Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi əsaslı bərpadan sonra açılıb
Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 7-də Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpadan sonra açılışı olub.
Heydər Əliyev Fondunun əməkdaşı Zəhra Hacıyeva jurnalistlərə müsahibəsində bildirib ki, bu gün biz Fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində maddi-mədəni irsə, tarixi abidələrə verilən dəyərin şahidi oluruq: “Layihə çərçivəsində abidələrin təmir-bərpası işləri Azərbaycanla yanaşı, Fransa, İtaliya, Rusiyanı əhatə edir. Fond bu ölkələrdə də bir çox tarixi abidələrin, kilsələrin təmir-bərpasını həyata keçirib və hazırda da edir. Heydər Əliyev Fondu tərəfindən görülən bu işlər bir daha Azərbaycanın multikultural dövlət olduğunu göstərir. Hazırda Qarabağın işğaldan azad olunan ərazilərinə baxdıqda məlum olur ki, ermənilər tarixi abidələrə qarşı vandalizm aktları törədib, məscidləri dağıdıblar. Azərbaycan dövləti isə kilsələri təmir edərək gələcək nəsillərə çatdırmağa çalışır. Nic qəsəbəsindəki bu Alban-udi kilsəsinin tikintisinə XII əsrdə başlanılıb, XVIII əsrdə başa çatdırılıb. Sonradan bu kilsə ermənilərin əsarətinə düşüb, onlar tərəfindən dağıdılaraq yararsız hala salınıb. Heydər Əliyev Fondu kilsənin təmirinə başlayıb və bərpa işləri başa çatdırılaraq bu gün istifadəyə verilib. Bu, Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən təmir edilən ikinci kilsədir. 2006-cı ildə udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsində “Cotari” Alban-udi kilsəsi təmir edilmişdi. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var, xristianlarla müsəlmanlar bir yerdə həmişə mehriban yaşayıblar”.
Azərbaycan Alban-udi xristian dini icmasının sədri Robert Mobili isə qeyd edib ki, Nic qəsəbəsində Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunması və icmaya təhvil verilməsi tarixi hadisədir. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin bir göstəricisidir. “Azərbaycan bu gün işğal altındakı torpaqlarını düşməndən azad etmək üçün Vətən müharibəsi aparmasına, həmçinin pandemiyanın yayıldığı bir dövr olmasına baxmayaraq, ölkəmizdəki kilsələr, o cümlədən alban kilsəsi bərpa olunur. Bu isə Azərbaycanda multikulturalizmin hansı səviyyədə olduğunun bir göstəricisidir. Azərbaycan bir çox xalqların nümayəndələrinin mehriban şəkildə birgə yaşaması baxımından dünyaya bir örnəkdir”.
Robert Mobili qeyd edib ki, fərqli millətlər bu diyarda mehriban və birgə yaşayırlar. “Biz bu gün həm də düşmənə qarşı birləşmişik. Cəbhədə olan əsgərlərin arasında Azərbaycanda yaşayan azsaylı millətlərin də nümayəndələri var. Çünki bu diyar hamımızın Vətənidir. Bizim dualarımız əsgərlərimizlədir. Azərbaycan öz torpaqlarının bərpası uğrunda müharibə aparır. Amma düşmən özgə torpağında döyüşür və ölür”, - deyə o qeyd edib.
Azərbaycan Alban-udi xristian dini icmasının sədri erməni din xadimlərinin cəbhədə döyüşmələrinə də münasibət bildirərək deyib: “Düşmən tərəfindən yayılan görüntülərdən də görürük ki, erməni din xadimləri əllərinə silah alıb bizə qarşı vuruşurlar. Kilsədə erməni din xadimlərinə xeyir-dualar verilib döyüşə göndərilməsi səhnəsini görəndə dəhşətə gəldim. Məgər xristian dinində belə yanaşma, yəni insanları müharibəyə çağırış var? Həm İslamda, həm də İudaizmdə belə şey yoxdur. O cümlədən xristianlıqda. Xristian dinində qadağalardan birində deyilir ki, öldürmə! Amma biz erməni din xadimlərindən bunun əksini görürük. Digər tərəfdən, gəlin Azərbaycan həqiqətlərinə baxaq: burada fərqli xalqların, fərqli mədəniyyətlərin nümayəndələri bir yerdə mehriban şəkildə yaşayırlar. Udilər bu gün alban kilsəsinin varisləridir, xristianlığı qoruyub saxlayıblar. Ermənilər isə işğal altındakı torpaqlarda alban kilsələrini saxlataşdıraraq erməniləşdiriblər. Biz bu gün görürük ki, Qarabağa köçüb gələn ermənilər alban məbədləri ilə yanaşı, İslam məbədlərini, abidələri, tarixi yerləri silir, memarlıq üslubunu dəyişdirir və saxtalaşdırırlar. Amma Azərbaycanda bu dini məbədlər bərpa olunur”.
Robert Mobili icma adından Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpasına görə Heydər Əliyev Fonduna, onun rəhbərliyinə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin – Xristian, İudaizm və İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlarımızdan biri də Qəbələ rayonudur. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır.
Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu siyasətin reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir.