“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.11.2014, 15:15
1879

Orta əsrlər ədəbiyyatı

A- A+

XIII əsrdən etibarən, obyektiv tarixi gerçəkliyin təsiri altında Azərbaycan torpaqlarında əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan şair və sənətkarların sayının get-gedə artdığını görürük. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.

İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir.

Həsənoğlunun qəzəllərində müəyyən dərəcədə özünü göstərən sufi-mistik ideya və obrazlar bu istiqamətin artmağa doğru deyil, azalmağa doğru inkişaf etdiyindən xəbər verir. Əldə olan poetik örnəkləri şairin qüdrətli bir sənətkar olduğundan, zəngin yaradlıcılıq təcrübəsinə malik olduğundan xəbər verir və gələcəkdə onun poetik irsindən daha çox nümunələrin tapılacağına ümid doğurur.

XIII yüzilliyin epik poeziya örnəkləri arasında anonim "Dastani-Əhməd Hərami" və Qul Əlinin "Qisseyi-Yusif" poemalarının adlarını çəkmək lazımdır. Hər iki əsərdə islam dininin yüksək humanist dəyərləri bədii təqdimat obyektinə çevrilir, müəlliflər oxucunu islam şəriətinin əsasını təşkil edən xeyirə, ədalətə, insansevərliyə, düzlüyə, insaf və etiqada dəvət edir, insana yaraşmayan mənfi sifətlərdən çəkindirirlər.. Orta əsrlərin Avropa cəngavər romanlarından fərqli olaraq, burada əsas məqsəd hadisələrin cəlbediciliyini təmin etmək deyil, poemanın süjetində duran əxlaqi ideyanın oxucuya daha təsirli şəkildə çatdırılmasıdır.

Qurandakı "Yusuf" surəsi ilə bağlı olan "Qisseyi-Yusif" əsərində isə doğruluq və səmimilik kimi insani keyfiyyətlər təbliğ edilir, son nəticədə bunların insana gətirəcəyi xeyir əyani şəkildə açılıb göstərilir.

Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur. Hümam Təbrizinin "Dəhnamə" ("On məktub") poeması, fars dilində "Divan"ı məlumdur. O öz yaradıcılığında sələfi Nizami Gəncəvi sənətindən xeyli bəhrələnmiş, onu xoş sözlərlə yad etmişdir. Nizami Gəncəvi kimi Hümam Təbrizinin də yaradıcılığının başlıca aparıcı istiqamətini türk milli mentalitetinin əsas əlaməti olan humanizm və insan gözəlliyinin tərənnümü təşkil edir.

Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında "Gülşəni-raz" poeması diqqəti daha çox cəlb edir. Fəlsəfi suallar və cavablar şəklində yazılmış bu əsərdə dövrün mütərəqqi dünyagörüşlü ziyalılarını və qabaqcıl elm xadimlərini düşündürən bir çox elmi-ictimai problemlər qoyulmuş və mütəfəkkir şairin bilik dairəsində onlara cavab vermək cəhdi edilmişdir.

XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş "Yusif və Züleyxa" mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin yüzilin sənətkarı Yusif Məddahın "Vərqa və Gülşa" poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmalıdır. Bütün bu əsərlər epik poeziyamızın sonrakı inkişafında müəyyən rol oynamışlar.

Bu dövr ədəbiyyatının ümumi inkişaf yoluna nəzər saldıqda XIII-XVI əsrləri vahid ədəbi proses kimi alıb öyrənmək lazım gəlir. Bu zaman kəsiyində anadilli ədəbiyyat sayca və sanbalca get-gedə güclənir və farsdilli poeziyanı üstələyirdisə də, fars dilində yazıb-yaratmaq ənənəsi hələ ədəbi şəxsiyyətlərin müəyyən bir qismini əhatə edirdi.

Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri - Nəsirəddin Tusi (1201-1274), Marağalı Övhədi (1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənərək onların çapında əsərlər yaratmağa çalışırdılar.

"Əxlaqi-Nasiri" kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi. Marağalı Övhədinin "Cami-Cəm", "Dəhnamə" poemaları Azərbaycan epik şeirinin layiqli örnəkləri sırasında dururdu.

Bu əsərlərdəki bir çox fəlsəfi və humanitar problemlər indi də müxtəlif cəmiyyətlər üçün öz aktuallığını itirməmişdir. Ancaq Nizamidən sonra ictimai həyatda özünü göstərən və müəyyən obyektiv səbəblərlə bağlı olan durğunluq, ümidsizlik bir çox sənətkarların, o sıradan

Əssar Təbrizinin (1325-1390) fars dilində qələmə aldığı "Mehr və Müştəri" poemasında Nizaminin "Xosrov və Şirin" və "Leyli və Məcnun" poemalarında dahiyanə təsvir və tərənnümünü tapmış saf ülvi məhəbbət hisslərinə iki gəncin böyük və təmənnasız dostluğu prizmasından nəzər salınır. Çox mürəkkəb süjetə malik olan əsərdə yenə də Nizami səviyyəsində poetik bütövlüyün, aydınlıq və bitkinliyin olmadığını görürük. Şair özü də poemanın əvvəlində Nizami sənətinin ucalığını yüksək qiymətləndirir və onun əlçatmaz olduğunu etiraf edir.

Marağalı Övhədinin ən böyük əsəri "Cami-Cəm" daha çox ensiklopedik xarakter daşıyır və o dövrdə ədəbi dairələrdə geniş yayılmış bir çox humanist fikirlərin bədii təqdimini verirdi. Əfsanəvi hökmdar Cəmşidin dünyanın hər yerindən xəbər verən camı kimi, Marağalı Övhədinin poeması da insan və cəmiyyət həyatının, eləcə də təbiət hadisələrinin bir çox cəhətlərini güzgü kimi oxucunun qarşısında açır. Keçən əsrlərdə olduğu kimi, bu dövrdə də Azərbaycan ədəbiyyatı daha çox dünyəvi istiqamətdə inikişaf edir, ədəbiyyat ictimai və siyasi həyatın canlı bir parçası kimi çıxış edirdi.

Elə bunun nəticəsidir ki, XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin (1314-1398) yaradıcılığını ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin saray tarixçisi Astrabadinin bu hökmdarın həyat və fəaliyyətinə həsr etdiyi "Bəzm və rəzm" ("Məclis və döyüş") adlı salnaməni oxuduqca bu böyük insanın öz humanist ideallarını keşməkeşli bir dövrdə gerçəkləşdirmək uğrunda apardığı gərgin və qanlı mübarizəni poetik yaradıcılıqla necə yola verdiyinə, indinin özündə belə bədii dəyərini və təravətini itirməyən gözəl bir "Divan" bağlamağa imkan tapdığına heyrətlənməyə bilmirsən.

Qazi Bürhanəddinin "Divan"ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatır, bir çox yeni, təravətli poetik obrazlar və ifadələr sabitləşir, gələcək sənətkar nəsillərinin istifadəsinə verilir. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunur. Bu janr sonralar Nəsimi yaradıcılığına və onun vasitəsilə böyük özbək şairi Əlişir Nəvainin "Divan"ına keçir.

Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatır. Bu böyük şairin əsərləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında dünyəviliyə və humanizmə, demokratizmə doğru iri bir addım kimi nəzərə çarpır.

İmadəddin Nəsimi - böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınmışdır. Monqol qarətləri zülmətindən keçən bir neçə on ildə xalq dəhşətlərdən başını təzə-təzə qaldırmaq istərkən orta əsrlər Şərqinin ən ziddiyyətli hökmdarlarından biri kimi tanınan Əmir Teymurun hücumları başlanır və bu, düşünən beyinlərdə zülmə və zorakılığa qarşı növbəti etiraz dalğasının şahə qalxmasına səbəb olur.

Nəsimi yaradıcılığı məhz belə bir humanist etirazın, zülm və zorakılığa müxalifətin, insan haqları uğrunda mübarizənin məhsulu idi. Şairin istifadə etdiyi hürufizm ideyaları yalnız zahiri bir qabıq rolunu oynadığından, bu gün həmin qabıqdan çıxarılmış Nəsimi əsərləri öz dərin humanist məzmunu, insana olan hörmət və məhəbbət hisslərinin zənginliyi ilə çağdaş oxucunu heyran edir. Öz əsərlərini xüsusi şifrlənmiş bir dillə yazan başqa hürufilərdən, ilk növbədə isə mürşüdü Fəzlullah Nəimidən fərqli olaraq, Nəsimi zülm və zorakılığa qarşı öz etirazını açıq ana dilində yazaraq sadə insanlara çatdırmaq, onlarda qeyri-insani hərəkətlərə qarşı nifrət oyatmaq, etriaz dalğasını gücləndirmək məqsədi güdürdü.

Şairin ilahi səviyyəyə yüksəlmiş kamil insan ideyası da məhz öz insani haqlarını anlamış, ictimai eybəcərliklərdən və vəhşi instinktlərdən təmizlənmiş, özünü insan kimi dərk etmiş sadə adamları nəzərdə tuturdu. Nəsiminin təkcə yaradıcılığı deyil, əfsanə və rəvayət pərdəsinə bürünmüş həyatı da nəsillər üçün ibrət, mərdlik, cəsarət, öz ideyasından dönməmək, ölümün gözünə dik baxmaq örnəyinə çevrilmişdir. Şairin azadlıqsevər humanist əsərlərinə görə mürtəce ruhanilərin ona verdiyi dəhşətli cəza - diri-diri dərisinin soyulması bu böyük sənətkarı təkcə indiki deyil, həm də gələcək nəsillər üçün örnəyə çevirir.

Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Bu dövrdə ölkə ərazisində müstəqil Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması ədəbi həyatda da müəyyən canlanmaya, anadilli şeirin istər mövzu, istərsə də obraz baxımından inkişafına səbəb olur. Xəlili, Hamidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasim Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər.

Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri 1436-1467) adını xüsusi qeyd etmək lazımdır. Sələfi Qazi Bürhanəddin kimi o da qanlı döyüşlər arasında fürsət tapıb özü ilə gəzdirdyi qələm-davatı qılınc-qalxanla əvəz etmiş, gözəl bir divan bağlamağa nail olmuşdur. Qazi Bürhanəddin kimi onun da taleyi faciəli olmuş, öz soydaşları olan türklər - Ağqoyunlu türk dövlətinin nümayəndələri tərəfindən amansız döyüşlərdə qətlə yetirilmişdir.

1407-ci ildə Səfəvi hökmdarlarının paytaxtı İsfahan şəhərində anadan olmuş, XV əsrin 50-ci illərində Türkiyəyə mühacirət edərək Fateh Sultan Məhəmmədin sarayında 20 ilə yaxın yaşayıb yaratmış, lirik şeirlər divanı ilə yanaşı "Təvarixi-ali-Osman" ("Osman nəslinin tarixi") adlı tarixi əsər, fal açmağa həsr olunmuş "Cami-süxənquy" ("Danışan piyalə") və avtobioqrafik xarakterli "Həsbihalnamə" əsərlərinin müəllifi Hamidi də XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir.

XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri Nemətullah Kişvəridir. Kişvəri əsasən Nəvai təsiri ilə lirik şeirlər yazmış, ancaq bu sahədə Azərbaycan poeziya məktəbinə məxsus orijinal poetik üslub nümayiş etdirməyə nail olmuşdur. Xüsusən şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur. O, Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında yaşamış, kiçik müasiri, Ağqoyunlu sarayının məliküşşüərası Həbibi ilə tanış olmuşdur.

Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır. Təkcə onu göstərmək kifayətdir ki, böyük Füzulinin özü Həbibi şeirindən təsirlənmiş və onun bədii təsvir vasitələri baxımından gözəl bir qəzəlinə təxmis yazmışdır.

XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir.

XVI əsr təzkirəçisi Əhdi Bağdadinin "Gülşəni-şüəra" ("Şairlər gülşəni"), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin "Məcməül-xəvas" ("Seçilmişlər məclisi") təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsndə oynadığı böyük rolu inkar etmək olmaz.

XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi - Qərb şərqşünaslığında "qəlb şairi" kimi məşhur olan Məhəmməd Füzulidir. Lakin Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına və bütün gözəlliyi ilə gözlər qarşısında canlanmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlarımız yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı - böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin (1487-1524) xüsusi yeri vardır.

Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də anadilli ədəbiyyatımızın inkişafında müstəsna rol oynayaraq, Füzuli zirvəsinə keçidi bilavasitə hazırlamışdır.

Xətainin böyük ədəbi irsi həm lirik növün müxtəlif janrlarında, həm də məsnəvi-poema janrında yazılmış əsərləri əhatə etməkdədir. Poeziyada elmiliyə və çoxqatlı poetik fiqurlar işlətməyə böyük əhəmiyyət verən Füzulidən fərqli olaraq, Xətai daha çox sadə xalq dilində əsərlər yazmağa üstünlük vermiş, hətta xalq şeiri üslubunda qoşma, gəraylı, varsağı, bayatı kimi, klassik poeziya üçün ikinci dərəcəli sayılan poetik örnəklər də yaratmışdır.

Şairin şirin bir dillə qələmə aldığı "Dəhnamə" ("On məktub") poeması bu mövzuda Azərbaycan dilində yazılmış ilk əsərdir. Poemada Aşiqin Məşuqəyə göndərdiyi on məktub epik-lirik təhkiyə vasitəsilə təsvir edilir. Mətnin içərisində verilmiş qəzəllər isə qəhrəmanların ovqatını çox incəliklə açıqlamağa xidmət göstərir.

Xətai həm də didaktik janrda qələmini sınamış və gənc nəslin təlim-tərbiyəsinə ünvanlanmış "Nəsihətnamə" poemasını qələmə almışdır. 14 yaşında hakimiyyətə gəlmiş və hakimiyyətinin 20 ili ərzində bütöv bir imperiya yaratmış Şah İsmayıl Xətainin həm də zəngin bədii irs qoyub getməsi ondan sonrakı nəsillərdə ancaq heyrət və qürur hissləri doğurur. Xətainin siyasi fəaliyyəti, həyatı və yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün dünya şərqşünaslığında dərin maraq doğurmuşdur. Bu marağın təsiri altında indiyə qədər də Azərbaycan şairi və siyasi xadimi Şah İsmayılın həyat və yaradıcılığı müxtəlif şərqşünas nəsillərinin tədqiqat obyektinə çevrilmişdir..

Məhəmməd Füzulinin (1494-1556) yaradıcılığını çox vaxt Qərb mədəniyyətində Barokko ilə müqayisə edirlər; burada ən kiçik poetik detallar belə tam yerində olub, heç nə artıq, yad görünmür, hətta adi gözlə görünməyən poetik ünsürlər də bir-birinə uyğunlaşaraq, bir-birini tutaraq "monolit" bədii orqanizm yaradır. Fərdi sənətkarlıq ecazlarına görə Füzuli yaradıcılığını bəşər təfəkkürünün tarix boyu ərsəyə gətirdiyi ən böyük sənətkarların - Dante, Şekspir, Puşkin kimi söz ustalarının sənəti ilə müqayisə etmək mümkündür; poetik istedadın doğurduğu heyrətamiz gözəllik bütün bu sənətkarların ölməzliyini təmin edən şərtlərdəndir.

Məhz buna görədir ki, klassik Azərbaycan ədəbiyyatı öz əbədiyaşarılığını hər bir tarixi kəsimdə, hər bir mədəni-ictimai nəsil üçün yeni rakursda təzahür etməsi ilə gerçəkləşdirir. Bu baxımdan hər bir keçid dövrünün formalaşdırdığı nəslin öz Nizamisi, öz Füzulisi, öz Vaqifi olur və bunlar keçmiş nəsillərin gördüyü Nizamidən, Füzulidən, Vaqifdən fərqlənir; yeni ədəbi-estetik, ictimai-ideoloji funksiyaların daşıyıcılarına çevrilir.

Nizamidə müşahidə etdiyimiz qlobalizm Füzulidə özünü - vahid islam mədəniyyətinin hər üç aparıcı-işlək dilində - ərəb, fars və türk dillərində ölməz əsərlər yaratması ilə göstərir. Şairin hər üç dildə "Divan"ları, ərəbcə "Mətləül-etiqad" adlı fəlsəfi traktatı vardır. Sayca fars "Divan"ı, sanbalca türk "Divan"ı daha üstündür. Ana dilində qələmə aldığı qəsidələri orta əsrlər ədəbiyyatlarında bu janrın parlaq inciləri səviyyəsindədir.

Azərbaycan dilində yazılmış "Leyli və Məcnun" (1536) poeması isə bu janrda qələmə alınmış unikal örnəklərdən biridir. Doğrudur, Füzuliyə qədər böyük Nizami fars dilində, Nəvai, Zəmiri və Həqiri türk dilində bu mövzuda əsərlər qələmə almışdılar. Ancaq bu poemaların heç birində məhəbbətin Füzuli interpretasiyası nəzərə çarpmır, yəni Füzuli bunların hamısından fərqli bir əsər yaratmağa müvəffəq olmuşdur. Poemanın əvvəlində əsərin ilahi eşqə bir məcaz olduğunu göstərsə də, Füzuli əsər boyu canlı, real, bütün ziddiyyətləri ilə qəbul edilən insan obrazları yaratmışdır.

Füzuli Azərbaycan ədəbi dilinin sonrakı inkişafında və büllurlaşıb ən yüksək səviyyədə şeir dilinə çevrilməsində müstəsna rol oynamışdır. Nəsr dilinin inkişafında da böyük xidmətləri olan şair, ölməz "Şikayətnamə" əsəri ilə ədəbiyyatın bu sahəsinə özünün layiqli töhfəsini vermişdir.

 Şairin əzabkeş imamların müsibətinə həsr etdiyi həcmcə ən böyük "Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağçası") əsərinin də əsas mətni nəsrlə yazılmış, yeri gəldikcə Füzuli kontekstin ovqatına uyğun şeir parçalarından da istifadə etmişdir.

Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarstan, Özbəkistan, Türkmənistan, hətta uzaq Uyğurstanda belə Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.

XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğuru az qala eyni səviyyədə şifahi xalq yaradıcılığının Qurbani, Aşıq Abbas Tufarqanlı kimi nümayəndələrinin yaradıcılığında görürük. "Aşıq Qərib", "Abbas və Gülgəz", "Əsli və Kərəm" kimi mükəmməl məhəbbət dastanları, "Kitabi-Dədəm Qorqud"un layiqli varisi olan "Koroğlu" qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur. Hələ Şah İsmayıl Xətayi yaradıcılığından bizə məlum olan xalq şeiri şəkillərindən qoşma, gəraylı, varsağı, bayatı daha da təkmilləşir.

Orta əsrlər Azərbaycan dastanlarının təsir dairəsini təsəvvür etmək üçün təkcə onu göstərmək kifayətdir ki, "Koroğlu" süjeti türkmən, özbək, tacik, erməni, gürcü folkloruna da böyük təsir göstərmiş və analoji dastanların yaranmasına səbəb olmuşdur.

XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulmuş olur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdlərini Saib Təbrizi, Qövsi Təbrizi, Məhəmməd Əmani kimi sənətkarların yaradıcılığında görürük. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük.

Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vidadinin "Müsibətnamə" poemasında dövrün bir sıra tarixi hadisə və şəxsiyyətləri yüksək poetik-obrazlı səviyyədə təsvir olunmuşdur. Bu dövrdə poeziya sənəti xüsusi adamlara xidmət etməkdən "boyun qaçıraraq" bir növ hamının malına çevrilir, daha da populyarlaşır. Kütlələrin estetik dəyərlərə yaxınlaşması və qovuşması prosesi sürətlə irəliləyir.

Xüsusən Vaqif yaradıcılığı bu baxımdan müstəsna rol oynamışdır. O, yaratdığı sadə, realist, dünyəvi gözəl obrazları ilə klassik romantik sənət tipindən realizmə doğru iri bir addım atmış və özündən sonrakı ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.

Vaqif həm də öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr - Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.

 

Xəbərlər
Redaktorun seçimi