“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.07.2017, 21:51
1339

Keçid dövrünün parlamenti (1990-1995). 3. Dəyişən siyasi spektr və yeni seçkilərə doğru (1994-1995)

A- A+

⇔ ⇔ ⇔ 

1993-cü ilin oktyabrında Heydər Əliyevin Azərbaycanın prezidenti seçilməsi ilə Milli Məclisdə (MM) də əlamətdar dəyişikliklər baş verdi. Əvvala, parlamentdə 1993-cü ilin iyun-sentyabr ayları (parlamentarlar həmin il yay tətilinə çıxmamışdılar) üçün xas olmuş "siyasi razborka"lar, qanun yaradıcılığına bilavasitə dəxli olmayan mübahisə və müzakirələr artıq arxada qalmışdı. Qanunverici orqan tədricən öz təyinatı üzrə işləməyə başlamışdı.

Digər tərəfdən, vaxtilə MM-də 25 nəfərlik fraksiya ilə təmsil olunan "demblok"dan artıq əsər-əlamət yox idi. AXC hakimiyyətinin süqutundan sonra "demblok"çu deputatların bir neçəsinin səlahiyyətinə xitam verilmiş (İsa Qəmbər, İxtiyar Şirinov, Sülhəddin Əkbərov, Rəhim Qazıyev), əksəriyyəti isə könüllü olaraq öz fəaliyyətini "dondurmuşdu". Sonuncuların sırasında Pənah Hüseynov (o ümumiyyətlə, ölkəni tərk etmişdi), Arif Hacıyev, Tahir Kərimli, Tofiq Qasımov kimi keçmiş hakimiyyətin fəalları da vardı.

MM-də AXC-Müsavat nümayəndələrindən bir neçə nəfər (Mirmahmud Fəttayev, İbrahim İbrahimli, Ədalət Rəhimli) qalmışdı. AXC hökumətinin təhsil naziri Firudin Cəlilov yeni hakimiyyətə loyallıq nümayiş etdirməklə postunu saxlamağa çalışsa da, buna müvəffəq olmadı və sonradan AMİP-in deputat qrupuna (Etibar Məmmədov, Şadman Hüseynov) qoşuldu. AXC hakimiyyəti dövründə "ana müxalifət" rolunu oynayan AMİP-çilər indi keçmiş rəqibləri ilə (daha doğrusu, onların MM-də qalmış bir neçə təmsilçisi ilə) birlikdə yeni hakimiyyətə opponentlik edirdilər. Amma dövr artıq o dövr deyildi və siyasi resurslarını nəzərəçarpacaq dərəcədə itirmiş müxalifətin səsi parlamentdə çox zəif eşidilirdi. Əksər vaxtlarda isə bu, AMİP sədri E.Məmmədovla yeni spiker, vaxtilə AMİP-in qeyri-rəsmi "patronu" kimi ad çıxarmış R.Quliyev arasında baş verən "söz güləşdirməsi" şəklində özünü göstərirdi.

Bundan əlavə, keçmiş "demblok" bəzi üzvləri yeni hakimiyyətdə vəzifə almış (məsələn, Tahir Əliyev Dövlət Gömrük Komitəsinin sədri olmuşdu), bəzilərinin isə (məsələn, İsgəndər Həmidov) adı MM üzvlərinin siyahısında olsa da, özü parlament binasında faktiki olaraq gözə dəymirdi. Ali Sovet sədrinin müavini olmuş və formal olaraq müxalifəti təmsil edən Tamerlan Qarayev isə deputat mandatını səfir təyinatına dəyişməli oldu.

Maraqlıdır ki, həmin dövrdə parlamentdə sırf iqtidar fraksiyası mövcud deyildi. H.Əliyev ölkənin prezidenti olsa da, onun rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının MM-dəki təmsilçiləri barmaq sayı qədər idi. Onların da bir qismi vaxtilə A.Mütəllibovun tərəfdarı kimi deputat seçilmiş keçmiş "komblok" üzvləri idi. Ümumiyyətlə, MM-də "Mütəllibovun siyahısı"ndan qalan keçmiş kommunist deputatlar, AXC iqtidarı zamanında olduğu kimi, H.Əliyev hakimiyyəti dövründə yeni siyasi şəraitdə tez uyğunlaşdılar. Üstəlik onların bəziləri bu hökumətdə də mühüm postlar (məsələn, Tofiq Əzizov Özəlləşdirmə Komitəsinin sədri oldu) tutdular.

Parlament 1994-cü ilə məhz belə sifətdə, hakimiyyəti kifayət qədər qane edən bir konfiqurasiyada daxil oldu. Hərçənd həmin dövr üçün hakimiyyət anlayışının özü də birmənalı deyildi. Hər kəs üçün aydın məsələ idi ki, 1993-cü ilin məlum iyun hadisələrinin dalğasında baş nazir postuna yüksəlmiş Surət Hüseynov mahiyyət etibarilə H.Əliyev komandasının üzvü deyil və o gec-tez hakimiyyətin zirvəsini tərk etməli olacaq.

1994-cü ildə MM-də ilk ciddi müzakirələr isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi ilə bağlı oldu. Yanvarın 19-da başlanan müzakirələr fasilələrlə iki aya yaxın davam etdi və martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" geniş qərarın qəbul edilməsi ilə başa çatdı. Bu arada (fevralın 24-də) parlament Xocalı faciəsi barədə də qərar qəbul etdi və hər il fevralın 26-nın "Xocalı soyqırımı günü" kimi qeyd olunmasını nəzərdə tutan qərarın mətni dünya ölkələrinin parlamentlərinə və beynəlxalq təşkilatlara göndərildi.

Parlamentdə müzakirə edilən əsas məsələlərdən biri isə yenə Qarabağ məsələsi idi. İlk dəfə olaraq MM-də Qarabağ məsələsi ilə bağlı daimi qurum - Müdafiə məsələləri üzrə komissiya (sədri deputat Mətləb Mütəllimov idi) yaradılmışdı. Lakin bu komissiyanın fəaliyyət dairəsi və səlahiyyətləri simvolik səciyyə daşıyırdı.

Bu dövrün özəlliklərindən biri də parlamentin, daha doğrusu, parlamentin rəhbərliyinin Qarabağ danışıqlarında fəal iştirak etməsi idi. Ali Sovetin sədir R.Quliyev mütəmadi olaraq Ermənistan parlamentinin sədri B.Ararksyanla görüşlər (o cümlədən iki ölkənin sərhədində) keçirərək atəşkəs və əsirlərin dəyişdirilməsi barədə danışıqlar aparırdı. Parlament rəhbərliyinin bu prosesə cəlb edilməsi prezident H.Əliyev tərəfindən məqsədli şəkildə qəbul olunmuş bir siyasi qərar idi.

Məlumdur ki, həmin danışıqlarda (xüsusilə atəşkəslə bağlı müntəzəm görüşlərdə) Qarabağ ermənilərinin liderləri də iştirak edirdi. Məhz buna görə Azərbaycan rəhbərliyi sonradan erməni tərəfinin guya rəsmi Bakının separatçıların legitimliyini tanıdığını iddia etməsinə əsas verməmək üçün bu danışıqları hökumət səviyyəsində (XİN başçısı, müdafiə naziri) deyil, parlament rəhbərləri səviyyəsində aparılmasını məqsədəuyğun saymışdı. Təsadüfi deyil ki, 1994-cü ilin 12 mayında qüvvəyə minən "Bişkek protokolu" da parlament rəhbərləri tərəfindən imzalanmışdı. Sənədin son mətninə Azərbaycan tərəfdən Ali Sovetin sədri R.Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri N.Bəhmənov imza atmışdı.

1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan dövlətçiliyinin daxili və xarici düşmənlərinin ürəyincə deyildi və onlar ölkəni yeni çaxnaşma girdabına yuvarlamaq üçün hərəkətə keçdilər. Sentyabrın 29-da vitse-spiker Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildilər. Oktyabrın 2-4-də isə Surət Hüseynovun başçılığı ilə dövlət çevrilişinə cəhd baş verdi. Lakin ölkə rəhbərliyi bu cəhdin qarşısını qətiyyətlə aldı. Oktyabrın 5-də parlament təcili iclasa toplanaraq Bakı şəhərində 60 gün müddətinə fövqəladə vəziyyət elan edilməsi barədə prezident H.Əliyevin fərmanını təsdiqlədi.

Sonradan Bakı şəhərində fövqəladə vəziyyət 1994-cü ilin dekabrında və 1995-ci ilin fevralında iki dəfə uzadıldı. Oktyabrın 6-da isə parlament prezident H.Əliyevin təqdimatına əsasən S.Hüseynovun baş nazir vəzifəsindən azad edilməsinə razılıq verdi. S.Hüseynov həmçinin MM üzvlüyündən də azad edildi. Maraqlıdır ki, S.Hüseynovun çevriliş cəhdinin əsas mərkəzi Gəncə olsa da, orada fövqəladə vəziyyət yalnız oktyabrın 11-dən tətbiq edildi. Oktyabrın 14-də isə parlament S.Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə razılıq verdi. Lakin həmin vaxt sabiq baş nazir artıq Azərbaycanı tərk etmişdi.

Oktyabrın 14-də MM-in rəhbərliyində boş qalmış (1-ci vitse-spiker T.Qarayev Çinə səfir göndərilmiş, vitse-spiker A.Cəlilov isə qətlə yetirlmişdi) müavin postları da tutuldu. Arif Rəhimzadə Ali Sovet sədrinin 1-ci müavini, Yaşar Əliyev isə Ali Sovet sədrinin müavini seçildi. Hoyabrın 15-də parlament "Əsrin müqaviləsi"ni ratifikasiya etdi.

1995-ci il Azərbaycan dövlətinin inkişafı üçün həlledici il hesab edilirdi. Bu il ölkədə yeni parlament seçkiləri keçirilməli və müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edilməli idi. Lakin hələ də mövcud olan dağıdıcı qüvvələr və "hərbi müxalifət" bu proseslərin getməsinə və Azərbaycanın, nəhayət, normal və sabit inkişaf yoluna qədəm qoymasına imkan vermək istəmirdi.

Təsadüfi deyil ki, 1995-ci ilin martında Rövşən və Mahir Cavadov qardaşlarının rəhbərlik etdiyi qiyamının ("OMON qiyamı") məqsədlərindən biri də ölkədə legitim hakimiyyət institutlarının ləğv edilməsi və "Siyasi Şura" adlı müvəqqəti qurumun yaradılması idi. Cavadov qardaşlarının ilk tələbi də elə Ali Sovetin sədrinin istefası ilə bağlı idi.

Maraqlıdır ki, parlament bu hadisələrə əsasən seyrçi münasibəti ilə "yadda qaldı". Yalnız martın 18-də, yəni qiyam cəhdinin qarşısı alınandan sonra MM-in növbədənkənar iclası çağırıldı. İclas bilavasitə «OMON qiyamı»na həsr olunmasa da, onunla dolayısilə bağlı idi. Parlament baş prokurorun təqdimatını nəzərə alaraq 12-17 mart hadisələri zamanı qiyamçılara rəğbitini gizlətməmiş keçmiş daxili işlər naziri İsgəndər Həmidovun deputat toxunulmazlığına xitam verilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verdi. Hərçənd İ.Həmidova qarşı irəli sürülən rəsmi ittihamlar "OMOH qiyamı" ilə bağlı deyildi və o, DİH başçısı postunda yol verdiyi əməllərə görə məsuliyyətə cəlb edilmişdi.

Martın 22-də isə MM-in «OMON qiyamı»na həsr olunmuş xüsusi iclasında "Dövlət çevrilişi cəhdi və onun qarşısının alınması haqqında" geniş qərar qəbul olundu. Qərar təkcə 1995-ci ilin 12-17 mart olaylarına deyil, həmçinin 1994-cü ilin 2-4 oktyabr hadisələrinə həsr olunmuşdu. Qərarda vurğulanırdı ki, hər iki hadisə Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə qarşı yönəlmiş hərbi çevriliş cəhdləri idi və ölkə rəhbərliyi onların qarşısını almaq üçün zəruri siyasi qətiyyət nümayiş etdirib. Qərarda həmçinin bildirilirdi ki, "OMON qiyamı"nın yatırılmasında ordudan istifadə olunması "Fövqəladə vəziyyət haqqında" və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunlara uyğun həyata keçirilib və qiyamçıların törətdikləri ağır cinayət əməllərinə adekvat olub.

Mart hadisələri ilə Azərbaycanda hərbi qiyam və çevriliş yolu ilə hakimiyyətə gəlmək iddialarına birdəfəlik son qoyuldu. Bundan sonra ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək, iqtisadiyyatı dirçəltmək və geniş siyasi islahatlara başlamaq lazım idi. Bu sırada yeni parlament seçkilərinə hazırlıq xüsusi yer tuturdu. Artıq aprel ayında MM-də yeni seçki qanunvericiliyi üzrə müzakirələr başlanmışdı.

Mayın 2-də isə parlament Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanması ilə bağlı dövlət başçısı tərəfindən təqdim edilmiş komissiyanın (33 nəfərdən ibarət) tərkibini təsdiq etdi. Konstitusiya komissiyasına prezident H.Əliyev rəhbərlik edirdi.

Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın yeni Əsas Qanununun hazırlanması üzrə ilk dövlət komissiyası hələ AXC hakimiyyəti dövründə, 1993-cü il dekabrın 6-da MM tərəfindən təsdiqlənmişdi. Lakin bu komissiya fəaliyyətdə olduğu yarım il ərzində Konstitusiya layihəsini hazırlaya bilməmişdi. H.Əliyev hakimiyyətə gələndən sonra, 1994-cü ilin mayında həmin komissiyanın fəaliyyəti (yenilənmiş tərkibdə) bərpa edilsə də, yenə layihə üzrə iş praktik iş görülməmişdi. Beləliklə, Konstitusiya quruculuğu üzrə real iş 1995-ci ilin mayında başlandı. Mayın 2-də parlament həmçinin dövlət başçısının təqdimatına əsasən, Fuad Quliyevi Azərbaycanın baş naziri vəzifəsinə (1994-cü ilin oktyabrından bu vəzifəni icra edirdi) təsdiqlədi.

Bundan sonra MM-in görəcəyi bir mühüm iş qalmışdı - yeni "Seçki qanunu"nun qəbul edilməsi və parlament seçkilərinə start verilməsi. İstər qlobal mənada (SSRİ-nin və sosialist sisteminin dağılması), istərsə də respublika miqyasında mürəkkəb tarixi hadisələrlə zəngin olmuş beş ildə (1990-1995) Azərbaycanın qanunverici orqanı rolunu oynamış 12-ci çağırış Ali Sovetin, daha dəqiq desək, həmin qurumun törəməsi olan 50 nəfərlik Milli Məclisin konstitusion ömrünə bir neçə ay qalmışdı. Yeni parlament seçkiləri 1995-ci il noyabrın 12-nə təyin edildi.

Beləliklə, 1990-1995-ci illər parlamenti Azərbaycanın tarixində bir sıra mühüm əlamətləri ilə yadda qaldı. Sovet dövrünün parlamenti kimi formalaşan Ali Sovet fəaliyyətini müstəqil Azərbaycanın qanunverici orqanı kimi başa vurdu. Azərbaycanın müstəqillik əldə etməsi və yeni dövlət quruculuğunun bir sıra vacib qanunvericilik aktları bu parlamentdə qəbul olunmuşdu.

Bununla belə, parlament 1991-1993-cü illərdə qanun yaradıcılığı və hüquq müstəvisindən çox siyasi çaxnaşmalar və hakimiyyət dəyişikliklərinin cərəyan etdiyi meydana çevrilmişdi. Qəbul edilən qanunvericilik aktları isə əksəriyyət etibarilə digər ölkələrin (xüsusilə Rusiyanın) müvafiq qanunlarının tərcüməsindən ibarət idi. Parlamentin bir çox üzvləri həm də hökumətdə vəzifə tutduğuna görə, hakimiyyət bölgüsü prinsipi ciddi şəkildə pozulmuşdu.

H.Əliyevin hakimiyyətə gəlişindən sonra parlament nisbətən sabit hüquqi müstəvi və dövlət hakimiyyətinin mühüm bir qolu kimi fəaliyyət göstərməyə, ayrı-ayrı qüvvələrin siyasi ambisiyalarına deyil, dövlətə və dövlətçiliyə xidmət etməyə başlamışdı. Bununla belə, həmin parlament dövlət qüruculuğu və köklü islahatlar prosesinə lazımi töhfə vermək gücündə deyildi. Odur ki, ölkənin həm keyfiyyətcə, həm də fəaliyyət prinsiplərinə görə yeni parlamentə ehtiyacı vardı...

 

Xəbərlər
Redaktorun seçimi