Üçüncü çağırış Milli Məclisə seçkilər (2005). 1. Seçki öncəsi vəziyyətin ümumi mənzərəsi (yaz-yay 2005)
⇔ ⇔ ⇔
2005-ci il iyulun 4-də prezident İlham Əliyev üçüncü çağırış Milli Məclisə seçkilərin noyabrın 6-na təyin olunması barədə sərəncam imzaladı. İki gün öncə, iyulun 2-də isə dövlət başçısının imzaladığı "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun rəsmi mətbuatda dərc olunaraq qüvvəyə minmişdi. Beləliklə, yeni seçki kampaniyasına start verildi.
Əslində isə bu, seçki kampaniyasının, sadəcə, rəsmi başlanğıcı sayıla bilərdi. Çünki gerçəkdə noyabr seçkilərinə hazırlıq 2005-ci ilin əvvəlindən start götürmüşdü və həm iqtidar partiyasının, həm də müxalifət düşərgəsinin ilk siyasi bəyanatlarından onların seçki ilə bağlı əsas hədəfləri bəlli olmuşdu.
Hakim partiya bu seçkilərdə də parlamentdəki üstün mövqelərini qorumaq və təmsilçilik baxımından ən azı beş il öncəki nəticəni (2000-ci il seçkilərində YAP 124 deputat yerindən 74-nü əldə etmişdi) təkrarlamaq əzmindəydi. Eyni zamanda, hakimiyyət bu məqsədə seçkilərin şəffaflıq və demokratiklik "planka"sını yüksəltməklə nail olmaq niyyətində idi. Çünki bundan öncə Azərbaycanda keçirilmiş seçkilər beynəlxalq dairələrin ciddi tənqidləri ilə müşayiət olunmuşdu və iqtidar bu dəfə həmin qiymətin daha məqbul olması üçün çalışırdı.
Hakim partiyanın lideri, ölkə prezidenti İlham Əliyev də bu mövzuda ilk rəsmi çıxışında həmin məqamı önə çəkmişdi. Dövlət başçısı mart ayında YAP-ın 3-cü qürultayında bəyan etdi ki, bu gün hakim partiya siyasi müstəvidə özünə heç bir rəqib görmür və parlament seçkilərində də böyük uğur qazanacağına əmindir. Prezident bəyan etdi ki, hakimiyyət bu seçkilərin maksimum şəffaflıq şəraitində keçməsində hamıdan çox maraqlıdır ki, seçkilərdən sonra heç kimin YAP-ın əldə etdiyi qələbəyə şühbəsi olmasın.
Qeyd etmək lazımdır ki, bu məqam hakimiyyətin seçki taktikası üçün hər zaman aktual olmuş bir məsələ idi. Çünki prinsipcə öncəki seçkilərdə də hakimiyyətin həm elektoral dəstəyi, həm də ümumilikdə ictimai və siyasi resursları imkan vermişdi ki, o, məhz tam şəffaf seçki prosesində üstünlüyünü təsdiq etsin. Amma son anda seçkilərə nəticə üçün o qədər də əhəmiyyət kəsb etməyən, amma hakimiyyəti beynəlxalq qınaq qarşısında qoyan lüzumsuz müdaxilələr olmuşdu. Odur ki, prezident İ.Əliyevin yeni parlament seçkiləri öncəsi verdiyi bəyanatlar mahiyyətcə yeni səciyyə daşıyırdı, hakimiyyət bu dəfə seçkiləri ədalətli və təmiz keçirmək niyyətində olduğunu konkret addımlarla təsldiqləmək əzmində idi.
Dövlət başçısının 2005-ci ilin yazında atdığı bir sıra addımlar da bunu deməyə əsas verirdi. Bu xüsusda 2003-cü ilin 15-16 oktyabr hadisələri ilə bağlı həbs edilmiş müxalifət liderlərinin bu il martın 20-də əfv edilməsini, hakimiyyətlə müxalifət arasında münasibətlərin daha sivil və siyasi tolerantlıq müstəvisinə keçməsi üçün atılan addımları, həmçinin prezidentin 2005-ci il mayın 11-də imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncamı xüsusi qeyd etməyə dəyər. Yeri gəlmişkən, sözügedən sərəncamda yer alan müddəaların əksəriyyəti ayrı-ayrı qanunvericilik aktlarında, o cümlədən Seçki Məcəlləsində əks olunsa da, onların prezident sərəncamında bir daha nəzərə çatdırılması həm hüquqi, həm də siyasi yöndən əhəmiyyət kəsb edən məqam idi. İlk dəfə olaraq Azərbaycanda seçkilər ərəfəsində belə bir sərəncam imzalanmışdı. Təsadüfi deyil ki, sənəd beynəlxalq dairələr tərəfindən də müsbət qarşılandı.
Sənəddə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, digər dövlət məmurlarına seçki prosesinə qanunazidd müdaxilələr etmək birmənalı şəkildə qadağan olunur və belə müdaxiləyə yol verənlərin məsuliyyətə cəlb ediləcəyi nəzərə çatdırılırdı. Müqayisə üçün deyək ki, öncəki seçki kampaniyalarında bu müddəalar adətən prezidentin keçirdiyi müşavirələrdə şifahi olaraq səslənirdi. Sənəddə budəfəki seçki kampaniyasının bir sıra yenilikləri də əks olunmuşdu. İlk dəfə olaraq prezident sərəncamı ilə Azərbaycanda səsvermə günü rəy sorğusunun, "exit-poll"un keçirilməsinə hüquqi baza yaradıldı və yerli icra strukturlarına bu prosedura şərait yaratmaq tapşırıldı. Nəhayət, sərəncamın digər mühüm məqamı seçki kampaniyası gedişində vətəndaşlarının toplaşmaq azadlığının təmin edilməsi və kütləvi aksiyaların keçirilməsinə şərait yaradılması üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırığın verilməsi idi.
Lakin sadalanan məqamlara rəğmən seçkiqabağı şəraitlə bağlı hakimiyyət və beynəlxalq instansiyalar arasında tam anlaşmanın olmadığı da qeyd edilməlidir. Xüsusilə Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər Avropa Şurasını (AŞ) və ATƏT-i tam şəkildə qane etməmişdi. Hakimiyyət AŞ-nin Venesiya Komissiyasının irəli sürdüyü tövsiyələrin bir çoxunu nəzərə alsa da (Seçki Məcəlləsinə ümumilikdə 43 düzəliş edildi), seçki komissiyalarının paritet əsasda formalaşdırılması təklifini qəbul etmədi.
Elə ölkə müxalifətinin seçki yarışının əvvəlindən irəli sürdüyü başlıca tələb də komissiyaların təşkili ilə bağlı idi və seçki marafonu rəsmən start götürəndən sonra da müxalifət düşərgəsində bu məsələnin yenidən qanunverici orqanın gündəminə gələcəyinə dair ümidlər qalmaqda idi. Ümumilikdə isə müxalifət düşərgəsi 2005-ci il seçkilərinə də qeyri-yekcins və daxili ziddiyyətlər içində qədəm qoymuşdu. Öncəki seçki yarışlarında olduğu kimi, bu dəfə də müxalifətin radikal kəsimini təşkil edən partiyalar (Müsavat, AXCP, ADP) bütün düşərgənin siyasi mübarizə məsuliyyətini üzərinə götürdüklərini və 2005-ci il seçkilərinin ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyini elan etmişdilər.
Özü də bu dəfə səslənən bəyanatlar daha iddialı təsir bağışlayır və postsovet məkanında meydana gələn məlum prosesləri göz önünə alan müxalifət liderləri Azərbaycanda da seçkini "məxməri inqilab"a çevirmək niyyətlərini gizlətmirdilər. Səslənən bəyanatlardan belə nəticəyə gəlmək olurdu ki, sözügedən partiyalar seçkidən daha çox seçkisonrası qarşıdurmaya hazırlaşır və özlərinin elaktoratını da buna hazırlayırdılar. Həmin iddianın mövcud reallıqla nə dərəcədə uzlaşıb-uzlaşmadığı isə artıq başqa söhbətin mövzusu idi.
Müxalifət düşərgəsinin geniş spektrini götürdükdə isə, burada "inqilab" məsələsinə münasibətin heç də birmənalı olmadığını görmək mümkün idi. "Azadlıq" blokunda birləşmiş üç partiyanı çıxmaqla müxalifətin yerdə qalan hissəsi həm bu ideyaya pessimist yanaşır, həm də belə bir perspektivin Azərbaycan dövlətçiliyi üçün ağır nəticələr doğura biləcəyini sözügedən partiyalardan daha realist qiymətləndirirdilər.
Digər tərəfdən, təkcə siyasi-ideoloji deyil, taktiki addımlarda da mövcud olan fikir ayrılıqları müxalifət düşərgəsinin seçkilərdə vahid qüvvə halında çıxış etməsini mümkünsüz edirdi. Halbuki ilin əvvəlində müxalifət liderlərinin tam əksəriyyəti seçkilərdə vahid namizədlər siyahısı ilə, bu mümkün olmadıqda isə vahid siyasi platforma ilə çıxış etmək niyyətini önə çəkirdilər.
Eyni zamanda, budəfəki seçkilər ancaq majoritar sistem (birmandatlı dairələr) üzrə keçirildiyindən müxalifət düşərgəsinin manevr imkanlarını qismən genişləndiyini düşünmək olardı. Öncəki seçkilərdə diqqətini proporsional sistem üzrə nəzərdə tutulmuş 25 yerlik siyahı üzərində cəmləyən müxalifət partiyalarının indi daha geniş siyahı (124 yer) ətrafında ortaq məxrəcə gəlməsi xeyli mümkün görünürdü.
Eyni zamanda, seçkilərə hazırlıq mərhələsi göstərirdi ki, müxalifətin ayrı-ayrı dairələr üzrə ortaq namizədləri müəyyənləşdirməsi vaxtilə proporsional siyahılar ətrafında ortaya çıxan ziddiyyətlərdən daha problematik olacaq. Nəinki ümumilikdə müxalifətin, ayrılıqda "Azadlıq" blokunun (AXCP, ADP, Müsavat) daxilində uzun müddət bütün dairələr üzrə ortaq namizədləri müəyyənləşdirmək mümkün olmadı.
Digər tərəfdən, «Azadlıq» blokunun müxalifətdəki digər qüvvələrə bir növ yuxarıdan aşağıya münasibəti ümumilikdə düşərgənin potensial uğur əmsalına mənfi təsir göstərən faktor idi. Hər halda müxalifət düşərgəsində orta çəkili qüvvələrdən sayılan Vətəndaş Həmrəyliyi (Sabir Rüstəmxanlı), Ədalət (İlyas İsmayılov), Milli Demokrat (İsgəndər Həmidov) kimi partiyaların "Azadlıq" blokundakı "üçlər"in ambisioz davranışından açıqca gileylənməsi fakt idi. Hətta 2003-cü il prezident seçkilərində radikal müxalifətə açıq dəstək vermiş və onların rəhbərləri ilə birgə məhbəs yolu keçmiş İqbal Ağazadəyə (Ümid Partiyası) "Azadlıq" blokunun namizədlər siyahısında yer tapılmadı.
Bununla yanaşı, müxalifət düşərgəsində "Azadlıq" blokuna tən gələ biləcək imkanı olan digər bir qüvvə - əsasən sabiq dövlət və hökumət xadimlərinin, o cümlədən eks-prezident Ayaz Mütəllibovun, keçmiş spiker Yaqub Məmmədovun, sabiq baş nazir Rəhim Hüseynovun, sabiq prezident köməkçisi Eldar Hamazovun, habelə AMİP, ASDP kimi partiyaların yer aldığı "Yeni Siyasət" bloku da seçki ilə bağlı böyük iddialarını gizlətmirdi. Düzdür, hələ seçki yarışının ilk mərhələsində bu blokda ezinteqrasiya meylləri özünü göstərdi və liberalların lideri Lalə Şövkət bloku tərk etdi.
Hakim partiya isə, gözlənildiyi kimi, seçkilərə təkbaşına qatıldı. YAP-la birlikdə Məşvərət Məclisində təmsil olunan və hakimiyyətin ən sadiq siyasi tərəfdarlarından sayılan partiyalar da (Ana Vətən, Azərbaycan Haminə Alyans və s.) isə öncə iqtidaryönlü "İslahat" seçki blokunu təsis etmək qərarına gəlsələr də, bu blok seçki yarışında heç nə ilə yadda qalmadı.
Seçki yarışına 2005-ci ilin yayında təsis edilmiş yeni partiya - keçmiş AXCP funksioneri Asim Mollazadənin rəhbərlik etdiyi Demokratik İslahatlar Partiyası da iddialı qoşulmuşdu. Bundan əlavə, seçki kampaniyasında əsasən QHT-lərdən ibarət olan "İctimai Liderlər" bloku, həmçinin "Media-2005", "Yeni Parlament", "Azərbaycan naminə" və s. adda bloklar da iştirak edirdi. Ümumilikdə seçki yarışında 10-dan çox irili-xırdalı blok qüvvəsini sınamaq qərarına gəlmişdi.
2005-ci il parlament seçkilərində birmandatlı dairələr isə aşağıdakı kimi sıralanmışdı:
1 saylı Şərur - Sədərək
2 saylı Şərur
3 saylı Babək - Kəngərli
4 saylı Naxçıvan şəhər
5 saylı Şahbuz - Babək
6 saylı Culfa - Babək
7 saylı Ordubad - Culfa
8 saylı Binəqədi birinci
9 saylı Binəqədi ikinci
10 saylı Binəqədi üçüncü
11 saylı Qaradağ
12 saylı Qaradağ - Binəqədi
13 saylı Əzizbəyov birinci
14 saylı Əzizbəyov ikinci
15 saylı Yasamal birinci
16 saylı Yasamal ikinci
17 saylı Yasamal üçüncü
18 saylı Yasamal - Səbail
19 saylı Nərimanov birinci
20 saylı Nərimanov ikinci
21 saylı Nəsimi birinci
22 saylı Nəsimi ikinci
23 saylı Nəsimi - Nərimanov
24 saylı Nizami birinci
25 saylı Nizami ikinci
26 saylı Nizami - Sabunçu
27 saylı Sabunçu birinci
28 saylı Sabunçu ikinci
29 saylı Səbail
30 saylı Suraxanı birinci
31 saylı Suraxanı ikinci
32 saylı Suraxanı - Sabunçu
33 saylı Xətai birinci
34 saylı Xətai ikinci
35 saylı Xətai üçüncü
36 saylı Xətai dördüncü
37 saylı Nizami birinci (Gəncə)
38 saylı Nizami ikinci (Gəncə)
39 saylı Kəpəz birinci (Gəncə)
40 saylı Kəpəz ikinci (Gəncə)
41 saylı Sumqayıt birinci
42 saylı Sumqayıt ikinci
43 saylı Sumqayıt üçüncü
44 saylı Sumqayıt - Abşeron
45 saylı Abşeron
46 saylı Əli - Bayramlı
47 saylı Mingəçevir
48 saylı Yevlax
49 saylı Yevlax - Mingəçevir
50 saylı Qobustan - Siyəzən - Xızı
51 saylı Qusar
52 saylı Quba
53 saylı Quba - Qusar
54 saylı Dəvəçi - Quba
55 saylı Xaçmaz şəhər
56 saylı Xaçmaz kənd
57 saylı Kürdəmir
58 saylı Hacıqabul - Kürdəmir
59 saylı Salyan
60 saylı Salyan - Neftçala
61 saylı Neftçala
62 saylı Saatlı
63 saylı Sabirabad
64 saylı Sabirabad - Saatlı
65 saylı Sabirabad - Kürdəmir
66 saylı Biləsuvar
67 saylı Cəlilabad şəhər
68 saylı Cəlilabad kənd
69 saylı Cəlilibad - Masallı - Biləsuvar
70 saylı Masallı şəhər
71 saylı Masallı kənd
72 saylı Yardımlı - Masallı
73 saylı Lənkəran şəhər
74 saylı Lənkəran kənd
75 saylı Lənkəran - Masallı
76 saylı Lənkəran - Astara
77 saylı Astara
78 saylı Lerik - Lənkəran
79 saylı İmişli
80 saylı İmişli - Beyləqan
81 saylı Beyləqan
82 saylı Ağcabədi
83 saylı Ağcabədi - Ağdam
84 saylı Füzuli
85 saylı Şamaxı
86 saylı İsmayıllı
87 saylı Ağsu - İsmayıllı
88 saylı Göyçay
89 saylı Göyçay - Ağdaş
90 saylı Ağdaş
91 saylı Ucar
92 saylı Zərdab - Ucar
93 saylı Bərdə şəhər
94 saylı Bərdə kənd
95 saylı Tərtər
96 saylı Goranboy - Naftalan
97 saylı Goranboy - Ağdam - Tərtər
98 saylı Şəmkir şəhər
99 saylı Şəmkir kənd
100 saylı Şəmkir - Daşkəsən
101 saylı Xanlar - Daşkəsən
102 saylı Samux - Şəmkir
103 saylı Gədəbəy
104 saylı Gədəbəy - Tovuz
105 saylı Tovuz
106 saylı Tovuz - Qazax - Ağstafa
107 saylı Qazax
108 saylı Ağstafa
109 saylı Balakən
110 saylı Zaqatala
111 saylı Zaqatala - Balakən
112 saylı Qax
113 saylı Şəki şəhər
114 saylı Şəki kənd birinci
115 saylı Şəki kənd ikinci
116 saylı Qəbələ
117 saylı Oğuz - Qəbələ
118 saylı Ağdam şəhər
119 saylı Ağdam kənd
120 saylı Cəbrayıl - Qubadlı
121 saylı Laçın
122 saylı Xankəndi
123 saylı Kəlbəcər
124 saylı Şuşa - Füzuli - Xocalı - Xocavənd
125 saylı Zəngilan - Qubadlı
1995-ci və 2000-ci ildən fərqli olaraq bu dəfə seçkilər yalnız majoritar sistem üzrə keçirilirdi və birmandatlı dairələrin dislokasiyasında müvafiq dəyişikliklər baş vermişdi. Bununla əlaqədar Bakı şəhərində dairələrin sayı 23-dən 29-a, Naxçıvanda 5-dən 7-yə, Sumqayıt və Gəncədə isə 3-dən 4-ə yüksəlmişdi. Qalan 15 dairə isə digər inzibati ərazilər arasında yenidən bölüşdürmə prinsipi üzrə paylanmışdı.