Azərbaycanda yaşayan bütün xalqlar yumruq kimi birləşib
"Biz torpağımızı, bayrağımızı sevən millətik..."
Mənim qardaşımın oğlu cəbhəyə könüllü yollanıb. Hazırda qızğın döyüşlərdə iştirak edərək Vətənimizin azadlığı uğrunda mübarizə aparır. Birinci Qarabağ döyüşlərində Ahıska türkləri yüzə yaxın şəhid verib. Onlar arasında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən də var. Bu gün də torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımız var. Təki Vətən sağ olsun! Torpaq uğrunda ölən varsa, Vətəndir!
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ahıska türklərinin “Vətən” Cəmiyyəti İctimai Birliyinin Quba rayon nümayəndəsi Səlimcan Rizmanov söyləyib.
Səlimcan Rizmanov bildirib ki, Ahıska türkləri Azərbaycanın müxtəlif bölgələrində yaşayırlar. Azərbaycan vətəndaşı olan hər bir Ahıska türkü Vətən uğrunda döyüşməyə hazırdır.
“Biz torpağımızı, bayrağımızı sevən millətik. Biz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi dəstəkləyirik. Ermənilərin bizə qarşı etdiklərini heç vaxt unutmamalıyıq. 1918-ci ildə törətdikləri soyqırımını ötən əsrin 90-cı illərində də davam etdirdilər. Xain həmişə xaindir. Bu gün Vətən oğullarımız düşmənə qan uddurur. Azərbaycanda yaşayan bütün xalqlar yumruq kimi birləşərək düşmənə ölümcül zərbələr vurur. Biz bununla fəxr edirik”, - deyə S.Rizmanov bildirib.