Azərbaycanda milli məsələ: həqiqətlər və müəmmalar
1950-ci illərdə N.Xruşşovun "Azərbaycan tarixi" kitabına münasibətdə hövsələdən çıxması nə ilə bağlı idi?
1950-ci illərin ortalarında respublika rəhbərliyinin diqqət mərkəzində duran əsas məsələlərdən biri də "Azərbaycan tarixi" akademik nəşrinin başa çatdırılması və Azərbaycan Kommunist Partiyası tarixinin hazırlanması idi.
"Azərbaycan tarixi" dərsliyinin hazırlanması ilə bağlı hələ 1949-cu ildə Azərbaycan KP-nin XVII qurultayında qərar qəbul edilmişdi. Bu qərara uyğun olaraq Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun gərgin əməyi nəticəsində 1954-cü ilin sentyabr ayında iki cildlik "Azərbaycan tarixi"nin maketi buraxıldı. Kitabın maketi həmin dövrdə SSRİ-nin bütün elmi idarələrinə, tanınmış alimlərinə, partiya və sovet orqanlarına göndərildi.
Lakin maketin 1954-cü ilin oktyabrına Moskvada təyin edilmiş müzakirəsi naməlum səbəblərdən təxirə salındı. Azərbaycan KP MK rəhbərliyinin müdaxiləsindən sonra 1955-ci ilin fevralında "Azərbaycan tarixi" haqqında məsələ üzrə Sov.İKP MK-da geniş müzakirə keçirildi.
Bütövlükdə kitab haqqında ciddi prinsipial etirazlar olmasa da, Sov.İKP MK rəhbərliyi kitabdan Cənubi Azərbaycanla bağlı bölmələrin çıxarılmasının zəruriliyini bildirdi. Müşavirədə maketə baxılması ilə əlaqədar SSRİ Elmlər Akademiyasına göstəriş verildi. Akademiyanın müvafiq institutlarından və ölkənin digər elmi müəssisələrindən 1955-ci ilin yayında "Azərbaycan tarixi" kitabının maketinə 80-ə yaxın rəy gəlmişdi.
Lakin 1956-cı ilin fevralında keçirilən XX qurultaydan sonra ideoloji sahədə vəziyyət xeyli dərəcədə dəyişildi. Repressiya olunanlara bəraət verilməsi XX əsrin əvvəllərindəki problemlərə və xüsusən Sovet dövrünün bir sıra köklü məsələlərinə yenidən baxmağı tələb edirdi.
Yaranmış vəziyyətlə əlaqədar 1956-cı ilin oktyabr ayının 18-də Azərbaycan KP MK bürosu məsələni müzakirəyə çıxarıb, "Azərbaycan tarixi" dərsliyinin hazırlanmasını sürətləndirmək məqsədilə kitabın müəllif və redaktorlarını bütün əlavə işlərdən azad etdi. Büroda "Azərbaycan tarixi"nin birinci cildinin əlyazmasının 1956-cı il 15 dekabrda, ikinci cildin əlyazmasının isə 1957-ci il 1 iyulda təhvil verilməsi haqqında vaxt müəyyən olundu. Az sonra Tarix İnstitutunun direktoru Ə.Quliyevin təqdimatı əsasında XX qurultaydan sonra baş verən dəyişikliklərə uyğun olaraq "Azərbaycan tarixi"nin iki cilddə deyil, üç cilddə buraxılması haqqında razılığa gəlindi.
Uzun müzakirələrdən sonra 1957-ci ilin fevralına qədər birinci cildin əlyazması Azərbaycan KP MK-ya təqdim edildi və həmin ilin sentyabrında Akademiya nəşriyyatı əlyazma üzərində işə başladı. Lakin müəyyən səbəblər üzündən əlyazmanın yığılması yubadıldı, yalnız 1958-ci il yanvar ayının 3-də "Azərbaycan tarixi"nin birinci cildi yığıldı və həmin ildə kitab nəşr edildi. Bu yubanmanı İnstitutun direktoru Ə.Quliyev Cənubi Azərbaycan ərazisində daha erkən dövrdə yaşayan lullibeylər və kutilər haqqında materialların kitabın mətninə daxil edilməsi, Azərbaycan xalqının formalaşması və Azərbaycan dilinin mənşəyi haqqında köklü məsələlərə aydınlıq gətirilməsi, üç cildliyə keçilməsi ilə bağlı kitabın elmi dövrləşməsi ilə izah edirdi.
İşi sürətləndirmək məqsədilə İ.Mustafayev Azərbaycan KP MK-nın elm və məktəblər şöbəsinin müdiri N.Hacıyevə, habelə təbliğat və təşviqat şöbəsinin müdiri Ş.Qurbanova tapşırıq verdi ki, Azərbaycan tarixi və ayrıca olaraq Azərbaycan partiya təşkilatının tarixi ilə bağlı məsələləri mərkəzi komitənin büro iclasına hazırlasınlar. Bununla əlaqədar olaraq 21 dekabr 1957-ci ildə Tarix İnstitutunun direktoru Ə.Quliyev, 3 yanvar 1958-ci ildə Akademiyanın vitse-prezidenti Z.Xəlilov geniş arayışlar hazırlamışdılar.
Görülən işlər barədə məlumat verdikdən sonra Ə.Quliyev qeyd edirdi ki, əvvəllər Azərbaycan tarixinin çox mühüm dövrləri haqqında monoqrafik əsərlər olmadığından Azərbaycan xalqının tarixi ilə bağlı əsaslandırılmış ümumiləşmələr aparılması işində çətinliklər var idi. İndi O.İsmizadənin Yaloylu təpə arxeoloji mədəniyyəti, İ.Dyakonovun qədim Midiya tarixi, Ə.Əlizadənin Azərbaycanın orta əsrlər tarixi üzrə monoqrafiyalarının nəşr edilməsi bu çətinliyi əsasən aradan qaldırıb.
Eyni zamanda, o yazırdı ki, XX qurultaydan sonra müəllif kollektivi XIX-XX əsrlərin tarixi ilə bağlı bir sıra məsələləri yenidən işləməli olduğundan Azərbaycanda və respublikadan kənar arxivlərdə yeni araşdırmalar aparmalı, tarixi və memuar ədəbiyyatına yenidən baxmalı olublar.
Ə.Quliyev yazırdı: "Məlum olduğu kimi, "Azərbaycan tarixi"nin nəşr olunmuş maketində məlum səbəblərə görə Azərbaycan Kommunist Partiyasının görkəmli xadimləri N.Nərimanovun, S.M.Əfəndiyevin, H.Sultanovun, D.Bünyadzadənin, Q.Musabəyovun, Ə.Qarayevin, R.Axundovun və başqalarının inqilabi, partiya və dövlət fəaliyyətləri düzgün işıqlandırılmamış və ya tamamilə göstərilməmişdi. Ona görə ikinci və üçüncü cildlərin materiallarının hazırlanması prosesində bu xadimlərin həyat yolunun işıqlandırılmasına xüsusi diqqət yetiriləcəkdir".
Bu arayışdan bir neçə gün sonra professor Ə.Quliyev Tarix İnstitutunun direktoru vəzifəsindən azad edildi və bu vəzifəyə akademik İ.Hüseynov təyin edildi. N.Hacıyev isə hazırladığı iki səhifəlik arayışda "Azərbaycan tarixi"nin yubanmasının bir səbəbini də redaksiya kollektivi üzvləri arasında uzun müddət davam edən mənasız mübahisələrlə izah edirdi.
Toplanmış materiallar və hazırlanmış arayışlar əsasında 7 yanvar 1958-ci ildə Azərbaycan KP MK bürosu "Azərbaycan tarixi" üç cildliyinin nəşri ilə bağlı məsələni müzakirə edib Elmlər Akademiyasına tapşırdı ki, 1958-ci ildə birinci və ikinci cildlərin, 1959-cu ilin birinci kvartalında isə üçüncü cildin nəşrini təmin etsin. Büronun qərarı ilə Mədəniyyət Nazirliyinə göstəriş verildi ki, "Azərbaycan tarixi"nin bütün cildlərinin vaxtında nəşrini başa çatdırsın.
Büronun qərarının üçüncü bəndində isə göstərilirdi: "Azərbaycan SSR-in orta məktəblərində Azərbaycan tarixinin tədrisinin zəruriliyini nəzərə alaraq Azərbaycan SSR Maarif Nazirliyinə və respublika Elmlər Akademiyasına tapşırılsın ki, Tarix İnstitutunun materialları əsasında orta məktəblər üçün Azərbaycan SSR tarixinin hazırlanması təklifini Azərbaycan KP MK-nın elm və məktəblər şöbəsinə çıxarsınlar".
Bu bəndin davamı olaraq Azərbaycan KP MK bürosu 1 iyul 1958-ci ildə "Azərbaycan SSR-in ali və orta məktəblərində Azərbaycan tarixinin tədrisi haqqında" yeddi bənddən ibarət ayrıca qərar qəbul etdi. Qərarda Maarif Nazirliyinə tapşırılırdı ki, 1958/1959-cu tədris ilinin ikinci yarısından etibarən Azərbaycan tarixi 51 saat həcmində müstəqil fənn kimi respublika məktəblərinin IX-X siniflərində tədris edilsin. Onun ikinci bəndində Ə.Sumbatzadə, İ.Hüseynov və Z.İbrahimovdan ibarət müəllif kollektivinə tapşırılırdı ki, 15 noyabr 1958-ci ilə qədər illüstrasiya və xəritələrlə birlikdə orta məktəblər üçün 12-15 çap vərəqi həcmində Azərbaycan tarixi üzrə dərs vəsaiti hazırlasınlar.
Mədəniyyət və maarif nazirlərinə göstəriş verilirdi ki, 20 dekabr 1958-ci ilə kimi Azərbaycan və rus dilində olan məktəblər üçün dərs vəsaitinin nəşrini başa çatdırsınlar. Tarix İnstitutunun direktoru İ.Hüseynova, maarif naziri M.Məmmədova, ADU-nun rektoru Ş.Mehdiyevə həvalə olunurdu ki, 1958-ci ilin 15 sentyabrına qədər ali və orta məktəblər üçün Azərbaycan tarixinin proqramını tərtib etsinlər və 1960-cı ilə qədər Azərbaycan tarixi üzrə tədris xəritələrini hazırlayıb çap etdirsinlər.
Başqa bir bənddə Azərbaycan KP MK-nın nəşriyyatına göstəriş verilirdi ki, Azərbaycan tarixi üzrə orta məktəb proqramlarının Azərbaycan və rus dillərində nəşrini 1958-ci ilin 1 noyabrına qədər başa çatdırsın. Azərbaycan rəhbərliyinin müdaxiləsi sayəsində SSRİ Ali Təhsil Nazirliyinin əmri ilə ADU-da Azərbaycan tarixi kafedrası artıq bərpa edildiyindən, qərarda APİ-də müvafiq kafedranın bərpası və respublikanın ali pedaqoji məktəblərində Azərbaycan tarixinin tədris edilməsi məsələsi qoyulurdu.
Üç cildlik Azərbaycan tarixinin 1958-ci ildə birinci cildinin nəşr olunması, digər cildlərinin də əsasən hazır olması MK bürosunun qərarında nəzərdə tutulan işləri xeyli dərəcədə asanlaşdırırdı. Ümumilikdə 50-ci illərin sonlarında "Azərbaycan tarixi"nin akademik nəşrinin hazırlanması respublika tarix elminin böyük nailiyyəti idi. "Azərbaycan tarixi" ilə yanaşı 1958-ci ildə Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialı tərəfindən "Azərbaycan Kommunist Partiyasının tarixi" kitabının birinci cildi Azərbaycan və rus dillərində nəşr edildi.
Kitab Moskvada böyük etirazla qarşılandı və mübahisələr Sov.İKP MK-ya, onun birinci katibi N.Xruşşova qədər gedib çıxdı. Məhz bu kitaba münasibətdə N.Xruşşov demişdi: "Tənqidə tutmaq lazımdır. Bizim Moskvadakı tənqidçilərimiz hara baxırlar?... "Kommunist"də (Sov.İKP MK-nın jurnalı nəzərdə tutulur - C.H.) məqalə çap edin və orada şil-küt eləyin".
N.Xruşşovun bu kitaba münasibətdə belə hövsələdən çıxması nə ilə bağlı idi?
Birincisi, Sovet hakimiyyəti qurulandan bəri birinci dəfə idi ki, Azərbaycanda sosialist və bolşevik hərəkatının tarixi belə fundamental formada azərbaycanlıların özləri tərəfindən yazılırdı. Kitabın redaktorları Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının direktoru M.S.İsgəndərov, C.Quliyev, M.Qazıyev, H.Şahgəldiyev və V.Səmədov idilər.
İkincisi, kitabda məşhur Stalin təliminin, ÜİK(b)P-nin X qurultayının qətnaməsinin əksinə olaraq, Azərbaycanda kapitalizmin inkişafı məsələsi bütövlükdə qoyulmuşdu. Stalin X qurultayda bu məsələni təhlil edərkən belə bir səhv nəticəyə gəlmişdi ki, sənaye Bakısını Azərbaycanın kənd rayonları ilə qarışdırmaq yanlışlıqdır. Bakı Azərbaycan deyil. O demişdi: "Azərbaycanın özünə gəldikdə isə, o, feodal-patriarxal münasibətlərdə ən geridə qalmış ölkədir. Ona görə bütövlükdə Azərbaycana mən ucqarların o qrupu kimi baxıram ki, həmin qrup kapitalizmi keçməyib".
Üçüncüsü, Azərbaycanda kapitalizmin olub-olmamasına münasibət əslində millətin olub-olmamasına münasibət idi və Azərbaycan tarixçiləri Bakını Azərbaycanın içinə "qaytarmaqla", Azərbaycanın əyalətlərində kapitalizmin olmasını əsaslandırmaqla millətin olması məsələsini ortaya qoymuşdular.
Dördüncüsü, XX əsrin əvvəllərində Azərbaycanda gedən siyasi proseslərin ağırlıq mərkəzi "Hümmət" təşkilatının üzərinə keçirilmişdi və 50-ci illərin ortalarında bəraət almış N.Nərimanov siyasi hadisələrin mərkəzində dayanırdı.
Beşincisi isə, həmin dövrdə bütün respublikaların kompartiyalarının tarixi yalnız oçerklər formasında buraxıldığı halda, Azərbaycanda bu, "Azərbaycan Kommunist Partiyasının tarixi" adı ilə nəşr olunmuşdu. Moskvanı narahat edən ciddi məqamlardan biri də o idi ki, kitab nəşr olunmazdan əvvəl Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutuna rəyə göndərilməmişdi.
Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan KP-nin 1958-ci ildə keçirilən XXII qurultayında kitaba yüksək qiymət verilmişdi. Ona görə də Sov.İKP MK-nın məsul işçilərinin fikrincə, məsələlərin belə qoyuluşu tarixçilərdən daha çox, İ.Mustafayevin günahı idi. Onlar belə hesab edirdilər ki, hələ 1956-cı ildə Azərbaycan KP-nin XXI qurultayındakı məruzəsində İ.Mustafayev Azərbaycanın keçmiş tarixini həddən artıq vəsf etdiyindən bu prosesə rəvac vermiş və bu da tarixi ədəbiyyata nüfuz etməyə başlamışdı.
Hətta Sov.İKP MK Rəyasət Heyətinin (Siyasi Bürosunun - C.H.) üzvü Nurəddin Mühiddinov bu məsələni belə izah edirdi ki, İ.Mustafayev qeyd edilən məruzəsində Bakı komissarlarını sadalayan zaman guya təsadüfən Nəriman Nərimanov və ya Məşədi Əzizbəyovu birinci yerə çıxarmış, Stepan Şaumyanı isə ikinci plana keçirmişdi: "Yoldaş Mustafayevin belə yanaşması bir sıra yetkin olmayan adamlara xalqın tarixini düşünülmüş formada təhrif etməyə qida vermişdi. İ.Mustafayev və onun xeyir-duası ilə bir sıra Azərbaycan tarixçiləri bunu niyə edirlər? Axı məlumdur ki, keçmiş nə qədər çox bəzədilsə, tarix nə qədər çox təhrif edilsə, xalq ona daha az inanacaq, tarix özü isə elm olmaqdan çıxacaq".
Sov.İKP MK-nın şöbə müdiri V.Snastin daha açıq danışaraq bildirirdi ki, İ.Mustafayevin məlum çıxışından sonra bir neçə Bakı komissarı təbliğati məqalələrdə arxa plana keçirildi, portretlərin yeri dəyişməyə başladı: "MK-ya daxil olan çoxlu sayda məktublarda adamlar məsələlərin niyə belə işıqlandırıldığını soruşurlar".
Kitabı müzakirə etmək, əslində isə Azərbaycan tarixçilərinə yerlərini göstərmək məqsədilə Sov.İKP MK-nın tövsiyəsinə uyğun olaraq 18-21 noyabr 1958-ci ildə Bakıda dörd günlük müşavirə keçirildi. Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunun direktor müavini, professor N.Şataqin başda olmaqla Moskvadan, Gürcüstandan, Ermənistandan, Dağıstandan, Qazaxıstandan, Türkmənistan və Tacikistandan Marksizm-Leninizm İnstitutlarının filiallarının rəhbərlikləri və tanınmış mütəxəssisləri müşavirəyə dəvət edilmişdi. Respublika ali məktəblərinin Sov.İKP tarixi kafedralarının əməkdaşları, Azərbaycanın bir sıra tanınmış alimləri də müşavirənin iştirakçıları idilər.
Tədbiri giriş sözü ilə Azərbaycan KP MK katibi A.Bayramov açdı. Respublika partiya təşkilatının təbliğat və təşviqat şöbəsinin müdiri Ş.Qurbanov sona qədər müşavirədə iştirak etdi. İlk olaraq kitabın əsas müəlliflərindən və redaktorlarından biri olan Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının direktoru M.İsgəndərov (Yazıda iki M.İsgəndərovdan söhbət gedir. Birincisi Azərbaycan KPMK katibi Məmməd Abdul oğlu İsgəndərov, ikincisi isə Marksizim-leninizim inistitutunun Azərbaycan filialının direktoru Məmməd Salman oğlu İsgəndərov idi - C.H) geniş məruzə ilə çıxış etdi. Kitabın əsas ideyaları bir daha onun tərəfindən müdafiə edildi.
Əsas iddiaçılar adından P.N.Valuyev çıxış etdi. Lakin bu çıxış o qədər geniş idi ki, onu alternativ məruzə də adlandırmaq olar. İlk növbədə P.Valuyev ondan başladı ki, bir sıra köklü məsələlərə münasibətdə müəlliflər və redaktorlar köhnə səhvləri təkrar edirlər, bu da bir sıra səhv nəticələrə və mülahizələrə gətirib çıxarıb. Bu fikir əslində müzakirə edilən kitabı Bağırov-Beriya dövrü ilə əlaqələndirməyə yönəlmişdi. Digər tərəfdən, o, qeyd edirdi ki, Azərbaycanın sosial-iqtisadi inkişaf səviyyəsi qiymətləndirilərkən kitabda ciddi səhvlərə yol verilib. Onun fikrincə, kitabla tanış olan oxucu belə nəticə çıxara bilər ki, Azərbaycanda sosial-iqtisadi inkişafın səviyyəsi yüksək kapitalist inkişafı, sənaye kapitalizmi keçən ölkələrin inkişaf səviyyəsidir.
P.Valuyev deyirdi: "Məsələ bundadır ki, bütün Azərbaycanın eyni vaxtda sənaye kapitalizmi inkişafını keçdiyini iddia edən müəlliflər həmin fikri əsaslandırmaq üçün buna müvafiq iqtisadi materialları ortaya qoya bilmirlər. Müəlliflərin bunu verməməsi təsadüfi deyil, çünki, sadəcə olaraq, belə materiallar yoxdur". Sonralar Azərbaycan tarixçiləri, ilk növbədə isə professor T.Vəliyev öz ciddi araşdırmasında əsaslandırılmış formada təsdiq etdi ki, belə material var. Moskva və onun diktəsi ilə danışanlar (Sənədlərin araşdırılması göstərir ki, Valuyev xüsusi şəkildə hazırlaşdırılıb - C.H.) niyə bu məsələnin üzərində belə möhkəm dayanmışdılar?
Sov.İKP MK-nın şöbə müdiri V.Snastin deyirdi: "Biz açıq şəkildə göstərməliyik ki, hardan hansı yüksəkliyə, hansı nailiyyətlərə gəlib çıxmışıq. Məgər bu bizim üçün xoş deyil? Bu, tarixi həqiqətə uyğundur. Bakının sosial-iqtisadi şəraitini bütün Azərbaycana yaymaq bizim nəyimizə gərəkdir? Keçmişin vəsf edilməsinə cəhd tarixçilərin əsərlərində geniş yayılıb. Orta məktəblər üçün hazırlanan Azərbaycan tarixindən belə təəssürat yaranır ki, Azərbaycan tarixi bu axının ruhunda inkişaf edib. Tarixi belə quraşdırmaq olmaz, bu bizim ideoloji işimizə məlum ziyanlar gətirir".
Sov.İKP MK-nın bölmə müdiri Kuzin isə qeyd edirdi ki, akademik Ə.Sumbatzadənin, akademik İ.Hüseynovun, professor Z.İbrahimovun orta məktəblər üçün yazdığı kitabla yaxından tanış olduqda görünür ki, qədim dövr elə təsvir olunub, sanki bu, Azərbaycan xalqının mübarizəsindən daha çox padşahların, sərkərdələrin, döyüş meydanlarının tarixidir.
"Azərbaycan Kommunist Partiyasının tarixi" kitabının əsas tənqidçilərindən olan P.Valuyev Azərbaycanda kapitalizmin olmaması barədə İ.Stalinin X qurultaydakı yekun sözü üzərində geniş dayandı və "Bakının Azərbaycanın bətnindən çıxmadığı, onun Nobel və digər kapitalistlər tərəfindən tikildiyi" barədə Stalinin müddəasını "faktoloji materiallarla" əsaslandırmağa çalışdı. O, X qurultay tərəfindən dəqiqləşdirilən "Azərbaycanın böyük bir hissəsinin kapitalizm inkişaf yolu keçmədiyi" barədə Stalin müddəasını Azərbaycanın sosial-iqtisadi səviyyəsi haqqında düzgün dəyərləndirmə hesab edirdi və Azərbaycan tarixçilərini X qurultayın qərarlarını təftiş etməkdə günahlandırırdı.
P.Valuyevin fikrincə, Bakı fəhlə sinfinin tərkibi haqqında müəlliflərin fikri obyektiv reallıqları əks etdirmədiyi kimi, "Hümmət" məsələsində də onların nöqteyi-nəzəri doğru deyildir. Onların sözündən belə çıxır ki, "Hümmət" təşkilati baxımdan Bakı partiya təşkilatından ayrı, müstəqil bir partiya olub.
O deyirdi: "Müəlliflər "Hümmət"i bizə öz yerli qrupları, öz rayon komitələri, öz mərkəzi olan, şəhərlərdə və qəzalarda rəhbərliyi bunlar vasitəsilə həyata keçirən bir təşkilat kimi təsvir edirlər. Məsələnin belə işıqlandırılması prinsipial olaraq doğru deyildir. Müəlliflərin səhvi ondadır ki, onlar bu məsələni işıqlandırarkən problemin nəzəri tərəflərini anlamamışlar, başa düşməmişlər ki, "Hümmət" öz mövcudluğunun ilk illərində Bakı komitəsinin şöbəsi hüququnda, müsəlman proletariatı içərisində iş aparmaq üzrə şöbə olub, ayrı-ayrı hallarda isə digər partiyalarla münasibətlərdə o, taktiki mülahizələrlə formal olaraq müstəqil təşkilat kimi çıxış edib".
Ən nəhayət, Valuyev kitabda N.Nərimanovun Azərbaycan Kommunist Partiyasını ancaq azərbaycanlı kommunistlər bazasında qurmaq, "Hümmət"i müstəqil Azərbaycan Kommunist Partiyası kimi tanıtmaq cəhdlərinin qoyuluşunu "siyasi cəhətdən düzgün olmayan millətçilik" kimi qiymətləndirirdi.
P.Valuyevdən sonra söz ADU-nun gənc müəllimi, Moskvada mətbuat tarixi üzrə namizədlik dissertasiyası müdafiə edib Bakıya yeni qayıtmış Şirməmməd Hüseynova verildi. O dedi: "Partiya Tarixi İnstitutu tərəfindən yaradılmış Azərbaycan Kommunist Partiyasının tarixinə, onu yaradan kollektivə Valuyevin indiki çıxışından sonra mənim hörmətim, məhəbbətim daha da artdı. Ona görə ki, uzun zaman Azərbaycan Kommunist Partiyasının tarixini yazmaq elə əllərə, elə adamlara tapşırılırdı ki, onlar Azərbaycana bələd deyildilər... Onlar Azərbaycan dilində olan ədəbiyyatı, materialları yaxşı oxumağı bacarmadıqları üçün Azərbaycanın spesifik xüsusiyyəti ilə əlaqədar olan bir sıra məsələləri həll edə bilmirdilər... Kitabın ən yaxşı məziyyətlərindən biri də odur ki, burada "Hümmət" təşkilatının rolu doğrudan da əməlli-başlı, geniş surətdə əks etdirilmişdir".
Ş.Hüseynovun fikrincə, kitabın digər mühüm cəhəti Azərbaycanda bolşevik hərəkatı ilə yanaşı, inqilabi demokratik hərəkatı da əhatə etməsi idi. O deyirdi: "Məlumdur ki, Azərbaycanın mütərəqqi yazıçıları, inqilabçı demokratları Azərbaycanın müstəqilliyi uğrunda... mübarizə aparırdılar".
Kitabın əvvəlində Azərbaycanın Rusiyaya birləşdirilməsinin mütərəqqi hadisə kimi dəyərləndirilməsinə toxunan Ş.Hüseynov deyirdi: "Lakin biz bununla yanaşı Azərbaycan xalqının bu birləşmədən sonra öz milli istiqlaliyyəti uğrunda mübarizədən əl çəkdiyini söyləyə bilmərik. Kitabda Azərbaycanın ya Rusiya, ya da İranla birləşdirilməsi məsələsi qoyulur. Bununla əlaqədar belə bir sual meydana çıxır ki, məgər 6-7 milyonluq bir xalqın, onun qabaqcıl adamlarının Azərbaycanın milli istiqlaliyyətini bərpa etmək fikri olmamışdırmı?"
Nəhayət, Ş.Hüseynov öz çıxışında daha ciddi bir məsələyə toxunurdu. Bu, Azərbaycanın birləşdirilməsi məsələsi idi. O deyirdi: "Kitabda Cənubi Azərbaycanla Şimali Azərbaycan arasındakı inqilabi əlaqələrdən danışılmışdır. Ancaq bu məsələnin əsas məğzi - Azərbaycanın birləşdirilməsi uğrundakı mübarizə məsələsi, məncə, kölgədə buraxılmışdır. Bu məsələni ciddi şəkildə qoymaq lazımdır". Ş.Hüseynovun bu çıxışının sədası Moskvaya da gedib çıxmışdı.
Sov.İKP MK-da Bakıda keçirilən müşavirənin stenoqramı ilə tanışlıqdan sonra təbliğat və təşviqat şöbəsinin müdiri V.Snastin göstərirdi: "ADU-nun müəllimi Ş.Hüseynov məsələyə belə yanaşır ki, kitabda Azərbaycanın ya Rusiyaya, ya İrana birləşdirilməsi məsələsi qoyulur, məgər Azərbaycanın öz müstəqil inkişaf yolu olmayıb? Məsələni belə formada qoymaq lazım idimi? Bəyəm fəhlə sinfi məsələləri belə həll edir, bəyəm bolşeviklər bu məsələləri belə həll edirdilər? Yoldaş Ş.Hüseynov isə məsələni belə nalayiq formada qoyur".
Müşavirənin ikinci günü çıxış edən Marksizm-Leninizm İnstitutunun Türkmənistan filialının direktor müavini A.Roslyakov bir sıra maraqlı məqamlara toxundu. O qeyd etdi ki, "Hümmət"ə münasibət məsələsi ancaq nəzəri maraqlar baxımından deyil, ümumilikdə müstəmləkə və yarımmüstəmləkə ölkələrində partiya qüvvələrinin təcrübəsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. "Hümmət" təşkilatı haqqında məsələ yalnız Azərbaycan miqyasında məsələ olmadığından, o ciddi şəkildə düşünülməli və düzgün həll edilməlidir.
N.Nərimanovun "Hümmət"dəki roluna toxunan A.Roslyakov deyirdi: "Hümmət"in lideri N.Nərimanov 1920-ci ildə V.İ.Leninə məktubunda onun fəaliyyətinin əhəmiyyətli dərəcədə genişləndirilməsini arzulayaraq təsdiq edirdi ki, Şərqin gələcəyi hümmətçilərin əlindədir. A.Roslyakov da qeyd edirdi ki, kitabı oxuyanda belə səhv təəssürat yaranır ki, Azərbaycan Kompartiyası "Hümmət"in bazasında formalaşıb. Bunu o, redaktorların müəlliflərə liberal yanaşması ilə izah edirdi.
1918-ci ilin birinci yarısında baş verən hadisələrə toxunan A.Roslyakov bildirirdi: "Milli məsələ ilə bağlı həmin vaxt hansı səhvlərin buraxıldığı oxucu üçün tamamilə aydın deyil. Ümumiyyətlə, burada nə isə aydın deyil, görünür, daşnaklara münasibətdə aydınlıq yoxdur. Mən bizim Orta Asiyada baş verənlər əsasında bu barədə təxmin edə bilərəm ki, o zaman Bakıya kömək adı altında Bakı Xalq Komissarları Sovetinin xahişi ilə 1918-ci ilin birinci yarısında daşnaklardan ibarət erməni drujinları yaradıldı".
Dağıstandan Q.Osmanov, Qazaxıstandan S.Beysembayev, Tacikistandan M.Mirmulayev və digərləri əsasən Moskvanın rəyinə uyğun çıxış etdilər.
Məsələn, M.Mirmulayev kitabın niyə bütün respublikalarda olduğu kimi oçerklər deyil, Azərbaycan Kompartiyasının tarixi araşdırması ilə, "Hümmət"in və N.Nərimanovun rolunun şişirdilməsi ilə razı olmadığını bildirirdi. O, kitabın 29-cu səhifəsində N.Nərimanovun adının on bir dəfə çəkilməsini misal gətirərək əsərdə şəxsiyyətə pərəstiş izləri axtarırdı.
Cəmil Həsənli,
tarix elmləri doktoru, professor.