“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.11.2019, 10:11
511

İslam dini

A- A+

Azərbaycanda İslam dininin yayılmağa başlaması ərəb fəthləri ilə bağlıdır. Ərəb istilalarından öncə Cənubi Azərbaycan Sasanilər imperiyasının tərkibində olmuş, Şimali Azərbaycanda mövcud olan Qafqaz Albaniyası dövləti isə bu imperiyadan asılı vəziyyətə düşmüşdü. Həmçinin islamaqədərki dövrdə Cənubi Azərbaycanda atəşpərəstlik və zərdüştilik, Qafqaz Albaniyasında Xristianlıq hakim mövqedə olmuşdur. Qafqaz Albaniyasında xristianlığın dövlət dini statusunda olmasına baxmayaraq, buranın əhalisinin əksər hissəsi xristianlıqdan qabaqkı qədim inanclara etiqad bəsləyirdi. Xüsusən orta və yoxsul təbəqə arasında müxtəlif bütpərəst etiqadlar və oda sitayiş geniş yayılmışdı. 

Gördüyümüz kimi, ərəb işğalları ərəfəsində Azərbaycanda dini mənzərə olduqca mürəkkəb idi. Ərəb istilaları isə bu mənzərəni köklü şəkildə dəyişərək azərbaycanlıları birləşdirəcək, onların milli şüurunun, mənəvi dəyərlərinin formalaşmasında əhəmiyyətli rol oynayacaq yeni dinin - İslamın yayılmasına səbəb oldu. Bu tarixi prosesin başlanğıcına nəzər yetirək. 

632-ci ildə Məhəmməd peyğəmbərin vəfatından sonra meydana gələn Ərəb xilafəti qısa müddətdə uğur qazanaraq o dövrün ən güclü dövlətləri olan Bizans və Sasanilər imperiyaları üzərində ard-arda böyük qələbələr qazandı. Bu qələbələrdən ruhlanan ərəb istilaçıları yürüşlərini davam etdirərək get-gedə daha böyük ərazilər fəth etdilər. Beləliklə, 639-cu ildə xilafət qoşunları sərkərdə Hüzeyfənin başçılığı ilə ilk dəfə Cənubi Azərbaycana daxil oldu və burada güclü müqavimətə rast gəldi. Həmin il mərzban (Sasanilər dövlətində sərhədyanı hərbi-inzibati dairələrin canişini. – red.) Fərruxzadın oğlu İsfəndiyar ərəblərə məğlub olaraq əsir düşdü. Onun qardaşı Bəhram qoşun toplayaraq yenidən döyüşə başladı. Lakin ərəblər yenə də qələbə əldə etdilər. Bundan sonra mərzban İsfəndiyar 644-cü ildə əhali adından ərəblərlə müqavilə bağlamağa məcbur oldu. Müqaviləyə görə, azərbaycanlılar ərəblərə tabe olmalı, vergi verməli, ərəb əsgərlərini bir gecə-gündüz evlərində saxlamalı idilər. Bunun müqabilində ərəblər yerli əhalinin dini inanclarına toxunmamağı, adət və məişətlərinə qarışmamağı öhdələrinə götürürdülər. Həmçinin ölkəni tərk etmək istəyənlərə özlərinə sığınacaq tapanadək aman verilirdi, yerli əhalidən ərəb ordusunda könüllü xidmətə daxil olanlardan həmin il vergi alınmırdı. 

Ərəblərin Şimali Azərbaycana hücumu isə 639-cu ilə təsadüf edir. Həmin il ərəb qoşunlarının başçısı Bukeyr ibn Abdullah Şimali Azərbaycana basqın edərək əhalinin güclü müqaviməti ilə üzləşdi. Döyüşlər bir neçə il çəkdi, nəticədə 642-ci ildə ərəblər çətinliklə Muğanı işğal edə bildilər. Buranın əhalisi ilə də ərəblər müqavilə bağladı. Bu sazişdə də mərzban İsfəndiyar ilə bağlanan müqavilənin şərtləri təkrar olunurdu, sadəcə alınan cizyənin miqdarı fərqli idi. 

Bağlanan müqavilələrə rəğmən, ərəblər Azərbaycan əhalisini özlərinə asanlıqla tabe etdirə bilmədilər. Çünki ərəb qoşunları getdikdən sonra əhali üsyan qaldırıb ərəblərlə bağlanan müqavilənin şərtlərinə riayət etmək istəmirdi. Bu isə Ərəb xilafətini yenidən regiona qoşun göndərməyə vadar edirdi. Məsələn, 646-cı ildə ərəb ordusu Valid ibn Ukbənin başçılığı ilə Cənubi Azərbaycana yenidən yürüş etdi və buradakı əhalinin müqavimətini qırdı. Ərəblər yerli əhali ilə təkrar müqavilə bağladılar. 

Yenə həmin il ərəb qoşunu sərkərdə Salman ibn Rəbiənin başçılığı ilə Şimali Azərbaycana hücum çəkdi. Bu dəfə xilafət ordusu Naxçıvandan çıxaraq Şəki və Gorus istiqamətində hərəkət etdi, Beyləqanı, Bərdəni, Şəmkiri, Qəbələni, Şəkini, Şirvanı tutaraq əhalini vergi verməyə məcbur etdi. 

Ərəb qoşunlarının bu fasiləsiz basqınlarına baxmayaraq, yalnız 90 illik kəskin mübarizədən sonra xilafət Azərbaycanın istilasını başa çatdıra bildi. Belə ki, ərəblərin aramsız hücumları səbəbilə 651-ci ildə Sasanilər imperiyası süquta uğradı, bunun nəticəsində Cənubi Azərbaycan xilafətin tərkibinə qatıldı. Şimali Azərbaycan torpaqlarını əhatə edən Qafqaz Albaniyası dövləti isə alban hökmdarı Cavanşirin müdrik siyasəti sayəsində nisbi müstəqilliyini qoruya bildi. Əvvəllər Sasanilər ordusunun tərkibində ərəblərə qarşı vuruşan Cavanşir döyüşlərdə özünü cəsur və istedadlı sərkərdə kimi göstərmişdi. Sasanilər imperiyası dağıldıqdan sonra bu görkəmli dövlət xadimi Qafqaz Albaniyasının əvvəlki qüdrətini bərpa etməyə çalışdı. Lakin onun hakimiyyət illəri olduqca mürəkkəb tarixi dövrə təsadüf etmişdi. Qafqaz Albaniyasına bir tərəfdən xilafət qoşunları, digər tərəfdən isə xəzərlər hücum çəkirdi. Mövcud vəziyyəti nəzərə alan Cavanşır uzaqgörən siyasət yürüdərək Ərəb xilafətinin vassalığını qəbul etdi. Bununla da ölkəsinin daxili müstəqilliyini qorudu. 

681-ci ildə (bəzi mənbələrdə 680-ci il göstərilir) sui-qəsd nəticəsində Cavanşir qətlə yetirildi. Onun ölümü Qafqaz Albaniyasının sonrakı taleyinə ağır təsir göstərdi. Bundan sonra Ərəb xilafəti bu qədim Azərbaycan dövlətinin daxili müstəqilliyini tədricən əlindən almağa başladı. Nəhayət 705-ci ildə Qafqaz Albaniyası tamamilə müstəqilliyini itirərək xilafətin tərkibinə qatıldı. 

Azərbaycan torpaqlarında Ərəb xilafətinin hökmranlığının bərqərar olması barədə bəhs etdikdən sonra ərəblərin özləri ilə gətirdikləri yeni dinin - islamın ölkəmizdə yayılma prosesi və səbəblərinə nəzər yetirmək lazımdır. 

İslamın Azərbaycanda yayılma xəritəsinə baxdıqda görürük ki, bu din atəşpərəstliyin və çoxtanrılı inancların hakim olduğu Cənubi Azərbaycanda, eləcə də Şimali Azərbaycanın düzənlik yerlərində sürətlə yayılırdı. Şimali Azərbaycanın dağlıq və dağətəyi bölgələrində, yəni xristianlığın yayıldığı regionlarda İslam dininin mövqeyi zəif idi. Bu onunla izah olunur ki, ərəblər işğal etdikləri ölkələrdə, o sıradan Azərbaycanda “kitab əhli”nə (“əhli-kitab”), yəni “Tövrat”, “Zəbur”, “İncil” kimi müqəddəs kitabları qəbul edən yəhudi və xristianların etiqadlarına hörmətlə yanaşırdılar. Odur ki, xristianlıq ölkəmizin dağlıq və dağətəyi hissələrində öz mövcudluğunu qoruya bildi. 

“Əhli-kitab”dan fərqli olaraq, digər etiqadların mənsubları, o cümlədən atəşpərəst və bütpərəstlər ərəblər tərəfindən təzyiq və təqiblərə məruz qalırdı. Bu səbəbdən Cənubi Azərbaycan, eləcə də Şimali Azərbaycanın düzənlik ərazilərində islam hakim dinə çevrildi. Lakin məşhur rus şərqşünası Vasili Bartoldun fikrincə, ərəblər atəşpərəstlərə belə toxunmamış və onlar arasında islamı sülh yolu ilə yaymışlar. 

İslamın yayılma səbəbini təkcə müsəlmanların başqa dinlərin mənsublarına göstərdikləri münasibət kontekstində izah etmək də doğru deyildir. İslamın regionda uğur qazanması müxtəlif səbəblərlə bağlıdır. Belə ki, ərəblərin hücumlarına qədər Azərbaycan əhalisi Sasani-Bizans müharibələrindən, xəzərlərin basqınlarından çox əziyyət çəkirdi. Habelə yerli əhali Sasanilər dövləti tərəfindən yığılan ağır vergilərdən təngə gəlmişdi. Ağır vergilər altında əzilən və aramsız müharibələrdən bezən əhali yeni din gətirərək asayiş və səadət vəd edən ərəblərə inam və ümid bəsləyirdi. Çünki ərəblər ilk vaxtlar fəth olunmuş ərazilərdə vergi aldıqdan sonra əhalinin dini etiqadına, adət-ənənələrinə toxunmur və mümkün qədər insanların əmin-amanlığını qoruyurdular. Həmçinin ilk dörd xəlifə dövründə verginin miqdarı Sasanilərin aldıqları vergidən xeyli aşağı idi. Sasanilərdən fərqli olaraq, ərəblər vergini tək-tək şəxslərdən deyil, bütün ölkədən alırdılar. Qeyd olunanlar nəticədə yerli əhalidə islama rəğbət hissi oyadırdı. 

Əhalinin müxtəlif təbəqələrinin yeni dinə münasibəti də fərqli idi. Məsələn, islamın mənəvi-əxlaqi, tərbiyəvi üstünlüklərini və gələcəyini düzgün başa düşən, eyni zamanda öz əmlakını və imtiyazını əlində saxlamağa çalışan hakim təbəqə bu dini tərəddüdsüz qəbul edirdi. Ərəb xilafətinin ticarətə və sənətə rəğbətini nəzərə alan tacirlər və sənətkarlar da yeni dinə ləngimədən keçirdilər. Şəhər yoxsulları, kəndilər və əhalinin kasıb təbəqəsinin nümayəndələri isə islamı qəbul etdikdə yardımlar alır və güzəştlər əldə edirdilər. Bu isə yeni dinin sadə camaat arasında yayılmasına gətirib çıxarırdı.

Azərbaycanın görkəmli şərqşünas alimi Ziya Bünyadovun fikrincə, artıq VIII əsrin əvvəllərində islam ölkəmizdə hakim dinə çevrilmişdir. Bəzi tədqiqatçıların fikrincə isə, islamın ölkəmizdə yayılma prosesi X əsrin II yarısınadək davam etmişdir.  

İslamın yayılmasında müsəlman ibadət yerləri də böyük rol oynamışdır. Belə ki, ərəblər Azərbaycanın Ərdəbil, Marağa, Beyləqan, Bərzənd, Bərdə, Dərbənd, Naxçıvan və digər strateji cəhətdən əhəmiyyəti olan şəhərlərində hərbi dəstələr saxlayırdılar. Bu hərbi dəstələrin yerləşdiyi ərazilərdə isə mütləq məscid inşa edilirdi. Tarixi mənbələrə görə, Azərbaycanda ilk məscid Ərdəbildə ucaldılmışdır. Artıq X-XI əsrlərdə ölkəmizin bütün yaşayış məntəqələrində müsəlman ibadətgahları mövcud idi. Məsələn, ərəb səyyahı və coğrafiyaçısı Şəmsəddin Əbu Abdullah əl-Məqdisi (946/947-təxm.1000) “İqlimlərin öyrənilməsi üçün mükəmməl təsnifat” adlı kitabında Təbriz, Ərdəbil, Mərənd, Urmiya, Şamaxı, Qəbələ, Şəki və Azərbaycanın digər şəhərlərində mövcud olan böyük məscidlər haqqında ətraflı məlumat verir. 

Məscidlərin yanında fəaliyyət göstərən mədrəsələr (müsəlman dini təhsil müəssisəsi. Burada dini elmlərlə yanaşı, müxtəlif dünyəvi fənlər də tədris olunur – Red.) fəth olunmuş ərazilərdə islamın möhkəmlənməsinə töhfə verirdi. Mənbələrdə qüdrətli Azərbaycan Atabəylər dövlətində (1136-1225) mədrəsələrin inşasına xüsusi diqqətin yetirildiyi qeyd olunur. Atabəylər dövləti dövründə Xoy şəhərində “əl-Fərəc əl-Xuveyyə”, Marağada “Atabəkiyyə” və “əl-Qazı” adlı mədrəsələr məşhur idi. Naxçıvanda Möminə Xatun türbəsi kompleksinə daxil olan mədrəsə də dövrün məşhur təhsil ocaqları sırasında yer alırdı. 

Beləliklə, müxtəlif amillər səbəbilə, o cümlədən özündə mütərəqqi ideyalar ehtiva etdiyi üçün islam dini Azərbaycanda yayıldı, tarix səhnəsindən əvvəlki inancları sıxışdırıb çıxararaq xalqımızın qəlbində xüsusi yer tutdu. Bununla da Azərbaycan xalqı islam sivilizasiyasına daxil oldu. Bu isə xalqımızın taleyində müsbət rol oynadı. Çünki İspaniyadan tutmuş Hindistanaqək uzanan Ərəb xilafətinin tərkibində müxtəlif xalqların birləşməsi zəngin ümumislam mədəniyyətinin meydana gəlməsinə gətirib çıxardı. Hətta VIII-XIV əsrlər “İslamın qızıl çağı” və ya “müsəlman intibahı” kimi tarixə düşdü. O vaxtlar dünyada ən böyük tədris ocaqları, tibb müəssisələri, elm mərkəzləri məhz islam aləmində fəaliyyət göstərir, müsəlman alimləri böyük kəşflərə imza atırdı.

Həmin dövrlərdə islam dünyasında yaşanan tərəqqi Azərbaycanın qədim mədəniyyətinin inkişafına və daha da zənginləşməsinə səbəb olmuşdur. Azərbaycan xalqının özü də bu mədəniyyətin inkişafına böyük töhfələr vermiş, nəinki müsəlman aləminə, ümumən, bəşəriyyətə görkəmli alimlər, mədəniyyət və incəsənət xadimləri, mütəfəkkirlər bəxş etmişdir.

 Azərbaycan, sözün əsl mənasında, XI-XII əsrlərdə özünün intibah dövrünü yaşayırdı. O vaxtlar yaşayıb-yaratmış görkəmli azərbaycanlılar arasında bunların adlarını çəkmək mümkündür: filosoflar Əbülhəsən Bəhmənyar (993-1066) və Xətib Təbrizi (1030-1108), dövrün məşhur astronomu Fazil Fəridəddin Şirvani (XII əsr), şairlər Qətran Təbrizi (1010-1080), Fələki Şirvani (1108-1146), Əfzələddin Xaqani (1120-1199), nəhayət dahi söz ustası Nizami Gəncəvi (1141-1209). 

Azərbaycan xalqı sonrakı dövr-lərdə də islam dünyasına görkəmli şəxsiyyətlər bəxş etmişdir. XIII əsrdə ensiklopedik biliyə malik olan, 1259- cu ildə Azərbaycanın Marağa şəhərində dövrün ən böyük rəsədxanasını yaradan görkəmli alim Nəsirəddin Tusi (1201- 1274) bunun bariz nümunəsidir.

Orta əsrlərdə azərbaycanlı alimlər dünyəvi elmlərlə yanaşı, islami elmlər sahəsində də şöhrət tapmışdılar. Аbdullаh ibn əl-Hüsеyn əl-Bərdəi Əbu Səid əl- Hənəfi (vəfatı 929), Əbu Bəkr Əhməd ibn Hаrun ibn Ruh əl-Bərdəci (v.914), Məkki ibn Əhməd Sədəvеyh əl-Bərdəi (v.914), Əbülulа ibn Аbdullаh Əli əl-Хəlili əl- Qəzvini (v.1054), Büdeyl əl-Bərzəndi (v.1082), Əbülfəzl əl-Urməvi (v.1152), İsmayıl Gəncəvi (v.1192), Əbülvəfa Xəlil ibn Həsən ibn Məhəmməd əl-Mərəndi (v.1012), Əbülqasım əz-Zəncani (v.1066), Əbu Bəkr Məhəmməd əl-Hüseyni (v.476/1083), Məhəmməd ibn Abdullah əl-Bərdəi (v.VI/XII) kimi azərbaycanlı din alimləri məşhur idilər.

Azərbaycan həmçinin bir sıra sufi təriqətinin vətəni sayılır. Zahidliyə, mənəvi saflığa səsləyən sufilik (və ya təsəvvüf) dini-mistik və fəlsəfi-əxlaqi bir cərəyan kimi Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində böyük rol oynamışdır.
   Sufiliyin Azərbaycandakı tarixi X əsrdən başlayır. Hələ təsəvvüfün inkişafının ilk mərhələlərində İbn Bakuyyə Baba Kuhi (v.1050-51) və onun qardaşı Hüseyn Şirvani (v.1074) kimi Azərbaycan sufiləri böyük nüfuz sahibi idilər. Artıq XII əsrdə Azərbaycanda yüzlərlə sufi ocağı fəaliyyət göstərirdi. XII əsrin müəllifi Məhəmməd İbn Münəvvərin verdiyi məlumata görə, təkcə Şirvanda sufi şeyxi Əbu Səid Əbülxeyrin tərəfdarlarının 400-dən artıq xanəgahı
vardı. Belə xanəgahlardan biri günümüzədək gəlib çıxmış Pir Hüseyn xanəgahıdır. Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən
bu dini-tarixi abidə Şeyx Hüseyn Şirvaninin məqbərəsi ətrafında inşa edilmişdir. XI – XII əsrlərdə tikilmiş Pir Hüseyn xanəgahı XIII əsrdə böyük bir kompleksə çevrilmişdir.

Artıq XII əsrdən etibarən Azərbaycanda bir sıra sufi təriqəti yaranaraq islam dünyasında geniş yayılmışdır. Bu təriqətlərdən biri sührəvərdilik olmuşdur. Təriqətin qurucusu Şihabəddin Ömər Sührəvərdi (1144-1234) Cənubi Azərbaycanın Zəncan əyalətində yerləşən Sührəvərd şəhərində dünyaya gəlmişdir. Onun əsərlərində sufilərin əxlaq normaları və davranış qaydalarının təfsilatlı izahı verilir. O, sufilərin “səma” (musiqi və nəğmə sədaları altında firlanaraq Allahı zikr etmək. - Red.) adlanan zikr növünə qarşı çıxmış, yalnız “xəfi”” (“gizli”, “səssiz”) və “cəhri” (“yüksək səslə edilən”) zikrləri məqbul saymışdır.

Azərbaycanda meydana gəlmiş digər sufi təriqəti hürufilikdir (“hüruf” sözü ərəb dilində “hərflər” mənasına gəlir - red.). XIV əsrin sonlarında təşəkkül tapmış bu təriqətin banisi Şeyx Fəzlullah Cəlaləddin Nəimidir. Hürufilər Allahın təbiətdə, əşyada, sözdə, xüsusən insanda təcəssüm etdiyinə inanırdılar. Onların təliminə görə, Fəzlullah Allahın qüvvəsinin təzahürü, timsalı və naibi olmuşdur. Bu təriqətin ardıcılları Allahın söz şəklində təcəssüm etdiyini, ərəb əlifbasının hərflərinin müqəddəs olduğunu, onlar vasitəsi ilə dünyanın sirlərini açmağın mümkün olduğunu qeyd edir, 4, 7, 28, 32 kimi rəqəmlərə xüsusi məna yükləyirdilər. Hürufiliyin görkəmli nümayəndələrindən biri dahi Azərbaycan şairi İmadəddin Nəsimi (1369-1417) olmuşdur.

Hürufiliklə eyni dövrdə Azərbaycanda digər bir sufi təriqəti – xəlvətilik meydana gəlmişdir. Bu təriqətin əsası Əbu Abdulla Siracəddin Ömər Xəlvəti (v.1349/1397) tərəfindən Şamaxıda qoyulmuşdur. Məşhur azərbaycanlı sufi Seyid Yəhya Bakuvinin fəaliyyəti sayəsində xəlvətilik Azərbaycanın hüdudlarını aşaraq digər müsəlman ölkələrində özünə xeyli tərəfdar tapmışdır. Xəlvəti dərvişləri başlarına qara və ya yaşıl rəngli dördkünc əmmamə qoyur, bununla da digər sufi təriqətlərinin ardıcıllarından fərqlənirdilər.

Azərbaycan xalqının dövlətçilik tarixində böyük rol oynamış, milli incəsənətimizin, ədəbiyyatımızın, memarlığımızın, ümumiyyətlə, mədəniyyətimizin inkişafına əhəmiyyətli təsir göstərmiş sufi təriqəti isə, şübhəsiz, Səfəviyyə təriqətidir. Bu sufi təriqəti XIII əsrin sonunda Сənubi Azərbaycanın Ərdəbil şəhərində Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili (1252-1334) tərəfindən yaradılmışdır. Səfəviyyə təriqətinin altıncı başçısı Şeyx Heydərin (1460-1488) dövründə təriqətdə yeniliklər baş vermişdir. Onun vaxtında təriqətin tərəfdarları şiə məzhəbinə mənsub olduqlarını göstərmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymağa başlamışlar. Bu zolaqlar on iki imama işarət edirdi. Səfəvilərin baş örtüyü qırmızı rəngdə olduğuna görə onlar “qızılbaşlar” kimi də tanınırdılar. Zaman keçdikcə Səfəviyyə təriqətinin nüfuzu artmış və onun ideologiyası əsasında qüdrətli Azərbaycan Səfəvi dövləti qurulmuşdur. Tariximizin ən şanlı və parlaq səhifələrindən biri olan, 1501-ci ildə görkəmli Azərbaycan hökmdarı və şairi Şah İsmayıl Xətai tərəfindən əsası qoyulan Səfəvilər dövləti 1736-cı ilədək mövcud olmuşdur.

Azərbaycanda İslamın tarixindən danışarkən mütləq çar Rusiyası dövrünü də qeyd etmək lazımdır. Çünki XIX əsrin əvvəllərində Qafqaz ərazisi, o cümlədən Şimali Azərbaycan Rusiya imperiyası tərəfindən istila edildikdən sonra çar hökuməti tərəfindən dini sahədə bir sıra tədbirlər həyata keçirildi. İlk növbədə, müsəlmanların dini həyatını nəzarətə götürmək məqsədilə ruhani idarələr təsis olundu. Belə ki, rus çarı II Aleksandr 5 aprel 1872-ci ildə “Şiə məzhəbinə mənsub Zaqafqaziya müsəlman ruhanilərinin idarə olunması haqqında” və “Sünni məzhəbinə mənsub Zaqafqaziya müsəlman ruhanilərinin idarə olunması haqqında” əsasnamələri təsdiq etdi. Bununla da 2 yanvar 1873-cü ildə Şiə məzhəbi üzrə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi və Sünni məzhəbi üzrə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradıldı. Bakı, Yelizavetpol (Gəncə), Tiflis və İrəvan quberniyalarında yaşayan müsəlmanların tabe olduqları bu idarələrin mərkəzləri Tiflis şəhərində yerləşirdi. Şiə ruhani idarəsinə şeyxülislam, sünni ruhani idarəsinə isə müfti titulunu daşıyan din xadimləri başçılıq edirdi. Həm şeyxülislam, həm də müfti çar hökuməti tərəfindən təyin olunur və Qafqaz canişini qarşısında cavabdehlik daşıyırdılar.

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra dini işlərin həllində şeyxülislamın və müftinin roluna diqqət artırıldı. Cümhuriyyət hökumətinin 1918-ci il 18 iyun tarixli qərarı ilə islam dininə aid məsələlərin Nazirlər Şurasında müzakirəsi zamanı şeyxülislama və müftiyə həlledici səs hüququ verilirdi. Fətəli xan Xoyskinin 2-ci hökumət kabinəsində Xalq Maarifı və Dini Etiqad Nazirliyi yaradıldı. Həmin nazirliyin şeyxülislama və müftiyə 1918-ci il 10 avqust tarixli müraciəti nəticəsində Şiə məzhəbi üzrə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi və Sünni məzhəbi üzrə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi Tiflisdən Gəncəyə köçürüldü. Hər iki idarə rəhbərinin 1918-ci il 1 sentyabr tarixli qərarı ilə şiə və sünni ruhani idarələri birləşdirildi. Yeni yaradılan ruhani idarə “Məşyəxət-i islamiyyə” (“islam şeyxləri, ağsaqqalları, rəhbərləri, başçıları” mənasındadır) adlandırıldı. Xalq Maarifı və Dini Etiqad Nazirliyinə təqdim edilmiş ştat cədvəlinə görə, “Məşyəxət-i islamiyyə” idarəsi 2 sədr, 4 idarə üzvü, katib, 2 kargüzar, ümumiyyətlə, 15 nəfərdən ibarət olmalı idi. Hökumət 1918-ci il 8 oktyabr tarixli qərarı ilə müfti və şeyxülislamın aylıq məvacibini 2 min 500 manat müəyyən etmiş, digər dövlət və hökumət orqanları ilə birlikdə, onların da dəftərxanalarını Bakıya köçürtmüşdü. Sonralar müfti və şeyxülislamın məvacibi 1 min 500 manat məbləğində müəyyənləşdirildi.

“Məşyəxət-i islamiyyə” idarəsi Bakıya köçürüldükdən sonra onun strukturunun dəqiqləşdirilməsi sahəsində işlər davam etdirildi. İdarəyə şeyxülislamın və müftinin həmsədrlik etməsi qərara alındı. Hökumətin 1920-ci ilin mart ayında verdiyi sərəncama əsasən, həmsədrlər nazir köməkçisi ilə eyni status alırdı.

28 aprel 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalı nəticəsində ölkədə sovet hakimiyyəti quruldu. Ateizm siyasəti yürüdən bolşevik-kommunist hakimiyyəti bütün dinlərlə, o cümlədən islamla mübarizə aparmış, nəticədə dini təsisatların fəaliyyəti dayandırılmış, “Məşyəxət-i islamiyyə” idarəsi ləğv olunmuş, müsəlman din xadimləri və alimləri təqiblərə məruz qalmış, ibadət yerləri və ziyarətgaların əksəriyyəti bağlanılmış və ya məhv edilmiş, məscidlər anbar və müəssisələrə çevrilmiş, müqəddəs kitablar yandırılmış, dini hər vasitə ilə unutdurmaq, insanları dini köklərindən ayrı salmaq yönündə ciddi-cəhdlə səylər göstərilmişdir.

Lakin İkinci Dünya müharibəsi illərində sovet hakimiyyətinin dinlə bağlı siyasətində müəyyən dəyişiklik baş verdi. Mövcud dini vəziyyətə nəzarəti effektiv həyata keçirmək, eləcə də ağır müharibə illərində dindar əhali arasında rəğbət qazanmaq üçün islahatlar aparıldı. Həmin dövrdə dini idarələrin formalaşdırılması labüd hesab edildi. Nəticədə Qafqazdakı müsəlmanların dini həyatını tənzimləyəcək ruhani idarə bərpa edildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli 17 saylı qərarı ilə mərkəzi Bakı şəhərində yerləşən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi təsis olundu. 25-28 may 1944-cü ildə Bakıda Zaqafqaziya müsəlmanlarının I qurultayı keçirildi. Zaqafqaziyada yaşayan müsəlmanların şiə və sünni məzhəblərinə mənsub dindarların say nisbəti nəzərə alınaraq, bu təşkilatın idarə heyətinin 7 üzvündən 4-ü şiə, 3-ü isə sünni məzhəbinin nümayəndələri seçildi. İdarənin sədri vəzifəsini çoxluq təşkil edən şiələrin nümayəndəsi tutdu və ona şeyxülislam rütbəsi verildi. Sünnilərin nümayəndəsi isə idarə sədrinin müavini vəzifəsini tutaraq müfti rütbəsi aldı.

1989-cu ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi təsis olundu. 1991-ci ildə həmin təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu (hazırda bu ali dini təhsil ocağı Bakı İslam Universiteti adı ilə fəaliyyət göstərir) yaradıldı.

1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra ənənəvi islami dəyərlərə qayıdış prosesi başladı. İlk növbədə, sovet hakimiyyəti  illərində bağlanılmış müsəlman ibadət yerləri və ziyarətgahların fəaliyyəti bərpa olundu, respublikanın bütün bölgələrində yeni məscidlər inşa edildi.

Əgər sovet hakimiyyəti dövründə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2 mindən yuxarıdır. Həmin məscidlərdən 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. İslam dəyərlərinə, onun tarixi-dini abidələrinə qayğı göstərilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Göstərilən bu qayğı nəticəsində Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə təmir və bərpa olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir.

Bununla yanaşı, Sovet imperiyası dağıldıqdan sonra respublikamızda yüzlərlə yeni müsəlman dini icması fəaliyyətə başlamış, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin bazası əsasında Qafqaz Müsəlmanları İdarəsi təsis olunmuşdur. Azərbaycan Respublikasında fəaliyyət göstərən müsəlman dini icmaları bu tarixi dini mərkəzdə birləşirlər və təşkilat məsələlərində ona tabedirlər.

Müstəqillik dövründə Azərbaycanda islam dininin elmi əsaslarla öyrənilməsi və müvafiq təhsil müəssisələrinin formalaşdırılması üçün də münbit şərait yarandı. 1992-ci ildə Bakı Dövlət Universitetinin (BDU) nəzdində İlahiyyat fakültəsi təsis olundu. 2018-ci ilin fevralın 9-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu təsis olundu. BDU-nin İlahiyyat fakultəsi həmin institutun strukturuna daxil edildi. Həmçinin respublikamızın müxtəlif bölgələrində islam dininin ehkamlarını öyrədən orta dini təhsil müəssiələri və dini icmaların tərkibində kurslar açıldı.

Sadalanan faktlar onu göstərir ki, müasir Azərbaycanda ənənəvi islami dəyərlərin qorunub-saxlanılması və yaşadılması üçün dövlət tərəfindən geniş imkanlar yaradılmışdır.

İslam dünyası ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təsadüfi deyildir ki, İslam Konfransı Təşkilatı (2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı) Azərbaycanın ilk üzv olduğu beynəlxalq qurumdur.

Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq həmin təşkilata üzv olmaq barədə müraciət etmiş, nəticədə 8 dekabr 1991-ci ildə Seneqalın paytaxtı Dakar şəhərində keçirilən VI İslam Konfransında Azərbaycan İslam Konfransı Təşkilatına tamhüquqlu üzv kimi qəbul olunmuşdur. Həmçinin 1991-ci ildə Azərbaycan Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (İSESKO) üzvü seçilmişdir. Burada qeyd etmək lazımdır ki, İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzünü açıq şəkildə pisləyən ilk beynəlxalq təşkilat olmuşdur.

Azərbaycan dövləti qısa zamanda İƏT və İSESKO kimi nüfuzlu beynəlxalq müsəlman qurumların fəal üzvünə çevrilmişdir. Məsələn, ölkəmizin təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumlar təsis edilmişdir. Ölkəmizin müsəlman aləmində fəal rol oynadığının digər bariz nümunəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətidir. Məhz bu səbəbdən o, 23 noyabr 2006-cı ildə İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür. Diqqətəlayiq məqam odur ki, Mehriban xanım Əliyeva İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüş ilk qadındır.

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan islam dünyasında həmrəyliyin möhkəmləndirilməsi işinə böyük töhfələr verir. Dövlətimizin bu istiqamətdə fəaliyyəti isə müsəlman aləmində yüksək qiymətləndirilir. Bakı şəhərinin 2009-cu ildə İSESKO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan olunması, 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvanın layiq görülməsi bunun bariz nümunəsidir.

Azərbaycan dövlətinin müsəlman aləmində sülh və birliyin bərqərar olması sahəsində həyata keçirdiyi mühüm təşəbbüs və tədbirlərə nümunə kimi Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini, yaxud 12-22 may 2017-ci ildə respublikamızın paytaxtında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini göstərmək olar.|

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması da islam həmrəyliyinin möhkəmlənməsi işinə öz töhfəsini vermişdir. “Multikulturalizm ili” çərçivəsində 15 yanvar 2016-cı ildə Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar bir araya gələrək vahid məkanda cümə namazı qılmışlar. “Vəhdət namazı” adlandırılan bu dini mərasimin yerinə yetirilməsi olduqca böyük tarixi əhəmiyyət daşıyır. Müasir dünyada tolerantlıq və multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunan Azərbaycanda vəhdət namazının qılınması və daha sonra bu ibadətin ənənə halına çevrilərək ölkəmizin digər məscidlərində yerinə yetirilməsi, əslində, xalqımızın dünyaya verdiyi bir sülh və həmrəylik mesajıdır. Vəhdət namazının ilk dəfə Heydər məscidində qılınması isə rəmzi məna daşıyır. Çünki məhz ulu öndər Heydər Əliyev Azərbaycanda tolerantlığı və multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Hazırda isə bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olan Azərbaycan bu gün də müsəlman aləmində mühüm mövqe tutur. Təsadüfi deyildir ki, respublikamızın suverenliyinin əsas atributlarından olan Dövlət bayrağımızın üç rəngindən biri, yəni yaşıl rəng, Azərbaycan xalqının islam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Azərbaycan xalqının mənəviyyatını, həyat tərzini islam dəyərləri olmadan təsəvvür etmək çətindir. İslam dininin ölkəmizin müqəddəratında, xalqımızın taleyində müstəsna, birləşdirici və mütərəqqi rol oynaması danılmaz tarixi həqiqətdir. Xalqımızın genetik yaddaşında dərin iz qoymuş islam azərbaycanlıların vahid xalq kimi təşəkkül tapmasına, onların milli kimliyinin, dövlətçilik ənənəsinin, mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir.

Lakin o da reallıqdır ki, Azərbaycan xalqı islam sivilizasiyasına mənsub olmaqla yanaşı, özündə ümumbəşəri, sivil, dünyəvi, tolerant və multikultural dəyərləri yaşadır. Bu baxımdan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, vətəndaş cəmiyyətinin bərqərar olunması istiqamətində inamla addımlayan Azərbaycan islam dünyasında özünəməxsusluğu ilə fərqlənir. Çünki Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayan ölkəmiz dünyada dinlər və sivilizasiyalararası dialoqun inkişafına, yer üzündə sülh və harmoniyanın bərqərar olunmasına mühüm töhfələr verir, unikal birgəyaşayış və nümunəvi multikulturalizm modeli təqdim edir. Beləliklə, Azərbaycan həm ümumbəşəri, həm də milli-mənəvi dəyərlərinə, o cümlədən tarixi müqəddəratında mütərəqqi rol oynamış islam dininin yüksək mənəvi-əxlaqi prinsiplərinə sadiq qaldığını göstərir.

 

Mənbə: multikulturalizm.gov.az

 

Xəbərlər
Redaktorun seçimi