə isə, münaqişə artıq müharibəyə çevriləndən sonra, şübhəsiz ki, vəziyyət çox çətinləşmişdi. Beləliklə, Azərbaycan öz dövlət müstəqilliyini əldə edərkən ağır bir problemlə rastlaşmışdı. O vaxtlar Ermənistan-Azərbaycan müharibəsi gedirdi. Demək, bir tərəfdən müstəqil dövlət qurmaq, ikinci tərəfdən də Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın mənafelərini qoruyub saxlamaq lazım idi.
Şübhəsiz ki, belə bir vəziyyətdə Azərbaycanın o zamankı hakimiyyətinin vəzifəsi bütün qüvvələri səfərbər etməkdən, əlbir olmaqdan, bütün siyasi qüvvələrin bir nöqtədə birləşib Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdən və eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsini həll etməkdən ibarət olmalı idi. Ancaq təəssüflər olsun ki, bu, belə olmadı. Azərbaycanın daxilində gedən ictimai-siyasi proseslər Azərbaycan Respublikasını çox ağır, gərgin bir vəziyyətə gətirib çıxardı. Bunlar hamısı da Azərbaycanın itkilər verməsinə səbəb oldu, Azərbaycana zərbələr, zərərlər vuruldu.
Əgər təhlil etsəniz, bu dövrün də müəyyən mərhələləri var. Ancaq hesab edirəm ki, bu dövrün ən böhranlı nöqtəsi 1993-cü ilin iyun ayı və ondan sonrakı aylar idi. Məlumdur ki, beş il bundan öncə, 1993-cü il mayın sonunda Azərbaycanda hakimiyyət böhranı baş verdi. Hakimiyyətdə olan qüvvələr artıq müstəqil Azərbaycanı idarə edə bilmirdilər. Əhalidə narazılıq günü-gündən artırdı. Bunlardan istifadə edən xarici və daxili qüvvələr Azərbaycanda hakimiyyəti ələ keçirmək cəhdləri göstərirdilər. Nəhayət, iyun ayında bunların hamısı baş verdi və Azərbaycanda vətəndaş müharibəsi başlandı.
Məlum Gəncə hadisələrini xatırlayaq. Azərbaycan ərazisinin bir qismi artıq mərkəzi hakimiyyətin əlindən çıxmışdı. Bununla bərabər, cənub bölgəsində hakimiyyəti ələ keçirən cinayətkar dəstələr cənubda yeddi rayonu Azərbaycanın hakimiyyətindən çıxarmışdılar. Azərbaycanın şimalında da vəziyyət çox gərginləşmişdi. Azərbaycan vətəndaş müharibəsi şəraitində idi. Vətəndaş müharibəsi başlanmışdı, qan tökülürdü - Gəncədə də qan töküldü, Bakıda da.
İndi beş il keçibdir. İnsan yaddaşı belə şeyləri tez unudur. Ancaq o günləri bir dəqiqəliyə xatirinizə salın. Azərbaycan Xalq Cümhuriyyətinin 75 illiyi qeyd olunarkən Azərbaycan fövqəladə hərbi rejim şəraitində yaşayırdı. Azərbaycanın bütün məntəqələrini təyin olunmuş hərbi komendantlar idarə edirdilər. İnsanlar bütün azadlıqlardan məhrum olmuşdular. Küçələrdə qanunsuz silahlı dəstələr, cürbəcür cinayətkar qruplar tüğyan edirdi. Nəhayət, bunlar hamısı vətəndaş müharibəsinə gətirib çıxardı.
Bilirsiniz ki, biz bunların qarşısını ala bildik. Hesab edirəm ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında 1993-cü il tarixi əhəmiyyət kəsb edir. Mən tam məsuliyyətlə deyirəm ki, 1993-cü ilin iyun ayında Azərbaycan parçalanmaq və məhv olmaq təhlükəsi altında idi. Bunu hamınız gözünüzlə görmüsünüz. Bizim xalq yazıçımız Anar dünən dedi ki, əgər 1993-cü ilin iyun ayında bu məsələlərin qarşısı alınmasaydı, biz müstəqilliyimizi bəlkə, doğrudan da yenidən itirə bilərdik. Bu, həqiqətdir. Çünki Azərbaycanın müstəqil dövlət kimi yaşamasını, inkişaf etməsini xaricdəki düşmənlərimiz heç vəchlə istəmirlər.
Bir tərəfdən Ermənistan Azərbaycana qarşı ərazi iddiası edir, başqa ölkələrin də bəzi dairələri Azərbaycanı öz tabeliyində saxlamaq istəyirlər. Onların bəziləri üçün müstəqil, bütöv, sərbəst və uğurla inkişaf edən Azərbaycan sərfəli deyildir. 1993-cü ilin iyunundakı və sonrakı aylardakı hadisələr təkcə ayrı-ayrı silahlı dəstələrin çıxışının və eyni zamanda hakimiyyətin fəaliyyətsizliyinin nəticəsi deyildi. Bu, həm də xarici xidmət orqanlarının Azərbaycanı dağıtmaq, parçalamaq planları idi. Biz bu planları dağıtdıq, onların qarşısını aldıq, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlaya bildik.
Məlumdur ki, ondan sonrakı dövr də Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün asan olmamışdır. 1994-cü ilin oktyabr hadisələri və dövlət çevrilişinə cəhd xatirinizdədir. Yalnız və yalnız xalqın dövlətə, hakimiyyətə, dövlət başçısına inamı və etibarı, etimadı o faciənin qarşısını aldı. Artıq onda da Gəncədə hakimiyyət həmin o cinayətkar qüvvələrin əlinə keçmişdi. Onlar öz qüvvələrini elə qurmuşdular ki, əgər xalqın birliyi, dövlətə dəstəyi olmasaydı, onlar öz silahları ilə çox qan tökə, çox cinayətlər edə bilərdilər.
Ondan əvvəl Lənkəran hadisələri baş verdi. Bunu heç vaxt unutmaq lazım deyildir. Bu, dəhşətli bir dövr idi. 1993-cü ildə Bakıda, Azərbaycanın başqa bölgələrində vəziyyət gərgin olduğu halda separatçı, cinayətkar qruplar, dəstələr Azərbaycan ordusunun böyük bir hissəsini - üç mindən artıq şəxsi heyəti olan hissəsini, silahını, sursatını, texnikasını Lənkəran bölgəsinə çəkib gətirib, orada özünə dövlət qurmaq və Azərbaycanı parçalamaq istəyirdilər. Biz onun da qarşısını topla - tüfənglə yox, xalqın gücü ilə aldıq. Biz onun qarşısını xalqın, Lənkəranın, bu bölgənin camaatının Azərbaycan dövlətinə, dövlətçiliyinə, Azərbaycanın dövlət başçısına olan etimadının əsasında aldıq.
Nəhayət, 1995-ci ilin mart hadisələri və Azərbaycanda dövləti yenidən zorla, silahla, güclə devirmək və hakimiyyəti ələ keçirmək cəhdi oldu. Burada artıq həm xarici xüsusi xidmət orqanları, həm də daxildə olan müxalifət qüvvələrinin hamısı böyük bir silahlı dəstənin - OMON-un ətrafında birləşmişdi. Qəribə haldır. Mən bunu parlamentdə dünənki çıxışımda da dedim, bu gün də deyirəm ki, tarix hər kəs üçün ibrət dərsi olmalıdır. Biz tarixdən ibrət götürməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verərək, onun parlamentinin içində olan çəkişmələri də yaxşı bilirik. Öz şəxsi, firqə mənafelərini milli, ümumdövlət mənafeyindən üstün qoyan və Azərbaycanın o ağır dövründə hakimiyyət uğrunda mübarizə aparan qüvvələr də tarixi sənədlərdən bizə yaxşı məlumdur. İndi həmin şey təkrar olunur.
1995-ci ilin mart ayında bütün o qüvvələr - 1993-cü ildə cinayətkar silahlı dəstələrin əlindən Azərbaycan dövlətinin və dövlət başçısının fəaliyyəti nəticəsində qurtulmuş və gizlənmiş qüvvələr gəlib həmin OMON dəstəsinin ətrafında toplaşıb hakimiyyəti yenidən devirməyə cəhd göstərirdilər. Soruşulur, - nədən ötrü, nə üçün? Yenə də Azərbaycanı parçalamaq, yenə də dağıtmaq, qan tökmək üçün? Məhz ona görə ki, kimsə hakimiyyət əldə etmək, vəzifə almaq istəyir. Öz şəxsi mənafelərini dövlət, milli, xalq mənafeyindən üstün qoyan və dövləti idarə etmək imkanına, keyfiyyətinə malik olmayan insanlar hakimiyyət uğrunda mübarizə apararaq 1995-ci ilin mart hadisələrinə qoşuldular.
Ancaq Azərbaycan dövləti artıq öz gücünü toplamışdı. Azərbaycan dövləti öz gücünü göstərdi və həmin çevrilişə cəhdin də qarşısını aldı. Ondan sonrakı ayrı-ayrı təxribatlar, terror cəhdləri də həmin bu daxili düşmənlərin xarici düşmənlərlə birlikdə Azərbaycana qəsd məqsədi ilə həyata keçirdikləri tədbirlərdir.
Mən bu bayram günü böyük iftixarla, qürur hissi ilə deyirəm: Azərbaycan xalqı qarşısında xidmətimiz ondan ibarətdir ki, biz xalqımızı bütün bu çətin mərhələlərdən keçirmişik və respublikamızın dövlət müstəqilliyini qorumuşuq, saxlamışıq, onu daha da möhkəmləndirmişik.
Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik. 1991-ci ildə Azərbaycanda müstəqillik elan edilərkən yazılıbdır ki, 1920-ci ildə itirilmiş müstəqillik bərpa olunur. Mən bu gün qürurla deyirəm ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisləriyik.
1918, 1919, 1920-ci illərdə Azərbaycanda əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu bu gün respublikamızda sürətlə həyata keçirilir, inkişaf etdirilir. Hesab edirəm ki, bu son illər Azərbaycanın çətin şəraitdə çox əhəmiyyətli nailiyyətləri vardır.
Birinci nailiyyət ondan ibarətdir və bu, ən böyük nailiyyətimizdir ki, biz xalqımızı bu bəlalardan, cürbəcür daxili dövlət çevrilişi cəhdlərindən xilas etdik və Azərbaycanda daxili ictimai-siyasi sabitlik yaratdıq. Bu sabitlik Azərbaycanın hər bir vətəndaşı üçün lazımdır. Bu sabitlik hər bir vətəndaşın hüquqlarının qorunmasını təmin edir. Bu sabitlik Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin həyata keçirilməsinin təmin olunması üçün şərtdir. Bu sabitlik Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsi üçün çox vacib bir vasitədir. Ona görə də bu, bizim ən böyük nailiyyətimizdir. Mən əminəm ki, biz xalqın birliyi və Azərbaycan dövlətinin, hökumətinin düzgün siyasəti ilə bu sabitliyi bundan sonra daha da möhkəmləndirəcəyik, qoruyacağıq və saxlayacağıq.
Azərbaycan Xalq Cümhuriyyəti az yaşadı, əsas qanununu - Konstitusiyasını qəbul edə bilmədi. Biz 1995-ci ildə demokratik, müstəqil dövlət kimi Azərbaycanın ilk demokratik Konstitusiyasını ümumxalq səsverməsi ilə yaratdıq. Bu, bizim əsas qanunumuzdur və biz bununla fəxr edə bilərik.
1995-ci ilin noyabrında çoxpartiyalı sistem əsasında demokratik, sərbəst seçkilər vasitəsilə Azərbaycanın ilk parlamenti seçildi. Beləliklə, Azərbaycanın xalq tərəfindən seçilmiş hakimiyyəti, xalq tərəfindən bəyənilmiş və təsdiq olunmuş Konstitusiyası, xalq tərəfindən seçilmiş parlamenti, xalq tərəfindən seçilmiş prezidenti vardır.
Biz Azərbaycanda daxili vəziyyəti sabitləşdirərək doğru-düzgün, düşünülmüş xarici və daxili siyasəti müəyyən etmişik və onların həyata keçirilməsini təmin edirik. Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir. Biz bu siyasətimizi ardıcıl surətdə aparırıq və bundan sonra da aparacağıq.
Məlumdur ki, bizim bu siyasətimiz də dünya miqyasında Azərbaycana böyük hörmət qazandırmışdır. Beynəlxalq təşkilatlarda - Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Avropa Birliyində, Avropa Şurasında, İslam Konfransı Təşkilatında, başqa təşkilatlarda Azərbaycanın özünə layiq yeri vardır. Dünyanın bir çox ölkələri ilə bilavasitə əlaqələr qurulubdur, çoxsaylı müqavilələr, sazişlər imzalanıbdır, onlar həyata keçirilir. Beləliklə, həm siyasi, həm də iqtisadi əlaqələr genişlənir, inkişaf edir.
Biz demokratik dövlət kimi dünyanın bütün demokratik dövlətləri ilə əlaqə qurmağı siyasətimizin üstün cəhəti hesab edirik və bundan sonra da hesab edəcəyik. Biz demokratik ölkə kimi gəncik və gənc olaraq həm ölkəmizdə demokratiyanı qurmağa, yaratmağa çalışırıq, həm də demokratiya cəhətdən inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə edirik və bundan sonra da istifadə edəcəyik. Başqa dövlətlərlə, ölkələrlə əlaqələrimizdə bu məsələlər xüsusi yer tutur.
Biz Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Biz hesab edirik ki, məsələni sülh yolu ilə həll etmək olar. ATƏT-in Minsk qrupunun, Minsk qrupu həmsədrlərinin - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın, Minsk qrupu üzvlərinin hamısının fəaliyyəti ilə və bizim özümüzün fəaliyyətimizlə məsələnin sülh yolu ilə həllinə nail olmağa çalışırıq. Bu gün mən bir də bəyan edirəm ki, biz bu məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və atəşkəs rejimini bundan sonra da qoruyub saxlayacağıq.
Başqa ölkələrlə bizim iqtisadi əlaqələrimiz də çox genişdir. Siz bunu yaxşı bilirsiniz, bunların nəticələrini də çox yaxşı bilirsiniz. İndi Azərbaycanın iqtisadiyyatına, ölkəmizlə iqtisadi əlaqələr qurmağa böyük maraq var. Bilirsiniz ki, 1994-cü ildə böyük bir müqavilə - "Əsrin müqaviləsi", Xəzər dənizinin Azərbaycan sektorundakı üç neft yatağında müştərək iş görmək üçün 11 şirkətlə müqavilə imzalanmışdır. Artıq bu müqavilə həyata keçirilir, "Çıraq" yatağından neft alınır və bu neft ixrac olunur.
Biz gördüyümüz işlərin nəticəsini müşahidə edirik. Beləliklə, Azərbaycan beynəlxalq aləmdə öz siyasəti ilə, iqtisadiyyatında apardığı islahatlarla, iqtisadi əlaqələri ilə dünyanın böyük neft mərkəzi kimi keçmiş adını özünə qaytarır və Azərbaycanın neft sənayesi, neft yataqları həm xalqımız üçün, həm də bizimlə müştərək iş görənlər üçün böyük fayda gətirəcəkdir.
Azərbaycanın daxili siyasətində apardığımız işlər də sizə məlumdur. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulur. Azərbaycan Konstitusiyasının insan haqlarına aid olan maddələrinin hamısının həyata keçirilməsi təmin edilir. İnsan haqları qorunur, insan haqlarına əməl olunur. Biz bu sahədə xeyli iş görmüşük, ancaq demirəm ki, bütün işləri başa çatdırmışıq. Bu, elə bir sahədir ki, buna daim diqqət yetirilməlidir və biz də bunu edirik.
Bu sahəyə diqqətimizi və bu sahədəki fəaliyyətimizi göstərən cəhətlərdən biri də odur ki, biz bir tərəfdən Azərbaycanda cinayətkarlıqla mübarizə aparırıq, cinayətkar silahlı dəstələri ləğv etdik, Azərbaycan xalqını xilas etdik. Artıq Bakıda qanunsuz, azad, açıqca avtomatla gəzən quldurlar yoxdur, əgər belələri peyda olursa, dərhal hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilirlər. Azərbaycanda cinayətkarlıqla mübarizə güclənib və bunun nəticəsində də əmin-amanlıq yaranıbdır, ictimai-siyasi sabitliyə nail olmuşuq. Bu siyasət bundan sonra da davam edəcəkdir.
Ancaq bununla yanaşı, biz cəza tədbirlərinin humanistləşdirilməsi sahəsində də çox işlər görmüşük və görürük. Hüquqi islahatlar aparırıq, bu sahədəki tədbirlərimiz öz nəticəsini verir. Bilirsiniz ki, Şərq aləmində ilk dəfə olaraq bu ilin əvvəlində Azərbaycanda ölüm hökmü ləğv edildi. Bu, Azərbaycan dövlətinin, hökumətinin nə qədər demokratik, nə qədər humanist olduğunu dünyaya bir daha nümayiş etdirdi.
Cinayət edərək cəza çəkənlərə də bir çox əfv və amnistiya aktları tətbiq olunubdur. Bunlar hamısı bizim bir tərəfdən qanunçuluğu möhkəmləndirmək, ikinci tərəfdən də cəza qanunlarını humanistləşdirmək xəttimizi, eyni zamanda insanlara rəhm, humanistlik etməyimizi göstərir. Biz bu siyasətimizi bundan sonra da davam etdirəcəyik.
Azərbaycanda demokratiyanın yaşaması, inkişaf etdirilməsi üçün bütün imkanlar yaradılıbdır. Mətbuat, vicdan, söz azadlığı, siyasi plüralizm - hamısı təmin olunub və bundan sonra da təmin ediləcəkdir. Bəlkə kimsə hesab edir ki, bu, azdır. Azərbaycan üçün bunlar heç də az deyil, amma bu azadlıqdan kimə nə qədər lazımdırsa, qoy o qədər də istifadə etsin. Heç kəsə heç bir məhdudiyyət yoxdur. Azərbaycanda insan azaddır, müstəqildir, öz müstəqil fikrini hər yerdə ifadə edə bilər, heç kəs bunun qarşısını ala bilməz.
Dövlət quruculuğu sahəsində islahatlar həyata keçirilir və bundan sonra da keçiriləcəkdir. Biz iqtisadiyyat sahəsində çox ciddi islahatlar aparırıq və onların da müsbət nəticələrini əldə etmişik. Bunlar göz qabağındadır. Biz 1994-cü ildən başlayaraq bu islahatları ardıcıl surətdə həyata keçiririk. Ümumiyyətlə, iqtisadiyyatda liberallaşdırma, xarici ticarətin liberallaşdırılması, idxal-ixrac əməliyyatlarının tamamilə sərbəstləşdirilməsi Azərbaycanın iqtisadiyyatında böyük müsbət dəyişikliklər əmələ gətiribdir.
Özəlləşdirmə proqarmı qəbul olunub və ardıcıl surətdə həyata keçirilir. Bildirmək istəyirəm ki, bu da öz müsbət nəticələrini verir. Kiçik özəlləşdirmə artıq sona çatır. İndi böyük özəlləşdirmə, yəni orta və iri müəssisələrin özəlləşdirilməsi və səhmdar cəmiyyətlərinə çevrilməsi prosesi başlayıbdır. Bunları da ardıcıl surətdə həyata keçiririk və keçirəcəyik. Özəlləşdirmə, xarici ticarətdə verilən sərbəstlik sayəsində, ümumiyyətlə, Azərbaycan əhalisinin həm ərzaq məhsulları, həm də bütün başqa istehlak malları ilə təmin olunması sahəsindəki problemlərin hamısı aradan götürülübdür. İndi Azərbaycanın hər yerində kim nə istəyirsə, onu da ala bilər və istədiyi kimi də sərbəst ticarət apara bilər. Bunlar hamısı özəlləşdirmənin və iqtisadi islahatların müsbət nəticəsidir.
Aqrar sahədə aparılan islahatlar daha da çox nəticələr verir. 1996-cı ildə "Torpaq islahatı haqqında" qəbul etdiyimiz qanun ardıcıl surətdə həyata keçirilir. Torpağın çox hissəsi artıq şəxsi mülkiyyətə verilibdir. Məmnuniyyətlə qeyd edirəm ki, şəxsi mülkiyyətə verilən torpaqlardan daha çox məhsul götürülür, daha səmərəli istifadə olunur. Aqrar sektorda heyvandarlıq sahəsi tamamilə özəlləşdirilib və bunun müsbət nəticələri göz qabağındadır. Azərbaycanda ət-süd məhsullarının, bütün heyvandarlıq məhsullarının bu qədər bol olması məhz özəlləşdirmənin nəticəsidir. Bu proses də davam edir və bundan sonra da davam edəcəkdir. Bir sözlə, Azərbaycan bazar iqtisadiyyatı yolu tutubdur, bu yolla gedir və gedəcəkdir.
Bütün Azərbaycan vətəndaşlarını əmin edirəm ki, müstəqil Azərbaycanın dövlətçilik sahəsində yolu demokratiya yoludur, insan haqlarının qorunması yoludur. İqtisadiyyat sahəsində bazar iqtisadiyyatı, açıq qapı siyasəti, dünya iqtisadiyyatı ilə geniş inteqrasiya yoludur. Biz bu yolla gedərək çox nailiyyətlər əldə etmişik və ümidvaram ki, gələcəkdə daha çox nailiyyətlər əldə edəcəyik.
Biz açıq qapı siyasəti aparırıq. İndi Azərbaycana çox investorlar gəlir və bunlar da təkcə neft və qaz sənayesinə yox, bir çox başqa sahələrə də gəlirlər. Biz onların gəlməsi və Azərbaycanda fəaliyyət göstərməsi üçün bütün imkanları yaratmışıq. Birinci növbədə bizim qəbul etdiyimiz qanunlar onlar üçün əlverişli şərait yaradıbdır. Bu qanunlardan əlavə, mən bir çox yeni fərmanlar vermişəm. Bundan sonra da lazım olan şərait yaradılacaq ki, Azərbaycana xarici investisiya axını daha da güclənsin. Hər halda, bu gün mövcud olan vəziyyət, hesab edirəm ki, bizdə böyük məmnuniyyət hissi doğurmalıdır.
Şübhəsiz ki, bunlar hamısı müsbət göstəricilərdir. Mən anlayıram, başa düşürəm ki, bunlar Azərbaycan vətəndaşlarının bu gün istədikləri kimi yaşamasına hələ imkan vermir, hələ çoxlu problemlər, ağır, çətin şəraitdə yaşayan insanlar vardır. Bizi xüsusən narahat edən köçkünlər düşərgələrində, çadırlarda yaşayan, yerlərindən, yurdlarından didərgin düşmüş insanlardır. Onların vəziyyəti bizi çox narahat edir. Bunların hamısı bizim diqqət mərkəzimizdədir. Görülən işlər respublika əhalisinin bütün təbəqələrinə bu və ya başqa miqdarda öz bəhrəsini gətirir və bundan sonra da gətirəcəkdir.
Mən bu gün bəyan edirəm ki, özəlləşdirmə, iqtisadi islahatların, torpaq islahatının həyata keçirilməsi, insanlara sərbəstlik verilməsi, sahibkarlara göstərilən yardım, diqqət, respublikaimızda sahibkarlıq fəaliyyətinin günü-gündən inkişaf etməsi - bunlar hamısı Azərbaycan iqtisadiyyatını daha da dirçəldəcək və yüksəklərə qaldıracaqdır.
Bunlar hamısı onu göstərir ki, biz müstəqil Azərbaycanda ağır şərtlər içərisində, bir çox problemlərlə rastlaşaraq öz dövlət müstəqilliyimizi günü-gündən möhkəmləndiririk, inkişaf etdiririk. Azərbaycan bir müstəqil dövlət kimi son dövrdə, yəni 1990-cı illərdə müstəqillik qazanmış dövlətlər içərisində öz müstəqilliyinə görə bəzən nümunə göstərilən ölkə səviyyəsinə gəlib çatmışdır.
Bunlar hamısı bizim sərvətimizdir. Biz bunlarla fəxr edirik. Azərbaycan xalqının bu yolda böyük itkiləri də olubdur. Mən dedim, - bu, 80 il müddətində bizim xalqımızın başına böyük bəlalar gəlibdir, qurbanlar vermişik, itkilərimiz olubdur. Biz Azərbaycan torpaqlarının qorunması yolunda şəhidlər vermişik. 20 Yanvar faciəsi ilə əlaqədar şəhidlərimiz vardır. Bütün bu şəhidlərin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Bu gün, bu bayram günü mən rica edirəm ki, şəhidlərin xatirəsini yad etmək məqsədi ilə bir dəqiqə sükut edək.
Allah bütün şəhidlərə, Azərbaycan xalqının bütün qurbanlarına rəhmət eləsin.
Əziz dostlar!
Əziz bacılar, qardaşlar!
Bu gün biz Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyini böyük iftixar, minnətdarlıq hissi ilə qeyd edirik, bayram edirik. Bu gün biz Azərbaycanda müstəqilliyin, demokratiyanın əsaslarını yaradan insanları böyük minnətdarlıq hissi ilə yad edirik. Bu gün biz 80 illik yolumuza bir də nəzər salırıq. Nailiyyətlərimizlə fəxr edirik, itkilərimizə görə kədərlənirik. Ancaq biz irəliyə baxırıq. Azərbaycanın bir müstəqil dövlət kimi yaşaması üçün artıq bütün əsaslar yaranıbdır. Bu gün Azərbaycanın dövlət müstəqilliyi təmin olunubdur və əmin ola bilərsiniz ki, bu dövlət müstəqilliyi etibarlı əllərdədir.
Mən bu gün Azərbaycanın milli azadlığı, müstəqilliyi yolunda xidmət göstərmiş, həlak olmuş, özünü qurban vermiş insanların ruhu qarşısında baş əyirəm. Azərbaycan xalqını, Azərbaycanın bütün vətəndaşlarını əmin edirəm ki, biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq!
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın sarsılmaz əbədi, müstəqil Azərbaycan!
Mənbə: “Azərbaycan” qəzeti, 28 may 1998-ci il