Bütün müsəlman aləmi üçün qürur və fəxarət
“İslam dünyasının ayrılmaz parçası olan müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağının Azərbaycan torpağı olan bu ərazilərdə dalğalanması tarixi ədalət və istiqrarın bərpası anlamını verir və bizi hədsiz sevindirir”
Azərbaycan Respublikasının üçrəngli bayrağının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dalğalanması bütün müsəlman aləmi üçün qürur və fəxarət mənbəyidir.
Bu fikir Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə 10 noyabr tarixində keçirilmiş “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn beynəlxalq konfransın iştirakçılarının Azərbaycan Prezidentinə müraciətində vurğulanır.
Qeyd olunur ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlər hər zaman Azərbaycanın haqlı mübarizəsinə dəstək ifadə ediblər və bu münasibət İƏT-in qərar və bəyanatlarında öz əksini tapıb: “İslam dünyasının ayrılmaz parçası olan müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağının Azərbaycan torpağı olan bu ərazilərdə dalğalanması tarixi ədalət və istiqrarın bərpası anlamını verir və bizi hədsiz sevindirir”.
Müraciətdə bildirilir ki, Azərbaycan rəhbərinin milli mədəni irsin dirçəlişinə qayğı və himayəsi müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir: ”Siz illərdir ki, multikulturalizm və İslam həmrəyliyi kimi insan həmrəyliyinə xidmət edən qlobal ideyaların, dünyada sülh və anlaşmaya nail olunması yönündə mədəniyyətlər və sivilizasiyalararası dialoq zəminində beynəlxalq əməkdaşlığa dair forumların, Dünya Dini Liderlərinin sammitlərinin təşəbbüskarı, habelə məşhur “Bakı Prosesi”nin müəllifi kimi tanınırsınız. Dünya ictimaiyyəti, o cümlədən İslam aləmi bunu yüksək dəyərləndirir. Haqq işi uğrunda – dövlətin ərazi bütövlüyünün bərpasında Ali Baş Komandan olaraq qazandığınız qələbələr dünyada beynəlxalq hüququn təmininə xidmət edən nümunəvi tarixi missiyadır. Bu qələbənin əldə edilməsində şəhid olmuş qəhrəman Azərbaycan oğullarına uca Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Zati-alinizə Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizdə, ərazi bütövlüyünün bərpası istiqamətində yeni zəfər və qələbələr, dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizə Allah-Təaladan uğurlar diləyirik”, – deyə müraciətdə qeyd olunur.