“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.11.2020, 11:00
1642

Ölkəmizdəki xristian mirasının qorunması diqqətdə saxlanılır

A- A+

 Bakı şəhərinin mərkəzində erməni kilsəsi Azərbaycan dövləti tərəfindən bərpa edilib və mühafizə olunur...

Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir dinc yanaşı yaşayır, qurub-yaradırlar.

Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir, onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən tam mühafizə edilir və mütəmadi olaraq bərpa edilir. Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-cı ilin oktyabr ayında respublikamıza səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirmişdi.

Maddi mədəni irsə dəyər verilməsi, tarixi-dini abidələrimizin, o cümlədən kilsələrin, sinaqoqların bərpası və yenidən qurulması Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

Son 20 ildə Rus Pravoslav Baş Kafedral Kilsəsi (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), “Xilaskar” Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir olunub, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Bundan əlavə, Qəbələdəki Çotari alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. 2020-ci ildə layihə çərçivəsində Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Bakı şəhərinin mərkəzində erməni kilsəsi Azərbaycan dövləti tərəfindən bərpa edilib və mühafizə olunur.

Azərbaycan təkcə ölkə daxilində deyil, dünya miqyasında da xristian irsinin qorunmasına töhfələr verib. Ölkəmizin dəstəyi ilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarının, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilən Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin ucaldılması bu faktların sırasındadır.

Bununla yanaşı, Azərbaycan tərəfindən Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bildirir ki, işğaldan azad edilmiş ərazilərdəki müsəlman abidələri ilə yanaşı, xristian mirası da mənşəyindən asılı olmayaraq, yüksək səviyyədə qorunacaq, bərpa ediləcək və istifadəyə veriləcək.

 

Xəbərlər
Redaktorun seçimi