28 iyul
28 iyul 1935 - Tanınmış bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov anadan olub...
Azərbaycan
28 iyul 1931 - Məşhur Azərbaycan neftçisi, geoloq Fərman Salmanov (1931-2007) Şəmkirdə anadan olub. 1960-1980-ci illərdə Qərbi Sibirdə 100-dən çox neft-qaz yatağının kəşfində iştirak edib, SSRİ Elmlər Akademiyasının müxbir üzvü olub.
28 iyul 1935 - Tanınmış bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 - 15.9.2006) anadan olub. Musiqinin müxtəlif janrlarında qələmini sınayaraq dəyərli sənət əsərləri yaradıb: 4 simfoniya, 5 musiqili komediya, 4 oratoriya ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Qəm pəncərəsi", “Çanaqqala"), 2 opera (“Ölülər", “Natəvan"), skripka ilə orkestr üçün, fortepiano və orkestr üçün konsertlər, mahnı və romanslar. “Şərikli çörək”, “Həyat bizi sınayır”, “Kişi sözü” və s. filmlərə musiqi yazıb.
28 iyul 1937 - Bəstəkar, dirijor, pedaqoq Müslüm Maqomayev (18.9.1885, Qroznı - 1937) vəfat edib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaxın dostu və sənət yoldaşı olub. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir. "Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operalarının müəllifidir. 1924-cü ildən Opera Teatrının rəhbəri və dirijoru, 1929-cu ildən Azərbaycan radiosunun musiqi şöbəsinin rəhbəri olub. Hər səhər efirdə səslənən “Radio marşı”nın müəllifidir.
28 iyul 1993 - Şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (23.6.1923, Qubadlı, Xocamsaxlı kəndi - 1993) vəfat edib. “Aşıq gördüyünü çağırır”, “İnsan min il yaşardı”, “Dağlar buraxmır məni” və s. kitabların müəllifidir. «Ədəbiyyat və incəsənət» qəzetinin redaktoru (1957-1963) olub.
Dünya
28 iyul 1750 - Görkəmli alman bəstəkarı İohann Sebastyan Bax (Johann Sebastian Bach; 31.3.1685 - 1750) vəfat edib. Operadan savayı bütün musiqi janrlarının yer aldığı 1000-dən çox əsər yazıb. O cümlədən: 200-dən çox kantata, 250-dək orqan musiqisi, 7 konsert və s.
28 iyul 1804 - Alman filosofu Lüdviq Feyerbax (Ludwig Andreas Feuerbach, 1804-1872) anadan olub.
28 iyul 1806 - Rus rəssamı Aleksandr İvanov (1806-1858) anadan olub. Əsərləri: “İsa Məsihin zühuru”, “Tövrat eskizləri” və s.
28 iyul 1812 - Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef İgnacy Kraszewski, 1812-1887) anadan olub. Əsərləri: “Sehrli çıraq”, “Qrafinya Kozel”, “Bryul” romanları və s.
28 iyul 1844 - İngilis şairi Cerard Hopkins (Gerard Manley Hopkins, 1844-1889) anadan olub.
28 iyul 1866 - İngilis yazıçısı və rəssamı Beatriks Potter (Beatrix Potter, 1866-1943) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir: “Uxti-Tuxti”, “Dovşan Piter və digər əhvalatlar” .
28 iyul 1874 - Yəhudi əsilli alman filosofu və kulturoloqu Ernst Kassirer (Ernst Cassirer, 1874-1945) anadan olub.
28 iyul 1887 - Fransız rəssamı və incəsənət nəzəriyyəçisi, dadaizm və sürrealizmin banilərindən olan Marsel Düşam (Marcel Duchamp, 1887-1968) anadan olub.
28 iyul 1902 - İngilis filosofu, “Açıq cəmiyyət” nəzəriyyəsinin yaradıcısı Karl Popper (Karl Raimund Popper, 1902-1994) anadan olub.
28 iyul 1906 - Rus rəssamı Fyodor Reşetnikov (1906-1988) anadan olub. Sosrealizimin məşhur nümayəndəsidir. Əsərləri: “Yenə iki”, “Tətil başlanır”, “Sülh uğrunda” və s.
28 iyul 1914 – I Dünya müharibəsi (1914-1918) başlanıb. “Antanta bloku” (Rusiya, Fransa, Böyük Britaniya) və “Dördlər ittifaqı” (Almaniya, Avstriya-Macarıstan, Osmanlı, Bolqarıstan) arasında başlanan və 20-dək ölkənin cəlb olunduğu müharibədə 10 milyon hərbçi, 12 milyon mülki şəxc həlak olmuş, 55 milyon insan yaralanmışdı. Müharibə nəticəsində dörd imperiya (çar Rusiyası, Osmanlı, Avstriya-Macarıstan, kayzer Almaniyası) süqut etdi.
28 iyul 1937 - Rus aktyoru, ssenarist, rejissor Viktor Merejko anadan olub. Ssenariləri əsasında “Doğmalar”, “Yuxuda və ayıq vaxt uçuşlar”, “Tənha qadın tanış olmaq istəyir” filmləri çəkilib. NİKA kinoakademiyasının yaradıcısı və rəhbəridir.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: