“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.06.2014, 17:10
3622

Qarabağ XVI-XVII əsrlərdə

A- A+

Qarabağ tarixinin XVI-XVII əsrlərə və XVIII birinci yarısına aid dövrü, yəni Qarabağ xanlığından öncəki mərhələsi milli tarixşünaslığımızda yetərincə öyrənilməyib və bu sahədə ciddi tədqiqatlara ehtiyac var. Bu tarixi mərhələ Azərbaycan Səfəvilər dövlətinin (1501-1736) tərkibində Qarabağ bəylərbəyiliyi mövcudluğu ilə əlamətdardır.

XV yüzilliyin son rübündə Qarabağ ərazisi Azərbaycan Ağqoyunlu dövlətinin tərkibində idi. Bu zaman Qarabağda Qaramanlı tayfası ilə yanaşı Qacar türk tayfası möhkəmlənmişdi. Şeyx Heydərin ətrafında toplanmış Qızılbaş tayfaları arasında Qarabağ Qacarları da xüsusi yer almışdı.

XV yüzilliyin sonunda Azərbaycan Ağqoyunlu dövlətində daxili ziddiyyətlər daha da kəskinləşmiş və 1500-cü ildə dövlət Ağqoyunlu əmirləri arasında parçalanmışdı. Cənubi Azərbaycan, Qarabağ, Naxçıvan və Diyarbəkr Sultan Əlvəndin, Ərəb İraqı, Fars və Kirman Sultan Muradın əlində qalmışdı (Petruşevskiy İ. P. Qosudarstva Azerbaydjana v XV v. //Sbornik statey po istorii Azerbaydjana, Vıp. 1, B. , 1949, s. 179; Gfendiev O. A. Obrazovanie azerbaydjanskoqo qosudarstva Sefevidov v naçale XVI v. B. , 1961, s. 84).

XVI yüzilliyin başlanğıcında Azərbaycan Səfəvi dövləti yarandığı vaxtdan etibarən Qarabağ ərazisi onun tərkibinə mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyi kimi daxil olmuşdu.

Hələ ilk Səfəvi şahları öz nəzarətlərində olan əyalətlərdə bəylərbəyiliklər yaradır və həmin bəylərbəyiliklərin idarəçiliyini müxtəlif türk qızılbaş tayfalarının əmirlərinə həvalə edirdilər.

Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyiliyində Qacar tayfasının Ziyadoğlular qolu, kiçik zaman fasilələri istisna olmaqla,XVI əsrin 50-ci illərindən Nadir şah Əfşarın (1736-1747) taxt-tacı ələ keçirməsinə qədər hakimiyyət sürüb.

Gürcü mənbələrinə istinad edən alman tarixçisi K. M. Rohrborn Qarabağ bəylərbəyiliyinin yaradılmasını 1554-cü ilə aid etmiş və Qacar tayfasından olan Şahverdi sultan Ziyadoğlunun Qarabağın ilk bəylərbəyisi olduğunu bildirmişdir.

 

Lakin bu zaman ortaya sual çıxır: bəs Azərbaycan Səfəvilər dövlətinin mövcudluğunun ilk yarım əsrində Qarabağın idarəçiliyi hansı formada həyata keçirilmişdir? Tarixi qaynaqların əksəriyyətində bu barədə informasiyaya rast gəlmək mümkün olmasa da, 1675-1676-cı illərdə (hicri 1086-cı il) naməlum azərbaycanlı müəllif tərəfindən qələmə alınmış “Tarix-i aləmara-yi Şah İsmayıl” (“Şah İsmayılın dünyanı bəzəyən tarixi”) adlı əsərdəki məlumatlar bu məsələyə aydınlıq gətirməyə kömək edir.

Farsca yazılmış bu qiymətli tarixi mənbədə Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın (1501-1524) hərbi-siyasi fəaliyyəti ətraflı surətdə təsvir edilmişdir. (Bax: Musalı N. Səfəvilər zamanında Qarabağ bəylərbəyliyinin yaradılması və onun inzibati quruluşu. // «Qarabağ Dünən Bu Gün və Sabah» V Elmi-əməli konfransın materialları. Bakı, 2006, s. 166).

Anonim müəllif, İraqi-ərəbin qızılbaş ordusu tərəfindən fəthi və I Şah İsmayılın qızılbaş sərkərdəsi Xadim bəy Xüləfanı Bağdad hakimi təyin etməsi ilə əlaqədar olan 1508-ci ilin hadisələrindən bəhs etdikdən sonra əlavə edir ki, Xadim bəy Səfəvilər dövlətinin qurulması uğrunda gedən mübarizənin fəallarından olmuşdur. Şah İsmayıl bu mübarizədə fədakarlıq göstərmiş qızılbaş əmirlərini yüksək qiymətləndirmiş və onların övladlarını müxtəlif böyük vəzifələrə təyin etmişdi. Buna misallar sırasında anonim müəllif qeyd edir ki, Şah İsmayıl “Qarabağın və o sərhədin bəylərbəyiliyini Qara Pirinin oğlu Rüstəm bəyə inayət etmişdi”.

 

Buradan aydın olur ki, Qarabağ bəylərbəyiliyi heç də 1554-cü ildə I Təhmasib tərəfindən deyil, hələ I Şah İsmayılın hakimiyyətinin ilk dönəmlərində yaradılmışdı və oranın ilk qızılbaş bəylərbəyisi heç də Şahverdi Sultan deyil, “Tozqoparan” ləqəbli məşhur sərkərdə Qara Piri bəy Qacarın oğlu Rüstəm bəy Qacar olmuşdur.

I İsmayıl dövrünün əvvəllərində yaradılmış Qarabağ bəylərbəyiliyi ilk vaxtlar Qara Piri bəy Qacarın nəslinə mənsub olmuş, yalnız 1554-cü ildə bəylərbəyilik Qacarların digər bir qolu olan Ziyadoğlular nəslinə verilmişdi.

Onlar 1590-1606 və 1725-1735-ci illərdəki Osmanlı fəthləri və I Şah Abbas (1587-1629) dövrünün sonları və Şah Səfi (1629-1642) hakimiyyətinin ilk illəri (1632-ci ilədək) istisna olmaqla, Səfəvilər dövlətinin süqutu və Nadir şah Əfşarın hakimiyyətə gəlməsinə qədər Qarabağ bəylərbəyiliyini idarə etmişlər.

Mənbələrdə bir-birinin ardınca Qarabağ bəylərbəyiləri olmuş Ziyadoğlulardan Şahverdi sultanın, İbrahim xanın, Yusif xəlifənin, Peykər sultanın, İmamqulu xanın, Məhəmməd xanın, Mürşüdqulu xanın, Məhəmmədqulu xanın, Mürtəzaqulu xanın və başqalarının adları qeyd olunub.

Səfəvilərin dövlət məmuru olmuş Mirzə Səmia dövlət quruluşu məsələlərinə həsr etdiyi “Təzkirətül-müluk” adlı əsərdə (1725-ci il) Qarabağ bəylərbəyiliyinin coğrafi vəziyyəti, inzibati bölgüsü və iqtisadi vəziyyəti haqqında maraqlı məlumatlar vermişdir.

Müəllif Azərbaycan ölkəsinin dörd bəylərbəyilikdən ibarət olduğunu göstərir və onları sadalayır: Təbriz, Çuxursəd, Qarabağ və Şirvan. Bu fakt Qarabağın tarix boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha əsaslı surətdə sübut edir.

 

Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyiliyi xeyli geniş əraziləri əhatə edirdi. “Təzkirətül-müluk”da Qarabağ bəylərbəyiliyinə daxil olan və hakimlər tərəfindən idarə olunan 9 nahiyənin adları sadalanır: Zəyəm, Bərdə, Ağstafa, Cavanşir, Bərgüşad, Qara-Ağac (Gürcüstanın Kaxeti vilayəti ərazisində yerləşirdi), Lori və Pəmbək, Arazbar ölkəsi və Bayəzidli eli, Simavi və Tərkür ölkəsi.

Diqqəti çəkən cəhət ondan ibarətdir ki, Səfəvi dövrünün rəsmi dövlət quruluşu və inzibati bölgüsü haqqında ən dəyərli və mötəbər mənbə olan “Təzkirətül-müluk”da Qarabağ ərazisində hər hansı bir xristian məlikliyin mövcud olduğu qeyd edilməmişdir.

Mənbələrdə Qarabağ bəylərbəyiliyinin ictimai-siyasi həyatında qacarlarla yanaşı, bayəzidli, şahsevən, cavanşir, otuzikilər, iyirmidördlər, şəmsəddinli və s. kimi türk tayfalarının mühüm rol oynadıqları qeyd olunmuşdur.

Bəzi ədəbiyyatlarda Səfəvilər zamanında Qarabağ bəylərbəyliyinin “Kür və Araz çayları arasında yerləşib, Ağstafa və Ordubada qədər uzandığı” da göstərilir.

Bununla belə, əksər tarixi mənbələrə görə, Qarabağ bəylərbəyiliyi Azərbaycanın Gəncəbasar və Qarabağ regionları, eləcə də bəzi digər rayonları ilə yanaşı, indi Ermənistan adlandırılan respublikanın Pəmbək dağ silsiləsi və ondan şimaldakı ərazilərini, Göyçə mahalını, Zəngəzurun böyük bir hissəsini, hal-hazırda Gürcüstan respublikasına daxil olan tarixi Borçalı mahalını, həmçinin Kaxeti vilayətini əhatə edirdi. Bəzi vaxtlarda hətta Tiflis şəhəri də Qarabağ bəylərbəyilərinə tabe olmuşdur.

 

Bu məlumatdan aydın olur ki, Şah İsmayıl dövründə yaradılmış olan Qarabağ bəylərbəyliyi ilk vaxtlar Qara Piri bəy Qacarın oğlu Rüstəm bəy Qacar tərəfindən idarə edilmişdi. Osmanlı müəllifi Heydər Çələbi öz «Rüznamə»sində Çaldıran döyüşündə öldürülən qızılbaş əmirləri arasında Gəncə və Bərdə valisi olan Sərdar bəy Qacarın adını çəkir (Bax: Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolu. Ankara, 1976, s. 37).

Güman etməyə əsas vardır ki, Sərdar bəy Qacar da həmin nəslin nümayəndəsi olmuşdur. Çünki Ziyadoğlu Qacar nəsli Qarabağ bəylərbəyliyinə Şah Təhmasib dövründə bəylərbəyi təyin olunmuşdur. F. Sümerin fikrincə, Qacar boyunun başlıca obaları Ağcaqoyunlu, Axçalu, Şam Bayatı, Yivə və İyirmidördlü olmuşdu (Sümer F. Safevi devletinin kuruluşu…, s. 183-184).


1547-ci ilin əvvəllərində Gürcüstan səfərindən dönən Şah Təhmasib Yevlaxda dayanmışdı. O. Əfəndiyev «Xülasət ət- təvarixin» verdiyi məlumata əsaslanaraq yazır ki, Gürcüstan yürüşündən qayıdan zaman Şah Təhmasib Şahverdi Sultan Ziyadoğlu Qacarın evinə düşmüşdü. Buradan o, Şirvanda üsyan qaldırmış olan Əlqas Mirzəyə qarşı Şahverdi Sultan Ziyadoğlunu digər əmirlərlə birlikdə göndərmişdi (Gfendiev O. A. Azerbaydjanskoe qosudarstva Sefevidov v XVI v. B. , 1981, s. 84).

1537-ci ildə Şahverdi xan öz qüvvələri ilə Qəndəhar yürüşünə qatılmış və bundan sonrakı mühüm hərbi səfərlərdə də yaxından iştirak etmişdi. Görünür, bu dövrdə Şahverdi Sultan Qarabağ bəylərbəyi olmuşdu. Çünki, 1552-ci ildə Ərzurumda Osmanlı hakimi İsgəndər paşaya qarşı döyüşdə o, Qarabağ bəylərbəyi kimi xatırlanmışdı (Gfendiev O. A. Azerbaydjanskoe qosudarstva Sefevidov. . ,s. 93; Nəjəfli T. Ziyadoğlu Qajarlar Qarabağda. // «Qarabağ Dünən Bu Gün və Sabah» V Elmi-əməli konfransın materialları. Bakı, 2006, s. 232).

Qarabağ Ziyadoğlu Qacarların irsi bəylərbəyliyi kimi Qarabağ xanlığının yaranmasına kimi, kiçik fasilə ilə 300 ilə qədər onların nəzarətində qalmışdı. Qarabağ bəylərbəyləri olan Ziyadoğlu Qacarlar haqqında ən mühüm məlumat II Şah Abbas dövründə Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olmuş Məhəmməd Məsumun «Xülasət əs-siyar» əsərində verilmişdir. M. Məsum Ziyadoğlu Qacar nəslinin XVI yüzyilliyin 40-cı illərindən- XVII yüzilliyin 60-cı illərinə qədər, təxminən yüzillik tarixini öz əsərində işıqlandırmışdır.

 

29 may 1555 - Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Amasya sülh müqaviləsi imzalanıb. Səfəvi-Osmanlı müharibəsinin (1514-1555) birinci mərhələsi başa çatıb. Sülh müqaviləsinə əsasən, Qərbi Gürcüstan - İmeretiya, Meqreliya və Quriya çarlıqları - Osmanlının, Gürcüstanın şərq vilayətləri və Qərbi Azərbaycan (indiki Ermənistan), eləcə də şimallı-cənublu bütün Azərbaycan torpaqları Səfəvi dövlətinin tərkibinə keçmişdi. Bir qədər sonra tərəflər arasında yeni müharibə başlandı və 1590-cı ilin İstanbul müqaviləsinə görə, Şirvandan Təbrizədək Azərbaycanın böyük bir hissəsi Osmanlının nəzarətinə keçdi.

 

Qarabağ bəylərbəyliyinin hakimi Şahverdi Sultan 1568-ci ildə ölmüşdü. Şahverdi Sultanın 3 oğlu olmuşdu. Onlardan biri olan Xəlil xan hələ atasının sağlığında Astrabad bəylərbəyi və buradakı Qacar tayfasının başçısı olmuşdu. M. Məsum yazır ki, hazırda Astrabadda yaşayan Qacarların bir hissəsi onun nəslindən olan mülazimlərdir. Şahverdi Sultanın ölümündən sonra onun digər iki oğlu- İbrahim xan və Yusif Xəlifə 1576-cı ilə kimi ardıcıl olaraq Qarabağ bəylərbəyi və buradakı qacarlara rəhbərlik etmişdi. II Şah İsmayıl Qarabağ qacarlarını, o cümlədən Ziyadoğlu nəslini özünün şəxsi düşməni hesab etmişdi. Çünki Şahverdi Sultanın təlqinləri nəticəsində İsmayıl Mirzə atasına şübhəli bilinmiş və Şah Təhmasib tərəfindən Qəhqəhə qalasında 20 ildən artıq siyasi məhbus kimi saxlanılmışdı (Pavlova İ. K. Göst. əsəri,s. 60).

 

1576-cı ildə Şah Təhmasibin ölümü zamanı başlıca Qacar əmirlərindən biri Şahverdi Sultanın oğlu Yusif Xəlifə olmuşdu. O, Qarabağ bəylərbəyi və Sultanəli Mirzənin lələsi təyin edilsə də, şahın ölümü ilə bağlı hələ də Qəzvində qalmışdı. 1576-cı ildə Səfəvi taxt-tacı uğrunda mübarizə zamanı Yusif Xəlifə Ziyadoğlu II İsmayılın rəqibi olan Heydər Mirzənin tərəfini saxlamışdı.

Buna görə də II Şah İsmayıl Yusif Xəlifəni Qarabağ bəylərbəyi və Qacar tayfasının rəhbəri vəzifəsindən azad etsə də, Qarabağ bəylərbəyliyini digər Qızılbaş tayfasına verməyə tələsməmişdi. Şah bəylərbəyliyi ilk öncə Peykər Sultana, sonra isə İmamqulu xan Qacara vermişdi.

Səfəvi şahı Məhəmməd Xudabəndə dövründə 1580-ci ildə Peykər Sultan Şirvan bəylərbəyi təyin edilmiş və nəticədə Qacar əyanlarının bir hissəsi Şirvana köçərək orada torpaq mülkləri almışdı (Petruşevskiy İ. P. Oçerki po istorii feodalğnıx otnoşeniy. . , s. 122; Gfendiev O. A. Azerbaydjanskoe qosudarstvo Sefevidov, s. 138, 150).

Səfəvi-Osmanlı müharibəsi (1578-1590) dövründə İmamqulu xan Qarabağ qoşunu ilə Azərbaycan uğrunda mübarizədə fəal iştirak etmişdi. Lakin 1588-ci ildə qızılbaşlar Arazın cənub sahillərinə çəkilmək məcburiyyətində qalmışdı.

 

9 sentyabr 1578 - Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında çoxillik müharibələrin ikinci mərhələsi başlanıb. Azərbaycanın şimal-qərbində Qanıx (Alazan) çayı sahilində (indiki Zaqatala-Balakən ərazisi) baş verən döyüşdə Səfəvi qoşunları qalib gəlib. Lakin müharibənin sonrakı döyüşlərində Osmanlılar ard-arda qələbəlar qazandılar və 1590-cı ildə bağlanan İstanbul sülh sazişi ilə iki türk dövlətinin qanlı müharibələrinin növbəti mərhələsinə yekun vuruldu. Sülh müqaviləsinə əsasən, Talış bölgəsi istisna olmaqla bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərbaycanın bir hissəsi (Şirvan və Qarabağdan Təbriz və Marağayadək ərazilər) Osmanlının nəzarətinə keçdi.

 

Osmanlı işğalı zamanı Qarabağda Qacarlar, Otuzikili, Qazaxlar, İyirmidördlü, Qaramanlı və digər tayfalar yaşayırdı. Qarabağın Osmanlı idarəçiliyinə keçməsi nəticəsində qacarların bir hissəsi Osmanlı hakimiyyəti altında qalmaq istəməyərək Arazın cənubundakı Səfəvi torpaqlarına köç etdilər (Sümer F., Safevi devletinin kuruluşu. . , s. 145). İmamqulu xan Qacar özünün böyük hərbi sərkərdəlik qabiliyyəti nəticəsində Osmanlı ordusuna qarşı on ildən artıq mübarizə aparmışdı. Onun 1587-ci ildə Gəncədə ölümündən sonra Məhəmməd xan Ziyadoğlu Qacar Qarabağ bəylərbəyi təyin olundu.

Şərəf xan Bidlisinin yazdığına görə, 1588-ci il sentyabrın 1-də Fərhad paşa Gəncəni ələ keçirən zaman Məhəmməd xan Ziyadoğlu ətrafdakı 40-50 min evdən ibarət olan ulusunu Araz çayının kənarına köçürmüşdü.

M. Məsumun verdiyi məlumat bir daha təsdiq edir ki, Qarabağ bəylərbəyliyini irsi olaraq Ziyadoğlu Qacar nəsli idarə etmişdi. Şahverdi Sultanın nəvəsi Astrabadlı Xəlil xanın oğlu Məhəmməd xanın dövründə Ziyadoğlu nəsli Osmanlı ordusu tərəfindən təkcə Şirvandan deyil, həm də Qarabağdan çıxarılmışdı. Beləliklə, Qacarlar Qarabağı tərk edərək Ərdəbil bölgəsində məskunlaşmışdılar (Petruşevskiy İ. P. Oçerki po istorii feodalğnıx otnoşeniy…, s. 122-123).

Ziyadoğlu Qacarlar Qarabağın Osmanlı ordusu tərəfindən işğal edilməsi ilə uzun müddət barışmamışdılar. Məhəmməd xan Qacar 1589-cu ildə Qarabağa yürüş edərək Gəncə şəhərini mühasirəyə almışdı. Bundan xəbər tutan Təbriz mühafizi Cəfər Paşa I Şah Abbasa elçi göndərərək sülh danışıqlarının başlandığı bir dövrdə bu hadisənin yolverilməz olduğunu bildirməsi öz nəticəsini vermişdi. Səfəvi şahı III Sultan Muradla sülh danışıqlarının başlandığını nəzərə alaraq Məhəmməd xan Qacarı Gəncə mühasirəsindən geri çağırmışdı (Kırzıoğlu F. Göstərilən əsəri, s. 378).

 

Qarabağ ərazisi öz təbii şəraiti, əlverişli iqlimi, şəffaf suları, meşə örtüyü, yeraltı sərvətləri və eyni zamanda nadir otlaqları, ovlaqları ilə zəngin olan tarixi bir vilayət olmuşdu. Kür və Araz çayları ilə suvarılan Qarabağ torpaqlarında bol taxıl, meyvə- tərəvəz, bostan bitkiləri, üzüm və s. becərilirdi. Qarabağın dağlıq və dağətəyi əraziləri heyvandarlığın inkişafı üçün geniş imkanlar açırdı. Qədim dövrdən Qarabağ öz ipəyi ilə də məşhur idi. Səyyah İohann Şiltberger Qarabağda Kür çayının sahillərində dünyada ən yaxşı ipəyin istehsal olunduğunu yazır

 

Qarabağ Azərbaycanın mühüm ticarət mərkəzlərindən biri hesab olunurdu. XVI yüzillikdə Azərbaycan ərazisindən keçən baş ticarət yolunun mühüm qolu Qarabağdan keçirdi. Qarabağ ticarət yolu Bəkrəbad kəndindən keçərək Araza çatır, sonra isə Qarabağ ərazisinə daxil olurdu.

Qarabağ əhalisi və onun etnik tərkibi haqqında ən mühüm məlumat 1593-cü ildə Osmanlı maliyyə məmuru İmamzadə Mehmed tərəfindən tərtib olunan «Gəncə-Qarabağ icmal dəftərin»də verilmişdir. Bu qaynaqda Osmanlı işğalı zamanı (1588-1606) Qarabağı tərk etməyərək osmanlıların hakimiyyəti altında qalan Qacar tayfasının 8 oymağının adı çəkilir:

1. Qaraca-Sevgülən Bərdə nahiyəsində; 2. Qaytaq - Bərdənin Sir nahiyəsində və Xaçın sanca-ğının Çalaberd nahiyəsində, 3. Qolsuzlu - Bərdənin Sir nahiyəsində; 4. Ağcaqoyunlu- Xaçı-nın Çalaberd nahiyəsində; 5. Gəngəldilü - həmin ərazidə; 6. Əylənlü- yenə həmin yerdə, Bərdə və Gəncə ətrafında; 7. Şam Bayazi (Bayatı)- həmin yerdə; 8. Yıva-Qacar- Qaraağacda və Gəncə sancağında yaşayırdı.

Gəncə vilayətinin Qaraağac bölgəsində Hacılu (Hacılar) tayfasının 31 oymağının adı dəfdərdə öz əksini tapmışdır: 1. Əlişarlu, 2. Bukavullu, 3. Canılu, 4. Çıraculu, 5. Davulu, 6. Davudlu, 7. Dəmirçilər, 8. Ton-Əli, 9. Əmir-Alyanlu, 10. Əmir-Həsənlu, 11. Qazilu, 12. Hindmallu, 13. Xəlifəli, 14. İsabəyli, 15. İsmail-Qazılu, 16. Qədim-İsmaillü, 17. Kağan-Ərlü, 18. Qara-Sofılu, 19. Kərəməddinlü, 20. Qoruqçılu, 21. Qoyunlu-Mahmad, 22. Qul-Mahmudlu, 23. Kürələr, 24. Mirxanilü, 25. Sarsarlu, 26. Sazağanlu, 27. Səməlü, 28. Səməlü-yi Artuc, 29. Sökəlü, 30. Oxunmur, 31. Törəlü (Kırzıoğlu F. Gəncə-Qarabağ sancakları. . , s. 207-208).

 

Qarabağ bəylərbəyliyi Səfəvi imperiyasının on üç inzibati vilayətindən (bəylərbəyliyindən) biri olmuşdu. Bu vilayətin daxilində dairələr (mahallar) mövcud olmuşdu. Dairələr çox zaman ölkə (feodal mülkü) kimi tayfa başçılarının irsi mülkiyətində olmuşdu.

Beləliklə, XVI yüzillikdə Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş və Azərbaycan Səfəvi dövlətinin tərkibində qalmışdı. Yuxarıda qeyd etdiyimiz kimi Qarabağ əhalisinin əsas hissəsini türk dilli Azərbaycan tayfaları və onun oymaqları təşkil etmişdi.

 

8 iyun 1604 - Növbəti Səfəvi-Osmanlı müharibəsi (1603-1612) gedişində I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçiriblər. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilib. Bundan bir qədər əvvəl Səfəvi qoşunları Təbrizi Osmanlıdan geri almışdı.

 

17 oktyabr 1612 - Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibənin yekunlarına dair Sarab sülhü imzalanıb. Saziş iki ölkə arasında 1555-ci ildə bağlanmış Amasya sülhünün şərtlərini bərpa edib. Osmanlı Qərbi Gürcüstanı və Qərbi Azərbaycanın bir hissəsini (indiki Ermənistanın qərbi) özündə saxlamqla Şimali Azərbaycanı, Təbriz, Marağa və digər Cənubi Azərbaycan torpaqlarını Səfəvilərə qaytarıb. Sarab sazişinə əsasən, Səfəvi dövləti Osmanlının Şimali Qafqazda irəliləməsinə və Terek qalasını ələ keçirməsinə razılaşıb.

 

17 may 1639 - Səfəvi və Osmanlı imperatorluqları arasında növbəti müharibənin (1623-1639) yekunlarına əsasən, Qəsri-Şirin sülh müqaviləsi bağlanıb.Müqavilədə iki dövlət arasında 1555-ci ildə bağlanmış Amasya sülhünün şərtləri təsdiqlənib. Həmin şərtlərə görə, Qərbi Gürcüstan Osmanlının, Gürcüstanın şərq vilayətləri və Qərbi Azərbaycan (indiki Ermənistan), eləcə də şimallı-cənublu Azərbaycan torpaqları Səfəvilərin nəzarətinə keçmişdi.

 

Xəbərlər
Redaktorun seçimi