Gəncədə həlak olan dinc sakinlərin qisasını döyüş meydanında aldıq
Prezident İlham Əliyev: “Biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq”
Əlbəttə ki, Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir.
Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, dayanıqlı atəşkəsin təmin edilməsi üçün, ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq.
Prezident vurğulayıb ki, müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır.
“Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini mülki əhalidən çıxarmaq istəyir”, - İlham Əliyev bildirib.
Prezident diqqətə çatdırıb ki, Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir: “Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir. Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar bir neçə dəfə cəhdlər göstərdilər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olan böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq, gedib orada şelfi çəkdirmək, yaxud da ki öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır”.