“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.06.2014, 18:48
12319

Novruz milli irsimizin yaddaşıdır

A- A+

Novruzun Azərbaycan xalqının, Azərbaycan dilinin və xalqımıza məxsus zəngin kulturoloji dəyərlərin qorunub saxlanmasında mühüm rolu olmuşdur. Bayramın söykəndiyi əxlaqi dəyərlərin çevrəsi genişdir...

"Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanmasının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir"

Heydər Əliyev

Azərbaycan xalqının böyük bayramlardan biri Novruzdur. Əcdadlarımız ulu qaynaqlardan süzülüb gələn bu bayramı bir-birindən oynaq, lətafətli nəğmələr, insanın ilkin törəniş atributları olan su, od, yel və torpaq görüşləri ilə bağlı silsilə ayin, etiqad, ənənə və mərasimlərlə zaman-zaman bəzəmişlər.

Qərinələr və yüzilliklər dolabında bu nəğmə və mərasimlərin nəqşi pozulanı, bəzən unudulanı da, yeni-yeni ənənə və etiqadlarla cilalanıb ritmi səhv düşəni, yenidən düzülüb qoşulanı da olub.

Ancaq xalq bayram təntənəsinin ahənginin pozulmasına yol verməmiş, onu özünün qüdrətli dünyasını əks etdirən yallılar, coşqun rəqslər, rəngarəng xalq oyunları, ibrətamiz meydan tamaşaları ilə bəzəmişdir. Xalqımız hər il bu bayramı yazın ilk günlərində, gecə ilə gündüzün bərabərləşdiyi bir məqamda - mart ayının 20-dən başlayaraq həmin ayın 21-22-də (köhnə təqvimlə fərvərdin ayının 7-8-9-da) keçirmişlər.

Novruz qədim Azərbaycan torpaqlarında, eləcə də Türküstan və İran xalqları içərisində çox qədimdən keçirilən əzəmətli yaz bayramlarından biri kimi tarixin yaddaşında yaşamaqdadır. Bir sıra tarixi qaynaqlar və mənbələrdə Novruz barədə dəyərli məlumatlar günümüzə qədər gəlib çatmışdır. "Avesta"da Novruzun zərdüştlükdən çox-çox əvvəllərdə Muğanda geniş şəkildə bayram edildiyi qeyd olunur, bolluğa, qüdsiyyətə sitayiş bayramı hesab olunur.

Novruzun adı, yaz bayramı kimi keçirilmə tarixi, mənşəyi ilə bağlı günümüzə müxtəlif tarixi faktlar, mif və əfsanələr gəlib çatmışdır. Onlara görə Novruz - Turan və İran torpağında insanın yeni həyata başladığı təzə gün hesab edilir. Bayram rituallarından çıxış etsək, görərik ki, həmin gün insanın əkinçilik mədəniyyətinə qovuşduğu, torpağa ilk toxumu atıb ondan məhsul götürdüyü, insanın birinci dəfə əkinçilik məşğuliyyətinə başladığı gündür.

Novruz haqqında daha mükəmməl təsvirlər, məlumatlar XI əsr ərəb tarixçisi Əbu Reyhan əl-Biraninin (973-1048) "Qədim xalqlardan qalmış yadigarlar", "Qanuni-məsudi", "Ət-təfhim" əsərlərində, Ö.Xəyyamın (1045-1131) "Novruznamə"sində, yenə ərəb tarixçisi Nizamül-Mülkün "Siyasətnamə" əsərlərində vardır. Ö.Xəyyam "Novruznamə"sində yazırdı: "Cəmşid bu günü (Fərvərdin ayının əvvəlini - A.N.) Novruz adlandırılması barədə fərman verdi. Hər il fərvərdinin başlanğıcını bayram etməyi, yeni ili həmin gündən hesablamağı əmr etdi".

Yaxud başqa bir mənbədə rəvayət olunur ki, İran və Turan övladı Keykavus oğlu Səyavuş Əfrasiyabın ölkəsinə qonaq gəlir, Əfrasiyab onu yaxşı qarşılayır, qızını ona verib Səyavuşla dost olur. Səyavuş Əfrasiyab ölkəsində özündən yadigar Buxara bazarını tikdirir. Lakin düşmənlər Əfrasiyabla Səyavuşun arasını vururlar. Əfrasiyab Səyavuşu öldürtdürüb Buxara hasarının üstünə atdırır. Atəşpərəstlər isə onu Şərq darvazası ağzında dəfn edirlər". Səyavuşun dəfn edildiyi gün Novruz adlandırılır.

Novruzun qədimdən bayram edilməsi Şərqin mötəbər ədəbi mənbələrində də öz əksini tapmışdır. Ə.Firdovsinin "Şahnamə"sində bu bayramın çox qədimdən mart ayının əvvəlində keçirildiyi göstərilir. N.Gəncəvinin "İsgəndərnamə"sində, Ə.Nəvainin "Səddi-İsgəndəri"ndə bizim eradan 350 il əvvəl Novruzun xalq arasında böyük şənliklərlə keçirildiyi göstərilir. Təsadüfi deyildir ki, "İsgəndərnamə"də İsgəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün elə Novruz bayramı günü idi.

Azərbaycan mifologiyasının bizə gəlib çatan başqa bir əsatirində isə Novruzun bayram edilməsi daha erkən təsəvvürlərin mirası kimi yaddaşlara həkk edilmişdir.

Əsatirdə deyilir: "Oğuz oğlu zağada yaşayanda qışdan yaman qorxardı. Ona görə də ilin üç fəslində qışa tədarük görər, dünyanın naz-nemətini zağaya yığıb gətirərdi. Bir il qış uzun çəkdi. Oğuz oğlunun azuqəsi qurtardı. Çarəsiz qalan Oğuz oğlu Böyük çillənin otuzuncu günü zağadan bayıra çıxdı ki, yeməyə bir şey tapıb gətirsin. Nə qədər gəzdi, dolandı, əli-ayağı dondu - kor-peşman evə qayıdanda yolda bir qurd balasına rast gəldi.

- Oğuz oğlu, bu qarda-boranda haradan gəlirsən - deyə qurd balası soruşdu. Oğuz oğlu başına gələn əhvalatı danışdı. İlin aylarından gileyləndi. Dedi ki, elə ay, var yaxşı dolanırıq, elə ay var, acından qırılırıq. Ayları təriflədi, ayları yamanladı.
Qurd balası dedi:

- Ey Oğuz oğlu, qabaqdakı yolayrıcında sən bir sürü qoyun, bir qucaq sünbül, bir cəhrə, bir də əl dəyirmanı görəcəksən. Onları alıb zağana apararsan. Qoyunu kəsib ətini yeyərsən, yunundan cəhrəndə ip əyirər, özünə paltar tikərsən, dərisini əyninə geyərsən. Sünbülün dənini də əl dəyirmanında çəkər, unundan çörək bişirərsən. Yaza çıxarsan. Ancaq sənə verdiyim əmanətlərdən gərək muğayat olasan. Sünbülü və qoyunu gərək özün artırasan. Quzuları əlinin üstündə saxlayıb böyüdərsən. Sünbülün dənini torpağa səpib onu alnının təri ilə suvararsan. Dediklərimə əməl edə bilməsən, yaşamaq sənin üçün çətin olacaq.

Oğuz oğlu yol ayrıcına gəldi, qurd balasının dediklərini götürüb zağaya gətirdi. Qışı kefnən dolandı. Yazda sürünü dağlara yaydı, sünbülün dənini torpağa səpib gecə-gündüz sürülərin, sarı sünbülün qulluğunda dayandı. Oğuz oğluna bir bolluq üz verdi ki, gəl görəsən. O gündən Oğuz oğlu bütün ili işlədi. Qurd balasına rast gəldiyi günü bayram kimi keçirmək üçün hazırlığa başladı". Novruzu oğuzlar yaşadığı geniş ərazilərdə bayram etməyə başladılar. Bu bayram təntənəsi yaxın-uzaq ellərə yayıldı. Turan-İran torpaqlarında hər il bayram tonqalları şölələndi.

Mənbələrdən məlum olur ki, Əhəmənilər dövründə (Miladdan əvvəl 558-330-cu illərdə) Novruzu bayram etmək xalq arasında ən qədim adətlərdən olmuşdur. Həmin bayram maldarlıq və əkinçilik ənənələrini qoruyub saxlamaq, törənişlə bağlı atributlara etiqad bəsləmək, onları əzizləmək, şərəfinə silsilə şənliklər keçirməklə əlamətdar olmuşdur. Təqvim görüşlərində bütün başqa xalqlarda olduğu kimi, il dörd fəsilə bölünmüş, hər fəslin isə özünəməxsus bayramları olmuşdur. Novruz yazın gəlişi ilə bağlı keçirilən bayramlardandır, üç aylıq qışın başa çatmasından sonra yaz başlayır.

Ümumazərbaycan mədəniyyətinin yaranıb formalaşmasında, inkişafında və yüksəlməsində onun böyük rolunun həqiqi mənasını hələ bütöv şəkildə öyrənildiyinə hökm vermək təbii ki, mümkün deyildir. Novruzun Azərbaycan xalqının, Azərbaycan dilinin və xalqımıza məxsus zəngin kulturoloji dəyərlərin qorunub saxlanmasında mühüm rolu olmuşdur. Bayramın söykəndiyi əxlaqi dəyərlərin çevrəsi genişdir.

Ən əvvəl, Novruz ənənələri əməyi insan həyat və fəaliyyətinin başlıca əxlaqi dəyəri kimi təqdim edir. Novruz fəlsəfəsinə görə insanın yüksək rifaha, xoşbəxt həyata qovuşması onun torpaqda işləmək, əkib-becərmək istəyi ilə bağlıdır. Novruz nəğmə və deyimlərində, meydan tamaşalarında bu görüş özünü geniş şəkildə əks etdirir.

Novruzun qabaqcıl əxlaqi görüş kimi təqdim etdiyi ikinci dəyər onun törəniş və yaranışla bağlı dünyəvi dəyərlərə ehtiram və məhəbbət aşılaması, suyun, odun, havanın və torpağın saflığını qoruyub saxlamaq düşüncəsidir.

Bayramın cəmiyyət münasibətlərini tənzimləmək üçün vacib olan başqa bir dəyəri insanlar arasında qarşılıqlı xoş münasibətin zəruriliyidir. Novruz ənənələrinə görə, bayram günü bütün küsülülər barışar, bir-biri ilə bayramlaşar, bir-birinin evinə qonaq gedər, incikliklərə son qoyar, hətta qan intiqamını da yaddan çıxarardı.

Bu dəyər geniş çalarlara malik olub təkcə cəmiyyət üzvləri arasında deyil, eyni zamanda, ölkələr, dövlətlər, xanlıqlar, tayfalar və nəsillər arasında incikliklərin, qarşıdurmaların aradan qaldırılmasını gündəmə gətirərdi. Bayramda böyüyə, uluya hörmət, ölən doğmaların ruhunu yad etmək, keçmişin ən ülvi ənənələrini yada salmaq, insani keyfiyyətləri daim qorumaq, düzlük, doğruçuluq kimi keyfiyyətlər də yüksək dəyərlər kimi təqdim edilir.

Müqəddəs çərşənbələrdən başlayaraq Novruz etiqadları insanları pislikdən, yamanlıqdan, şeytançılıq, dalca danışmadan, ara vurmaqdan, ədalətsiz münasibətlərdən, özünə rəva görülməyəni başqasına qıymaqdan uzaq olmağa çağırmış, insan şəxsiyyətini alçaldan hər cür keyfiyyətlərdən uzaq durmağa səsləmişdir.

Novruz dəyərləri xalq diplomatiyasının sülh, barış, hökm, bağışlamaq və digər hüquqi aktlarının humanist formalarını özündə cəmləşdirmiş, bayram ərəfəsində əfvetmənin ən müxtəlif nümunələrini əhatə etmişdir ki, bütün bunlar da çərşənbə və Novruz şənliklərinin ən bəşəri və humanist görüşlərin geniş çevrəsini ehtiva edib bayramın başlıca ictimai-fəlsəfi məzmun daşıdığını göstərmişdir.

Novruz dəyərləri içərisində təmizliyə, paklığa çağırış da güclüdür. İlaxır çərşənbələrdən başlayaraq cəmiyyətdə təmizlik işləri görmək, ölkədə, eldə, mahallarda, kəndlərdə bu məqsədlə iməcilik keçirmək, bağı-bağçanı, ev-eşiyi, həyət-bacanı təmizləyib-sahmanlamaq, sobaları, ocaqları qurumdan, küldən təmizləmək, sözün həqiqi mənasında, geniş sanitar xidməti həyata keçirmək bayramın başlıca tələblərindən hesab olunurdu.

Novruz dəyərləri uzun yüzilliklər ərzində cəmiyyətin irəliyə doğru inkişafını səmtləndirmiş, yüksək mədəni dəyərlərin nəsildən-nəslə ötürülməsinə, çox geniş bir ərazidə azərbaycançılıq kimi milli-mənəvi keyfiyyətlərin formalaşıb qabaqcıl və aparıcı bir ideologiyaya çevrilməsinə gətirib çıxarmışdır.

Ötən əsrin 90-cı illərindən başlayaraq ulu öndər Heydər Əliyevin Novruzun xalqın milli bayramı kimi dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı tarixi sərəncamından sonra bayram dəyərlərinə qayıdış güclənib genişləndi və cəmiyyətin həyatına nüfuz etməyə başladı. Azərbaycanda bu mərasimin daha təntənəli şəkildə keçirilməsi, onun yüksək milli-mənəvi dəyər kimi dünyaya təqdimatı, bir çox azərbaycanlının Avropa ölkələrində onu kompleks milli dəyər toplumu kimi geniş çevrədə qeyd etməsi bayramın özününküləşdirilməsinə, onun təhrif olunub dünya yaz bayramları sırasından arxa plana keçirilmə meyillərini yenidən gündəmə gətirdi.

Xalqımızla yaxın qonşuluq münasibətlərində olan bir sıra azsaylı xalqlar uzun yüzilliklər ərzində torpaqlarımızda, bu gün isə onun yaxın və uzaq sərhədlərində Novruzun təntənə ilə keçirmələrindən çıxış edərək bayramı özününküləşdirməyə müəyyən cəhdlər göstərir, beləliklə də, onun daha geniş coğrafiyada qeyd olunmasına əngəllər yaradır, bayramın ümumtürk məzmununda yayılıb genişlənməsinə yaranan tarixi imkanların üzərinə kölgə salmağa cəhdlər edir, hətta qısqanclıq duyğuları Novruzun adının "Ərgənəkon"la əvəzləmək səsləri, çağırışları eşidilir.

Təbii ki, bütün bunlar türkün mərasim folklorunu təhrif etmək, onları eyniləşdirib, yaxud eyni ad altında birləşdirib aşkara çıxarmaq istəklərindən irəli gəlir. Novruz və "Ərgənəkon" bayramları türkün mərasim folkloru tarixində qoşa qanad olub türkün əski görüşlərini, həyat və yaşayış uğrunda mübarizəsini özünəməxsus şəkildə əks etdirən kulturoloji dəyər toplumlarıdır. Onların adlarının əvəzlənməsinə ehtiyac olmadığı kimi, bayramları bir-birinə qarşı qoymaq, yaxud birində nəzərəçarpan mərasim detalını digərində görməyəndə ona siyasi rəng verib üzərinə kölgə salmaq yanlış mövqedən yanaşılmadan xəbər verir.

Son vaxtlarda Novruzun yalnız bir xalqın adına çıxmaq meyilləri də güclənib genişlənməkdədir. Dost və qardaş İran İslam Respublikasında bu meyil getdikcə daha çox nəzərə çarpır. Belə ki, 2000-ci ildən başlayaraq ardıcıl olaraq burada Xarici İşlər Nazirliyinin nəzdində mədəni irsi öyrənən mərkəz UNESCO-nun dəstəyi ilə ölkədə Novruz beynəlxalq konfransı keçirir. Yaxşı cəhətdir ki, bu konfranslarda Novruz xalqların əski və zəngin mədəniyyət dəyərləri toplumu kimi qiymətləndirilir. Bayram dəyərlərinin öyrənilməsinə maraq artır, bir çox yeni nəşrlər çap edilib ölkəyə yayılır. Novruzun əsaslı şəkildə öyrənilmə zərurətinin vacibliyi qeyd olunur.

Bununla belə, 2008-ci ildə keçirilən beynəlxalq simpozium qərar qəbul edib ki, Novruz ancaq farslara məxsus bayramdır və onun UNESCO-da fars bayramı kimi keçirilməsi üçün beynəlxalq təşkilata müraciət qəbul etmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun rəhbərliyi, eləcə də respublikanın bir sıra mətbuat orqanları və görkəmli ziyalılar bu yanlış qərardan vaxtında xəbər tutaraq məsələyə haqlı müdaxilə etmiş və Novruzun xalqımızın böyük milli bayramlarından biri olduğunu əks etdirən sənədləri geniş şəkildə tərtib edərək UNESCO-ya göndərmişdir. Göndərilən sənədlər içərisində Novruzun tarixi, xalq arasında yaranıb yayılma dövrü, bu barədəki araşdırmalar və nəşrlər, eləcə də ölkə prezidentinin bayramın dövlət səviyyəsində keçirilməsi barədə sərəncamı və başqa materiallar var.

Novruzun azərbaycançılıq dəyərlərinə kölgə salan meyillərdən biri də bayramları və mərasimləri o qədər də zəngin olmayan xalqların yaz bayramları ilə müqayisə edilməsidir. İddia olunur ki, məsələn, Novruz çərşənbələri bir sıra türk xalqlarının mərasim folklorunda yoxdur. Məgər "Ərgənəkon"da bütün mərasim dəyərləri öz əksini tapmayıbsa, bu, onun üzərinə kölgə salmağa əsas verirmi?

Novruz dəyərləri yalnız azərbaycanlılara məxsusdur. Başqa bir xalq isə təbii ki, öz dünyagörüşü və mərasim düşüncəsi səviyyəsində fərqli bayram modeli yarada bilər. Elə tayfa var ki, eyni etnik kökdən olduğu xalqın hər hansı mərasim detalını qəbul edir, elə tayfa və toplum da var ki, öz kulturoloji səviyyəsinə uyğun olaraq bayram, yaxud mərasimlərini məxsusi düşüncə çevrəsində keçirir. Xalqların yaradıcılıq ənənələri üzərinə yasaqlar, senzuralar qoymaq sovet dövrünün metodologiyasıdır.

Bu faktdır ki, tatarlarda, kunuklarda, darginlərdə və bir çox türk tayfalarının yaz mərasimləri Novruzdan xeyli fərqlidir. Onlar çərşənbələri bayram etmirlər. Farslar yalnız sonuncu çərşənbəni qeyd edir, bir sıra türk ellərində isə heç "Novruz" adlı bayram keçirmirlər. İndi nə edək, biz onlara qoşulmalı, yoxsa onları öz arxamızca aparmalıyıq?! Dünya xalqlarının, eləcə də türk xalqlarının yaz bayramları bir-birindən fərqli keçirilir.

Məsələn, Çin mərasim folklorunun fransız tədqiqatçılarının araşdırmalarına nəzər salsaq görərik ki, onlarda Novruz bayramı daha şux keçirilir. Həmin tədqiqatlara görə "bu bayram ənənələri çinlilərə türklərdən, daha çox isə azəri türklərindən gəlmişdir" kimi mülahizələrin də folklorşünaslıq ədəbiyyatında yer tutduğunu unutmaq olmaz.

Bayramın hansı xalqa məxsusluğunu təsdiqləyən faktları üzə çıxarmaq üçün ilk növbədə, ən mötəbər mənbə, Novruz mərasim nəğmələri, oyunları, ritualları və Novruz süfrəsinə qoyulan bayram şirniyyatlarıdır. Novruz süfrəsini bəzəyən bayram şirniyyatlarının üzərindəki rəmzi işarələrin, əcdadların erkən mifoloji düşüncəsini, astroloji baxışlarının əksi olduğunu necə inkar edə bilərik?!

Bu gün Azərbaycana dünya ölkələrindən gələn bir çox əcnəbiləri Novruz süfrəsinin təkcə ləzzətli və tamlı şirniyyatları deyil, eyni zamanda, onların üzərindəki əski zamanların simvolları, astroloji atributların ölçü və qəlibləri heyrətə gətirir. Yalnız xalqımıza məxsus "Şorqoğalı"nın Günəşin rəmzi ölçülərini və ona bəslənən etiqadları əks etdirməsi, şəkərburanın on beş günlük Ayın rəmzi mənasını, bayram paxlavalarının ulduzlar sistemi simvollarını ifadə etməsi, bu kimi bir çox başqa rəmzlər Novruzun xalqımızın tarixində qədim köklərə və təsəvvürlərə malik olduğunu bir daha təsdiqləməkdədir.

Məşhur Tur Heyerdal Bakıya ötən əsrin 80-ci illərinin əvvəllərində birinci gəlişində Qobustanda bu bayram şirniyyatlarına baxarkən demişdir: "Novruz süfrəsinin bu şirniyyatları Qobustan qədər qədim bir mədəniyyətin görüntülərini əks etdirir".

Yaxud başqa bir misal. Uzun müddət bayram süfrəsinə qoyulan yeddi yemək - yeddiləvin törəniş etiqadlarına əsaslı şəkildə bağlı olduğunu təsdiqləməkdədir.

Novruzu qeyd edən xalqların çox böyük bir çevrəsində yeddiləvin törənişlə bağlı yeddi məhsuldan hazırlanmış aşağıdakı yeməklər əhatə edilirdi: heyvandarlıq məhsulları bolluğu istəyəni əks etdirən süd (qaynanmış), südlü qaymaq, sürmə, qüdriyyət rəmzi olan südlü çörək, südlü aş, səməni şorbası, səməni halvası. Səbzi plov, bundan əlavə, süfrədə şirniyyat və məcməələrdə Novruz xonçası olurdu. Bu xonçada da yeddi növ şirni və bayram bişintiləri, eləcə də noğul, nabat, xurma, qoz, fındıq ləpəsi, şəkərbura, paxlava və s. olardı. Novruz süfrəsinə tünd, acı yeməklər, sirkə, sarımsaq, ət xörəkləri qoyulmazdı. Novruzdan sonrakı başqa bayramların biri sirkə, sarımsaq və digər tünd yeməklərlə zəngin olardı.

Novruzu daha şən, təntənəli edən, onu bir-birindən gözəl və yaddaqalan bayrama çevirən törəniş etiqadları ilə bağlı İlaxır çərşənbə şənlikləridir. Su, Od, Yel və Torpaq çərşənbələri adı ilə keçirilən bu şənlikdə əcdad kultlarına etiqad, onları əzizləmək, yeni ildə hər birinin insanlara uğur gətirmək istəyi ilə bağlı keçirilən şənliklər, eyni zamanda, insanın öz ulu əcdadının törəniş etiqadlarına ehtiramını bildirməklə Novruzun daha qədim çağlardan azərbaycanlıların həyatına və məişətinə daxil olduğunu əks etdirir.

Təbii ki, bütün bu kimi əski tarixi köklərə bağlı olan bayramı dünyanın rituallar, mərasimlər və ənənələrlə zəngin, ən qədim yaz bayramlarından biri kimi daha dərindən öyrənmək, onu qabaqcıl dünyaya daha bütöv halda təqdim etmək qarşıda duran mühüm vəzifələrdəndir.

Ancaq təəssüf ki, son zamanlarda bəzi mətbuat səhifələrində, müxtəlif radio və televiziya kanallarında çərşənbələrin törəniş atributları ilə bağlı sırası pozulduğu kimi, azərbaycançılıq görüşlərinin söykəndiyi yüksək kultroloji dəyərlər çevrəsində onların yeri və məzmunu da təhrif edilir. Çərşənbələr yalançı çərşənbə, xəbərçi çərşənbə, qara çərşənbə və başqa elmi əsası olmayan adlar altında oxuculara, dinləyicilərə və tamaşaçılara təlqin edilir.

Güman olunur ki, Od çərşənbəsi bu od-ocaqda kösov üstündə odun səhərə qədər qalmasından sonra, yəni, şənlik başa çatandan sonra müəyyən edilir. Çərşənbələrin başlanma xəbərini isə xalqa xəbərçi çərşənbə gətirir. Məlumdur ki, xalq etiqad və inanclarını yalanlar və illüziyalar üzərində deyil, dönə-dönə sınaqdan çıxarıb inandığı həqiqətlər əsasında yaratmışdır. O ki qaldı Yalançı çərşənbəyə, onun adı elə üstündədir. Çərşənbələrlə bağlı bu uydurmalar isə bayramı bağlı olduğu qaynaqlardan qoparıb yanlış istiqamətlərə yönəltməklə onun yüksək dəyərlərini azaltmaq məqsədi daşıyır.

Son vaxtlarda Novruz dəyərlərinin təhrifi, bayramın adının "Ərgənəkon"la əvəzlənməsi, Kosa və Keçəlin Novruz ənənələrinə yad olması ilə bağlı fikirlər ortaya atılır. Ölkəmizdə haqlı olaraq çox şən və şux keçirilən bu bayram şənliklərinə müəyyən qısqanclıq müşahidə edilir ki, Novruz törənlərinin bir çoxu, məsələn, elə çərşənbələr, Keçəl və Kosa və başqaları bir sıra türk və qeyri-türk xalqları içərisində keçirilmir. "Ərgənəkon"da da belə şənliklər yoxdur, farslar içərisində isə şənliklər müxtəlif formada dəyişir, Keçəl və Kosa fərqli adlarla əvəzlənir.

Bütün bunlar hər bir xalqın özünəməxsusluğu baxımından təbiidir. Bəziləri bunlardan çıxış edərək bayramı siyasiləşdirir, onu türkçülüyə, yaxud hamını başqa ideologiyalara qarşı qoymağı çalışırlar. Bu kimi riyakar mülahizələr mərasim düşüncəsindən tamam uzaq, hələ də məkrli məqsədlərlə yaşamaqdan başqa bir şey olmayıb, perspektivsiz mülahizələrdir.

Bu yaxınlarda Novruz bayramını xalqımızın yüksək mənəvi-əxlaqi dəyərləri toplumu kimi dünyaya təqdim etmək məqsədilə "Novruz bayramı ensiklopediyası" adlı bir tərtib işi işıq üzü görmüşdür. Ancaq ciddi rəsmi nəşr kimi nəzərdə tutulan bu topluda ensiklopediyalara verilən bütün tələblər pozulmuşdur. Nəşrdə yer verilən təhrifləri aradan qaldıra biləcək redaksiya heyətinin olmaması, əsərin respublikada fəaliyyət göstərən AMEA-nın Folklor İnstitutunun iştirakı və rəyi olmadan nəşrə verilməsi vacib və faydalı bir təşəbbüsün əhəmiyyətini kifayət qədər dəyərdən salmışdır.

Nəşr ilk səhifəsindən başlayaraq ciddi yanlışlıqlarla doludur. Burada təkcə Novruzun mərasim və ritual sistemi və ensiklopediyanın məlumat sırası təhrif edilməmiş, eyni zamanda, bir sıra bayramlar və mərasimlər bir-birinə qarışdırılaraq yanlışlıqlara yol verilmişdir.

Yuxarıda qeyd edildiyi kimi, Su, Od, Yel və Torpaq çərşənbələri adı ilə bağlı günlər yüzilliklərdən bəri Novruza qədərki şənliklər kimi xalq arasında yaşayıb silsilə mərasim və rituallarla zəngin bayram törənişlərindəndir. "Ensiklopediya"da təkcə onların sırası yox, məzmunu da pozulub və yüksək kultroloji dəyəri təhrif edilmişdir.

Su çərşənbəsi "Kiçik çərşənbə" "Yalan çərşənbə" kimi verilərək təhriflər bir-birinin ardınca davam etdirilmişdir. Burada göstərilir ki, ikinci çərşənbə "Müjdəverən", "Muştuluqçu", "Külə", "Kül", "Xəbərçi" adları ilə tanınır. Üçüncü sərşənbə "Gül" çərşənbədir. Bu çərşənbədə rəhmətə gedənlərin ruhu xatırlanır, qəbirüstə gedildiyindən ona "Ata-baba" günü də deyilir.

Sonuncusu Axır çərşənbədir... Ona el arasında Böyük çərşənbə də deyilir. "Od" çərşənbəsinin inkarı Novruz atəşpərəst görüşlərdən təmizlənmək məqsədi daşıyırsa, üçüncü Yel çərşənbəsini "Gül" çərşənbə adlandırmaqla bütövlükdə, bayramın təbiətin oyanmasından, həyatın yenidən dirçəlməsi görüşlərindən, maldar və əkinçilik ənənələrindən uzaqlaşdırıb. Onun məişət mərasimi səviyyəsinə endirilməsinə təşəbbüs olunur.

O ki qaldı "ata-baba" günü şəraitinə, bu da təqdimatda təhrifə məruz qalır. "Ata-baba" günü 13 aylıq qədim təqvimin sonuncu - 5-ci günündə keçirilən mərasimlərdən olub, hər il martın 20-si günündə sübh tezdən başlayıb tonqallar şölələnə qədər davam etdirilir, bayram xonçalarında qəbirüstünə ruhlara pay aparılır, dualar oxunur. Axırıncı çərşənbə isə "Novruz" kultroloji dəyərlərini tamamlayan Torpaq çərşənbəsidir. Onun adını təhrif etmək, axır çərşənbə kimi vermək düzgün deyil.

Təbii ki, bütün bu kimi mülahizələr Novruzu dərindən öyrənməyi, onun hər bir adət-ənənələrinə daha diqqətlə yanaşmağı, Novruzun öz tarixi köklərindən qoparılıb dünyanın əzəmətli yaz bayramları içərisindəki mövqeyinə kölgə salmamağı tələb edir. Novruz xalqımızın mənəvi-əxlaqi dəyərlərinin aynası olub azərbaycançılıq düşüncəsinin söykəndiyi mötəbər qaynaqlardandır. Ona rəxnə salmaq isə mümkün olmadığı kimi, həm də yolverilməzdir.

Azad Nəbiyev, AMEA-nın müxbir üzvü, professor.

“Azərbaycan", 21.03.2009.

 

Xəbərlər
Redaktorun seçimi