“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.10.2020, 10:00
1272

Şuşa qalasının 270 illiyinə həsr olunmuş virtual sərgi

A- A+

Bu təsvirləri bir gün real olaraq görəcəyimizə inanırıq...

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə oktyabrın 12-də tanınmış rəssam, Əməkdar incəsənət xadimi Elturan Avalovun Şuşa qalasının 270 illiyinə həsr olunmuş virtual sərgisi açılıb.

Müzəffər Ordumuzun tarixi ərazilərimizin azad edilməsi uğrunda qazandığı qələbələrə ithaf edilən sərgi eyni zamanda Ermənistanın işğalı altındakı doğma torpaqlarımızda maddi mədəni irsimizi yenidən ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyır.

Ekspozisiyada Elturan Avalovun bir vaxtlar küçələrində gəzib-dolaşdığı Şuşa şəhərinin evlərini, məhəllələrini, tarixi məscid və meydanlarını təsvir etdiyi qrafik işləri nümayiş olunur. Rəssamın kağız və tuşla müxtəlif illərdə çəkdiyi qədim Şuşanın mənzərələri virtual sərginin izləyiciləri tərəfindən böyük maraqla qarşılanır.

Tamaşaçı bir anlıq muğam-sənət beşiyinin “Turşsu qalereyası”, “Torpaq meydanı”, “Xan Şuşinskinin evi”, “Çuxur məhəlləsi”, “Süleyman Ələsgərovun evi”, “Seyidli məhəlləsi”, “Xoca Mərcanlı” və “Hacı Yusifli” məhəllələrinin, “Aşağı Gövhər Ağa məscidi” və ətraf məhəllələr, “Tacir Məşədi Tağının evi”, “Gəncə darvazası” kimi qrafik əsərlərə köçmüş keçmişini vərəqləyir. İzlədikcə düşmən tapdağında gözü yolda qalan mədəni irsimizin sanki harayını eşidirik.

Sərgilənən əsərlərin hər birində Qarabağ memarlığı, Şuşa elitasının yaşam tərzi, mədəni və etnoqrafik zənginliyinin şahidi olursan. Yaşayış binalarının möhtəşəm estetik interyeri, hətta bulaqların belə bir memarlıq əsəri olduğunu gördükcə maddi mədəni irsimizə göz dikən barbar ermənilərin nədən bu torpaqlardan bərk yapışdığı bəlli olur.

Virtual sərgiyə çoxsaylı rəylər də yazılıb. Rəylərdə Ordumuzun qələbə qazanacağına, bütün torpaqlarımızın işğaldan azad olunacağına böyük inam ifadə olunub.

“Qarabağda olmamışam. Olmuş kimi oldum. Nə gözəl qrafikalardır. Nə gözəl tariximiz yatır orada. Canlı görməyimizə az qalıb”, - izləyicilərdən biri yazıb. Həmçinin tamaşaçılar virtual sərgini öz səhifələrində paylaşaraq daha çox yayılmasına çalışırlar.

Qeyd edək ki, Elturan Avalov 20 avqust 1940-cı ildə Bakıda anadan olub. Şuşa mövzusunda silsilə qrafika əsərlərinin, “Şuşanın memarlığı” kitabının müəllifidir. Rəssamın Azərbaycan klassiklərinin əsərlərinə çəkdiyi illüstrasiyaları, xalq mahnılarına qrotesk karikaturaları da maraqla qarşılanıb. Rəssamın realistik üslubda işlədiyi “Hacı Murad”, “Bəstəkar Fikrət Əmirov”, “Sevil”, “Neftçilər” portretləri də yüksək sənətkarlığı ilə seçilir. Onun Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarına çəkdiyi rəsmlər böyük bəstəkarın qayəsini dolğun açıqlamaqla yanaşı, xalqımızın özünəməxsus yaşam tərzini də incə yumorla təsvir edir.

Xəbərlər
Redaktorun seçimi